Azərbaycanlı vətənpərvər gənclərin erməni separatçılarının torpaqlarımızda apardıqları ekoloji cinayətə son qoyulması məqsədilə dekabrın 12-dən başladıqları etiraz aksiyası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də eyni həvəslə və prinsipiallıqla davam edir. Bu zaman dünyanın müxtəlif yerlərində yaşayan, Azərbaycanımızı, Vətənimizi sevən hər kəsi bizə mənəvi dəstək olmağa, haqq səsimizi dünya ictimayyətinə çatdırılmasında bizə yardım göstərməyə çağırırıq. Bir daha buradan dünya ictimayyətinə müraciət edərək qətiyyətlə bildiririk ki, biz ermənilərin iddia etdiyi kimi, yol kəsən deyilik. Biz torpaqlarımızın ekoloji terrora məruz qalmasına "yox" deyirik. Biz müharibəyə, qana, ölümə, insanlar arasında düşümənçilik toxumu səpən separatçılara "yox" deyirik. Biz terrorçuların pis niyyətlərinə, torpaqlarımızda apardıqları müharibə təbliğatına "yox" deyirik. Torpaqların talan edilməsinə, ekoloji vandalizmə etiraz edirik. Biz Qarabağda silahların yox, musiqinin, mədəniyyətin, həyatın, insanlığın yaşaması üçün buradayıq. Bütün dünya eşitsin, bilsin ki, biz sülh üçün buradayıq. Dövlətimiz də Ermənistandan fərqli olaraq yaradıcı, qurucu, sülhpərvər dövlətdir. Bu gün ermənilərin xarabazara çevirdikləri yurdumuza yol, işıq çəkməklə bu torpaqlara həyat verən əməllərimizlə bunu sübut edirik. Qoy ermənilər də, erməniləri silahlandıran, Azərbaycanın inkişafına əngəl olmağa çalışan dövlətlər də anlasınlar ki, bizim burada olmağımız regionda sülh istəyimizdən, vətən sevgimizdən, bu torpağa sahiblik hissindən irəli gəlir.
Aksiyamız dinc şəkildə həyata keçirilir və qanuni tələblərimiz yerinə yetirilənədək davam edəcək, biz öz torpaqlarımızda baş verən ekoloji cinayətə son qoyulanadək burada olacağıq. Ekologiyamızı və təbii sərvətlərimizi qorumaq üçün minlərlə Azərbaycan könüllüsü burada böyük ruh yüksəkliyi ilə iştirak edir, biz müxtəlif dillərdə şüarlar səsləndiririk. Bizim yolumuz haqq yoludur və biz bu yolda haqqımız olanı alacağıq.
Telman HƏSƏNLİ,
Azərbaycan könüllüsü