İllərin həsrətini, könüllərin nisgilini daşlara
çırpıb gəlirik, Qarabağ! Ali Baş Komandanın "İrəli” əmri milyonların ürəyində əks-səda
verib, bütün türk dünyasında qeyri-adi bir rezonans yaradıb. Qoy başı dumanlı Şuşa
dağlarından buludlar çəkilsin, Laçının, Kəlbəcərin, Ağdamın, Qubadlının, Cəbrayılın,
Zəngilanın, Xocalının eynəsi açılsın, üzü gülsün.
Otuz ilin həsrətinə son qoyub gəlirik, Qarabağ! Canımızı, qanımızı fəda edib sənə qovuşmaq eşqindəyik. Bu
ilahi eşqin mayası vətən sevgisidi. Vətəni
sevməyən insan olmaz... Bu gün səngərdəki əsgərlərimizin atdığı güllələri "Vətən” adlı bir nəğmənin döyüşən misralarına bənzədirik.
Bu gün şəhid anası göz yaşlarını silib "Oğulları
vətən üçün böyütmüşük, təki Vətən var olsun” deyir. Bu gün bağça uşaqları da körpə
barmaqlarını büküb yumruqlarını qaldırıb "Qarabağ bizimdir!” söyləyirlər. Bu gün
arxa cəbhədə - neft buruqlarında, fabrik və zavodlarda çalışanlar da, pambıq tarlasında,
taxıl zəmisində zəhmət çəkən, tər axıdan ata-analar, bacı-qardaşlar da qazandıqları
uğurları Qarabağa həsr edir. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” çağırışını
ümumxalq hərəkatına çevirirlər.
Bu gün cəbhədən şad xəbərlər gəlir. Azərbaycan
əsgərinin şücaəti, uğurlu döyüş əməliyyatları ürəklərimizdə illərdən bəri qaysaq
bağlamış yaralara məlhəm olur. Şuşada yallı
gedən, Murov yüksəkliyindəki istehkamdan Azərbaycan ərazilərini qalib kimi seyr
edən, bu torpağın gerçək sahibləri qarşısında şərtlər qoyan ermənilər indi hərbi
texnikaları döyüş meydanında qoyub qaçır,
gizlənməyə yer axtarırlar. Bax, budur Azərbaycan əsgərinin gücü, qüdrəti!
İndi Paşinyanın zəng vurmadığı, dil çıxarıb
yalvarmadığı dövlət, nüfuzlu beynəlxalq təşkilat qalmayıb. Erməni yalanı üçün bəzi beynəlxalq qurumlar bəyanatlar
qəbul edir, tərəfləri atəşi dayandırmağa, münaqişəni danışıqlar masasında həll etməyə
çağırırlar. Soruşmağa haqqımız çatır ki,
sülhpərvər cənablar, bəs 30 ildən bəri səsiniz
niyə çıxmırdı? Erməni faşistləri Xocalıda körpə uşaqları, ixtiyar qocaları
qətlə yetirib soyqırımı törədəndə, kəndlərimizi, şəhərlərimizi, tarixi abidələrimizi,
mədəniyyət abidələlərimizi xaraba qoyanda, bir milyon insan doğma ev-eşiyindən perik
düşüb qaçqın və məcburi köçkünə çevriləndə siz harada idiniz? Hansı restoranda
"Ararat” konyakı vura-vura erməni cəlladlarının törətdiyi əməllərə sağlıq deyirdiniz?
Yetər!
Daha keçməz! İndi o zaman deyil! Bu
gün bütün Azərbaycan xalqının canından artıq sevdiyi, ətrafında sıx birləşdiyi Ali
Baş Komandan İlham Əliyevin sülh üçün yalnız sadə bir şərti var: Ermənistanın silahlı
qüvvələri Qarabağdan, bütün Azərbaycan ərazilərindən
tamamilə çıxmalıdır. BMT də, ATƏT də, digər beynəlxalq təşkilatlar da niyə bu sadə həqiqəti görməzdən
gəlirlər? Axı Azərbaycan əsgəri başqa bir
dövlətin yox, öz vətənində öz ərazilərini işğaldan azad etmək üçün döyüşür. Qoy sülh yaratmaq istəyənlər zəhmət çəkib işğalçıya
desinlər ki, sənin başqa dövlətin ərazisində nə işin var, sənin apardığın müharibənin
məqsədi nədir? Qoy erməni havasına oynayan "sülhməramlı” təşkilatlar boş vədlərlə,
yalan sözlərlə, imitasiya xarakterli sülh danışıqları ilə daha bir 30 ilimizi oğurlamasınlar.
Beynəlxalq təzyiqlərə, güclənən təsirlərə
müdrik diplomatiya bacarığı ilə cavab verən Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin polad iradəsi bu
gün Azərbaycan Ordusunun gücünə güc qatır, xalqın Qələbə uğrunda sarsılmaz vəhdətinə güclü stimul yaradır. Xalqda və orduda
döyüş ruhunu indiyədək olmayan ən yüksək
səviyyəyə qaldırır.
Ordumuz doğma yurdu işğaldan azad etmək,
üçrəngli müqqədəs bayrağımızı Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə... dalğalandırmaq
üçün başladığı yürüşünü inamla davam etdirir.
Bu müqqədəs savaşda verdiyimiz itkilərə təəssüflənsək də, sarsılmırıq. Bilirik ki,
müharibə qansız-qadasız olmur.
Biz gəlirik, Qarabağ! Bağışla bizi, günahlarımızı
yumağa gəlirik. Düşməndən intiqam almağa, sənin yaralarına məlhəm olmağa gəlirik.
Susuzluqdan dodaqları çat-çat olan bir təşnənin
çağlayan dupduru bir bulağa qovuşmaq sevinci gözləyir bizi. Mərd oğullarımızın,
qəhrəman Azərbaycan əsgərinin qazanacağı QƏLƏBƏNİ səbirsizliklə və həm də böyük
ümidlə gözləyirik.
Lazım QULİYEV,
"Azərbaycan”