I cəbhədə fasilədir, II və III cəbhədə isə mübarizə davam edir
Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində üç cəbhədə vuruşdu:
* Hərb meydanında.
* Diplomatiya sahəsində.
* İnformasiya müharibəsində.
* Hər üç cəbhədə ləyaqətli çarpışma getdi!
* Hər üç cəbhədə möhtəşəm qələbə təmin olundu!
* Hər üç cəbhədəki savaşda qalib Baş Sərkərdəmiz, Milli Ordumuz və Azərbaycan xalqı oldu!
İlham Əliyev bizi qalib xalqa, qalib dövlətə çevirdi, üstəlik, ikiəsrlik Qarabağ münaqişəsinə birdəfəlik son qoydu!
Hərb meydanında gedən döyüşləri, düşmənin hərbi hədəflərinin PUA-lar və mərmilərlə dəqiq vurulmasını müharibə davam edən müddətdə evimizdə rahat kreslolarımızda oturaraq ləzzətlə seyr etdik.
Prezident İlham Əliyevin dünya KİV-nə, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələrinin, jurnalistlərin suallarını məharətlə, dəqiqliklə cavablandırdığının, qərəzli və bəzən jurnalist etikasını pozaraq müsahibəni mübahisəyə çevirmək istəyənləri necə faktların dili ilə yerində oturtduğunun şahidi olduq!
Prezidentimizin xalqa müraciətlərində söylədiklərini acgözlüklə dinlədik, diplomatiya savaşından xəbərdar olduq, ən nəhayət, heç bir təsir, təhdid və hədəyə baxmayaraq yalnız Ermənistan işğalçı qoşunlarının ərazimizdən rəddolma qrafikini verdikdən sonra hərbi əməliyyatların dayandırıldığını, üçtərəfli Bəyanatın Rusiya Prezidenti V.Putin və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalandığını mavi ekranda seyr etdik!
Ermənistanın isə kapitulyasiya aktına gizlində qol çəkdiyini eşitdik!
Bəli, Azərbaycan otuz ildə dünyanın - BMT-nin, ATƏT-in, beynəlxalq hüququn, həmsədr dövlətlərin edə bilmədiyini 44 gündə "dəmir yumruq"la həll etdi.
Torpaqlarını murdar ləpirlilərdən təmizlədi.
Sonralar daha bir neçə dəfə qısamüddətli hərbi əməliyyatlar keçirilərək ərazi bütövlüyümüz, dövlət suverenliyimiz və Konstitusiya əsaslarımız bərpa olundu!
Bütövlükdə hərbi əməliyyatlar başa çatsa da, diplomatiya sahəsində və informasiya meydanında çarpışmalar davam edir.
Biz çox nikbinik!
Çünki güclüyük və ədalətliyik!
Döyüşdüyümüz bütün meydanlarda qalib gəlməyi bacarırıq!
Bu gün diplomatiya və informasiya sahəsində mübarizəmiz davam etsə də, şübhə yoxdur ki, burada da son qələbə bizimlə olacaqdır!
II Şuşa Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyevin dedikləri, görülən və görüləcək işlər barədə dünyaya verdiyi mesajlar bunu bir daha təsdiqləyir!
***
Jurnalistlər üçün ən qiymətli informasiya dövlət başçılarının onların suallarına verdikləri cavab sayılır.
Azərbaycan Prezidenti İlham Əliyev daim jurnalistlərə açıq olan dövlət başçılarındandır.
İstənilən sualları cavablandırır, bu məqamda ən son və dəyərli faktları açıqlayır, heç bir sualdan hər hansı formada yayınmır.
Hətta məqsədli şəkildə verilən "xətakar" sualları belə diplomatik məharətlə "dəf" edir, mövqe bildirməməsinin səbəbini səmimi şəkildə auditoriyaya çatdırır...
Vətən müharibəsi dövründə cənab İlham Əliyev otuzdan çox media qurumunun suallarını cavablandırdı.
26 fevral 2021-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xətti ilə onlayn şəkildə mətbuat konfransı keçirərək, əcnəbi iştirakçılardan birinin qeyd etdiyi kimi, dörd dildə beş saatadək davam edən tədbirdə "Ginnesin rekordlar kitabı"na düşəcək yeniliyə imza atmış oldu!
Azərbaycan Prezidenti İlham Əliyevin hər il ADA Universitetində beynəlxalq beyin mərkəzlərinin nümayəndələrinin dünyada gedən proseslərlə bağlı suallarını cavablandırması da ənənəyə çevrilmişdir.
Daha bir ənənə isə ilin sonuna yaxın ərəfədə yerli jurnalistlərlə təmas quraraq onların suallarına aydınlıq gətirməsidir.
Şuşada Qlobal Media Forumunun keçirilməsi də son illərin xoş ənənələrindəndir.
Dünyanın əksər ölkələrini təmsil edən media mənsubları, siyasi şərhçilər Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həvəslə gələrək burada görülən möhtəşəm quruculuq işləri ilə yaxından tanış olur, dünyada baş verən mürəkkəb və ziddiyyətli proseslər, müharibələr və iqtisadi gözləntilər barədə onları düşündürən sualları müasir dövrün məşhur siyasi liderlərindən biri sayılan cənab İlham Əliyevə ünvanlayırlar.
İştirakçılarının sayının getdikcə artması Şuşa Qlobal Media Forumunun uğurundan, buradakı müzakirələrin effektivliyindən xəbər verir.
İyulun 20-də Prezident İlham Əliyevin iştirakı ilə "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumu uğurla keçirildi.
***
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə start verilən ilk günlərdən ölkəmiz medianın haqsız hücumlarına, dezinformasiyaya məruz qalıb!
Məşhur ifadə ilə desək, yanan da biz olmuşuq, yaman da!
İlkin vaxtlarda keçmiş SSRİ-nin birinci və axırıncı prezidenti olan M.Qorbaçovun dəstəyindən istifadə edən ermənilər Moskvanın yaratdığı imkanlardan fəal şəkildə bəhrələnirdilər.
Sovet dövründə müttəfiq respublikaların informasiya sahəsində də beynəlxalq aləmə müstəqil şəkildə çıxış imkanları yox idi.
Bu, yalnız SİTA-nın, XMA-nın vasitəsilə mümkün idi.
İttifaq qəzetləri və mərkəzi televiziya da indi olduğu kimi, ermənilər tərəfindən inhisara alınmışdı və onların maraqlarını təmin edirdi.
Əvvəlcə "DQMV sosial-iqtisadi cəhətdən Azərbaycanın digər bölgələrindən çox geridədir" tezisini işə saldılar.
Halbuki tam əksi idi və bu yalan konkret rəqəmlərlə ifşa edildikdən sonra növbəti yalana rəvac verildi:
"Ermənilər "zavallı", "məzlum" xalqdır, azərbaycanlılar tərəfindən sıxışdırılır, təzyiqlərə məruz qalırlar".
Bu "zavallı xalq" isə həqiqətdə Ermənistandan gəlmiş silahlı "saqqallı"ların və yaraqlıların (o zaman bunları "fədai"lər də adlandırırdılar) əli ilə silahsız azərbaycanlıları doğma yurd-yuvalarından qovub çıxarırdı.
Bir qədər keçmiş bu "məzlum və zavallı xalq" əsl simasını, vəhşiliyini göstərdi, Xocalı, Qaradağlı, Başlıbel, Bağanıs Ayrım soyqırımlarını törətdi!
Hətta Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayonu işğal edildikdən sonra da ermənilər beynəlxalq mediada "mələk qiyafəsi"ndə təqdim edilirdilər!
Erməni diasporu dünya mediasını (hər diaspor məxsus olduğu ölkədəki KİV-i) pulla ələ aldığından yalan ayaq tutub yeriyir, əsl həqiqətlər isə bir kənara qoyulurdu...
* Nə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsindən və onun mahiyyətindən xəbər verilirdi.
* Nə ermənilərin törətdikləri vəhşiliklərdən və soyqırımlarından bəhs edilirdi.
* Nə ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri vandallıqlardan danışılırdı.
* Nə də bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyindən, acınacaqlı vəziyyətlərindən informasiyalar verilirdi.
İkili standartlar münaqişənin ilk günlərindən dünya mediasında da tətbiq olunurdu.
Ermənilər pulla vicdansız jurnalistləri satın aldığından yalan, saxta informasiyalar sürətlə tirajlanır, satılmış media qurumları erməni işğalına başqa don geyindirərək özgə torpaqlarının zorla ələ keçirilməsinə bəraət qazandırmaq üçün dəridən-qabıqdan çıxırdı.
İndi, COP29 ərəfəsində isə ermənisifət media qurumları mənfur fəaliyyətlərini bir qədər də gücləndirmişlər.
***
50-dən artıq dövlətdən gəlmiş 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin təmsil olunduğu Şuşa forumu yenə də olduqca maraqlı və səmimi atmosferdə keçdi.
Budəfəki forum dünyanı və bütün media platformalarını bürüyən yalan məlumatların ifşasına, dezinformasiyaya qarşı mübarizəyə həsr edilmişdi.
Azərbaycan bu cəbhədə də vuruşmaq məcburiyyətindədir!
Çünki bir sıra dövlətlər və qurumlar, Azərbaycanın zəfər müharibəsindəki qələbəsini, torpaqlarını öz gücü ilə işğaldan azad etməsini həzm edə bilməyənlər dezinformasiya ilə manipulyasiya etməklə feyk informasiyanı ölkəmizə qarşı çirkin mübarizə vasitəsinə çevirmişlər.
Gülməli bir məqam da var!
Ermənipərəst qurumlar, dövlətlər və siyasətçilər Azərbaycanla bağlı dövriyyəyə buraxılan "informasiyalar"ın "feyk xəbər" olduğunu bilsələr də, özlərini yenə o yerə qoymur, ondan yararlanmağa can atır, ermənilərin gözündə xal qazanmaqdan ötrü əldən-ayaqdan gedirlər.
Tədbirin təşkilatçısı "Euronews" televiziya kanalı idi, moderatorluğu isə kanalın prodüseri xanım Rebekka Maklaflin - İstham edirdi.
Şuşa II Qlobal Media Forumunu təkcə Azərbaycanda çıxan qəzetlər, televiziya kanalları və elektron saytlar deyil, bütün dünya mediası geniş və ətraflı şəkildə işıqlandırdı.
Biz yalnız vacib hesab etdiyimiz bir sıra məqamlara yenidən diqqət çəkmək istəyirik.
***
Azərbaycan Prezidenti İlham Əliyevin təkbaşına dünya mediasının qarşısına çıxaraq ən müxtəlif və bütün sahələri əhatə edən sualları cavablandırması, qeyd etdiyimiz kimi, artıq ənənə şəklini almışdır.
Bu formatın yaşarlılığı, gələnlərin sayının isə ilbəil artması cənab İlham Əliyevin jurnalistlərlə uğurlu canlı təmasqurma məharəti, yüksək intellekti, verilən suallara obyektiv yanaşması, onları faktlar əsasında inandırıcı cavablandırması, habelə verdiyi proqnozların yüksək faizlə özünü doğrultmasıdır.
Maraqlı suallardan biri baş problemini həll edən Azərbaycanın gələcək inkişafı ilə bağlı oldu.
Məsələ bundadır ki, Azərbaycanı sevənlər, onun yaratdığı imkanlardan bəhrələnənlər, dostluq və əməkdaşlıq edənlərlə yanaşı, ölkəmizi gözü götürməyənlər, bizə "xox" gələnlər, hətta hərdən "sanksiya qoyacaqları" ilə hədələyənlər də tapılır.
Azərbaycan isə ağıryüklü karvan olaraq yoluna davam edir...
Ən mühüm məsələ odur ki, Azərbaycan otuz ilədək müddətdə çalışdı, vuruşdu, hazırlaşdı, ordu qurdu, torpaqlarını döyüş meydanında azad edərək başlıca milli ideyasını gerçəkləşdirdi.
İnaqurasiya mərasimindəki çıxışında cənab İlham Əliyev yeni milli ideyanın müəyyənləşdirilməsini və bununla bağlı müzakirələr aparılmasını tövsiyə etdi.
Əsas milli ideyaya nail olunması hər bir xalqın fəxridir!
Lakin...
İlham Əliyevin qoyduğu tələblər isə daha uzaqgörəndir:
"Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük qələbəmizi unudacağıq. Biz və bizim gələcək nəsillərimiz bu qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik".
Azərbaycan Prezidenti ən mühüm məsələlərdən biri olaraq Cənubi Qafqazda sülhün, əməkdaşlığın yaradılmasını vacib sayır.
Azərbaycan tərəfi buna nail olmaqdan ötrü üzərinə düşən hər şeyi etməyə hazırdır:
"Hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun".
Bəli, Azərbaycan Cənubi Qafqazda sülh istəyir, əmin-amanlıq istəyir, əməkdaşlıq istəyir.
Və bunun üçün əlindən gələni edir!
Ancaq başqa yol tutanlar da var!
Azərbaycan Prezidenti isə həmişə istəyinə nail olub!
Ya xoşluqla, ya da "dəmir yumruq"la!
***
Azərbaycan çox mühüm və qlobalmiqyaslı bir tədbirə - COP29-a evsahibliyi edəcəkdir!
Tədbirin ölkəmizdə keçirilməsi həm də bizə olan etibar və etimadın göstəricisidir.
Lakin bu, bədxahlarımızın, bizi gözü götürməyənlərin əlinə düşən fürsətdir: ölkəmizə qarşı hücumlara keçmək, qarayaxma, gözdənsalma kampaniyasına başlamaq, narrativ düzəldərək dezinformasiyalar yaymaq fürsəti!
Qərb mediası ilk günlərdən "ənənə"sinə sadiq qaldı: bizə qarşı hücumlara başladı.
"İttiham"lardan biri Azərbaycanın neft-qazla zəngin ölkə olmasıdır.
Baxın, neft və qazı alıb işlədərək atmosferə tullantılar atanlar yox, onu ən müasir üsullarla, ekologiyaya ziyan gətirmədən çıxarıb satanlar günahkar sayılırlar!
Qəribədir ki, COP tədbirlərinin biri Qlazqoda - Böyük Britaniyanın neft hasil etdiyi bölgəsində keçiriləndə heç kəs onları ittiham etmirdi...
COP29 beynəlxalq arenada bir nömrəli konfransdır və ilk dəfədir ki, postsovet məkanında keçirilir.
Azərbaycan bunu özü üçün misilsiz bir şans sayır, təşkilati baxımdan fəal iş aparır, müəyyən təşəbbüslər irəli sürür, əslində, həm də Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurur.
İlham Əliyev COP-un dünyaya faydalı olması üçün sözlə kifayətlənmənin yanlış olduğunu göstərdi.
Danışmaq, müxtəlif narrativlər düzəltmək əvəzinə, konkret və səmərəli işlə məşğul olmaq vacibdir - Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir:
"COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı və konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil. Burada real addımlar atılmalıdır və koordinasiya həyata keçirilməlidir".
***
II Qlobal Media Forumunda Fransanın neokolonializm siyasəti barədə də suallar səsləndirildi.
Kimsəyə sirr deyil ki, Ermənistanın "böyük bacı"sı Fransa Azərbaycana qarşı soyuq müharibə aparır, işğalçı dövləti revanşizmə sürükləyərək silahlandırır, Cənubi Qafqaza soxulmağa, burada ikinci Ukrayna yaratmağa çalışır.
Öz gözündə tiri görməyən Makron özgə gözündə tük axtarır...
Azərbaycan isə Qoşulmama Hərəkatına rəhbərliyi dövründən başlayaraq insanlığa iyrənc münasibət sayılan kolonializmə qarşı fəal mübarizə aparır.
Fransa prezidenti Makronun xoşuna gəlsə də, gəlməsə də!
Fransadan minlərlə kilometr uzaqda yerləşən ada dövlətlərində iyrənc, qəbul-edilməz siyasət yürüdülür, yerli əhali təhqirlərə məruz qalır, onları assimilyasiya etməyə çalışırlar.
Yeni Kaledoniyada, Mayot adası və Qəmər adalarında baş verənlər iyrənclikdir, qəbuledilməzdir.
Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi dövründə yaradılan Bakı Təşəbbüs Qrupu bu hallara qarşı etiraz səsini ucaldır, kəskin mövqe nümayiş etdirir.
Fransa prezidenti Makronun BMT-dəki anti-Azərbaycan mövqeyinə, Ermənistan vasitəsilə ölkəmizə qarşı apardığı düşmənçilik hərəkətlərinə baxmayaraq, Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilən deyil!
Bununla bağlı sualı cavablandırarkən cənab İlham Əliyev açıq mövqe nümayiş etdirdi:
"Biz sizi hər zaman dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, siz və sizin kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin. Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq".
***
Təbii ki, Şuşa forumunda sülh mövzusuna da toxunuldu.
Bu bir faktdır ki, indiyədək sülh müqaviləsi imzalanmayıb!
Mediada bu barədə çox deyilib, çox yazılıb, çoxsaylı görüşlər keçirilərək qapalı və açıq müzakirələr aparılıb.
Qalib dövlətin rəhbəri İlham Əliyev bütün baş verənlər, habelə Azərbaycanın qəti mövqeyi barədə açıq danışdı.
Onun söylədiklərindən bir neçə vacib məqamı bir daha xatırladırıq:
* "Mənim fikrim ondan ibarətdir ki, Qarabağ münaqişəsi həll edilib. Biz nə etməliyik ki, iki ölkə münasibətləri normallaşsın".
* "Ermənistan həmin sülh sazişinə dırnaqarası "Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyirdi. Biz bunun qəti əleyhinə idik".
* "...Hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur".
* "Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir".
* "Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası "Dağlıq Qarabağ"ın birləşməsindən söhbət gedir. Yəni bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil".
Böyük Britaniyanın Baş nazirinin ikitərəfli görüşü təşkil etmək təşəbbüsünü iflasa uğradan Paşinyanın bu hərəkətinə kəskin münasibətini bildirən İlham Əliyev açıq şəkildə bəyan etdi:
* "O, (Ermənistanın baş naziri Paşinyan - red.) mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər. O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi?"
Qalib ölkə sülh müqaviləsinin imzalanmasında israrlıdır!
Kapitulyasiya aktına qol çəkən məğlub tərəf isə yeni ağa, yeni silah, maliyyə vəsaiti axtarışına çıxaraq revanşizm hissilə yaşayır.
İnanmaq çətindir ki, 44 günlük müharibədə baş verənləri, "dəmir yumruğ"un zərbələrini unudub!
Yaddaşı təzələmək o qədər də çətin olmayacaqdır!
***
Forumda ABŞ-Azərbaycan münasibətlərinə dair suallar da səsləndirildi.
Cənab İlham Əliyev bu sualları səmimiyyətlə, konkret faktları sadalamaqla cavablandırdı.
ABŞ super dövlətdir, böyük hərbi və maliyyə imkanları, dünyada gedən proseslərə, dünyadakı dövlətlərə müxtəlif təsir rıçaqları mövcuddur.
ABŞ hətta Qərbi Avropanı idarə edən, ona öz istəklərinə uyğun qərarlar qəbul etdirməyi bacaran dövlətdir.
ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olub.
Bütün bunları bilən və nəzərə alan Azərbaycan ABŞ ilə daim sabit, səmimi və mehriban əməkdaşlıq qurmağa çalışıb, hətta müəyyən məsələlərdə ona dəstək də verib.
Lakin ABŞ-nin təqsiri üzündən qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda qurulan münasibətlərin enişli-yoxuşlu dövrləri də olub.
Hətta bizim siyasi həyatımıza müdaxiləyə cəhdlər göstərilib, QHT-lər vasitəsilə radikal müxalifətə maliyyə yardımları ötürülüb, Azərbaycanda da "rəngli inqilab" törətmək niyyəti mövcud olub.
Yeri gəlmişkən, Azərbaycan Soros Fondunu öz ərazisindən çıxaran azsaylı dövlətlər sırasındadır.
Amma Azərbaycan xoşniyyətli əməkdaşlığa can atıb.
Məsələn, Azərbaycan ilk qeyri-NATO ölkəsi idi ki, Əfqanıstanda hərbi əməliyyatlara sülhməramlı qüvvələrinin iştirakı ilə qoşuldu və oranı sonuncu tərk edənlərdən oldu.
Bu o zaman idi ki, ABŞ-nin Əfqanıstanla bağlı Azərbaycanın dəstəyinə ehtiyac vardı.
Azərbaycan Əfqanıstana hərbi yüklərin daşınması üçün öz hava məkanını ABŞ-nin üzünə açdı.
Əvəzində nə gördük?!
ABŞ-nin Əfqanıstandakı missiyası başa çatandan sonra onlar bir zamanlar erməni diasporunun təsiri ilə bizə qarşı tətbiq etdikləri ədalətsizliyə yenidən qayıtdılar.
"Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişi bərpa edərək birbaşa yardımları qadağan edən sanksiya tətbiq etdilər!
Beləliklə, uzun illər boyu onlara etdiyimiz yaxşılıqların "əvəzi"ni qaytardılar...
Nədənsə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməmiz ABŞ-nin xoşuna gəlmir!
Hətta "Azərbaycanla bundan sonra əlaqələr əvvəlki kimi ola bilməz" məzmunlu bəyanat da verdilər...
Sonra nə oldu?
Yenidən adi qaydada əlaqələr quruldu.
Lakin yenə də birtərəfli yanaşma mövcuddur!
* Cənubi Qafqazda ayırıcı xətlərin çəkilməsi qəbuledilməzdir!
* Ermənistanın silahlandırılması, revanşist niyyətini gerçəkləşdirməsindən ötrü Avropa Sülh Fondundan məğlub ölkəyə 10 milyon avro ayrılması qəbuledilməzdir!
* Birgə təlimlər keçirilməsi, Cənubi Qafqazda ikinci Ukrayna yaradılması cəhdi qəbuledilməzdir!
Bunun bir səbəbi ABŞ-nin dövlət siyasətinə oradakı erməni diasporunun təsir etmək, yönləndirmək imkanında olmasıdır.
Hər dəfə prezident seçkiləri zamanı ABŞ-dəki prezidentliyə namizədin "erməni səsi"nə ehtiyacı olur!
Beləliklə, dövlət başçısı seçilənlər fəaliyyətə başlamazdan əvvəl erməni diasporuna borclu düşürlər və həmin borcu qaytarmaqdan ötrü öz dövləti maraqlarını deyil, erməni maraqlarını üstün tutmağa məcbur olurlar.
Bayden "borcu"nu qaytarmaq üçün "24 aprel" çıxışlarından birində "erməni soyqırımı" ifadəsini işlətdi.
Amma dünya dağılmadı, qeyri-adi heç nə baş vermədi!
Çünki dağılmayan dünyada hamı bilir ki, "erməni soyqırımı" olmayıb, bu, yalnız narrativdir!
Odur ki, ermənilər öz arxivlərinin qapısını bərk-bərk bağlayıblar, kimsəni ora buraxmırlar.
Yalanlarının üstünün açılmasından qorxurlar...
Azərbaycan doğru bildiyi yolla gedir.
Dövlət başçısı İlham Əliyev forumda sualları cavablandırarkən sağlam düşüncənin və mövqenin üstün gələcəyinə inandığını bildirdi:
"Ümid edirəm ki, seçkidən sonra ABŞ-də, Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış olsun".
Onsuz da Azərbaycan heç zaman öz maraqlarından, öz mövqeyindən geri duran deyil!
***
Sovet dövründə kapitalizmi ideoloji cəhətdən ifşa edən bir ifadə vardı: "Burjua mətbuatı kapitalistin pul kisəsindən asılıdır!"
Dövr, zaman dəyişsə də, bu bağlılıq və asılılıq dəyişməyib!
Bəşəriyyət uzun zaman mübarizə apardı ki, azad sözə, azad fikrə nail olsun!
Ancaq güclülərin və pulluların niyyətləri buna imkan vermir!
Beynəlxalq hüquqa dönmədən əməl edən, dünyanın qarşılaşdığı çətinlik və problemlərin həllinə daim şəxsi töhfələrini verən, öz gücü ilə işğal altındakı torpaqlarını azad edərək bu gün imkanlarını sülh və əməkdaşlıq uğrunda savaşanlara təqdim edən Azərbaycana qarşı riyakar hücumlar ara vermir.
Prezident İlham Əliyev bunu forumda açıq şəkildə söylədi:
"Azərbaycana gəldikdə, bu, koordinasiya edilmiş media hücumlarıdır. Bunlar, adətən, mühüm geosiyasi hadisələrə təsadüf edir. O, idarəedilən bir media hücumu olanda onlar istəklərinə nail olmurlar. Çünki onların istəkləri, hədəfləri bizim maraqlarımıza ziddir".
Media qurumları və sosial şəbəkələrdə informasiya axını güclü olduğundan dünyanın müxtəlif yerlərində yaşayan insanlar nəyin doğru, nəyin yalan olduğunu dərhal ayırd edə bilmirlər.
Feyk informasiyanı yayanlar isə insanların bu bilgisizliklərindən - regiondakı əsl vəziyyətdən və real həqiqətlər barədəki məlumatsızlıqlarından istifadə edərək onları aldadır, yalan xəbərlər sırıyırlar.
Ötən əsrin sonlarında istifadə olunan metodlara yenidən qayıdılır: bu dəfə bir qədər də geniş formada, sosial şəbəkədən də istifadə olunmaqla.
* Ermənilər və onlara dəstək verən media qurumları Qarabağda törədilən vəhşiliklər, vandallıqlar, dağıntılar barədə susurlar.
* Ermənilərin könüllü şəkildə Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyərək ərazilərimizi tərk etmələrini isə "etnik təmizləmə" kimi qələmə verirlər.
* Ən gülməlisi isə budur ki, azərbaycanlıların doğma torpaqlara qayıdışlarına "işğal" donu geyindirilir.
Lakin bugünkü Azərbaycan ötən əsrdəki zəif və imkansız dövlət deyil!
Güclü rəhbəri, güclü ordusu, geniş imkanları və həqiqətlərin yayılmasına dəstək verən vicdanlı dostları vardır.
Dəyirman öz işindədir, çax-çax baş ağrıdır!
***
Mediadan silah kimi istifadə edilməsi yetər!
II Şuşa Qlobal Media Forumunun yekdil rəylərindən biri də bu oldu!
* Media siyasətə yox, həqiqətə xidmət etməlidir!
* Media qarşıdurma yaradılmasına, zəiflərin, azlıqların hüquqlarının pozulmasına yox, ədalətə xidmət etməlidir!
* Media güclülərin əlində alətə çevrilməli deyil, obyektiv, qərəzsiz olmalıdır!
* Media siyasi asılılıqlardan xilas olaraq özünə qayıtmalı, doğru yolla getməlidir!
II Şuşa Qlobal Media Forumu dünya mediasını həm də buna səslədi!
Bəxtiyar SADIQOV