Qədim şəhərin
yolları, küçələri döyüş meydanlarına dönmüşdü. Ancaq müharibə belə olmur. Çünki
silah bir tərəfin əlindəydi. Avtomatlarla qarşılarına çıxan, gözlərinə görünən hər
kəsi atəşə tuturdular. Ləngər vura-vura dolaşan, ətrafa ölüm saçan ağır hərbi texnika
da onların idi... Sövet hökuməti yetmiş il "xilaskar ordu” deyib öyündüyü ilə öldürürdü
soydaşlarımızı. Ona görə ki, onlar xalqının azadlığını tələb edirdilər.
1990-cı ilin
o soyuq yanvar gecəsi sovet ordu hissələri Azərbaycan xalqının müstəqillik arzusunu,
azadlıq istəyini atəşə tutsa da, öldürə bilmədi. Şəhidlərini başının üstünə qaldıran
xalq birliyini, yenilməzliyini nümayiş etdirdi.
Vətəndaşlıq
borcu
Müasir dünyamızda
tarix yalnız kağız üzərində yazılmır. Sovet ordu hissələrinin 1990-cı ilin yanvarında
Azərbaycan xalqına qarşı törətdiyi o qətliam da videokameranın yaddaşına köçürüldü.
20 Yanvar faciəsini lent yazılarında əbədiləşdirənlər də o günlərdə ölümlərini gözə
almışdılar. Çünki xalqın birlik nümayiş etdirdiyi o günlərdə can qorxusu, ölüm xofu
insanlara yaxın duşə bilmirdi. Düşmənin qarşısına sinəsi ilə sipər çəkmək, yaralılara
yardım göstərmək, bir-birinə arxa durmaq kimi, həmin müdhiş anları lentə almaq da
vətənə xidmət, vətəndaşlıq borcu hesab olunurdu.
Azərbaycan
tarixinə hüzn və qürur salnaməsi kimi yazılan o müdhiş günlər zaman keçdikcə yeni-yeni
əsərlərin mövzusuna çevrildi. 20 Yanvar faciəsindən bəhs edən sənədli filmlər, heykəltəraşlıq
nümunələri, rəsm və musiqi əsərləri yaradıldı.
O günlərdə
kameranın yaddaşına köçürülənlər sənədli ekran əsərlərində geniş istifadə olunmağa
başlandı. Azərbaycan kinematoqrafiyasında 20 Yanvar hadisələrinə "Azadlığa gedən
yollar”, "20 Yanvar”, "Şəhidlər və qazilər”, "Qəsd”, "Boz qurdun harayı”, "Qanlı
Bakı”, "Cənubda şimal küləyi”, "Bakıda insan ovu”, "Qanlı Yanvar”, "Matəm” sənədli
filmləri ithaf edildi. Həmin lentlər əsasında çəkilən filmlərdə 1990-cı ilin yanvarında
xalqımızın başına gətirilən müsibətlər dolğun və təsirli şəkildə canlandırıldı.
Hüzn və qürur
salnaməsi ekran əsərlərində
"Azadlığa
gedən yollar” tammetrajlı sənədli filmi 1990-cı ildə rejissorlar Xamis Muradov,
Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən "Salnamə” sənədli filmlər
studiyasında çəkildi. Film Cəfər Cabbarlının "1905-ci ildə” pyesindəki bu səhnə
ilə başlayır: Qubernator çarın portreti asılmış otaqda azərbaycanlılarla ermənilər
arasında qırğın planları hazırlayır. Daha sonra Ermənistanda və Azərbaycanda soydaşlarımızın
başına gətirilən faciələrdən bəhs olunur. Filmin əsas süjet xəttini 1990-cı il yanvarın
20-də Bakıda baş vermiş qırğınlar və sonrakı hadisələr təşkil edir.
Qara Yanvar
hadisələrindən bəhs edən daha bir ekran işi rejissor Cahangir Zeynallının "20 Yanvar”
sənədli filmidir. 1990-cı ilin oktyabrında ərsəyə gələn film bir sıra xarici ölkələrdə
də nümayiş olundu. Filmdə elə həmin ilin 20 yanvarında Azərbaycanda baş verən qanlı
hadisələrdən söhbət açılır.
1990-cı ildə
ekranlaşdırılan başqa bir qısametrajlı sənədli film "Matəm” adlandırıldı. "Rakurs”
Sənədli Filmlər Studiyasının istehsal etdiyi bu filmdə 20 Yanvar şəhidlərimizin
qırxı ilə əlaqədar "Şəhidlər xiyabanı”nda keçirilən ümumxalq matəmi əksini tapdı.
Filmin rejissoru və ssenari müəllifi Teymur Bəkirzadədir.
"Şəhidlər
və qazilər” qısametrajlı filmi də 1990-cı ildə çəkildi. "Salnamə” sənədli filmlər
studiyasının istehsalı olan filmdə Bakıda 1990-cı ilin 20 yanvarında sovet ordusu
əsgərləri tərəfindən gülləbaran edilmiş şəhər sakinlərinin şəhid olmaları və əlil
qalmaları təsvir edilir. Filmin rejissoru Xamis Muradov, Tofiq Məmmədov və Ramiz
Əliyevdir. "Şəhidlər və qazilər” Xamis Muradovun ssenarisi əsasında ekranlaşdırıldı.
20 Yanvara
gedən yol
"Qəsd” qısametrajlı
sənədli filmi də 1990-cı ildə təqdim olundu. Rauf Nağıyevin rejissoru olduğu ekran
əsərində çar imperiyasının I Pyotr zamanından sovet imperiyasının Qorbaçov dövrünədək
ermənilərin məkri ilə Azərbaycana, azərbaycanlılara qarşı yönəldilmiş qəsdlər -
XIX əsrin ikinci onilliyində imzalanmış bədnam Türkmənçay və Gülüstan müqavilələrinə
əsasən ölkəmizin iki yerə parçalanması, 1905-ci ildə və 1918-ci illərdə rus imperiyasına
arxalanan erməni daşnaqlarının qanlı cinayətləri, 1920-ci ildə Leninin sərəncamı
ilə XI Qırmızı Ordunun işğalçılıq basqını və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu,
1930-cu illərin Stalin repressiyası, 1990-cı ildə Qorbaçovun sərəncamı ilə törədilən
20 Yanvar faciəsi, Rusiya ordusuna arxalanan erməni işğalları, vəhşilikləri təkzibolunmaz
faklarla diqqətə çatdırıldı. Filmin ssenari müəllifləri Sara Nəzirova və Rauf Nağıyevdir.
"Boz qurdun
harayı” qısametrajlı sənədli filmi "Salnamə” sənədli filmlər studiyasında rejissorlar
Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən çəkildi. 1991-ci ildə təqdim edilən film Azərbaycanda 1990-cı il yanvarın
20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olundu.
"Bakıda insan
ovu” qısametrajlı sənədli filmi Vaqif Azəryarın rejissorluğu ilə 1991-ci ildə ekranlaşdırıldı.
"Yaddaş” Sənədli Filmlər Studiyasında istehsal edilən filmdə 1990-cı ilin 20 yanvarında
Bakıda baş vermiş faciəli hadisələrdən söz açıldı. Filmin ssenari müəllifi Vaqif
Azəryar və Qulu Kəngərlidir.
"Azərbaycantelefilm”in
istehsalı olan "Qanlı Bakı” sənədli televiziya filmi də 1990-cı ildə Bakı şəhərində
baş vermiş qanlı yanvar hadisələrindən bəhs edir. Filmin rejissoru Aydın Dadaşov,
ssenari müəllifi Sadıq Elcanlıdır. Film 1994-cü ildə ekranlaşdırıldı.
Cəfər Cabbarlı
adına "Azərbaycanfilm” kinostudiyasında 2001-ci ildə çəkilmiş "Şəhidlik zirvəsi”
qısametrajlı sənədli filmi də Qara Yanvar şəhidlərinə həsr olundu. Rejissorları
Xamis Muradov və Tofiq Məmmədov olan ekran əsərində Azərbaycan ərazilərinin Rusiya
ilə İran arasında bölüşdürülməsi - 1828-ci ildən müasir dövrədək Azərbaycanda baş
vermiş ictimai-siyasi hadisələr əksini tapdı. Film Xamis Muradov, Eldar Quliyev
və Oqtay Mirqasımovun ssenarisi əsasında çəkildi.
1990-cı ilin
yanvarında yalnız ölkəmizin paytaxtında faciələr törədilmədi. Sovet ordusunun hissələri
Azərbaycanın bir sıra yerlərində, eləcə də sərhədyanı rayonlarda güc nümayiş etdirdilər.
2002-ci ildə ekranlaşdırılan "Cənubda şimal küləyi” qısametrajlı sənədli filmi də
1990-cı ilin yanvarında Azərbaycanın cənub rayonlarında, xüsusi ilə Biləsuvarda
törədilən qırğınlardan bəhs edir. Çəkilişləri
Biləsuvar rayonunda aparılan filmdə yaradıcı heyət 20 Yanvar hadisələrində geniş
tamaşaçı kütləsinə məlum olmayan faktları əks etdirməyə çalışmışdı. Ekran əsərində
arxiv materiallardan, sənədli-xronikal video materiallardan istifadə edilmişdi.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Salnamə”
kinostudiyasında çəkilən filmin rejissoru Mahmud Məmmədov, ssenari müəllifi İntiqam
Hacılıdır.
Azərbaycan
xalqının müstəqillik uğrunda mübarizəsini əks etdirən ekran əsərləri heç vaxt öz
əhəmiyyətini itirməyəcək. Yeni nəsillər həmin filmlərdən xalqımızın üzləşdiyi haqsızlıqlar,
müsibətlər barədə geniş məlumat alacaqlar. 20 Yanvar faciəsi zamanı çəkilən kadrlar
isə bundan sonra da neçə-neçə sənədli və bədii filmlər üçün zəngin material olacaq.
Həmin kadrları dünyanın ən istedadlı rejissorları belə çəkə bilməzlər... Çünki o
səhnələr Azərbaycan tarixinin lent yazılarında əbədiləşmiş real görüntülərdir. Azərbaycan
xalqının azadlıq yolu ən amansız döyüş filmlərini xatırladan o günlərdən keçdi...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”