Dünyanı yasa bürüyən bu bəlanı onlara
necə izah edək?
Bəli, bir
də uşaqlar var...
Gözlərində
min-bir cavabsız sual, saysız niyələrin əsiri...
Səsləri küçələrsiz,
gülüşləri bağçalarsız, sevincləri dostlarıyla paylaşımsız...
Dünyaları
qorxulu, yaşamları oyunsuz, nağılları almasız...
Milyonlarla
qüssəli, pərişan uşaq.
İstəklərinin qarşısına koronavirus adlı bir bəla sədd çəkib
İndi uşaqların
dünyasına kabus çöküb. Küçələrdə, parklarda, bağlarda azadə dolaşmaq, həmyaşıdlarıyla
qaçmaq, oynamaq istəyirlər, fəqət...
Bağçaya, məktəbə,
sevimli müəllimlərinin görüşünə tələsirlər, lakin...
Onların bu
istəklərinin qarşısına koronavirus adlı bir bəla sədd çəkib...
Qəlblərinə
qəm-kədər hökm etmək istəyir...
Bilir ki,
dünyanın var olması məhz uşaqların sevinci üzərində bərqərar olub.
Həqiqətləri başa düşəcəkləri sadə dildə izah etmək lazımdır
Bəs uşaqları
koronavirusun çəngindən necə alaq, sevinc dünyalarına qara bulud kimi çökən bu bəladan
necə qoruyaq? Onlara necə dəstək olaq?
Psixoterapevt
Orxan Fərəcli deyir ki, uşaqlar bu karantin dövrünün ən həssas təbəqəsidir. Onlara
həqiqi məlumatları başa düşəcəkləri sadə dildə izah etmək lazımdır: "Qətiyyən yalan
informasiya verməyin. Məktəbə getməməklə evdə qalaraq əslində, bir qəhrəmanlıq etdiklərini,
nənə-babalarını qoruduqlarını izah edin. Əmin olun ki, bu, onlara hədsiz maraqlı
gələcək. Çoxdandır görmədiyi bağça və sinif yoldaşları ilə görüntülü danışmaqlarına
şərait yaradın. Uzun müddət televizor qarşısında vaxt keçirməmələrinə nəzarət edin”.
Böyüklərdən fərqli olaraq...
Uşaq və gənclərin
sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov bildirir ki, hazırkı dövrdə
koronavirus pandemiyası ilə bağlı insanların karantin rejimində yaşaması onlarda
bir çox mənfi emosional psixoloji hal və vəziyyətlərə gətirib çıxarır.
Bu, xüsusilə
psixoloji müdafiə mexanizmi hələ tam formalaşmamış uşaq və yeniyetmələr arasında
özünü daha qabarıq göstərir: "Böyüklərdən fərqli olaraq onlar daha çox çətin vəziyyətlərdə
qalırlar. Uşaqlara, xüsusən məktəbəqədər və kiçik məktəb yaşında olan uşaqlara xəstəliklə
bağlı informasiya vermək lazımdır. Onların maarifləndirilməsi üçün gərək fantaziyamızı
işə salaq”.
A. Kərimov
söyləyir ki, ilk növbədə məktəbəqədər və kiçik məktəb yaşında olan uşaqlara insan
orqanizmi ilə bağlı bilikləri vermək lazımdır. Uşaqlar üçün onların yaş xüsusiyyətləri
ilə bağlı kitabçalar var. Kiçikyaşlı uşaqlarda ətrafı tanımağa maraq və fəaliyyət
özünü göstərdiyi andan valideynlər bu barədə məlumatı əldə etməkdə onlara yardım
etməlidirlər. Xarici və daxili orqanların tanınması ilə bağlı informasiya şəkilləri,
cizgi filmləri, öyrədici çarxları tapmaq elə də çətin deyil (O cümlədən karantində
olan zaman internet vasitəsilə.).
Kiçikyaşlı uşaqlara ölüm haqqında danışmaq tezdir
Psixoloq uşaqlara
sağlam və xəstə orqanizm-bədənlə əlaqədar məlumatlar da verilməli olduğunu qeyd
edir və bunu onlara necə izah etməyin yollarını da göstərir. Bu zaman xəstəlik törədicisi
olan mikroblar, viruslarla bağlı informasiya nağıllaşdırılmış formada (mənfi obrazlar,
gözəgörünməz düşmən ordusu və ya cadugər, div) verilə bilər. Mikrob və virusların
hansı formada insana keçməsi ilə bağlı nağıllar danışmaq olar. Onların qarşısını
almaq üçün müsbət obrazlar rolunda vitaminlər, dərmanlar, su damcıları, həkimlər
ordusu, maska və s. çıxış etməlidir. Sonda mütləq şəkildə nağılda müsbət qəhrəmanlar
qalib gəlir. Gözəgörünməz düşmən ordusu isə məğlub olur. Kiçikyaşlı uşaqlara ölüm
haqqında danışmaq tezdir. Buna görə də onlara yalnız bəzi əlamətlər haqqında danışmaq
lazımdır. Öskürək, qızdırma, boğaz ağrısı və s.
Bina evində yaşayan uşaqlar isə...
Karantin dövründə
əsas problem uşaqların heç bir yerə çıxmaması və ev şəraitində monoton həyat tərzinin
necə aradan qaldırılmasıdır. Mütəxəssis deyir ki, onlarla oynamaq, birgə şəkillər
çəkmək, cizgi filminə baxmaq, kiçik teatr düzəltmək çox önəmlidir. Həyət evində
yaşayanlar təmiz havaya çıxa, yəni təcrid edilmiş həyətdə gəzə və oynaya bilərlər.
Lakin bina evində bu imkan olmadığı üçün gün ərzində heç olmasa bir dəfə eyvana
çıxmaq və hava almaq, gün işığına baxmaq lazımdır. Onlayn dərslərdə iştirak etmək,
müəllimi və digər həmyaşıdları ilə internet vasitəsi ilə ünsiyyət yaratmaq lazımdır.
Yeniyetmələrin həmyaşıdları ilə ünsiyyət qurmalarına imkan
yaratmaq lazımdır
Bu dövr xüsusilə
yeniyetmələr üçün çətindir. Məktəblərin bağlanması, tədbirlərin ləğv olunması, dostlarla
ünsiyyətin kəsilməsi onlarda bir çox psixoloji problemlərə gətirib çıxarır. Yeniyetmələr
koronavirusun dünyanı bürüməsi ilə bağlı tətbiq olunan karantin rejimlərinə görə
üzləşdikləri həyati dəyişikliklər baxımından özlərini narahat, təcrid olunmuş və
məyus hiss edirlər.
A.Kərimov
yuxarıda sadalanan neqativ halların olmaması üçün yeniyetmələrə də tövsiyələrini
bildirir: "Yeniyetmələrin xüsusilə hazırkı dövrdə həmyaşıdları ilə ünsiyyət qurmalarına
imkan yaratmaq lazımdır. Adi günlərdən fərqli olaraq mobil telefonla, sosial şəbəkələrlə
əlaqələrinə bir qədər daha çox müddət ayırmaq gərəkdir. Eyni zamanda onlar öz yaradıcılıqlarını,
əl işlərini hazırlayıb sosial şəbəkələrdə paylaşa, qruplar yaradıb ünsiyyət qura,
bir-birilərinə dəstək ola bilərlər. Valideynlərin onlarla daha çox söhbət etmək,
nələrisə müzakirə etmək imkanı yaranıb, bundan istifadə etmək lazımdır”.
Övladınızın özünü əmin, təhlükəsiz hiss etməsinə şərait
yaradın
Ailə Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Uşaqlara koronavirusu necə anladaq”
adlı məlumatlandırıcı yazısında isə qeyd olunur ki, uşaqlara ehtiyac duyulandan
artıq informasiya verməyin, sadəcə onun suallarını cavablandırın və özünü əmin,
təhlükəsiz hiss etməsinə şərait yaradın.
Övladınız
cavabını bilmədiyiniz sual verirsə, yaşına uyğun olaraq onu birlikdə axtarmağı təklif
edin. Etibarlı informasiya mənbələrindən (https://cabmin.gov.az/az/category/10/,
https://www.who.int/ vəs.) məlumatları oxumağın yolunu göstərin və onları birlikdə
oxuyun. Onlarla danışarkən səsinizi sakit və pozitiv tonda saxlamağa çalışın. Söhbətinizlə
onlara rahatlıq və əminlik verməlisiniz ki, narahat olmasınlar.
Uşaqlara həkimlərin
və xəstəxanaların insanları sağaltdığına, alimlərin vaksin hazırlamaq üçün təhqiqatlar
apardığına, tezliklə vaksinin tapılacağına inandırın. Bu söhbətlər onlarda həyatda
çətin, stressli zamanların bir müddət sonra keçəcəyinə və normal həyatın qayıdacağına
inam yaradır, həyata qarşı davamiyyəti formalaşdırır.
Çalışın bu
karantin dövründən ən faydalı şəkildə istifadə edəsiniz - övladlarınızla gözəl vaxt
keçirin, maraqlı söhbətlər, pozitiv əyləncələr təşkil edin və mümkün qədər evdə
qalın.
Uşaq psixologiyası
incə bir tel üzərində qurulub. Hansısa yanlış informasiya, diqqətsiz davranış, naşı
toxunuş tar-mar olmasına, düzəldilməsi çətin problemlərə səbəb olar. Buna görə də
bütün dünyanın yaşadığı bu qorxulu və həssas dövrdə xüsusilə uşaqlara diqqət göstərmək,
bacardığımız qədər onları bu təhlükədən uzaq tutmaq ən ümdə vəzifəmiz olmalıdır.
Çünki elə
gələcək də uşaqlarla gələcək...
Yasəmən MUSAYEVA,
"Azərbaycan”