30 Aprel 2024 08:25
139
CƏMİYYƏT
A- A+

"Bir daha əmin olduq ki, dövlətimizin sükanı etibarlı əldədir"

 

Bu, Bağanıs Ayrım sakinlərinin yekdil fikridir

 

Ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistanın işğal etdiyi ərazilərimizdən biri də Qazaxın Bağanıs Ayrım kəndidır. Düşmənin hələ 1988-ci ildən törətməyə başladığı təxribatlar Bağanıs Ayrımı da gözləyirdi. 
Xüsusi strateji əhəmiyyətə malik kənd İcevan-Noyemberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə təhlükəsiz hərəkət edə bilməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirməyə başladı. Tarixboyu Azərbaycana qarşı torpaq iddiası irəli sürən və "böyük Ermənistan" xülyası ilə yaşayan düşmənlərimiz 1990-cı ildə martın 23-dən 24-nə keçən gecə böyük bir qüvvə ilə - zirehli texnika və tanklarla kəndə daxil oldular. Əliyalın kənd sakinləri təpədən-dırnağadək silahlanan erməni hərbçilərindən canlarını qurtarmaq üçün qonşu kəndlərə və meşələrə üz tutdular. Evləri talayan ermənilər sonra onlara od vurur, qaçan insanları isə tutaraq oda atırdılar. Kəndin 7 sakini insanlığa sığmayan işgəncələrlə öldürüldü, 2 nəfər güllələndi. Ocaqda yandırılanların ən kiçiyi 2 aylıq körpə, böyüyü isə 70 yaşında idi. 
Bu gün kəndətrafı yüksəkliklərdən baxdıqda Bağanıs Ayrım əsl xarabalığa bənzəyir. Bu xarabalıq 34 il əvvəl ermənilərin kənd sakinlərinə qarşı törətdikləri vəhşiliklərə şahidlik edir. Ailələri bütövlükdə yandıran, dinc əhaliyə rəhm etməyən ermənilərin bu kənddə törətdiklərini bir sözlə ifadə etsək, ona soyqırımından başqa ad vermək mümkün deyil.
Amma bu gün kəndin sağ qalan sakinləri sevinc içindədirlər. Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində Qazaxın 4 kəndinin, o cümlədən Bağanıs Ayrımın azad edilməsi xəbərini onlar qürur hissilə qarşılamışlar. 
Ələsgər Hacıyev Bağanıs Ayrımın ağsaqqallarındandır. Doğma kəndlərindən didərgin düşəndə övladları hələ ailə qurmamışdılar. Qazax rayonunda salınmış qaçqın şəhərciyində məskunlaşan ailə ötən illər ərzində xeyli böyümüşdür. Ələsgər kişi övladlarını evləndirmiş, baba olmuşdur. 
Doğma kəndinin azad olunması xəbəri ona böyük sevinc bəxş edib. İndi o, böyük arzularla yaşayır. Deyir ki, yurduna dönəcəyi günü səbirsizliklə gözləyir. Həmkəndliləri Valeh Məmmədov, Qələndər Adıgözəlovun da yeganə arzuları yurda dönüb ömürlərini orada başa vurmaqdır. Deyirlər ki, ev-eşikləri dağıdılsa da, onu yenidən bərpa etmək olar: "Əsas odur ki, torpaqlarımız işğaldan azad olur. Bunu isə edən Prezidentimizdir. Bir daha əmin olduq ki, fevralın 7-də  düzgün seçim etmişik, dövlətimizin sükanını etibarlı ələ vermişik".

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video