Futbolda bəzən hesab tablodakı rəqəmlərlə deyil, meydandakı xarakterlə yazılır. Bəzən isə bir cümlə illərlə davam edən futbol müharibələrindən daha çox səs-küy yaradır. Portuqaliya millisinin və “Real Madrid”in sabiq müdafiəçisi də məhz belə bir cümlə ilə gündəmə gəlib.
Karyerası boyunca sərt oyunu, güzəştsiz mübarizəsi və rəqib hücumçular üçün keçilməsi çətin “qala” olması ilə tanınan veteran müdafiəçi bu dəfə argentinalı futbolçu barədə olduqca sərt fikirlər səsləndirib. Pepenin sözlərinə görə, De Paul onun futbol oynadığı dövrdə meydana çıxsaydı, argentinalı yarımmüdafiəçi üçün işlər heç də yaxşı nəticələnməzdi: “Şanslı idi ki, bizim dövrümüzdə oynamadı. Mən qırmızı vərəqə alıb bir neçə oyunluq cəza çəkərdim, amma o, sonrakı 6 ayı xəstəxanada keçirərdi”.
Bir vaxtlar meydanda bir addım belə geri çəkilməyən Pepenin bu sözləri futbol dünyasında dərhal diqqət çəkib. Onun fikirlərində həm keçmiş futbolun sərtliyinə nostalji, həm də De Paulun meydandakı xarakterinə açıq eyham var. Lakin portuqaliyalının sözləri bununla bitməyib. Pepe bu dəfə De Paul ilə Polşa futbolunun ulduzu arasında müqayisə apararaq argentinalı futbolçuya daha bir zərbə vurub.
“Levandovski hər kəsin hörmət etdiyi, hər kəsin tanıdığı və De Pauldan daha çox kubok qazanmış futbolçudur. Robert karyerası boyunca ölümcül hücumçu kimi xatırlanacaq. De Paul isə həmişə Messinin adamı kimi yadda qalacaq”, – deyə Pepe bildirib. Bu ifadələr futbolun başqa bir reallığını da üzə çıxarır: meydanda qazanılan titullar qədər, futbolçunun öz adına yazdığı tarix də önəmlidir. Bir oyunçu qolçuluğu, digəri mübarizəsi, başqası isə böyük ulduzun kölgəsindəki rolu ilə yadda qala bilər.
Pepe üçün futbol həmişə sərtlik, xarakter və mübarizə olub. De Paul isə Argentina millisinin qazandığı uğurlarla öz hekayəsini yazıb. İndi isə veteran müdafiəçinin sözləri həmin hekayənin üzərinə yeni bir sual işarəsi qoyur. Futbolda əsas oyunlar 90 dəqiqə ilə bitir, bəzi sözlər isə final fitindən sonra başlayır. Pepe ilə De Paul arasındakı “meydan savaşı” isə görünür, hələ davam edir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”