Biləsuvarda ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə toplamış məzunlarla görüş keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan gəncləri təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib. O, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsilin inkişafı strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq uğurla davam etdirildiyini diqqətə çatdırıb. F.Qürbətov dövlətin təhsil sahəsinə göstərdiyi diqqət nəticəsində ölkəmizdə, o cümlədən Biləsuvarda reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin müasir tədris avadanlıqları ilə təchiz edilməsi barədə danışıb, bütün bunların yalnız gənclərimizin savadlı, intellektual və üstün dünyagörüşünə malik bir vətəndaş olaraq yetişməsinə yönəldiyini qeyd edib.
Görüşdə iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektorunun müdiri Anar Xammədov çıxış edərək rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib.
Tədbirdə iştirak edən məzunlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək gələcək planlarından söz açıblar.
* * *
Belə bir görüş Masallıda da keçirilib. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentləri, onların üzərində zəhməti olan müəllimlərini və valideynlərini təbrik edib: "Rayonumuz üzrə yüksək nəticələr qazanan və ali məktəblərə qəbul olan gənclərin çox olması bizi də çox sevindirir. Arzu edirəm ki, qəbul olunduğunuz ali məktəblərdə təhsilinizi yüksək səviyyədə davam etdirib ixtisaslaşmış kadr kimi rayonumuzda fəaliyyət göstərəsiniz. Bu gün ölkəmizdə Prezident tərəfindən aparılan gənclər siyasəti və gənclərə göstərilən diqqət sizlərin gələcəyə nikbin baxmağınıza, arzularınızı həyata keçirməyinizə əsas verir".
Sonra Masallı rayonu üzrə Təhsil sektorunun müdiri Elman Rzayev ötən tədris ilinin nəticələrini açıqlayıb. Bildirib ki, ümumi təhsil məktəblərinin XI siniflərini bitirmiş 1800 məzundan 700 nəfəri ali məktəblərə qəbul olmuş, onlardan 35 nəfəri 600, 61 nəfəri 500 baldan yuxarı nəticə göstərmişdir. 500 baldan yuxarı nəticə göstərən məzunlardan 36, 600 baldan yuxarı nəticə göstərən məzunlardan isə 17 nəfəri qızlar olmuşlar.
* * *
Şəmkirdə keçirilən analoji tədbirdə çıxış edən RİH-in başçısı Rəşad Tağıyev məzunlara bu uğurlarında zəhməti olan valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirmişdir. Ölkəmizdə təhsilə verilən önəmdən danışan R.Tağıyev diqqətə çatdırmışdır ki, təhsil sahəsini həyatımızın ən gərəkli, ən mühüm sahəsi hesab edən Ümummilli Lider təhsil siyasətinə hər zaman dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb: "Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev yeni dövrün reallıqlarına uyğun davam və inkişaf etdirir. Bu gün Prezident İlham Əliyevin qayğısı sayəsində reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi bütün bölgələrimizi, o cümlədən Şəmkir rayonunu da əhatə edir. Son 5 ildə Şəmkir şəhəri Məhəmməd Füzuli adına Təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey müasir standartlara uyğun yenidən qurulmuş, Zəyəm qəsəbəsi və Zəyəm Cırdaxan kəndində məktəb binaları əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilmişdir. Eyni zamanda ucqar dağ kəndlərimizdə modul tipli məktəblər quraşdırılmışdır. Hazırda isə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə və Cahangir Rüstəmov adına tam orta məktəbdə əsaslı təmir-bərpa işləri aparılır".
Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxış edərək ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışmış, rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat vermişdir.
"Azərbaycan"