Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz tərkib hissəsi kimi bu iki coğrafiyanı birləşdirən mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərdən biridir. Azərbaycanın yerləşdiyi strateji coğrafiya onun türk dövlətləri arasında əməkdaşlığın inkişafında, eyni zamanda, Qafqazda sabitlik və regional inteqrasiya proseslərində rolunu daha da artırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert, Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar deyib.
Onun sözlərinə görə, Azərbaycanı yalnız Cənubi Qafqaz ölkəsi kimi qiymətləndirmək ölkənin regional və beynəlxalq əhəmiyyətini tam ifadə etmir.
“Azərbaycan tarix, dil, mədəniyyət və milli kimlik baxımından Türk dünyasının mühüm hissəsidir. Eyni zamanda ölkənin Qafqazdakı coğrafi mövqeyi onu regionun siyasi və iqtisadi proseslərində əsas aktorlardan birinə çevirir. Son illərdə türk dövlətləri arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etməsi Azərbaycanın bu prosesdəki rolunu daha da önə çıxarıb. Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirməklə yanaşı, Mərkəzi Asiyanın türk dövlətləri ilə də siyasi, iqtisadi və mədəni əlaqələrini genişləndirir. Azərbaycanın üstünlüklərindən biri onun həm Qərbə, həm Şərqə, həm də Türk dünyasının müxtəlif coğrafiyalarına çıxış imkanlarının olmasıdır. Bakı bu baxımdan yalnız bir ölkənin paytaxtı deyil, müxtəlif regionları birləşdirən mühüm kommunikasiya və əməkdaşlıq mərkəzidir”, – deyə Bilal Dündar qeyd edib.
Onun fikrincə, Türk dünyasının inteqrasiyası yalnız mədəni və tarixi yaxınlıqla məhdudlaşmamalı, iqtisadiyyat, nəqliyyat, enerji, təhsil, elm, rəqəmsal texnologiyalar və humanitar əlaqələri də əhatə etməlidir. Bu baxımdan Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın inkişafı üçün nümunə təşkil edir.
Ekspert Qafqaz amilinə də diqqət çəkərək qeyd edib ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması bütün ölkələrin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın Qafqazda nəqliyyat və kommunikasiya layihələrinin inkişafında iştirakı ölkənin regional bağlantıların gücləndirilməsinə verdiyi töhfəni artırır. Türk dünyası və Qafqaz bir-birindən ayrı geosiyasi məkanlar kimi deyil, qarşılıqlı əlaqədə olan regionlar kimi nəzərdən keçirilməlidir. Azərbaycanın bu iki məkanın kəsişməsində yerləşməsi isə onun regional əməkdaşlıq proseslərində xüsusi mövqeyini şərtləndirir. Azərbaycan Türk dünyasının Qafqaza açılan qapılarından biridir. Eyni zamanda, Qafqazın Türk dünyası ilə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də Azərbaycanın inkişafı və sabitliyi yalnız Azərbaycan üçün deyil, daha geniş coğrafiya üçün əhəmiyyətlidir”.
Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri bildirib ki, qarşıdakı dövrdə Azərbaycan, Türkiyə və digər türk dövlətləri arasında əlaqələrin daha da genişləndirilməsi həm Türk dünyasının potensialının üzə çıxarılmasına, həm də Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin güclənməsinə xidmət edə bilər.
Bilal Dündarın sözlərinə görə, ortaq tarixi və mədəni dəyərlər üzərində qurulan əməkdaşlıq müasir dövrün iqtisadi və geosiyasi reallıqları ilə tamamlandıqda Türk dünyası ilə Qafqaz arasında daha sıx əlaqələrin formalaşması üçün geniş imkanlar yaranır.