“Hazırda türk dövlətlərinin və xalqlarının birliyi üçün mühüm addımlar atılır. Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində tarixi addımdır. Artıq hər il TDT-nin zirvə toplantıları çərçivəsində, eləcə də ikitərəfli münasibətlər kontekstində türk dövlətlərinin münasibətlərinin gücləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, son illər TDT-nin sammitlərində qəbul olunan qərarlar artıq türk dünyasını dünyaya qlobal güc kimi təqdim edir. Nəzərə alaq ki, TDT müstəvisində təkcə Zirvə görüşləri keçirilmir, türk dövlətlərinin müvafiq dövlət qurumlarının, strukturların təşkilatlanmış platformaları da yaradılıb və onların da vaxtaşırı toplantları keçirilir. Təqdirəlayiq haldır ki, bu prosesdə Azərbaycan çox fəal iştirak edir. Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünün keçirilməsi də bunun göstəricisidir. Ümumilikdə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar. Eyni zamanda, Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Sentyabrın 15-də Prezident İlham Əliyev beynəlxalq konfransların nümayəndələrini qəbul edərkən hər iki tədbirin Bakıda keçirilməsinin böyük mənası olduğunu vurğulayıb. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Türk və müsəlman dünyası tarixən böyük mütəfəkkirlər yetişdirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı da dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib. Dövlətimizin başçısının görüşdə Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzulinin adlarını çəkməsi xalqımızın zəngin irsinin ifadəsidir. Nəzərə alaq ki, bu şəxslər bütövlükdə türk-müsəlman dünyası üçün çox böyük dəyərdir. Onların hər biri öz dövründə türk-müsəlman ədəbi-mədəni mühitinin tanınmış nümayəndələri ilə əməkdaşlıq ediblər. Ona görə də, xalqlarımızın müasir əlaqələrində də bu zəngin tarixi irs mühüm rol oynayır.
“Prezident İlham Əliyev çıxışında türk dövlətləri və xalqları arasında həmrəyliyin gücləndirilməsi, türk-İslam mənəvi və mədəni dəyərlərinin təşviqi ilə bağlı önəmli fikirlər səsləndirib. Nəzərə alaq ki, bu gün dünyada terrorizm, ekstremizm, separatizm, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik mövcuddur. Belə bir şəraitdə birliyimiz və həmrəyliyimiz çox vacib şərtdir. Nəzərə alaq ki, Azərbaycan dünyada multikulturalizm və tolerantlıq məkanı kimi tanınır və sivilizasiyalararası əməkdaşlığın təşviqində mühüm rol oynayır. Ölkəmizin formalaşdırdığı bu mükəmməl model dünya üçün bir nümunədir”, - deyə Samir Vəliyev vurğulayıb.
“Azərbaycan”