Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətə uyğun olaraq insanların rifah halının davamlı şəkildə yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bu siyasətin prioritetlərindən biri kimi 2025-ci ildən start verilən beşinci sosial paket çərçivəsində pensiya və əməkhaqları, müxtəlif müavinətlər artırılıb.
Milli Məclisin deputatı Aydın Hüseynov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, dövlət başçısının iyunun 12-də imzaladığı "Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında" Fərmana əsasən, sosial paketin icrasının yeni mərhələsi başlanıb. Fərmanın əhatə dairəsi kifayət qədər genişdir. "Burada müxtəlif istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımlar nəzərdə tutulur. Dövlətimizin başçısının imzaladığı fərmanla iyulun 1-dən Azərbaycanda şəhid ailələri, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 700 manat müəyyənləşdirilib. Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının itirilməsinə görə müavinətlər də müvafiq olaraq artırılıb. Bundan başqa, Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Milli Qəhrəmanlara Prezidentin aylıq təqaüdü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, uşağın anadan olmasına görə birdəfəlik müavinət, dəfn üçün birdəfəlik müavinət, himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinətlər də müvafiq yaş qrupları üzrə artırılıb. Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının pozulmasına görə (faiz dərəcələri üzrə), övladlığa götürülən hər uşağa görə aylıq müavinət, ailə başçısını itirməyə görə aylıq müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşağa görə aylıq müavinət, beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü, eləcə də fəxri adlara layiq görülmüş şəxslərin aylıq təqaüdləri gələn aydan artımla veriləcək", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, sənədə əsasən, sosial müavinət və təqaüdlər orta hesabla 20 faiz artırılıb. Üç milyon insanı əhatə edən sosial islahat paketi insanların rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"