02 May 2024 09:15
203
Mədəniyyət
A- A+

Bənzərsiz sənətkar

 

Qədim Şuşada yay dövrü idi. Yeddi yaşlı Lətif ailəsi ilə bu qala şəhərində  istirahət edirdi. "Azərkino"nun çəkiliş qrupunu o zaman bu şəhərə gətirən səbəb isə rus yazıçısı Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında "Gilan qızı" tammetrajlı bədii filmini ekranlaşdırmaq idi. Çəkiliş üçün hazırlıqlar görülmüşdü. Ancaq hələ də filmdə balaca qəhrəmanın rolunu oynayacaq aktyora ehtiyac vardı.
Onda Lətifin kino sənəti ilə yaxından tanışlığı başladı. Bu cılız, çəlimsiz oğlan iti zəkası, ağıllı baxışları, qaynar təbiəti ilə diqqətləri çəkirdi. Lətif Səfərovu filmdə çəkmək üçün onlarca uşağın arasından seçmişdilər və yanılmamışdılar... Azərbaycan kino sənətində yeni bir istedad kəşf etdilər. 
Ekranlara çıxmaq şöhrətin qapısından içəri girməkdi. Lətif Səfərov isə məşhurluğun şirinliyini daha tez daddı. Filmin çəkilişləri başa çatar-çatmaz artıq bütün Şuşada o, balaca aktyor kimi məşhurlaşdı. "Gilan qızı" filmi ekranlara çıxdıqdan sonra isə Lətif Səfərovu Azərbaycanda tanıdılar. Kino sənətimizdə bir ulduz parlayırdı. Özü balaca olsa da, işığı böyük idi...
O, qayğısızlıq içində böyüyən uşaq deyildi. 1920-ci il sentyabrın 30-da Şuşada dünyaya göz açan Lətif Səfərov həyatda ilk etibarsızlığı atasından görmüşdü. Onun hökumət qulluğunda olan atası Bəşir dörd yaşlı oğlunu və körpə qızını savadsız arvadının ümidinə buraxıb yenidən evlənmişdi.  Anası Maya da Lətiflə qızını götürüb Ağdama, qayınatasının evinə getməli olmuşdu.
Ancaq taleyi yenidən o doğma şəhərdə dəyişmişdi. 
"Gilan qızı" filminin rejissoru Leo Mur, operatoru İvan Frolov, əsas rolların ifaçılarından biri, görkəmli aktyor Sidqi Ruhulla istedadına heyran olduqları bu uşağı özləri ilə Bakıya aparmaq, kino sənəti üçün yetişdirmək istəyirdilər. Ancaq cəfakeş anası Maya üçün atasız, yoxsulluq içərisində iki uşaq böyütmək çətin olsa da, Lətifi gözündən kənara qoymağa razı deyildi. Lakin filmin yaradıcı heyəti Mayanı dilə tutdular. Ana onların sözlərindən daha çox oğlunun uğurlu gələcəyinə ümid edərək Lətifin paytaxta gəlməsinə razılıq verdi.
Kino sənəti Lətif Səfərovun həyatını, doğrudan da, dəyişdi. Ona diqqətlə, qayğıkeşliklə yanaşdılar. Həm internat məktəbində oxudu, həm də kinostudiyada aktyor kimi çalışdı. 1928-ci ildə "Sevil" filmi çəkilərkən Cəfər Cabbarlının məsləhəti ilə Gündüz roluna çəkildi. Lətif hələ balaca olsa da, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi görkəmli sənətkarlarla eyni filmdə iştirak etməyin məsuliyyətini yaxşı başa düşür və işinin öhdəsindən gəlirdi.
O, 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rolları ifa etdi. Şöhrətin şirinliyi kimi, vəfasızlığını da uşaq ikən gördü Lətif. Bir müddət diqqətdən kənarda qaldı. O vaxtlar anası ikinci dəfə ailə qurmuşdu, Bərdədə yaşayırdı. Onun yanına getdi. Atalığı Lətifə və bacısına doğma övladı kimi baxırdı. Amma o, Bərdədə çox qala bilmədi. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil oldu və qiyabi təhsil aldı. Bakıya qayıtdı. Studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışdı.
1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil oldu. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alaraq kino sənətinin sirlərini daha dərindən öyrənməyə başladı. 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq Bərdəyə qayıtdı. 1941-1946-cı illərdə burada müəllimliklə məşğul oldu. 1946-cı ildə Moskvaya döndü, təhsilini davam etdirdi. 1950-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdi. Bakıya gəlib, kinostudiyada işləməyə başladı. 
İstedadlı rejissor 1950-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verdi. Böyük kinoda ilk və uğurlu filmi 1955-ci ildə çəkdiyi "Bəxtiyar" ("Sevimli mahnı") oldu. Film Azərbaycan kinosunda musiqili bədii filmin ən gözəl nümunəsinə çevrildi.
Lətif Səfərovun ekranlaşdırdığı "Leyli və Məcnun", "Qızmar günəş altında" bədii filmləri tamaşaçılar tərəfindən maraqla qarşılandı.
O, 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi. 1963-cü ilədək həmin vəzifədə qaldı.
İstedadlı, kino sənətində kimsəni təkrarlamayan rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Lətif Səfərovun keşməkeşli həyatı 1963-cü il dekabrın 9-da faciəli şəkildə bitdi. Bənzərsiz sənətkarın ekranlaşdırdığı filmlər, ifa etdiyi rollar onun yarımçıq ömrünün davamı oldu.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video