06 Aprel 2023 01:42
1597
SİYASƏT
A- A+

"Bayraktar"dan "Akıncı"ya, "Qızıl alma"dan "Togg"a

 

Türkün qüruru, hərbi gücü və müasir texnologiyası düşmənlərə gözdağıdır

 

Dünyada tayı-bərabəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı iki ölkənin strateji müttəfiqliyini ən yüksək zirvəyə qaldırıb. Şad gündə də, dar gündə də bir-birinə hayan olan, dayaq duran, əlindən gələni əsirgəməyən iki qardaş arasındakı münasibətlər dünyaya nümunə kimi təqdim edilir. 
Əlbəttə ki, bütün bunlar hər iki dövlətin güclənməsini, qüdrətlənməsini istəməyən naxələf qüvvələrə gözdağı verir. Sarsılmaz birliyə, yüksələn münasibətlərə xələl gətirmək üçün əl atdıqları bütün çirkin oyunlar, məkrli planlar isə hər zaman bumeranq effekti verir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi isə gündən-günə daha da möhkəmlənir.      

 

Savaş meydanında da, fəlakət zonasında da yan-yana dayanan qardaşlar

 

Müstəqilliyimizin yenidən bərpasından sonra tarixi köklərə dayanan Azərbaycan-Türkiyə əlaqələri müasir inkişaf dövrünə keçid edib. Ulu Öndər Heydər Əliyevin Türkiyə prezidentləri ilə səmimi dostluq münasibətləri bu əlaqələrin inkişafına təkan verməklə yanaşı, yeni mərhələnin əsasını qoyub. Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan iki qardaş ölkənin əlaqələri bu gün Prezident İlham Əliyevin fəaliyyəti sayəsində yüksələn xətlə tarixinin ən möhtəşəm dövrünü yaşayır. Hər iki ölkənin lideri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı sarsılmaz qardaşlıq münasibətləri bunun bariz təcəssümüdür. 
Bu bir həqiqətdir ki, məhz İlham Əliyevin prezidentliyi dövründə qardaş Türkiyə ilə əlaqələr inkişaf edərək ən yüksək zirvəyə çatıb. Demək olar ki, bütün sahələrdə Türkiyə ilə əməkdaşlıq, ikitərəfli əlaqələr yüksəliş mərhələsindədir. Bu qardaşlığın, dostluğun, dəstəyin nümunəsinə 44 günlük Vətən müharibəsində və qardaş ölkədə baş verən zələlə zamanı şahidlik etdik. 
İkinci Qarabağ müharibəsi başladığı gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri Azərbaycanın haqq savaşında yanında olduqlarını və sona qədər Azərbaycanı dəstəklədiklərini bəyan etdilər. Deyilənlərin əyani olaraq şahidi olduq. 44 gün ərzində hər bir türkiyəlinin Azərbaycanla ürəklərinin bir döyündüyünü, ərazi bütövlüyümüzün bərpası üçün çıxdığımız savaşda daim bizə dəstək olduqlarını müxtəlif şəkildə gördük. Müharibədən sonra da Türkiyə şirkətləri ərazilərimizin bərpa-yenidənqurma işlərində Azərbaycanın yanında oldular və bu gün də bu proses davam etməkdədir. Bütün bunlara ən yüksək qiyməti isə İlham Əliyev verib: "Mən bunu dəfələrlə demişəm. Türkiyədə də demişəm, Azərbaycanda da. Əziz qardaşım Prezident burada olanda demişəm ki, Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi. Türkiyənin bu mesajları hər kəsə "dur" dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk".
Onu da vurğulayaq ki, fevral ayında Türkiyədə baş verən təbii fəlakətlə əlaqədar ilk dəstək və yardımın Azərbaycandan olması bir daha dünyaya qardaşlığın əyani göstəricisini təqdim etdi. "Türkiyə, tək ürək" adlı yardım kampaniyası çərçivəsində Azərbaycan xalqı və dövləti əlindən gələni əsirgəmədi. 
Mart ayında Türkiyəyə səfər edən İlham Əliyev qardaşı Rəcəb Tayyib Ərdoğanla görüşündə Azərbaycanın bu çətin gündə dosta yardımı yüksək qiymətləndirildi. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Türkiyə Prezidenti həmçinin azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını söylədi. 

 

Türkiyədən uçaraq Bakıya gələn "Akıncı"

 

İkinci Qarabağ müharibəsindəki zəfəri ilə Azərbaycan həm də adını ilk "smart müharibə" aparan ölkə kimi dünya hərb tarixinə yazdı. Bu savaşda hərbi sənayesinin möhtəşəm layihələri ilə dünyanı heyrətləndirməkdə davam edən Türkiyənin "BAYKAR Texnoloji" şirkətinin "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından istifadə edildi.
Məhz "Bayraktar TB2" pilotsuz uçuş aparatları vasitəsilə düşmənin komanda müşahidə məntəqələri, silah-sursat anbarları, hərəkətdə olan hərbi texnika və canlı qüvvəsi, ölkəmizin ərazisinə atılması hədəflənən "S 300" və digər raket kompleksləri məhv edilib. Əldə etdiyimiz şanlı Zəfərdə "Bayraktar" PUA-larının əvəzsiz xidmətləri olub. 
Zəfərdən sonra isə iki qardaş ölkənin iştirakı ilə 2022-ci il mayın 26-29-da Bakıda ilk dəfə keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında Türkiyə daha bir yeni PUA-nı- "Akıncı"nı dünyaya nümayiş etdirdi. 
Xüsusi olaraq vurğulanmalıdır ki, Türkiyənin Təkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan Bayraktar "Akıncı"  Gürcüstan üzərindən keçməklə təxminən 2 min km məsafəni uğurla qət edib Azərbaycana gəldi.
"Akıncı" təyyarələri havada azı 24 saat fasiləsiz qala bilir. Təyyarə 12 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam müstəqil rejimdə əməliyyatlar həyata keçirə bilir. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan "Akıncı" dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb müstəqil rejimdə təhlil edir, komanda mərkəzinə ötürür. 

 

İlham Əliyevə "Qızıl alma" və "Togg"un təqdimatı qardaşlığın parlaq təzahürüdür

 

Əlbəttə ki, Türkiyənin yeni-yeni pilotsuz uçuş aparatları və digər uğurları Azərbaycanı da sevindirir. Xüsusən də ölkənin ilk milli Silahlı İnsansız Hava Aparatlarının (SİHA) istehsalçısı olan "Baykar" şirkətinin yeni-yeni müasir savaş sistemlərini təqdim etməsi dünyanın diqqətini növbəti dəfə Türkiyəyə yönəldib. 
Belə ki, "Baykar" şirkəti "Akıncı" Silahlı İnsansız Hava Aparatının ardınca daha bir yenilik edib. Bu, Türkiyənin ilk pilotsuz zərbə qırıcı təyyarəsi hesab edilən "Qızıl alma"dır. 
Türk dünyasının mifologiyasında "qızıl alma"nın çox maraqlı anlamı var. Özəlliklə Oğuz türkləri üçün "qızıl alma", üzərində düşünüldükcə uzaqlaşan ancaq uzaqlaşdığı dərəcədə cazibəsi artan məf-humdur və ya gerçəkləşməsi arzulanan ümiddir. Yəni "qızıl alma" məqsədə çatmaq üçün irəliləməyin simvolu kimi qiymətləndirilir.
"Baykar" şirkətinin bu pilotsuz qırıcı təyyarəyə "Qızıl alma" adını verməsi də göstərir ki, artıq Türkiyə dövləti müasir smart döyüş texnikalarının hazırlanmasında hədəfinə çatıb və bundan sonra istehsal ediləcək modern aparatlar dünya hərb tarixinə türkün imzasını yazdıracaq. 
"Qızıl alma"nın maksimum uçuş çəkisi təxminən 6000 kiloqramdır, bunun 1500 kiloqramdan çoxu faydalı yükün payına düşür, sursat-yükqaldırma qabiliyyəti 1000 kiloqramdır, sürəti 700 km/saatdır, əməliyyat hündürlüyü 10 000 metr, maksimal uçuş müddəti 5 saat, hərəkət radiusu isə 926 kilometrdir.
Aprelin 3-də Prezident İlham Əliyevin Bakıda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşündə də dövlət başçısına simvolik olaraq "Qızıl alma"nın xatirə hədiyyəsi təqdim olundu. 
Görüşdə İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda "Baykar" şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha diqqətə çatdırdı. 
Ümumiyyətlə, son illərdə Türkiyənin sənayesi möhtəşəm layihələri ilə dünyanı heyrətləndirməkdə davam edir. Qardaş ölkənin yeni ixtirası müasir nəqliyyat sənayesinin də uğurla inkişaf etdiyini göstərir. Yerli istehsal olan tam elektrikli "Togg" avtomobilinin satışa çıxarılması və "T10X" modeli üçün ilk 24 saatda 22 min 150, indiyə kimi isə mobil tətbiq vasitəsilə 178 minə yaxın müştəri tərəfindən sifariş edilməsi bunu təsdiqləyən reallıqdır. 2022-ci ilin oktyabrın 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Togg" avtomobillərini istehsal edən zavodun açılışı olub və ilk avtomobil dövlət başçısı ilə xanımı Əminə Ərdoğana təqdim edilib. 
"Togg" elektromobilləri "Pamukkale", "Anadolu", "Gemlik", "Kula", "Oltu" və "Kapadokya" olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib. "Togg" Türkiyənin 60 illik xəyalının reallaşması kimi qiymətləndirilən ilk yerli elektromobildir.  
Aprelin 4-də isə Bakıda qardaşlığın bariz təcəssümü kimi daha bir tarixi hadisə yaşandı. "Togg"un Türkiyədən sonra ikinci avtomobilinin Azərbaycana gətirilməsi və Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi keçirildi. Öncə dövlət başçısı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul etdi və səmimi söhbət zamanı İlham Əliyev qardaşı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını çatdırdı. Prezident bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirdi. 
Qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu deyən İlham Əliyev bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğuladı.
Sonra dövlət başçısı "Togg" şirkətinin baş icraçı direktoru və idarə heyətinin üzvləri ilə görüşdü və Türkiyənin ilk yerli elektromobilinin açarları İlham Əliyevə təqdim edildi. Göstərilən xüsusi diqqətə görə qardaşı Rəcəb Tayyib Ərdoğana təşəkkürünü çatdıran Prezident İlham Əliyev elektromobilin istehsalını Türkiyə sənayesinin növbəti böyük uğuru kimi dəyərləndirdi. 
Bütün bunlar Azərbaycan və Türkiyə qardaşlığının zirvəsi, müttəfiqlik münasibətlərinin sarsılmazlığının əyani təzahürüdür. Məhz buna görə də İlham Əliyev Türkiyə ilə münasibətləri dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi hesab edərək bildirdi ki, Azərbaycan-Türkiyə əlaqələrinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Rəcəb Tayyib Ərdoğanın xidmətləri əvəzsizdir. 
Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar qəbul edir, müştərək qlobal layihələr icra edir və bunların vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə sülhə zəmanətdir. İki qardaş ölkə eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır. Bütün bunlar isə əbədi və əzəli qardaşlığın nişanəsi, strateji ortaqlığın parlaq təzahürüdür. Azərbaycan və Türkiyə arasındakı bağlılıq dünya miqyasında bənzəri olmayan birlik, həmrəylik nümunəsidir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video