Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana rəsmi səfərə gedib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Baş prokuror İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Türküstan şəhərində keçirilən 7-ci iclasında iştirak edib.
Tədbirdə çıxış edən Kamran Əliyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilən rəqəmsal transformasiya kursu hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, cari ilin fevral ayında yaradılmış və Birinci vitse-prezident Mehriban Əliyevanın sədrlik etdiyi Azərbaycan Rəqəmsal İnkişaf Şurasının əsas məqsədləri ölkənin texnoloji potensialının və rəqəmsal suverenliyinin gücləndirilməsi, habelə innovasiyalara əsaslanan iqtisadi modelə keçidin təşviqindən ibarətdir. Baş prokuror Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri kimi 2021-ci ildə Prezidentin Fərmanı ilə yaradılmış “Elektron Prokurorluq” İnformasiya Sistemini (EPİS) qeyd edib. Bildirilib ki, EPİS hazırda elektron sənəd dövriyyəsi, istintaq, dövlət ittihamı, beynəlxalq hüquqi əməkdaşlıq, cinayətlərin xəritələşdirilməsi və elektron sorğular üzrə modulları əhatə edir. Bu modulların bir neçəsində süni intellekt texnologiyalarından istifadə olunur. Sistem, həmçinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib.
Səfər çərçivəsində Baş prokuror xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər də keçirib.
İranın nümayəndə heyəti ilə görüşdə bu ölkənin Baş prokuroru Məhəmməd Kazım Movahedi-Azad regionda baş verən son hadisələr fonunda Azərbaycan tərəfindən göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. Daha sonra iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı hüquqi yardım mexanizmlərindən daha səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər transmilli cinayətkarlıq formalarına qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Pakistanın Baş prokurorunun müavini Umer Aslam Khanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən ikitərəfli görüşdə ölkələrimiz arasında mövcud yüksəksəviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.İkitərəfli görüşlər zamanı, həmçinin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin səfəri başa çatıb.