Şəxsiyyət - cəmiyyət münasibətləri bütün zamanların müzakirə mövzusu olmuşdur. Cəmiyyət şəxsiyyəti formalaşdırır, yoxsa şəxsiyyət cəmiyyətə dəyişdirici təsir göstərir? Əslində, hər iki tezisdə ciddi əsaslar vardır. Cəmiyyət öz-özünü tənzimləyən sistem kimi şəxsiyyətin formalaşmasına töhfə verməklə yanaşı, özü də tarixi şəxsiyyətlərin inqilabi - dəyişdirici təsirinə məruz qalır.
Şəxsiyyətin formalaşmasında, onun sosiallaşmasında irsi - genetik amillərdən heç də az təsir imkanına malik olmayan sosiogen amillər, ətraf mühit faktoru mübahisəsiz həqiqətdir.
Ətraf aləmin dəyərləri, ailə tərbiyəsi, məktəb-müəllim tərbiyəsi, təhsil amili, ictimai-siyasi təlimlər, cəmiyyət tərbiyəsi və cəmiyyət əxlaqı, cəmiyyət tövsiyəsi və qınağı, siyasi mühit və s. bütün bu institutlar şəxsiyyətin formalaşmasına təsir edən əsas sosial agentlərdir. Bu sosiallaşma institutları içərisində məktəb amili, özəlliklə də müəllim faktoru bir çox hallarda şəxsiyyətin formalaşmasında müəyyənləşdirici amil kimi çıxış edir. Yunan filosofu Aristotel həmişə təhsilin zəruriliyindən və müəllimlərin təhsildə ən vacib rola və təsirə sahib olduğunu müdafiə edirdi. "Yaxşı müəllimlər bizim biz olmağımızda, bizi formalaşdırmaqda mühüm rol oynayırlar və heç kimin edə bilmədiyi bir şeyi edirlər: dünyagörüşümüzü dəyişdirmək və bizi olduğumuzdan daha yaxşı yerlərə gətirmək". Makedoniyalı İsgəndər isə öz müəllimi Aristotel haqqında deyirdi: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı".
Müqəddəs Qurani-Kərim biliyə yiyələnməyin ilk yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Hədislərin birində Məhəmməd Peyğəmbər alimləri yer üzünün çırağı, nuru adlandırır, biliyi bilməyənlər arasında yaymağı ən böyük sədəqə hesab edir, bilikli adamın üzünə baxmağı, onunla oturub-durmağı ibadət sayır, bilik öyrədən və bilik öyrənən arasında xoş münasibəti vacib hesab edirdi: "Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, onunla mehriban olun". Görkəmli alim Nəsrəddin Tusi "Əxlaqi-Nasiri" əsərində müəllim peşəsinə yüksək qiymət verərək yazmışdır: "Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?" Xalq arasında isə belə bir fikir də mövcuddur ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir. Dahi Mustafa Kamal Atatürkün dediyi kimi, "Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir". Atatürk öz fikir atası, sosioloq Ziya Göyalpı xatırlayaraq yazırdı: "…Əgər mənim ətimin və sümüyümün atası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır".
Bəli, hər birimizin taleyində əhəmiyyətli yeri olan, bilik xəzinəsini daim insanların üzünə açan müəllimlərimizə borcluyuq. Bu məqamda islam dünyasının dahi şəxsiyyəti Həzrəti Əlinin bir kəlamı yada düşür: "Mənə bir hərf öyrədənin köləsi olaram". Doğrudan da, müəllim öz biliyi, yüksək mənəvi keyfiyyətləri və əməlləri ilə cəmiyyətə layiqli töhfələr verir.
Hələ bizim eradan öncə seçilmişlər öz övladlarını xüsusi müəllimlərə həvalə edər, onları cəmiyət və dövlət idarəetməsinə hazırlayardılar. "Pedaqogika" sözü iki yunan sözündən ("payda" və "qoqos") əmələ gəlib, hərfi mənası "uşaq ötürən" deməkdir. O, tərbiyə və təlim haqqında elmdir. Uzun illər məktəblər bu pedaqoqların adı ilə bağlı olmuş, Platon məktəbi, Aristotel məktəbi, Sokrat məktəbi və s. adlanmışdır.
Müasir dövrdə şəxsiyyətlərin formalaşmasında örnək şəxslərin, böyük uğur hekayəsi yazan şəxslərin xidməti danılmazdır. Elə tarixi şəxsiyyətlər vardır ki, öz həyatı, keçdiyi yol, yazdığı tarixlə özündən sonra məktəb qoyub getmişlər. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük tarixi şəxsiyyəti, planetar siyasi xadim, görkəmli strateq Heydər Əliyevdir.
Heydər Əliyev siyasi irsini araşdırdıqca onun milli düşüncəmizin ən dərin qatlarına nüfuz edən nəhəng siyasətçi kimi obrazını görməyə bilmirsən. Müəllimlik haqqında ən yüksək fikirləri bildirən Ulu Öndərin Azərbaycan Müəllimlərinin I Qurultayındakı çıxışı maraq doğurur: "Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz… Mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim. …Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxtdan dərs vermək təcrübəm olubdur".
Bəli, Heydər Əliyevi başqalarından fərqləndirən fərdi xüsusiyyətləri ilə bərabər, həm də keçmiş olduğu böyük həyat təcrübəsi idi. Müəllimlik peşəsini də o təcrübədə yaşamış və sevmişdir.
Heydər Əliyev fenomeninin örnək alınası ən vacib tərəflərindən biri də gənc yaşlarından vəzifə pillərində sürətlə irəlilədikcə öz həmkarlarına - müəllimlərinə münasibətdə heç vaxt təkəbbürə yol verməyib həmişə öz təvazökarlığını saxlamasıdır. Bu onun ən ali yüksək insani keyfiyyəti idi. Dünyanın aparıcı siyasi liderlərindən olan Heydər Əliyev öz müəllimlərini heç vaxt unutmurdu. Təsadüfi deyil ki, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosundan istefaya məcbur edildikdən sonra üz tutduğu doğma vətəni Naxçıvanda ilk olaraq müəllimlərini axtarmışdır.
Məşhur tarixçi alim Əli Əliyev böyük dövlət adamı Heydər Əliyevlə görüşünü belə xatırlayır: "Vaxtilə dərs dediyim Heydər Əlirza oğlu ilə Naxçıvanda mehribancasına görüşdük, söhbətimiz uzun çəkdi, çoxsahəli oldu, ötən-keçənləri xatırladıq... Söhbətimizin əsas mövzusu, əlbəttə, indiki halda düşdüyümüz ağır vəziyyət və ondan çıxış yollarını tapmaq idi. Danışdıqca qəhərlənirdim".
Bu insanlardan biri də Heydər Əliyevin Naxçıvanda orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olan, ədəbiyyatşünas alim, görkəmli maarif xadimi, "İstiqlal" ordenli, respublikanın Əməkdar müəllimi Lətif Hüseynzadə idi. 26 oktyabr 1996-cı ildə Naxçıvan şəhərində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin təntənəli açılış mərasimində əlində əsa olan bir qoca böyük izdihamı yararaq məqbərənin qarşısına yaxınlaşırdı. Elə bu zaman Prezident Heydər Əliyev pillələri enib onunla səmimi görüşdü, hal-əhval tutub stul gətirdərək onu əyləşdirdi, sonra tarixi çıxışını davam etdirdi. Bəs bu hörmət sahibi olan şəxs kim idi? Heydər Əliyevin müəllimi Lətif Hüseynzadə.
Dahi siyasətçinin müəllimi ilə daha bir görüşü 13 oktyabr 1999-cu ildə Naxçıvanda "Kazım Qarabəkir paşa məscidi"nin açılış mərasimində olmuşdur. Mərasimdə geniş nitq söyləyən Prezident Heydər Əliyev birdən dayanır, üzünü mərasim iştirakçılarına tutaraq deyir: "Burada mənim gənc vaxtımda, 13-16 yaşlarımda, orta məktəbi bitirdiyim illərdə mənə dərs verən, ana dili, türk dili, Azərbaycan dili dərsi verən müəllimim oturubdur - Lətif Hüseynzadə. Dünən təntənəli mərasimdə öz müəllimlərimi yada salırdım. 60 il, bəlkə də 65 il bundan öncə mənə dərs deyən müəllimlərimdən birinci - əziz müəllimim Lətif Hüseynzadənin adını çəkdim. O, dünən mərasimdə yox idi. Amma onu yad etdiyimi televiziya ilə eşidib bu gün buraya gəlmişdir. Mən burada onunla görüşdüm. Çox məmnunam, çox sevinirəm ki, indiyə qədər yaşayır, öz fəaliyyətini davam etdirir və böyük işlər görür".
Daha sonra Heydər Əliyev öz nitqində belə deyir: "Xatirimdədir, 1982-ci ildə - o vaxt Azərbaycanın başçısı idim, - məni Moskvaya dəvət edib Siyasi Büronun üzvü və baş nazirin birinci müavini vəzifəsinə təyin etdilər. Mən beş il orada çalışandan sonra məcburi istefaya getdim. Moskvada üç il ağır şəraitdə yaşayandan sonra Bakıya, oradan da Naxçıvana gəldim. Burada bacım yaşayırdı, onun kiçik evində yerləşdim. Məni sayan adamlar gəlib görüşür, kiçik bir həyətdə məni ziyarət edirdilər. Mənim müəllimim Lətif Hüseynzadə də gəldi. O qədər sevindim ki! Çünki mən ondan 39-cu ildə ayrılmışdım, bu isə 90-cı il idi. Oturduq çox söhbət etdik. Mən onun o vaxt dediyi sözləri sizə bildirmək istəyirəm. Dedi ki, əzizim Heydər, sən çalış ki, erməni düşmənlərimizin burada qarşısını al. Naxçıvana təcavüzə icazə vermə. Çünki 18-ci ildə onlar Naxçıvana hücum etdilər, əgər türk ordusu buraya gəlməsəydi, Kazım Qarabəkir paşanın ordusu Naxçıvana gəlməsəydi, hamımızı qıracaqdılar. Bu mənim gözümün qabağında olan hadisədir. Yəni 1990-cı ildə Lətif müəllim, Lətif Hüseynzadə 1918-ci ili yadına saldı və o illərin şahidi olaraq mənə bir ağsaqqal, müəllim kimi tövsiyələrini verdi".
Heydər Əliyev təkcə öz müəlliminə deyil, bütövlükdə müəllimlik peşəsinə böyük dəyər verərək söyləyirdi: "Mən dünyada müəllimdən yüksək ad tanımıram!" Bu, bir təvazökarlıq bir müdriklik nümunəsidir. Heydər Əliyev bütün insanlara öz nümunəsində müəllimə hörmət etməyi hansı vəzifə pilləsində olursansa ol, sənin vəzifəndir, şəxsi örnəyini göstərir. Bu, Heydər Əliyevin şəxsi keyfiyyətlərinin ən səciyyəvi xüsusiyyəti, pafosdan uzaq şəxsi nümunə idi.
Müasir Təhsil Kompleksinin müəllimi Əhmədova Sədaqət Balağa qızı bu mənada öz fikirlərini belə deyir: "2001-ci il sentyabr ayının 1-də - kompleksin açılışı günü, mənim həyatımda unudulmayacaq hadisə baş verdi. Birdən sinfin qapısı açıldı, dahi Heydər Əliyev içəri girdi. Bu əlçatmaz xoşbəxtlikdən əvvəl özümü itirdim, sanki dondum. Qarşımda bir baxışı ilə dünyanın ən böyük siyasətçilərini susduran, bir kəlmə sözü ilə hər kəsi özünə ram etməyi bacaran Heydər Əliyev durmuşdu. Baxışlarımız sataşdı. Mən bu dahinin gözlərinə baxanda anladım ki, qarşımda çox doğma, əziz, mehriban, qayğıkeş, əvəzsiz bir insan dayanıb. Bu məni ürəkləndirdi, mənə güc verdi. Dərsi birlikdə davam etdirdik. Sözlə tərifini deyə bilmədiyim şeir məclisi yarandı. Həm Heydər Əliyev, həm şagirdlər, həm də mən Nizamidən, Füzulidən S.Vurğundan, Sabirdən şeirlər söylədik, Ümummilli Liderin nəsihətlərini dinlədik, xeyir-duasını aldıq".
Hər bir sözü, baxışı, hərəkəti bir mesaj olan, öz ömrü, işi ilə milyonlar üçün həyat məktəbi olan bu dahi insan bu gəlişi, sadə bir müəllimlə belə mehriban, səmimi görüşü ilə hamıya - bütün insanlara çatdırdı ki, müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Müstəqil Azərbaycanda müəllim hörmətli insan kimi qəbul edilməlidir. Hələ dünyada müəllimə belə yüksək, şərəfli qiymət verən bir dahi, bir lider, bir insan olmayıb!
Prezident İlham Əliyevin atası Heydər Əliyevin şəxsi nümunəsi barəsində söylədikləri fikir çox düşündürücüdür: "Atam çox zəhimli, tələbkar, ciddi bir adam idi. Belə olması ilə yanaşı, uşaq yaşlarımdan onun evdə ailə üzvləri ilə qayğıkeş münasibətləri, anama və bizə həssaslığı mənim diqqətimi çəkirdi. O, bizə ailədə sağlam mühitin zəruriliyi haqda nəsihətlər vermirdi, bunu əyani göstərib öyrədirdi. Mən həyatda ən çox ondan, onun şəxsi nümunədə göstərdiklərini öyrənmişəm".
Heydər Əliyev öz vətəndaşını elmli, vətənini sevən, tarixinə hörmət bəsləyən bir şəxsiyyət kimi görmək istəyirdi. Dahi siyasətçi, böyük dövlət adamı Heydər Əliyev belə deyirdi: "Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır".
Belə mənəviyyatlı vətəndaşın yetişməsi Azərbaycanın aydın gələcəyinin carçısı ola bilərdi. Uğurlu siyasi varis İlham Əliyev Heydər Əliyevin bu mirasına sahib çıxdı və bu mənəviyyat konsepsiyasını inkişaf etdirməklə vətənpərvər bir gənc nəsil yetişdirdi. Heydər Əliyev bütün sahələrdə stateji ümummilli dəyərləri önə çəkdiyi kimi, elm və təhsil haqqında da strateji düşünürdü və deyirdi: "Təhsil millətin gələcəyidir!"
Müdrik siyasi xadim insan həyatının bütün mərhələlərində davamlı olaraq elm və təhsil öyrənməsinin vacibliyini vurğulayaraq belə söyləyirdi: "İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, …cəmiyyətimizin şüurlu üzvü olacaqdır".
Bu mənada ötən əsrin 70-ci illərində Bakıdakı 6 saylı orta məktəbdə hazırkı dövlət başçısı İlham Əliyevə dərs demiş Emma Kazımovanın xatirəsini yada salmaq yerinə düşər: "Bizə qalsaydı, hər dəfə İlhama əla qiymətlər yazardıq. Çünki doğrudan əla oxuyurdu. Mən ona 4 yaza bilmirdim, oxuyurdu axı. Fizika müəllimi Nikolay Şişkin vardı. Deyirdi şagird kitabı öyrənib gəlməsin, mənim yanımda nasaz ütünü, zəngi açıb düzəltsin, qiymət verim. İlhama da 4 yazdı, dedi o, fizikanı 5-ə bilmir. Attestata da qiymət belə getdi. Ona görə də İlham qızıl medal ala bilmədi. O vaxt Heydər Əliyev bu məsələyə qarşı çıxmadı. Heydər Əliyev deyib ki, düzəliş lazım deyil, bu qiyməti alıb. İndi valideynlər tamam başqa cür hərəkət edir, müəllim tuturlar. Amma o vaxt valideynlər, o cümlədən İlham Əliyevin valideynləri - Heydər Əliyev və Zərifə xanım deyirdi hamı necə, bizim uşaq da elə. Bütün mənada baxışları belə idi".
Heydər Əliyev təhsil pillələrinin hər biri haqqında xüsusi fikirlərə malik bir insan idi. Onun hələ Sovetlər Birliyi dönəmində ümumi təhsil və peşə təhsili barəsində səsləndirdiyi akademik fikirlər sadəcə maraq doğurur. Heydər Əliyevin bu fikirlərini öyrəndikcə onun haqqında deyilmiş "Zamana sığmayan lider" epitetinin mübaliğə olmadığı göz önündə canlanır.
Heydər Əliyev: "Cəmiyyətin təkmilləşdirilməsi indi xalqın gələcəyinin başlıca məzmununu təşkil edir, sosial gerçəkliyin bütün cəhətləri indi əmələ gələn dərin dəyişikliklərdə öz təcəssümünü tapır, ümumtəhsil və peşə hazırlığına, mənəvi keyfiyyətlərinə və mənəvi inkişafına yeni tələblər verir. İnsanın formalaşma prosesi uşaqlıq illərindən ailədən, məktəbdən başlanır. Bax buna görə də gənclərin düzgün tərbiyə olunması ideoloji fəaliyyətin təkmilləşdirilməsinin vacib məsələlərinin müzakirə edərkən ümumtəhsil və peşə məktəblərində islahatın ən mühüm vəzifələrindən biri kimi irəli sürülmüşdür. Bizim nəzərdə tutduğumuz islahatların başlıca məqsədi bütün təlim və tərbiyə işini, gənc nəslin cəmiyyətə və əməyə hazırlaşdırılmasını kökündən yaxşılaşdırmaqdır... İslahatın həyat keçirilməsində müəllim əsas simadır. Dövlət onun fədakar əməyini yüksək qiymətləndirmişdir. İslahat müəllimin nüfuzunu yenidən zirvəyə qaldırmalıdır". (Heydər Əliyevin XI çağırış SSRİ Ali Sovetinin sessiyasındakı çıxışından).
Azərbaycan xalqının mənəvi dəyərlərinin qorunmasında məhz Heydər Əliyev tərəfindən yaradılmış bu fərdi və milli-mənəvi inkişaf konsepsiyasının kökü dərinlərə gedir. Burada bizim tarixi ənənələrimiz, tarixi şüurumuz və dini dəyərlərimiz bütövlükdə vahid bir nəzəriyyə kimi özünü göstərir. İslam peyğəmbərinin elm haqqında söylədiyi fikirlərə diqqət edək. Məhəmməd peyğəmbər: "Elm çöldə dostunuz, tənhalıqda munisiniz, köməksizlikdə yoldaşınız, xoşbəxtliyə tərəf yol göstərəniniz, dostlar arasında zinətiniz, düşmənlər arasında silahınızdır".
Heydər Əliyevin irəli sürdüyü fikirlər də öz kökünü bu cür müqəddəs dəyərlərdən alırdı. Ulu Öndərin təhsil sahəsində apardığı islahatlar da mahiyyət etibarı ilə həm peşəkar insan ehtiyatlarının formalaşmasına, həm də sağlam vətənpərvər cəmiyyətə yararlı insan yetişdirmək amalına xidmət edirdi. Heydər Əliyev təhsil və elmi üzvü vəhdətdə götürürdü. Heydər Əliyevin dil siyasətinin arxasında da məhz yüksək mənəvi keyfiyyətlərə malik insan yetişdirmək düsturu dayanırdı.
Məşhur etnoqraf Lev Qumilyov etnosun qorunmasında dil ünsürünün ən vacib amil olduğunu qeyd edirdi. Bu kontekstdə Heydər Əliyevin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər deyir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur". Yaxud Heydər Əliyevdən başqa sitat: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik".
Heydər Əliyevin siyasi müdrikliyi ilə hələ sovet dövründə Azərbaycan dilinin dövlət dili olması Konstitusiyada öz əksini tapmışdı. O zaman müzakirələrdə Azərbaycan dilinin Konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihənin 73-cü maddəsində yazılan, hüquqi cəhətdən SSRİ-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan "SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir" maddəsi layihədən çıxarılmışdı. 2 aprel 1978-ci ildə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiya layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verilir: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir".
Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Heydər Əliyev dilimizin qüdrətini ölməzliyin simvolu sayır, onu milli sərvət adlandırır, bu müqəddəs mirasın babalarımızın əmanəti olduğunu, qorunmasını isə vətəndaşlıq borcu hesab edir. O, ana dilini bilməyənləri şikəst adam adlandırmaqla millətin bütövlüyünün milli dildən keçdiyini çatdırır. Bütün bu göstərilənlər uzun illər Azərbaycana rəhbərlik etmiş böyük dövlət adamının mübarizələr dolu həyatının əsas leytmotivini təşkil edir.
Heydər Əliyevin ikinci hakimiyyət dönəmində təhsil islahatları onun fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edirdi. Onun hakimiyyətinin ilk dövrlərindən əvvəlcə 1-4-cü, sonra isə yuxarı siniflər üçün dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başladı.
Ümummilli Lider təhsil sistemimizdə olan problemlərin optimal həlli məqsədilə 30 mart 1998-ci ildə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaratdı. Təhsil islahatlarının hərəkətverci qüvvəsinə çevrilən ən mötəbər tarixi sənəd isə yaradılmış bu Dövlət Komissiyası tərəfindən hazırlanan və 15 iyun 1999-cu il tarixli sərəncam ilə təsdiq olunan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" oldu.
1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayı keçirildi. Bu, müstəqil Azərbaycan tarixində ilk qurultay idi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda təhsil işçilərinin qarşısında duran vəzifələrin uğurlu həlli üçün proqram xarakterli tarixi çıxış etdi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. Ulu Öndər 1999-cu il iyunun 15-də Təhsil Sahəsində İslahat Proqramını sərəncamla təsdiq etdi və islahatların əsas məqsədini müəyyən etdi: "Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın… On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik".
Bu strategiya uğurlu siyasi varis cənab İlham Əliyev dönəmində daha da inkişaf etdirildi. Heydər Əliyevin ən uğurlu tələbəsi və siyasi varisi cənab İlham Əliyevin də müəllimliklə bağlı maraqlı təcrübəsi var.
Dünyanın ən nüfuzlu universitetlərindən biri olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alan İlham Əliyev sonradan həmin universitetdə müəllim kimi çalışmışdır. Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində çıxışı zamanı Prezident İlham Əliyev qeyd edir ki, 5 il ərzində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim fəaliyyəti ilə məşğul olub, ona görə müəllim peşəsi onun üçün yad peşə deyil. Müəllimlərin fəaliyyətini çox yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, müəllim peşəsi çox şərəfli, məsuliyyətli, çox ağır peşədir:
"Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var". Dövlət başçısı cənab İlham Əliyevin sözlərinə görə, müəllimlər daim yeniliklərə baxmalıdırlar: "Onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda müəllimlər də daim öz üzərlərində işləməlidirlər".
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri