Üçbaşlı erməni əjdahasının təbliğat maşını necə çökür
Erməni mənbələrini vərəqləyəndə görürsən ki, Rusiya, Fransa və ABŞ-dəki erməni diaspor təşkilatları "miatsum" deyib hönkürərək "böyük Ermənistan" uğrunda romantik cihada çıxıblar.
Lakin o saat ortaya belə bir məzəli sual çıxır: "böyük Ermənistan" uğrunda necə döyüşürsüz ki, Qafqazda ermənilərin sayı son 30-35 ildə 3,5-4 milyondan 1,5 milyona düşüb?
Əslində, tərsinə olmalı idi axı! Nədən sayınız üç dəfə azaldı ki? Və nədən bütün ermənilər "miatsum" deyəndə Xəzərlə Qara dəniz arasındakı ərazilərə yox, ABŞ-yə, Fransaya və Rusiyaya axıb getdiniz?
Belə çıxır ki, erməni diasporu ilə Ermənistanı "böyük Ermənistan" ideyası yox, bir qədər romantik tərzdə desək, külləmə qarın fəlsəfəsi birləşdirir. İndiki Ermənistana diqqətlə nəzər salanda onu dövlətdən daha çox üçbaşlı əjdahaya bənzətmək mümkündür. Onun bədəni Qafqazda qızdırma içində qıvrılır, başları da Ermənistanın hüdudlarından kənarda - biri Rusiyada, ikincisi Fransada, üçüncüsü də ABŞ-də nalə çəkir. Amma indi bu əjdaha zavallı gündə, ayaqlar altında can verir. Həm də təkcə can vermir, Ermənistan adlı olmayan ölkəni didib gəmirir. Didib gəmirir ki, həmin olmayan ölkənin dövlətini öz vassalına çevirsin, baxmayaraq ki, artıq erməni xalqı bu diaspor təkilatlarının heç birinə güvənmir. Çünki sadə ermənilər, yəni siyasətdən uzaq xalq sülh istəyir.
Erməni diaspor təşkilatları isə yüz ildir ki, Ermənistan dövlətini öz qucaqlarına əyləşdirməyə çalışırlar. Rusiya ermənilərinin öz qaydaları var, Fransa erməniləri daha fərqlı tərzdə əlləşir, ABŞ erməniləri isə etdiklərini heç kimə deməzlər. O üzdən bu gün Ermənistanın hayana və necə iməklədiyini anlamaq mümkün deyil. Baş nazir Nikol Azərbaycanla sülh müqaviləsini imzalamaq əvəzinə iki ildir gah ABŞ-yə qaçır, gah Pelosini çağırır ki, İrəvandan Bakıya barmaq silkələtsin, gah Parisə uçub Makronun boynuna atılır, gah da Rusiyada Ermənistanın "təəssüb"ünü çəkən erməniləri persona non-qrata elan edir. İndi də İranla mazaqlaşmağa başlayıb. Bu, ona görə belə deyil ki, Nikol siyasət üçün naməhrəmdir. Əksinə, bu ona görə belədir ki, Nikol, ruslar demişkən, dələ təkərin içində fırlanan kimi böyük güclərin orbitində mayallaq aşmaqdan məxsusi zövq alır.
Ermənilər uydurma erməni soyqırımını əllərində bayraq edərək həm Türkiyəyə təzyiq göstərməyə çalışır, həm də Azərbaycanda yüz illər ərzində törətdikləri vəhşilikləri ört-basdır etməklə yenidən əzabkeş xalq tituluna bürünmək istəyirlər. ABŞ-lə Fransanın birlikdə Türkiyəyə Birinci Dünya müharibəsindənqalma allergiyaları olsa da, artıq Rusiya - Türkiyə münasibətləri elə səviyyədədir ki, Qafqazda müsəlman və xristian dünyaları arasında Ermənistan kimi hiyləgər sipərə ehtiyac yoxdur.
Cəmi bir neçə gün əvvəl Paşinyan Bakı ilə ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirdi: "…biz bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik". Buna baxmayaraq, Ermənistan iki ildir böyük güclərin ayağına minnətə gedir, onları Bakıya təsir göstərməyə çağırır, arada hoqqa verib əks-hücuma da keçir. Amma nədənsə ağlına gəlmir ki, bir dəfə Bakıya zəng vurub birbaşa danışıqlara başlasın. Nəzərə almır ki, artıq erməni xalqı da üç nəhəng dövlətin erməni diasporunun onun maraqlarına yox, öz bəd niyyətlərinə xidmət etdiklərini anlayır.
Bahadur İMANQULİYEV,
"Azərbaycan"