09 Aprel 2026 09:20
197
Mədəniyyət
A- A+
Bakının simasını dəyişən memar

Bakının simasını dəyişən memar


Memar əsrlərlə yaşayan daş əsərləri yaratsa da, onu tanıyanlar o qədər də çox olmur. Baxmayaraq ki, yaradıcı insan əsərini torpağın üstündə ərsəyə gətirib xalqa bəxş edir və həmin əsər nə qədər mükəmməldirsə, bir o qədər uzunömürlü olur, xalqın və tarixin yadigarına çevrilərək əbədiləşir.

Bu gün biz Bakının küçələrindən keçərkən neçə-neçə möhtəşəm tikilinin qarşısında ayaq saxlayır və onları yaradan müəlliflərin istedadının, zövqünün, əməyinin, yaradıcı təfəkkürünün izlərini seyr edirik. Belə görkəmli sənətkarlardan biri də XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı memar Qasım bəy Hacıbababəyovdur. O, Bakının müasir mərkəzinin formalaşdırılmasında və şəhərin memarlıq simasının müəyyənləşməsində həlledici rol oynamış ilk peşəkar azərbaycanlı memarlardan biri hesab olunur. Q.Hacıbababəyov Rusiya imperiyasının memarlıq və şəhərsalma sahəsindəki dövlət və ictimai müəssisələrində çalışmış qafqazlılardan da birincisi idi.  Şəhər planlaşdırılmasında və tikintisində iştirak etdiyi üçün "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur.

Qasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Atası və böyük qardaşı Səməd bəy də memar idi. O, 1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi, 1856-cı ildən quberniya memarı kimi fəaliyyət göstərmişdir. 1858-1859-cu illərdə Şamaxının yenidən qurulmasının baş planını hazırlamışdır.

 Hacıbababəyovun karyerası Şamaxıda başlamışdır. Onun bu dövrdəki ən böyük uğuru 1858-ci ildə inşa etdiyi teatr binasıdır. Bu, nəinki Şamaxıda, həm də bütün Azərbaycanda ilk teatr binası hesab olunur. Bina bölgənin mədəni həyatında inqilab etmiş və Şəki, Kürdəmir kimi ətraf rayonlardan da tamaşaçı cəlb etmişdir. 1859-cu il zəlzələsindən sonra Bakı quberniya mərkəzinə çevriləndə Q.Hacıbababəyov şəhərin ilk baş planının hazırlanmasında iştirak etmişdir. O, Bakının relyefini və topoqrafiyasını nəzərə alaraq küçələri pilləli və sistemli şəkildə planlaşdırmışdır. 1868-ci ilə qədər Bakının şəhər memarı vəzifəsini icra etmişdir. Şamaxıya qayıdandan sonra 1868-ci ildən ömrünün sonunadək (1874) yenidən Şamaxı quberniya memarı kimi fəaliyyət göstərmişdir.

Qasım bəy Hacıbababəyovun yaradıcılığı Azərbaycanın memarlıq tarixində keçid dövrünü təşkil edir. O, ənənəvi Şirvan memarlıq məktəbi ilə XIX əsrin Avropa klassisizm üslubunu uğurla sintez edən ilk yerli peşəkar memar idı. Q. Hacıbababəyovun layihələri əsasında Bakının mərkəzində şəhərin vizit kartına çevrilmiş bir neçə bina ucaldılmışdır. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası: Əvvəllər bura "Metropol" mehmanxanası kimi tikilmişdir. "Karvansara" binası: Hazırda Nizami küçəsində yerləşən, "Araz" və "Vətən" kinoteatrlarının olduğu bina kompleksi. Fəvvarələr meydanındakı binalar: Meydanın ilkin memarlıq ansamblının müəllifi məhz Q.Hacıbababəyov olmuşdur. Qubernator bağının (Vahid bağı): genişləndirilməsi və abadlaşdırılması işlərində memar fəal iştirak etmişdir. 

Həmçinin Bakının əsas küçələrinin (məsələn, İçərişəhərdən kənardakı Sahil və mərkəzi məhəllələrin) ilk planlaşdırma layihələri onun adı ilə bağlıdır. 1860-cı ildə İçərişəhərin dəniz tərəfdən olan qala divarlarının sökülməsindən sonra şəhər memarı Qasım bəy Hacıbababəyov sahil zolağını nizamlamışdır və orada II Aleksandrın adını daşıyan sahil küçəsi - bulvar salınmışdır.

Memarın ən məşhur əsərlərindən biri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. İlk baxışda öz memarlıq üslubu ilə diqqəti cəlb edən muzey binasının tarixi XIX yüz ilin ortalarından başlayır. 1850-ci ildə qədim İçəri şəhəri əhatə edən Qala divarları yaxınlığında inşa edilmiş birmərtəbəli karvansaraya sonradan Bakı quberniyasının baş memarı Qasım bəy Hacıbababəyovun layihəsi ilə ikinci mərtəbə də əlavə olunur. Mülki mühəndis Aleksandr Nikitin ikinci mərtəbədə banket zalının layihəsini hazırlayır və 1915-ci ildə binanın yeni sahibi - Azərbaycan milyonçusu Hacıağa Dadaşovun istəyi ilə bina "Metropol" mehmanxanasına çevrilir.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin əməkdaşları bu binadan həm yaşayış, həm də iş yeri kimi istifadə etmişlər. 1920-1930-cu illərdə isə bina Azərbaycan Həmkarlar İttifaqının ixtiyarına verilmişdir.

Muzeyin yaradılması işinə XX əsrin 40-cı illərinin əvvəllərində başlanmışdır. Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilmişlər. O zaman - 1941-ci ildə Nizami Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən ovaxtkı blokadada olan Leninqradda, Ermitajda keçirilir və bu, böyük bir tarixi hadisə kimi qiymətləndirilir.

Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatirə muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir.

1943-cü ildə binanın fasadı və interyeri milli üslubda işlənərək eyvanında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin - Füzulinin (heykəltaraş: F.Əbdürrəhmanov), Vaqifin (C.Qaryağdı), M.F.Axundzadənin (heykəltaraş: P.Sabsay), Natavanın (heykəltaraş: E.Tripolskaya), C.Məmmədquluzadənin (heykəltaraş: N.Zaxarov), C.Cabbarlının (heykəltaraş: E.Klyatskin) heykəlləri ucaldılır.

70 ildən artıqdır ki, dünyada yeganə Ədəbiyyat Muzeyi sayılan bu müqəddəs söz sarayı Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. Sonralar memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi çərçivəsində burada əsaslı təmir işləri aparılır, baş fasadda heykəllər quraşdırılır və daha iki mərtəbə tamamlanır. Muzeyin interyeri Lətif Kərimov tərəfindən bəzədilir. Sonradan Nizami xatirə muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilir.

Muzeyin müasir dünya standartlarına cavab verən, yenidən qurulmuş, tam kompüterləşdirilmiş, innovativ vasitələrlə zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapmışdır. Dünyanın hər yerindən Azərbaycana gələn qonaqlar Ədəbiyyat Muzeyini məmnunluq hissilə ziyarət edirlər. Ekspozisiyada nümayiş olunan qədim əlyazmaları, maddi-mədəniyyət nümunələri, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, yazıçıların xatirə əşyaları, sənədli fotoşəkillər, heykəltaraşlıq nümunələri, xəritələr, tətbiqi sənət nümunələri qonaqların diqqətini cəlb edən eksponatlardır. 

Muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə ziyarətçilər qiymətli audio-video materiallarla - müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlərlə, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri ilə, tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış ola bilirlər. Muzeyin yeni ekspozisiyasında bir neçə zal da yaradılmışdır. Nəsrəddin Tusi, Şəms Təbrizi, Zülfüqar Şirvani, Molla Qasım Şirvaninin yaradıcılığını əks etdirən ekspozisiya, Şah İsmayıl Xətaiyə, Həsən bəy Zərdabiyə, Hüseyn Cavidə həsr olunmuş ayrıca zallar da ziyarətçilərin heyranlığına səbəb olur. Repressiya qurbanlarının faciəsini əks etdirən yeni ekspozisiyada tamaşaçılar ilk dəfə günahsız insanlara açılmış "Delo"ların fotosurətlərini görmək imkanına malik olurlar. Saat vitrini - muzeyin ekspozisiyasına  fərqli bir ahəng qatır. Görkəmli ədiblərin saatları sanki onların yazı masası arxasında keçirdiyi anlara şahidlik edir.

Bakı şəhərinin görkəmini dəyişən bir çox abidə binaların müəllifi olan Qasım bəy Hacıbababəyov memarlıq tariximizdə əbədi yer tutan şəxsiyyətlərimizdəndir. Görkəmli memar 1874-cü ildə 63 yaşında vəfat etmişdir.


İradə ƏLİYEVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təbiətin sərt dönüşü

09:35
09 Aprel

"Azərenerji" Naxçıvanın enerji sistemini beynəlxalq standartlara uyğunlaşdırır

09:30
09 Aprel

Təmiz məsləkli insan

09:25
09 Aprel

Bakının simasını dəyişən memar

09:20
09 Aprel

Gecikən məhəbbət

09:17
09 Aprel

Milli-mənəvi dəyərlərin dəyərsizləşmə təhlükəsi

09:15
09 Aprel

Ağstafalı fermerlərin yaz qayğıları başdan aşır

09:10
09 Aprel

Goranboyda kütləvi səpin başa çatıb

09:07
09 Aprel

Şəmkir: rayon iqtisadiyyatına qoyulan investisiya davamlı inkişafa təkan verir

09:05
09 Aprel

Jurnalist Mixail Qusman təcrübəsini və xatirələrini bölüşüb

09:01
09 Aprel

Sumqayıtda Göz Mərkəzi açılıb

09:00
09 Aprel

"Ümid" qəsəbəsinin ağdamlı sakinləri səyyar görüşdən ümidlə ayrıldılar

08:55
09 Aprel

Uşaq evi sakininin builki ad günü yaddaqalan oldu

08:50
09 Aprel

Tərtərdə 430-dan çox fermer pambıqçılıqla məşğuldur

08:45
09 Aprel

Atəşkəs razılaşması davamlı sülhə transformasiya olunmalıdır

08:40
09 Aprel

Dünya nəfəsini dərdi: Vaşinqton və Tehran atəşkəsə razı oldu

08:35
09 Aprel

Ermənistan taleyüklü seçim qarşısındadır

08:30
09 Aprel

Etibarlı və məsuliyyətli tərəfdaşlar

08:25
09 Aprel

Azərbaycan-Gürcüstan əlaqələri Avrasiyanın enerji mənzərəsini yenidən formalaşdırır

08:20
09 Aprel

Regional əməkdaşlıq nümunəsi

08:15
09 Aprel

Akademik Rasim ƏLİQULİYEV: "Ölkənin rəqəmsal inkişafı süni intellekt mərhələsinə qədəm qoyur"

08:10
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!