Xüsusən də yayın qızmar günlərində bu yerlərin əvəzi olmur
Paytaxt sakinlərinin çoxu yay aylarında məzuniyyət və istirahət günlərini səmərəli keçirmək üçün Bakıətrafı kənd və qəsəbələrdəki bağ evlərinə, ölkəmizin bölgələrində təbiətin qoynunda yaradılan istirahət məkanlarına, sanatoriya və müalicəxanalara, ya da xarici ölkələrə üz tuturlar.
Bəs hazırda yayın bu qızmar günlərində Bakıda ailə qayğıları və ya işi ilə əlaqədar harasa gedə bilməyənlər istirahət saatlarını, şənbə və bazar günlərini necə keçirirlər? Onu da qeyd edək ki, yay mövsümündə istər bölgələrdən, istərsə də qonşu xarici ölkələrdən Bakıya gələnlərin də sayı çoxdur. Çünki Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial tələbatının hərtərəfli təmini və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır.
Ta qədimdən Bakının gəzməli, görməli yerlərindən söhbət düşəndə ilk növbədə Xəzərin mirvari boyunbağısı adlandırılan Sahil bağı - Bakı bulvarı yada düşür. 105 ilə yaxın yaşı olan bu bağ Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və sərəncamına əsasən, 3,5 hektardan genişləndirilərək 16 hektara çatdırılıb. Biz də yolumuzu yeni bulvardan saldıq. Görülən iş, yaradılan şərait göz oxşayırdı. Gəzintidə olanların əksəriyyəti sahil bağının gecə füsunkarlığından, gəzməli və görməli yerlərindən doymurdu. Onlar Vətən müharibəsində qələbəmizdən, ordumuzun rəşadətindən söhbət açan Hərbi Qənimətlər Parkını da ziyarət etməmiş geri dönmürdü. Burada gəzintidə olanlardan biri də Əhmədli qəsəbəsinin sakini, ali dərəcəli həkim-kardioloq Həsən Məmmədovun ailəsi, onun köhnə bakılılardan hesab olunan, 26 ilə yaxın Avropada - Avstriyanın Vyana şəhərində yaşayan qonağı, vaxtilə Əhmədli qəsəbəsinin sakini olmuş Füzulidir. O, həyat yoldaşı Pərvanə xanım, qızları Lalə, Cənnət, nəvələri Rəhimə və Atəşlə Bakıda qonaqdılar. "İstirahətinizi necə keçirirsiniz" sualına əvvəlcə Həsən Məmmədov cavab verdi:
- Bir həftədən çox qonaqlarla birlikdə Qubada, Qəçrəşdə, Nabranda olduq. Gəzdik-dolandıq, əyləndik. İki gündür ki, qayıtmışıq Bakıya. Yeni bulvar bizə yaxındır, demək olar ki, hər gün günortadan sonra bura gəzməyə, uşaqları əyləndirməyə gəlirik. Burada hər cür şərait var, rahat dincələ və əylənə bilirik.
26 il bundan əvvəl Bakıdan Avstriyaya köçən Füzuli kişi və Pərvanə xanım Bakının gözəlliyindən, füsunkarlığından ağızdolusu danışdılar. Şəhərin görməli yerlərini mobil telefonlarına çəkdiklərini göstərdilər. Füzuli kişi dedi:
- Bundan sonra hər il yay aylarında ailəliklə Bakıya gəlməyi, Xəzərin ləpədöyənində, Qubada, Qusarda, Qarabağda, Şuşada, Xankəndidə dincəlməyi qərara almışıq. Çox ölkələrdə olmuşuq, Azərbaycan, Bakı doğrudan da çox gözəldir.
Bakını gözəlləşdirən, onu belə ürəyəyatımlı edən şəhərdə aparılan möhtəşəm quruculuq işləri, ətraf qəsəbələrdə yaradılmış, təmir olunmuş, gözoxşayan mədəniyyət və istirahət parklarıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtda yeni salınan parklarda yaradılan şəraitlə tanış olarkən demişdir: "Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır".
Artıq bu parklar, bağlar Bakı sakinlərinin və qonaqların əsl istirahət məkanına çevrilib. Yeni parklardan birində - Heydər Əliyev Sarayının arxasından Akademik Milli Dram Teatrına qədər uzanan park-fəvvarə kompleksində olduq. Günün qüruba gedən çağı, hava bürkülü idi. Parka gələnlərin ardı-arası kəsilmir, əksəriyyəti də yaxın ərazilərdə yaşayan sakinlərdir. Xan çinarın kölgəsində oturacaqda əyləşmiş ortayaşlı Şahlar Səfərovla həmsöhbət olduq. O dedi:
- "Bakı Metropoliteni"ndə işləyirəm. Hər il bu vaxtlar məzuniyyətimi Xəzər çimərliklərində, ya da yaxında yaşadığımdan bu bağda keçirirəm. Bir neçə gün əvvəl məzuniyyətə çıxan kimi getdim ata-baba yurdum Qusarın Avaran kəndinə. Bir həftə orada dincələndən sonra Bakıya qayıtdım. Əvvəlki vaxtlara baxanda indi Bakıda istirahət etməyə, dincəlməyə o qədər yer, yaxşı şərait var ki, heç rayona getməyə, xərc çəkib evindən-eşiyindən olmağa dəyməz. Qusardan söhbət düşmüşkən, Bakıda yaşayan, yazıçı-publisist Elbrus Şahmarla Qusar şəhərinin mərkəzi parkında oxucularla görüşdə tanış oldum. Mənə "Xanimanım Qubadlı" kitabını avtoqrafla hədiyyə etdi.
Bir çox ölkələrdə, şəhərlərdə olmuşam. Amma Bakıda salınan parklar, yaşıllıqlar, istirahət guşələri digər ölkələrdə gördüklərimdən qat-qat üstündür.
Belarusun Mogilyov şəhərində yaşayan və son 20 ildə ilk dəfə Bakıya səfər edən Qalib Süleymanovla Bakının Nəsimi rayonu ərazisindəki Zabitlər parkında görüşdük.
Bura şəhərin ən köhnə parklarından biridir, alman faşizminə qarşı döyüşlərdə həlak olan əsgərlərin xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib.
Dörd hektar sahəsi olan Zabitlər parkında yaradılan orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bürünc heykəllər göz oxşayır: fikrə dalan şahmatçı öz gedişini planlaşdırır, yaxud çayxana girişində gülərüz çayçı qonaqları salamlayır. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun "bürünc fotoqraf" oturub. Bir az aralıda bir qız yoldan ötənlərə çiçək satır. Başqa birisi isə "xana-xana" oynayır. Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var...
Qalib Süleymanov bunlara işarə edərək dedi:
- Mən Bakının bir neçə görməli-gəzməli istirahət məkanında - Heydər Əliyev Mərkəzində, Rixard Zorgenin adını daşıyan parkda, Dədə Qorqud bağında, köhnə Sovetski ərazisində yaradılan parkda, təzəlikcə istifadəyə verilən "Çəmbərəkənd" parkında olmuşam. Sanki dünyanın hansısa başqa şəhərindəyəm, köhnə parkları tanıya bilmirəm, təzə parklar isə lap möcüzədir. Bu, mənim 20 il əvvəl gördüyüm Bakı deyil. Burada hər şey dəyişib, yollar da, binalar da, parklar və xiyabanlar da. Şəhərdəki quruculuq işləri məni heyran etdi.
Daha sonra Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkına yollanırıq. Sovet dönəmindən qalma bu mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə əlaqədar yenidən qurulan bu parkda yerli arxitektura elementlərini özündə əks etdirən mədəniyyət mərkəzinin binası yenidən tikilib. Sovetlər dönəmində Dəmiryolçular parkı kimi tanınan bu park da sakinlərin rahat istirahəti üçün lazımi avadanlıqlarla təchiz edilib. Parka axşamçağı gələnlər daha çox olur.
Beləcə, Bakı parkları gözəl, mənalı istirahət mərkəzinə çevrilib.
Rəhman SALMANLI,
"Azərbaycan"