Azərbaycandan başlayan Avropa Oyunlarının estafetini Polşa qəbul etdi
Bu gün Polşa Avropanın ən böyük idman tədbirini qəbul edir. Krakov şəhərində sayca 3-cü Avropa Oyunlarının başlamasına saatlar qalır. İyulun 2-dək davam edəcək qitə olimpiadasında 48 ölkəni təmsil edən 7 mindən çox atlet medal uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunmuşdu. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəlmişdilər. İlk oyunların standartlarını Azərbaycan müəyyənləşdirdi və Avropa idmanında yeni tarix yazdı.
"Baku-2015"dən "Minsk-2019"dək
Qitəni bir araya gətirən idman və dostluq bayramından sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu dünyada daha da artdı. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha bəyan etdi ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar.
Təkcə qitə miqyasında deyil, dünyada 2015-ci ilin ən böyük idman hadisəsindən sonra əsrlər keçəcək, növbəti Avropa Oyunlarının təşkil olunacağı bütün ölkələrdə Bakının adı xatırlanacaq. O da məlumdur ki, indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi. Nümunəvi və qüsursuz təşkilatçılığı, olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə dünyanın əsas idman hadisəsinə çevrilmişdi.
17 gün ərzində 20 idman və 30 yarış növü üzrə 253 dəst medal uğrunda təşkil olunan yarışların keçirildiyi arenalarda idmançıların qarşılanması və yerləşdirilməsinədək bütün məsələlər yüksək səviyyədə həll olunmuşdu. Bir-birindən möhtəşəm yarışlara evsahibliyi edən 18 arena maraqlı idman mübarizələrinin şahidi olmuşdu.
Azərbaycan dövlətinin idmana və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin qələbələri ilə Avropa Oyunlarında növbəti dəfə özünü doğrultmuşdu. Belə ki, Azərbaycan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq, 50 ölkə arasında 2-ci yeri tutaraq növbəti dəfə güclü olduğunu göstərmişdi.
Azərbaycan öz növbəsində tarixin səhifələrində I Avropa Oyunları kimi mötəbər idman tədbirini bütün əvvəlki dünya və Avropa çempionatlarından, olimpiya təsnifat turnirlərindən də yüksək səviyyədə, hamının alqışına layiq bir şəkildə keçirməklə bütün dünyaya sübut etdi ki, ən mühüm yarışların təşkilatçısı olmağa layiqdir.
2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında isə qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda təşkil olunan yarışlarda Azərbaycan 82 atletlə təmsil olunmuşdu. Komandamızın II Avropa Oyunlarında yüksək nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi.
"Minsk-2019"da Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında 10-cu yeri tutdu.
86 atlet, 13 idman növü
Bu gün başlayacaq sayca 3-cü oyunlarda isə ölkəmizin idman şərəfini 86 atlet qoruyacaq. Atletlərimiz idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda mübarizə aparacaqlar.
Azərbaycan yığma komandasının III Avropa Oyunlarında yüksək nəticə əldə etmək imkanı kifayət qədər yüksəkdir. İdmançılarımızın təxminən yarısı medallara iddialıdır. Xüsusilə karateçilərə, cüdoçulara, boksçulara ümid böyükdür. Uğur olsun!
Elçin CƏFƏROV,
"Azərbaycan"