05 Noyabr 2022 01:50
2802
CƏMİYYƏT
A- A+
Bakı Metropoliteni-55: Yeraltı şəhərin tarixinə qısa səyahət

Bakı Metropoliteni-55: Yeraltı şəhərin tarixinə qısa səyahət

 

1967-ci il, 6 noyabr. Bazar ertəsidir. Bakı bayram libasına bürünüb. Həmin gün Bakı Xalq Deputatları Sovetinin (indiki Bakı Şəhər İcra Hakimiyyətinin) binasının bir neçə addımlığında metronun birinci stansiyası - "Bakı Soveti"nin qarşısına xeyli insan toplaşmışdı. 
Səhər saat 10-da tribunaya qalxan rəsmi şəxsləri izdiham hərarətli alqışlarla qarşıladı. Mitinq başa çatdıqdan sonra qonaqlar stansiyanın yerüstü vestibülündən eskalatorla platformaya endilər. Saat 10:15 dəqiqədə maşinist Salman Ələkbərov və onun köməkçisi Arif Mirzəyevdən ibarət lokomotiv briqadasının idarə etdiyi qatar hərəkətə gəldi. Beləcə Bakıda yeni növ ictimai sərnişindaşıma nəqliyyatı fəaliyyətə başladı. 
Metronun uzunluğu 6,3 kilometrlik ilk növbəsinin birinci buraxılış sahəsinə daxil olan 5 stansiyasının tikintisi 7 ilə yekunlaşdı. Metro inşası çox çətin və böyük maliyyə hesabına başa gələn proses idi. Tikinti mərkəzi hökumət tərəfindən maliyyələşdirilirdi, amma bu maliyyənin ayrılmasını asanlıqla təmin etmək olmurdu. Heydər Əliyev respublikaya rəhbər seçildikdən sonra məhz onun səyi nəticəsində tələb olunan vəsait əldə edilirdi.
1970-ci ildə "Ulduz" stansiyasının Bakı metrosu tarixindəki başqa bir məziyyəti onun Heydər Əliyev tərəfindən açılan ilk metro stansiyası olmasında idi. Daha sonra Ulu Öndərin qətiyyəti və uzaqgörənliyi ilə inşaatda "8-ci kilometr" qəsəbəsinə doğru hərəkətə üstünlük verildi. 1972-ci il noyabrın 6-da "Əzizbəyov" (indiki "Koroğlu"), "Avrora" (indiki "Qara Qarayev"), "Neftçilər" istismara verilməklə böyük yaşayış sahəsinin mərkəzlə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdı.
Həmin illərdə "Nizami" stansiyasına doğru 1,5 kilometrlik yolun çəkilməsi çox böyük çətinliklərlə başa gəlirdi. Lakin yekunda dahi Nizaminin adına layiq stansiya istifadəyə verildi. Qeyri-adiliyi, cazibədarlığı ilə seçilən bu yeraltı sarayın memarlıq tərtibatının müəllifləri SSRİ-nin Xalq memarı Mikayıl Useynov və SSRİ Xalq rəssamı Mikayıl Abdullayev idi. Stansiyanın həm adının, həm də tərtibatının ideya müəllifi isə Heydər Əliyev olmuşdur. 
Sonrakı dövrdə iri sənaye zonasına çevrilən bir ərazidə SSRİ miqyaslı müəssisələrin fəaliyyətə başlaması ilə kiçik bir platformadan ibarət olan "Elektrozavod" (indiki "Bakmil") kimi ilk yerüstü stansiya ərsəyə gəldi. Maraqlıdır ki, bu stansiya da Ulu Öndərin təşəbbüsü ilə inşa edilmişdir. Bundan əlavə, məhz Heydər Əliyevin sayəsində 5,6 kilometrlik yeni xətt - "Elmlər Akademiyası", "İnşaatçılar", "XI Qızıl Ordu meydanı" (indiki "20 Yanvar") və "Memar Əcəmi" stansiyaları 1985-ci il dekabrın 31-də istifadəyə verildi. 
Amma bu da hələ hamısı deyildi. Metro tikintisinin 3-cü növbəsinə "Neftçilər"dən sonra 3 stansiya - "Xalqlar dostluğu", "Əhmədli", "Həzi Aslanov" daxil idi. Onlardan ilk ikisi məhz Ulu Öndərin yaratdığı maddi-texniki baza hesabına istismara verildi. "Həzi Aslanov" stansiyası isə müstəqillik dövründə, yenə də Heydər Əliyevin nüfuzu sayəsində Avropa İttifaqının ayırdığı 4,5 milyon avro və Azərbaycan dövlətinin öz büdcəsindən ayırdığı 5,5 milyon manat maliyyə vəsaiti hesabına tikilib başa çatdırıldı. O vaxta qədər isə metronun daha bir yarımçıq qalmış stansiyası - xətlərin ayrılması layihəsinin əsas keçid stansiyası olan "Cəfər Cabbarlı" stansiyası istismara qəbul edilmişdi.
2003-cü ildə xalqın etimadını qazanaraq Prezident seçilən İlham Əliyev də metro tikintisinə xüsusi diqqət verir. Metro tikintisinin 2006-cı ilin əvvəlindən başlanan yeni mərhələsində "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyalarının inşası başa çatdı. 2008-ci ildə isə metronun yeni inkişaf konsepsiyası üzərində işə başlanıldı və 2011-ci il martın 18-də Prezident tərəfindən imzalanan "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamla metropoliten xətlərinin yeni konseptual inkişaf sxemi təsdiq edildi. Bununla metropolitenin 5 xətdən, 77 stansiyadan, 6 elektrik deposundan və 120 kilometrə yaxın yollardan ibarət bir şəbəkəyə çevrilməsi layihəsi qüvvəyə minmiş oldu.
Bütün bunlar Ulu Öndərin Bakı metrosunun inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin göstəriciləridir. Təkcə son 18 ildə Bakı Metropoliteni xətlərinin uzunluğu 32,1 kilometrdən 40,7 kilometrə çatdırılıb. Yaşıl xəttin "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül", Bənövşəyi xəttin "Avtovağzal", "Memar Əcəmi", "8 Noyabr" stansiyaları istifadəyə verilib. 
Bu sıraya Xocəsən qəsəbəsində eyniadlı stansiya və deponun fəaliyyətə başlaması da tezliklə əlavə olunacaq. Bu, metro tarixi üçün xüsusi layihədir. Çünki 1966-cı ildən sonra metronun ikinci deposu istifadəyə verilir və o, 55 il ərzində formalaşmış ənənələr məktəbinin nümayəndələrinin gücü ilə tikilmiş ilk nəhəng infrastruktur layihəsidir.
Məlum olduğu kimi, 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu, metronun inkişafı üzrə dövlət proqramının reallaşdırılmasına, istismarda olan xətlərin müasir texnologiyaların tətbiqi ilə dövrün tələblərinə inteqrasiyasına, istismar müddətini başa vurmuş vaqon və avadanlıqların yeniləşdirilməsinə, hərəkətin təşkilində, yeni xətlərin tikintisində ən son texnologiyaların tətbiqi ilə Bakı metrosunun dünyanın ən qabaqcıl yeraltı nəqliyyat müəssisələri sırasına çıxmaq imkanlarının genişlənməsinə möhkəm zəmin yaratdı.
"Bakı Metropoliteni" QSC fəaliyyətinin 9 ilə yaxın dövründə stansiyaların yenidən qurulması, oradakı əsaslı təmir işləri ilə metro şəbəkəsi daha yüksək sürətlə inkişaf etdi. 2009-cu ildə istifadəyə verilən "28 May" stansiyasının ikinci çıxışından sonra xüsusi əhəmiyyətə malik "Elmlər Akademiyası"nın da ikinci çıxışı sərnişin yüklənməsi ilə bağlı problemi aradan qaldırdı. Bu dövrdə "Gənclik", "Nərimanov", "İnşaatçılar", "Qara Qarayev", "Neftçilər" stansiyalarının vestibül və piyada keçidlərində, "Elmlər Akademiyası", "Nizami", "Sahil", "Xətai", "Bakmil" stansiyalarında əsaslı təmir işləri aparıldı, "İnşaatçılar", "20 Yanvar", "Elmlər Akademiyası", "Sahil", "Xətai" stansiyalarında istismar müddəti başa çatmış eskalatorlar Almaniyanın "Thyssen Krupp" şirkətinin yeni, daha müasir nümunələri ilə əvəz edildi, "Xətai", "Sahil" stansiyalarında əvvəlki 3 eskalatorun əvəzinə 4 yenisi quraşdırıldı. Bunlardan əlavə, "Nərimanov" elektrik deposunda vaqon ehtiyat hissələrinin tədarükündə, detal, maşın və mexanizmlərlə təchizatda köklü dəyişikliklərə nail olundu, günün tələblərinə uyğun iş norması və idarəetmə prinsipləri bərqərar oldu. Sexlərdə təmirçilər üçün əlverişli əmək şəraiti yaradıldı, qaldırma təmiri sexi əsaslı şəkildə yenidən quruldu, orada istehsal prosesinin təkmilləşdirilməsi, əl əməyi həcminin azaldılması üçün tədbirlər görüldü. Bunun nəticəsində qatarların nasazlıq səbəbilə xətdən çıxarılması halları kəskin surətdə azaldı. Paralel olaraq uzun müddət istismar olunan vaqonların modernləşdirilməsi və əsaslı təmirinin yerli şəraitdə həyata keçirilməsinin təməli qoyuldu, metroloji təminat sistemi yenidən quruldu, metropolitenin infrastrukturunun kompleks texniki müayinəsi üçün müasir diaqnostika kompleksi işə salındı. 
Depo şəraitində vaqon təmirinin bütün növlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə nail olmaqla yanaşı, təmirin daha yüksək mərhələsi olan əsaslı təmir prosesi üçün də baza təşkil edildi. İndi Bakı Metropoliteni öz vaqonlarını əsaslı təmir üçün əvvəllər olduğu kimi, Moskva, Xarkov və Tbilisi şəhərlərinə göndərmir. Bu isə istismar xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla daşımanın maya dəyərini aşağı salır. 
2016-cı ilin aprel ayından başlayaraq Rusiyanın "Metrovaqonmaş" ASC-dən alınan 115 vaqon texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Onlarda idarəetmə sistemi mikroprosessor əsasında qurulub, mühərriklərinin gücü əvvəlkilərdən 50 faiz çoxdur, bütün vaqonlar güclü havalandırma sisteminə malikdir və sərnişin informasiya sistemi mükəmməldir. 
Bu gün tunellərdə 2014-cü ilin sonundan başlayan sağlamlaşdırma, əsaslı təmir işləri planlı şəkildə davam edir. Yol təsərrüfatında görülən işlər Bakı Metropoliteninin tarixində yeni bir eranın başlanğıcından xəbər verir. Uzun illər yolda tətbiq edilən ağac şpalları iqtisadi cəhətdən daha sərfəli və ömrü bir neçə dəfə uzun olan beton şpallar əvəz edir. Deponun park yollarında bu işin hazırda 70 faizi yerinə yetirilib. Tunel yollarında isə gödək ağac şpalların əvəzinə səhmdar cəmiyyətin öz istehsal sahəsi olan, dəmir-beton konstruksiyaları istehsalı sahəsində hazırlanan konstruksiyalardan istifadə olunur. Bu yenilik metronun yeni tikilən xətlərində, o cümlədən Bənövşəyi xəttin "Memar Əcəmi-8 Noyabr", "Avtovağzal-Xocəsən" sahəsində tətbiq edilib. Müasir texnologiya üzrə ballastsız yol salınıb ki, bu da iqtisadi cəhətdən sərfəli və təhlükəsizlik baxımından daha etibarlıdır. Vaqonların təmirdən sonra sınağı məqsədilə inşa edilən yol da ballastsız üsulla çəkilib. 
Hərəkətin təşkilində də yeni sistemlər tətbiq edilir. Bu prosesə real vaxt müddətində operativ nəzarəti həyata keçirmək imkanı verən SCADA sistemlərinin tətbiqinə başlanılıb. Bununla yanaşı, suvurma qurğularının avadanlıqları yenilənib, qurğuların işi səmərələşdirilib, metropolitenin tarixində ilk dəfə yeraltı qrunt sularından istifadə etmək imkanı yaradılıb. İndi qrunt suları yer üzərinə çıxarılaraq paytaxtın yaşıllıqlarının suvarılmasında istifadə olunur.
Eyni zamanda və ən əsası stansiya və tunellərdə normal iqlim şəraiti yaratmaqla sərnişinlərin rahatlığını təmin edən, metro infrastrukturunu, tuneli və tunel avadanlığını havanın kondensasiyasından qoruyan havalandırma sistemində böyük işlər görülüb. Son 4 ildə tunel və stansiyaların havalandırılması sistemində 23 ventilyator yenilənib, qurğu və avadanlıqların səmərəliliyini artırmaq məqsədilə sistemdə yeniliklər tətbiq edilib, təbii havalandırmadan daha məqsədyönlü istifadə etmək üçün təsirli tədbirlər görülüb və müasir tipli dampferlərin quraşdırılmasına başlanılıb.
Elektrik enerjisi ilə təchizatda "İçərişəhər", "Sahil", "Elmlər Akademiyası", "Gənclik", "Xətai" yarımstansiyaları, qatarların hərəkətinin təminatı üçün xüsusi əhəmiyyətə malik beş dartı yarımstansiyasından biri tam modernləşdirilib, "Nərimanov" deposunda 2 yarımstansiya inşa olunub. Bu yerdə qeyd edək ki, 2018-ci ildə dövlət başçısının tapşırığı ilə müxtəlif gərginlikli elektrik enerjisi tələb edən sahələrin ehtiyacları nəzərə alınaraq metroda dizel-generator stansiyaları qurulub. 
Əldə olunan nailiyyətlərdə kadr hazırlığı siyasətinə yanaşma tərzinin dəyişməsi, ixtisaslı mütəxəssislərin yetişdirilməsində dünya təcrübəsindən səmərəli şəkildə istifadənin əhəmiyyəti də qeyd olunmalıdır. 2014-cü ildən bu sahədə köklü dəyişikliklər mükəmməl təlim bazasının yaradılmasından başlayıb. Hazırda orada hər cür avadanlıq və ləvazimatlarla təchiz olunmuş təlim-tədris mərkəzi (TTM) fəaliyyət göstərir. Bundan başqa, "Nərimanov" elektrik deposunun ərazisində TTM-ə məxsus 4 auditoriya, trenajor var. İndiyədək TTM-də ümumilikdə 6600-dən artıq dinləyicini əhatə edən 235 kurs təşkil edilib. Burada metropoliten tarixində ilk və hələlik yeganə qadın qatar maşinisti hazırlanıb. Metropolitençilərin tədris mərkəzi respublikanın ali, orta və xüsusi ixtisas təhsili müəssisələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Eyni zamanda TTM-də sosial layihələrin tərkib hissəsi kimi metropoliten işçilərinin məktəb yaşlı övladları və nəvələri üçün müxtəlif vaxtlarda rəsm, ingilis dili, kompüter və robototexnika kursları təşkil edilib.
Sosial məsuliyyətdən söz düşmüşkən, bu gün Bakı metrosu ən aktual layihələrin icra olunduğu meydana çevrilib. Sərgilər, konsert və uşaqlar üçün əyləncə proqramları, müxtəlif aksiya və fləşmoblar, mədəni-sosial layihələr artıq heç kəsi təəccübləndirmir, əksinə, bir qayda və ənənə kimi qəbul edilir. Sosial layihələrin ən başlıcası əlil arabası istifadəçiləri və ümumiyyətlə, metronun xidmətindən yararlana bilməyən hər kəs üçün nəzərdə tutulan "Əlçatan metro" layihəsidir. Bu sırada ölkədə nümunəvi layihə kimi qəbul edilən daha birini də qeyd edək. Metropolitendə çalışan 326 şəhid ailəsi üzvü və Qarabağ müharibəsi veteranlarının özlərinin idarə heyətini formalaşdırdığı mərkəz fəaliyyətə başlayıb və onların sosial qayğılarının azaldılmasına xidmət göstərir. 
Bakının özü kimi, onun yeraltı sarayı da genişlənməkdə, böyüməkdədir. Bənövşəyi xəttin şərti adı "B-04" olan stansiyasının tikintisi davam edir. Metropoliten 55 ildir Bakı ilə yol gələrək onun yollarını qovuşdurur və rəmzlərindən biri kimi nəbzini müəyyən edir.

Bəxtiyar ƏZİZLİ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!