“Bakı Enerji Həftəsi” çərçivəsində səslənən mesajlar göstərdi ki, Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil. Bakı yeni geosiyasi reallıqlar fonunda Avrasiyanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional inteqrasiyasını formalaşdıran əsas aktorlardan birinə çevrilməkdədir. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub, Vaşinqton nümayəndələrinin açıqlamaları və Bakı ilə ABŞ arasında artan strateji dialoq bunu bir daha nümayiş etdirdi”.
Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib. Onun sözlərinə görə, ABŞ Administrasiyasının “Bakı Enerji Həftəsi”nə verdiyi xüsusi önəm təsadüfi deyil. “Çünki hazırkı qlobal şəraitdə enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, geosiyasi və təhlükəsizlik məsələsinə çevrilib. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki böhranlar və qlobal enerji bazarlarında qeyri-müəyyənlik fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Qərbin diqqət mərkəzinə yüksəlir”, o vurğulayıb.
Deputat əlavə edib ki, Donald Trampın məktubunda yer alan “Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur” fikri əslində Vaşinqtonun Bakıya strateji baxışını ortaya qoyur: “ABŞ açıq şəkildə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu dəstəklədiyini bəyan edir və bu tərəfdaşlığın gələcək illərdə daha da genişlənəcəyini göstərir. Burada diqqət çəkən əsas məqamlardan biri enerji ilə regional sülh prosesinin əlaqələndirilməsidir. Tramp Administrasiyası Azərbaycan-Ermənistan sülh prosesini regional enerji inteqrasiyasının əsas sütunu kimi təqdim edir. Bu isə onu göstərir ki, Vaşinqton Cənubi Qafqaza artıq yalnız təhlükəsizlik prizmasından deyil, həm də geoiqtisadi platforma kimi yanaşır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Şərq-Qərb dəhlizi artıq uğurla fəaliyyət göstərir və Zəngəzur dəhlizi onun yeni strateji qoluna çevriləcək. Ağ Evdə ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında əldə edilən razılaşmalar Vaşinqtonun regionda yeni əməkdaşlıq modelini dəstəklədiyini göstərir.
Əslində burada söhbət yalnız nəqliyyat marşrutundan getmir. Orta Dəhliz və enerji bağlantıları birlikdə Avrasiyanın yeni geoiqtisadi xəritəsini formalaşdırır. Qərb üçün bu marşrutlar Çindən Avropaya qədər uzanan mühüm ticarət və enerji arteriyası deməkdir. Azərbaycan isə bu sistemin əsas tranzit və enerji mərkəzinə çevrilir”.
Deputat bildirib ki, Vaşinqtonun Bakı ilə münasibətlərdə yeni mərhələyə keçməsi təsadüfi deyil: “ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakıya səfəri, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun keçirilməsi, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir.
Ən mühüm mesajlardan biri isə 907-ci düzəlişlə bağlıdır. Prezident İlham Əliyevin Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin ləğv müddətinin uzadılması ilə bağlı paylaşımı Vaşinqtonun Azərbaycanla strateji əməkdaşlığın əhəmiyyətini yenidən təsdiqlədiyini göstərir. Çünki 907-ci düzəliş uzun illər ABŞ-Azərbaycan münasibətlərində siyasi maneə kimi çıxış edirdi. Bu məhdudiyyətlərin faktiki olaraq tətbiq edilməməsi Vaşinqtonun regional siyasətində Bakının roluna verdiyi önəmi ortaya qoyur.
Azərbaycanın geosiyasi üstünlüyünü artıran əsas amillərdən biri də enerji diplomatiyasıdır. Bakı artıq yalnız enerji ixrac etmir, eyni zamanda enerji üzərindən regional əməkdaşlıq platformaları yaradır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi enerji infrastrukturları Azərbaycanın Avrasiyanın enerji xəritəsində əsas oyunçuya çevrildiyini göstərir.
Azərbaycanın enerji strategiyasının fərqli cəhəti isə onun çoxşaxəli xarakter daşımasıdır. Bakı bir tərəfdən neft və qaz ixracını artırır, digər tərəfdən «yaşıl enerji layihələrinə sərmayə yatırır. Bu isə Azərbaycanın gələcəyin enerji bazarına hazırlaşdığını göstərir.
Neft və qaz Azərbaycanın məqsədi deyil, vasitəsidir. Əsas məqsəd isə milli gücün artırılması, iqtisadi müstəqillik, regional təsir imkanlarının genişləndirilməsi və Azərbaycanın qlobal strateji aktora çevrilməsidir”.
Müşfiq Məmmədlinin sözlərinə görə, bu gün Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi qəbul edilir: “Bakı həm Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin, həm də Avropanın enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevrilib. Məhz buna görə “Bakı Enerji Həftəsi” artıq sıradan enerji tədbiri deyil. Bu platforma qlobal enerji bazarlarının, geosiyasətin və yeni iqtisadi marşrutların müzakirə olunduğu strateji mərkəzə çevrilir”.
"Azərbaycan"