Azərbaycanla Suriya arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksələcək
Azərbaycan yalnız Avropa və Mərkəzi Asiya istiqamətində deyil, Yaxın Şərq regionu üzrə də fəal və balanslı siyasət yürüdür. Bu yanaşmanın bariz nümunəsi Azərbaycan-Suriya münasibətlərində də müşahidə edilir.
Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir və tarixi əhəmiyyət daşıyır: "İllər ərzində Suriyada hakimiyyətdə olmuş rejim Azərbaycana münasibətdə qeyri-dost mövqe sərgiləmişdir ki, bu da münasibətlərdə durğunluğa səbəb olmuşdu. Lakin Suriya müxalifətinin 2024-cü il noyabrın 27-də başlatdığı və dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə nəticələnən proseslər, ardınca keçid hökumətinin qurulması Dəməşq-Bakı əlaqələrinə yeni dinamizm gətirdi. Bu gün Suriyanın yeni rəhbərliyi ilə qurulan münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır və regionda sülh, sabitlik və tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb edir".
K.Bayramov qeyd edib ki, Azərbaycanın Yaxın Şərqdəki diplomatik fəallığı, xüsusilə Suriya və İsrail arasında gərginliyin azaldılmasında oynadığı rol regionda sülh və sabitliyin təmin olunmasına yönəlib. Azərbaycan diplomatiya prinsiplərinə əsaslanaraq, bu ölkələr arasında görüşlərin təşkilinə və dialoqun təşviqinə töhfə verib. Türkiyə və İsrail arasında Suriya mövzusunda yaranan gərginliyin aradan qaldırılmasında ölkəmiz əhəmiyyətli rol oynayıb. Bakıda keçirilən danışıqlar nəticəsində, bu iki ölkə Suriyada hərbi əməliyyatların koordinasiyası və toqquşmaların qarşısının alınması məqsədilə xüsusi "qaynar xətt"in yaradılması barədə razılığa gəliblər.
Deputatın sözlərinə görə, Azərbaycanla Suriya arasında münasibətlərin yeni və strateji istiqamətlərindən biri Azərbaycan qazının Suriya bazarına çıxarılmasıdır: "Azərbaycan artıq təkcə Avropa bazarına deyil, eyni zamanda Yaxın Şərq ölkələrinə də qaz ixracını genişləndirir. Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri zamanı bu məsələ diqqət mərkəzində olub. Görüşlərdə enerji sahəsində əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi nəzərə alınaraq, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması imkanları müzakirə olunub. Bu layihə reallaşarsa, Suriyanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək.
"Bu əməkdaşlıq Azərbaycanın Yaxın Şərqdə nüfuzunun artdığını göstərir və regionda sülh, sabitlik və inkişaf üçün yeni imkanlar yaradır. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Neft və qaz ehtiyatları baxımından zəngin ölkə olan Suriya ilə imzalanmış bu sənəd Bakı-Dəməşq enerji əməkdaşlığında strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər", - deyə Kamran Bayramov bildirib.
Deputat diqqətə çatdırıb ki, Suriyanın əvvəlki rejimi dövründə ölkəmizə qarşı bəzi beynəlxalq təşkilatlarda mənfi mövqe nümayiş etdirilib, Azərbaycanın ərazi bütövlüyü məsələsində qeyri-müəyyən yanaşmalar sərgilənib. Həmin vaxt Suriya təmsilçiləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman birliyi prinsipinə zidd açıqlamalarla çıxış ediblər. Lakin bu haqsız mövqe Suriya xalqının Azərbaycan xalqına münasibətini əks etdirmirdi. 2024-cü il dekabrın 8-də Suriyada baş vermiş hakimiyyət dəyişikliyindən sonra iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. On iki ildən sonra Azərbaycanın Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi diplomatik münasibətlərdə mühüm dönüş nöqtəsi oldu.
K.Bayramov əlavə edib ki, Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri Azərbaycan-Suriya münasibətlərində yeni mərhələnin əsasını qoydu. Deputat hesab edir ki, bu səfər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, qarşılıqlı etimada əsaslanan uzunmüddətli tərəfdaşlığın qurulmasına ciddi töhfə verəcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"