Bahar Əvəz qızı Muradova
1962-ci il martın 20-də Füzuli şəhərində
anadan olmuşdur. Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsini və Azərbaycan Universitetinin Hüquq
fakültəsini bitirmişdir. "Şöhrət” ordeni ilə təltif edilmişdir. Milli Məclisin Fəxri
medalına layiq görülmüşdür. "Xan qızı Natəvan”, "Vətən” və digər mükafatların laureatıdır.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının
üzvüdür. Azərbaycanda və xaricdə çap olunmuş elmi məqalələrin müəllifidir. İngilis
və rus dillərini bilir.
1981-ci ildən Bakıda tikiş fabrikində tikişçi-nəzarətçi,
1989-cu ildən Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-ci ildən "Qayğı”
Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləmişdir. 1993-cü ildən Yasamal
Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası
Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışmışdır.
1995-2009-cu illərdə YAP-ın Qadınlar Şurası sədrinin müavini, 1999-2005-ci illərdə
YAP-ın icra katibinin müavini olmuşdur. 2013-cü ildən YAP-ın Beynəlxalq əlaqələr
komissiyasının sədridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının
və İdarə Heyətinin üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin müavinidir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin və Azərbaycan-İsveçrə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Evlidir, 1 övladı var.
***
Həmişə aşa bilmədiyin, keçilməsi çətin olan maneələrin səbəbini
özündə axtarmağın tərəfdarıyam. Bu zaman
yeni güc mənbəyi tapa, bəzi məsələlərə daha ciddi, daha faydalı yanaşmalara qadir
ola biləcəyimə inanıram. Əgər bunu yalnız ətrafda, səni əhatə edən mühitdə, insanlarda
axtaracaqsansa bu zaman təklənəcəyinə heç bir şübhə yeri qoymazsan. Bu halda isə
məğlubiyyət qaçılmaz olacaqdır...
Hansısa bir şəhərdə, istirahət mərkəzində
dincəlməkdən çox, adicə taxıl zəmisini izləmək mənə daha çox zövq verir. Yaşıllıq
görəndə dünyanın ən xoşbəxti oluram. Mənim üçün çiçək bitirmək, ağaca qulluq etmək
məşğuliyyətlərin ən gözəlidir. Fizuli rayonunda doğulmuşam və uşaqlıqdan Kiçik Qafqaz
dağlarına, onun ətəyindəki yaşıllıqlara, meşəliklərə baxa-baxa böyümüşəm...
Artıq oraları 25 ildir ki, görmürəm. Yaşadığım
yer, getdiyim yol, oxuduğum məktəb xatirələrdə və bir də bəzi fotolarda qalıb.
"Hələ uşaqlıqdan belə bir düşüncəm var idi
ki, uğur qazanmaq üçün yalnız Bakıya getməliyəm. Hətta 10-cu sinfi bitirməyə belə
səbrim çatmadı. O yaşım üçün çox böyüdüyümə, özümü müstəqil şəkildə idarə edə biləcəyimə
inamım çox böyük idi.
O zaman çətinliklər də çox idi, sovet rejimində
yaşayırdıq. 70-80-ci illərdə Bakıda tək yaşamaq, oxumaq heç də asan deyildi. Bir
çox ehtiyaclarımı öz əməyimlə qarşılamalı olurdum. Beynimdə ancaq bir fikir vardı. Şikayət etmək, heç kəsdən kömək istəmək
yoxdur. Bütün çətinlikləri özüm dəf etməli, ayaqlarım üstdə öz gücümə dayanmalıyam.
İndi də düşünürəm ki, doğru etmişəm. 15 yaşımdan
sərbəst həyata atılmağım, Bakı mühitinə bələd olmağım uğur qazanmağıma kömək oldu...”
Zəriflərin dünyası...
Bu elə bir dünyadır ki, burada sirli, sehrli
və təzadlı, əks qütblərin harmoniyasının şahidi olursan. Bəzi anlarda çox sadəlövh,
zəif, köməyə möhtac, bəzən isə əzmli, iradəli, güclüdürlər.
Qadınlar aya bənzəyir, bilmədiyimiz, bələd
olmadığımız xüsusiyyətləri çoxdur...
Bugünkü qonağımız da öz təbirincə desək həm
zərif, həm də xoş sözə ehtiyacı olan, amma əksər hallarda da ehtiyacı olanlara yardım
etməyə özünü borclu bilən bir xanımdır...
Milli Məclis Sədrinin müavini, parlamentin
İnsan hüquqları komitəsinin sədri, ATƏT-in Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP İdarə heyətinin
üzvü Bahar Muradova "Zəriflərin dünyası”ndan danışır...
Güclü görünmək, zərifliyin inkarı deyil
- Birmənalı
şəkildə deyə bilərəm ki, qadınlar öz imkanları, bilik və bacarıqları sayəsində çox
güclü ola, nəinki həmcinsləri ilə, hətta kişilərlə belə rəqabətə davam gətirə bilirlər.
Həm də bu, təkcə Azərbaycan qadınına xas olan xüsusiyyətlər
deyil. Zaman-zaman bütün millətlərdən, xalqlardan olan qadınlar bu fikri möhkəmləndirən
nümunələr ortaya qoyublar.
Tarixdə çox güclü qadınlar olub ki, zamanın,
hadisələrin məhvərini dəyişməyə qadir olublar, bir ölkəni idarə edib, dövlətlərini
təmsil ediblər, siyasətdə, elm sahəsində çox ciddi nəticələrə imza atıblar. Cəmiyyətdə
fanatizmə, xurafata qarşı cəsarətlə çıxıblar.
Əlbəttə ki, zərif qadınların gözəllik, şeiriyyət,
sənət, ailə dəyərləri, milli-mənəvi dəyərləri ən incə bir şəkildə daşımaq, gənc
nəsli tərbiyələndirmək kimi nümunələri saysız-hesabsızdır.
Təbii ki, gücsüz, zəif qadınlar da az deyil.
Çətinliklər qarşısında daim qorxu hiss edir, dəstək görmədikdə ruh düşkünlüyünə
yuvarlanırlar. Yaxud da ailə içərisində, cəmiyyətdə ona yönələn təzyiqlərin, təqiblərin
qarşısında duruş gətirə bilmir, depressiyaya düşürlər. Müharibələrin, təbiət hadisələrinin
doğurduğu kataklizmlər içərisində hansı tərəfi tutacaqlarını, haraya istiqamətlənəcəklərini
müəyyənləşdirə bilmirlər. Bax bu cür qadınlara həmişə dəstək, kömək lazım olur.
Amma onu da deyim ki, heç zaman qadınları
cəmiyyətdən, yaxud da dövlət həyatından ayırıb dəyərləndirməyin, üzərinə məsuliyyət
qoymağın tərəfdarı olmamışam. Çünki keçmişimiz, bu günümüz və gələcəyimiz üçün daim
bir yerdə olmağa borclu olan iki tərəf var: qadın və kişi.
Təbiət, Tanrı bunu təsadüfən belə yaratmayıb.
Birində güclü olan, digərində zəifi doğurur. Birində zərif olan, digərində dəyərləndirməni
tələb edir. Həyatımız isə bu cür davam və inkişaf edir. Hesab edirəm ki, qadın və
kişi ailəni, cəmiyyəti, dövləti, bütün dünyanı idarə etmək, irəliyə aparmaq, tarixin,
zamanın, proseslərin yaratdığı bütün problemlərin
qarşısına qoşa çıxmaq və onun yükünü qoşa çəkmək üçündür.
Hər ikisinin üzərinə məsuliyyəti də, şərəfi
də eyni dərəcədə bölüşmək kimi vəzifə qoyulub. Elə bilirəm ki, qadınlar da, kişilər
də bunun öhdəsindən layiqincə gəlirlər. Əlbəttə ki bütün bunlar həmişə heç də düz
xətt üzərində getmir. Güclü görünmək isə heç də zərifliyin inkarı demək deyil. Və
yaxud əksinə...
Qadınlar bir-birinə
çox bənzəyirlər...
- Məsuliyyətləri,
vəzifələri, üzləşdiyi problemlər və digər səbəblər baxımından qadınlar hansı millətdən
və dövlətdən olmasına baxmayaraq, bir-birinə çox bənzəyirlər.
Əksəriyyətimiz
romantizmə meyilliyik. Bizlər daha çox hisslərə, duyduqlarımıza, görmək və inanmaq
istədiklərimizə güvənmək, hamımız sevmək, sevilmək, gözəl görünmək istəyirik. Baxmayaraq
ki, bu gün dünyanın fərqli ölkələrində yaşayan qadınların bir qismi gözəl görünməyə
çalışmağı məqbul saymırlar. Deyim ki, bu
sahədə bizim Şərq qadını ilə Qərb qadını arasında müəyyən fərqlər var. Şərq qadını
hər zaman olduğu kimi, yenə də gözəl görünmək, ən azı baxımlı olmaq istəyir...
Bəzən də qadınlar
ona maneə yaradan məhdudiyyətlərin, buxovların hansısa bir sehrli əlin gücü ilə
aradan qaldırılmasını istəyirlər. Özləri isə bunun üçün əvvəldən sona qədər mübariz
və ardıcıl ola bilmirlər. Görünür bu da təbiət və cəmiyyətin, milli mentalitet və
dəyərlərin formalaşdırdığı stereotiplərdən irəli gəlir. Qadınların zərif və daha
zəif olmaq istədikləri hallarda artıq başqa bir yol qalmır. Ən güclü qadınların
belə pəncərə önündə ağladığı məqamlar vardır.
Çox az sayda qadınlar qarşısına ciddi məqsədlər qoyub
öz iradəsi ilə yol seçib əvvəldən sona qədər getməyə iqtidarlı olur. Bəziləri yarı
yolda qalır, çətinliklər qarşısında geri çəkilir. Mənə görə biz özümüz nə qədər
əldə etmək istəyiriksə, o qədərinə də nail ola bilirik.
Hər bir güclü
qadının dəstəyə ehtiyacı var...
- Özümdə sadalanan
xüsusiyyətlərin cəmini hiss edirəm...
Ta uşaqlıqdan
müstəqil olmağa, sərbəst addımlar atmağa çalışmışam və bugünkü dayandığım yer də
məhz bunun sayəsində mümkün olub. Daha sonra ailəmin anlayışına, valideynlərimin,
xüsusilə də atamın istək və arzularıma sərbəstlik verməsinə borcluyam. Qərarlarımı əlbəttə ki, özüm
verir, arxada isə atamın fikrini və mövqeyini hiss edirdim. Son istinadgah, ən azından
hansısa problem olduğu təqdirdə kömək edəcək bir adam kimi...
Daha sonra
oxuduğum, çalışdığım, siyasətə qoşulduğum illərdə məni əhatə edən, özünə rəqib bilməyib
onunla yanaşı addımlayacaq bir yol yoldaşı, dost kimi, siyasi həmfikir kimi qəbul
edən insanlara minnətdaram...
Ən böyük xeyirxahım, həyat yolumu, siyasi taleyimi
həll edən insan əlbəttə ki ulu öndər Heydər Əliyevdir. YAP siyasi məktəbim, Heydər
Əliyev şəxsiyyəti, ən parlaq idealım, Azərbaycanı Heydər Əliyev yolu ilə möhtəşəm
qələbələrə, daha aydın sabahlara daşıyan Prezidentimiz cənab İlham Əliyev isə xalqa
və dövlətə xidmət üçün ən parlaq örnəyimdir...
Maddi, mənəvi
çətinliklər, təhdidlər...
- Təbii ki,
yolum hər zaman rahat və açıq olmayıb...
Bu yolda maddi,
mənəvi çətinliklərim, yaxın adamlar, dostlar içərisində anlamayanlarım, yanlış dəyərləndirənlərim,
bunun bir qız-qadın işi olmadığını təlqin etməyə çalışanlarım da olub. Mənsub olduğum
siyasi düşərgəyə zidd mövqe tutmuş qütbün nümayəndələrinin təhdidləri ilə də rastlaşmışam.
Bütün bunlara tab gətirmək üçün getdiyin yolun doğruluğuna dərin inamın olmalıdır.
Əgər o inam olmasa, günlərin birində qərarını dəyişə bilərsən. Çünki bəzən insan
öz fikirləri ilə tək qalanda, bir günlük deyil, bir ömürlük hadisələri nəzərdən
keçirməli olur. Həmin anda şübhən, tərəddüdün olmamalıdır.
Həmişə aşa
bilmədiyin, keçilməsi çətin olan maneələrin səbəbini özündə axtarmağın tərəfdarıyam. Bu zaman yeni güc mənbəyi tapa, bəzi məsələlərə
daha ciddi, daha faydalı yanaşmalara qadir ola biləcəyimə inanıram. Əgər bunu yalnız
ətrafda, səni əhatə edən mühitdə, insanlarda axtaracaqsansa, bu zaman təklənəcəyinə
heç bir şübhə yeri qoymazsan. Bu halda isə məğlubiyyət qaçılmaz olacaqdır...
Əlbəttə ki,
Azərbaycana qarşı düşmən mövqeyi tutan dairələrlə, daim qərəzli müxalifətçi olanlarla
isə mübarizəm hər zaman açıq olub. Burada da heç bir şübhədən, tərəddüddən, geri
çəkilmədən söhbət gedə bilməz...
Üzdə olan
insanların səhvlərinə qarşı çox acımasız olurlar
- Kim olursan
ol, ciddiyyətini qorumalı, eyni zamanda, səmimi olmalısan. Səmimi olan hər bir tərz
qəbul edilir. Özünə yalançı mükəmməllik donu geyindirməkdən hər zaman uzaq olmuşam,
düşündüyümü deməkdən çəkinməmişəm. Hətta
sərt görünməyim belə təbiidir.
Vəzifənin
də üzərimizdə ağırlığı, məsuliyyəti var, amma bunu daşımaq qabiliyyətində olmalıyıq.
Nə vaxt ki o, səni yorur, mütləq problemlər yaranır. Bir də görürsən kiminsə çox
uğurlu bir başlanğıcı, mükəmməl sayıla biləcək həyat hekayəsi var. Amma günlərin
birində hər şey alt-üst olur. Səbəbi isə ya sayıqlığı itirmiş olması, ya hansısa
bir yanlışa yol verməsi, yaxud bu yanlışı etməyə haqqı olduğunu düşünməsidir.
Üzdə olan
tanınmışların səhvlərinə qarşı ətraf, insanlar çox acımasız olurlar. Bizə, siyasətçilərə
qarşı isə tələblər çox ciddidir...
O, Azərbaycan
xanımı üçün ideal obraza çevrilib…
- Biz güclü,
zəif, zərif xarakterimizdən danışdıq. Mən özümdə bunların sintezini hiss edirəm.
Həm yardıma, həm xoş sözə ehtiyacım var. Bir çox hallarda isə başqaları üçün bu
ehtiyacı ödəməyə özümü borclu bilirəm. Başqa cür olmağa isə haqqımız yoxdur. Biz
bu örnəkləri həm tarixdə, həm də günümüzdə görməkdəyik.
Məsələn, bugünkü
gənc qızlar və qadınlar üçün, dünya birinci xanımları və UNESCO-nun xoşməramlı səfirləri üçün örnək olan Mehriban
xanım, həm də gələcək gənc qızlar üçün ideal bir obrazdır. Təkcə ölkə daxilində
yox, bütün dünya miqyasında məşğul olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirən
belə bir xanımın mövcudluğu, özünü dövlət işinə, ictimai həyata həsr edən xanımlar
üçün mükəmməl və canlı örnəkdir, nümunədir, təkrarlanması vacib olan təcrübə və
uğur hekayəsidir.
Mənim dəyərləndirməmdə
Mehriban xanımın uğuru ilk növbədə daxili və zahiri gözəlliyində, zərifliyində,
xeyirxahlığında və humanistliyindədir. Həmçinin zərif olduğu qədər də güclü olduğunun
fərqində olmasında və o gücə söykənərək hər bir işin öhdəsindən gələcəyinə olan
böyük inamındadır.
İlk dəfədir
ki, Azərbaycan qadını dövlət həyatında bu qədər yüksək səviyyədə təmsil olunur.
Bizim borcumuz bu nümunənin insanların şüuruna oturuşmasına kömək etmək, xanımların
bu cür yetişməsi üçün imkanları səfərbər etməkdir.
Buna görə
də hesab edirəm ki, Azərbaycanın gələcəyi çox parlaqdır. Onun parlaq gələcəyinə
töhfə verən qadınlar indi də çoxdur və gələcəkdə də daha çox olacaq...
Sanki gedəcək
yerim azalıb...
- Mütaliə,
musiqi, teatr... Kimliyindən və hansı vəzifənin sahibi olmasından asılı olmayaraq
insan ehtiyaclarıdır. Zamanımın çox hissəsi daha çox işə sərf olunur, hətta işdə olmadığım halda da iş haqqında düşüncələr
daha çox məşğul edir məni... Xoşlayıram ki, çox hörmət etdiyim, özümə yaxın hiss
etdiyim insanların müxtəlif xarakterli tədbirlərində iştirak edim. Nə olur-olsun
ona vaxt tapmağa çalışıram.
Həmçinin yaxın
adamların, ailə üzvlərinin problemləri ilə məşğul oluram. Anam, atam artıq bu dünyada
yoxdur... Zamanında həftə sonları mütləq şəkildə onları yoluxmağa gedərdim. İndi
elə bil ki gedəcək yerim azalıb...
Əvvəllər mənə
elə gəlirdi ki, maraqlı olan istənilən yerdə özümü yaxşı hiss edə bilərəm. İndi
anlayıram ki, özümü ən rahat hiss etdiyim zamanlar anamla olduğum anlar imiş...
Hər gün onun haqqında real düşüncələrim, telefon danışıqlarım vardı. Hər həftə sonu
onun yanında olarkən sanki özümün kim olduğumu unudurdum. Bu qədər hay-küy, hadisələr,
problemlər hamısı bir heç olur, özümü yenə də azyaşlı bir uşaq kimi hiss edirdim...
Hətta saç
düzümünə, geyiminə, dırnağındakı boyanın rənginə görə rəy bildirəcək bir adamın
qarşısında hesabat verəcək şəkildə özümü hiss edirdim. Bu nə qədər gözəl bir hiss
imiş...
Bu bir həqiqətdir
ki, bizə ən yaxın insanları itirəndən sonra dəyərini daha çox anlamağa başlayırıq. Demirəm ki, əvvəllər dəyər vermirdim, sadəcə vaxtında
kiçik bir şey kimi görünən məqamlar, indi
daha dərin hisslər yaşadır mənə...
Onu bilirəm
ki, insana ən yaxın şəxslər bir ana, bir də övladdır...
Bu, bütün
dərk etdiklərim içərisində üzərində sona qədər dayanacağım bir həqiqətdir. Bu iki
məfhum adamda onların xatirinə, hər şeyi edə bilmək qabiliyyəti formalaşdırır, hər
cür fədakarlığa hazır olmaq hissiyyatı verir.
Odur ki, sərbəst
vaxtımı ailəyə həsr etməyə üstünlük verirəm. Çünki siyasətlə məşğul olan qadın üçün
ailənin, xüsusilə həyat yoldaşının dəstəyi çox vacibdir. Hər hansı bir uğursuzluğunu,
nailiyyətlərin kimi səmimiyyətlə bölüşən birinin daim sənin yanında olması insanı
ayaqda saxlamaq, çətinlikləri dəf etmək yolunda yeni planlar qurmaq üçün daha böyük
stimul verir...
Özümü qızıma
tam həsr edə bilmirəm...
- Anamın bütün
həyatını bizə həsr etdiyi kimi, mən özümü qızıma tam həsr edə bilmirəm. Bu birmənalı
olaraq belədir...
Anam natamam
orta təhsili, bütün milli-mənəvi dəyərlərimizi özündə daşıyan evdar qadın idi.
Həyat yoldaşının yanında çox zəif, zərif və incə bir
xanım olmaqla yanaşı ətraf insanlar üçün çox güclü, övladlarının nəzərində isə fədakar
olduğu qədər, sərt xarakterli bir insan idi. Bəlkə də elə məndə həmin sərtlikdən
bir az var... Hansısa bir yanlışlığı, səhvi bağışlamayacaq dərəcədə sərt...
Amma onun
bu sərtliyinin arxasında necə bir ürək ağrısı durduğunu da bilirdim.
Mən özlüyümdə
onun bu xarakterinə çox borcluyam. Düşünürəm ki, həqiqətən də çərçivəni keçməyən
sərtlik uşaq tərbiyəsində mütləq lazımdır.
Şəxsən öz timsalımda götürürəm ki, övladın kaprizləri qarşısında mövqeyini dəyişmədən
qalmaq doğrudan da böyük səy tələb edir.
Yaxşı yadımdadır
ki, 90-cı illərin əvvəlləri idi, Yeni Azərbaycan Partiyasının yeni yaranan zamanları...
Hər gün bu və ya digər tədbirdə, rayonlarda, televiziyada çıxışlarımız, müsahibələrimiz
olurdu. Hər dəfə ailəvi şəkildə bu çıxışları yığışıb müzakirə edirdik. Bir dəfə
belə müzakirələrin birinin sonunda o, özünəməxsus ciddiyyətlə məni göylərdən yerə
endirdi. Sərt bir şəkildə: - bunlar nəyi tərifləyir bilmirəm, amma mən sənin danışığından
heç nə başa düşə bilmədim. Çox sürətli və əsəbi danışırsan...
İndi mənim
belə səmimi tənqidlərə çox ehtiyacım var...
Xörək bişirir,
paltarları ütüləyirəm...
- Bütün qadınlar
kimi mən də mətbəxi sevirəm. Azərbaycan və bir çox xalqların mətbəxindən olan yeməkləri
ən yüksək səviyyədə hazırlaya bilirəm. Xüsusi günlərdə, bayramlarda, həftə sonlarında
xörəkləri özüm hazırlayır, süfrəni açır, özüm də yığışdırıram. Belə olanda evdəkilərin
də ürəyincə olur, çox məmnuniyyətlə o süfrədə otururlar, yeyirlər, təşəkkür edirlər.
Qızımın, yoldaşımın
paltarlarını ütüləyir, qaydaya salır, dolablarını yığışdırır, evdəki işlərin bəzilərini
özüm görürəm. Geyimlərimlə də birmənalı olaraq
özüm məşğul oluram. Əvvələr alış-verişə xüsusi vaxt ayırmağa çalışırdım. İndi müxtəlif
səbəblərdən bu nadir hallarda olur.
Onu da deyim
ki, ixtisaslı modelyer-texnoloqam. Ona görə mənim üçün qüsurlarını görə-görə hazır
geyim seçib almaq çətin olur. Çünki paltara materialının keyfiyyətindən tutmuş,
tikiş qaydalarına qədər mütəxəssis gözü ilə baxıram. Odur ki, öz üzərimdə tikilən
geyimlər məni daha çox qane edir, çünki orada öz ideyalarımı da həyata keçirə bilirəm.
Qiymətli əşyalar
isə heç zaman mənim üçün əhəmiyyət kəsb etməyib. Hər zaman üzərimdə sadə şeyləri
görə bilərsiniz. Mənə görə bunlar geyimləri
tamamlayan bir aksessuar olmalıdır. Qiymətli zinət əşyalarını isə həyat yoldaşım,
yaxud yaxınlarım hədiyyə kimi bağışlayarkən məmnuniyyətlə qəbul edirəm. Amma deməliyəm
ki, o daha çox mənim dolabımda qalır. Çox nadir hallarda, ya özəl tədbirlər zamanı,
ya da yalnız güzgü qarşısında onları taxa bilərəm. Sonra isə yenə yerinə qoyub adi
gündəlik adət etdiyim aksessuarlardan istifadə edirəm...
Hafizələrdə,
fotolarda donmuş qırıq-qırıq xatirələr...
- Hansısa
bir şəhərdə, istirahət mərkəzində dincəlməkdən çox, adicə taxıl zəmisini izləmək
mənə daha çox zövq verir. Yaşıllıq görəndə dünyanın ən xoşbəxti oluram. Mənim üçün
çiçək bitirmək, ağaca qulluq etmək məşğuliyyətlərin ən gözəlidir. Füzuli rayonunda
doğulmuşam və uşaqlıqdan Kiçik Qafqaz dağlarına, onun ətəyindəki yaşıllıqlara, meşəliklərə
baxa-baxa böyümüşəm...
Artıq oraları
25 ildir ki, görmürəm. Yaşadığım yer, getdiyim yol, oxuduğum məktəb xatirələrdə
və bir də bəzi fotolarda qalıb. Yalnız məktəbə getdiyim ilk və 8-ci sinifdə son,
direktor otağında şəhadətnamənin mənə təqdim olunduğu günü xatırlayıram.
Çox qəribədir
ki, Füzuli deyərkən gözümün qarşısına bu iki mənzərə daha aydın şəkildə gəlir. Bir
də uşaqlıqla bağlı ən çox xatırladığım Novruz bayramlarında qaladığım tonqal...
Bayramda ümumi bir tonqal hazırlayardıq, amma mən mütləq özüm üçün ayrıca tonqal
qalamalı idim. Gələn həftənin çərşənbəsi üçün bütün həyətdən qurumuş yarpaq toplayardım.
Yetərdi ki, bacılarım mənim yarpaqlarımdan götürüb öz tonqallarına aparmaq istəsin,
bax onda qiyamət qopurdu...
Olduğum yerlər
daha çox ətri ilə yaddaşıma hopur...
- Baxmayaraq
ki, 25 il o qədər böyük zaman deyil, amma xatirələrim qarışıb. Orada daha nələr
olub, hansı hadisələr baş verib, onlar hamısı qarışıq şəkildədir və gözlərimin qarşısında
sanki molekullar rəqs edirmiş kimi rəqs edirlər. Əlbəttə, bu nisgil məni heç vaxt
tərk etməyəcək. Çünki biz təkcə torpaqlarımızdan deyil, həm də uşaqlığımızdan və
xatirələrimizdən uzaq düşmüşük.
Bir də gördüyüm
və getdiyim yerlər daha çox ətri ilə yaddaşıma hopur. O ətirləri heç zaman səhv
sala bilmərəm. Bəzən baharda burnuma yenicə
ağarmış gilasın ətri gəlir. Xatirimdədir, biz uşaq vaxtı gəlib ağacın altında dayanardıq
və diqqətlə baxardıq. Ağarmış, bir az böyümüş gilas gördükdə sevincimizin həddi-hüdudu
olmazdı... Onun özünəməxsus ətri var idi və mənə elə gəlir ki, gilasın heç yerdə
belə ətri ola bilməz, o yalnız Füzulidədir, atamın mənim adıma əkdiyi, mənim də
hündürboylu və bol məhsullu olması ilə fəxr etdiyim ağacdadır...
Bu, Bahar
xanım idi…
Kənardan sərt,
bir az da kəskin görünür - bəlkə də bu, elə tutduğu yüksək vəzifənin mahiyyətindən
irəli gəlir…
Amma onu yaxından
tanıdıqca, bu görüntünün sadəcə, zahiri təzahür olduğunu anlayırsan…
Əslində isə
o sadə Azərbaycan xanımıdır - dövlətin ən ali postlarından birinə yüksəlməyi bacaran,
fəqət həyat yoldaşının paltarını ütüləyib, qızını əlləriylə yedizdirməyi özünün
yüksək borcu sayan bizlərdən biri...
Yasəmən MUSAYEVA,
"Azərbaycan”