06 May 2024 14:21
346
İQTİSADİYYAT
A- A+

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib  

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizdə əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı, resurslarının qiymətləndirilməsi, istismara cəlb edilməsi, fəaliyyətdə olan mədənlərin resurs potensialının artırılması məqsədilə aktiv və çoxprofilli geoloji tədqiqatlarını davam etdirir.

“AzerGold”dan AZƏRTAC-a bildirilib ki, tədqiqatlar 3 istiqamətdə – QSC-nin idarəetməsinə verilən filiz sahələri; ölkə ərazisində ümumi geoloji axtarış proqramı; Qarabağ və Şərqi Zəngəzurda mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi üzrə həyata keçirilir.

“AzerGold” QSC hazırda birinci istiqamət üzrə Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün metallurji, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Ortakənd” qızıl yatağında aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi və açıq üsulla filizçıxarma parametrlərinin optimallaşdırılması üzrə tədqiqatlar aparır.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının dağətəyi sahələrində, eləcə də Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında aktiv geoloji tədqiqatlar aparılır. Perspektivli sahələrin daha qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruq qazma işlərinə qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar üzrə aparılması məqsədilə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik tədqiqat üsullarından istifadə edilir. Yüksək effektlə tətbiq edilən bu tip axtarış-qiymətləndirmə işləri çərçivəsində 2022-ci ildə “AzerGold” QSC tərəfindən Şərqi Zəngəzurun Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 kvadratmetr sahəsində hiperspektral peyk çəkilişləri həyata keçirilib.

Digər geoloji fəaliyyət istiqaməti üzrə, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” QSC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində ümumi geoloji axtarış işlərinin icrasını birgə davam etdirirlər.

Ötən illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivi yenilənib, SSRİ dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanan statistik məlumatlar elektronlaşdırılıb, geoloji xəritə və qrafik əlavələr isə rəqəmsallaşdırılıb. Beləliklə, hər bir yataq üzrə məlumat bazası yaradılıb. Bununla belə, SSRİ dövrünə aid məlumatların müasir dövrün texnoloji potensialını, yüksək metal qiymətlərini tam əks etdirməməsi ölkə ərazisində yenidən geoloji tədqiqatların aparılmasını zəruri edib.

Bu məqsədlə səhmdar cəmiyyət cari ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarını əhatə edən 2566 kvadratmetr sahədə hiperspektral peyk çəkilişlərinin icrasına başlayıb. Həmçinin Daşkəsən, Göygöl və Goranboy rayonlarının ərazilərini əhatə edən 1890 kvadratmetr sahədə helikopter vasitəsilə aeroelektromaqnetik tədqiqatların aparılması üçün hazırlıq işlərinə start verilib. Növbəti illərdə Şuşa, Xocalı və Ağdərə rayonlarında sözügedən metodlar vasitəsilə axtarış-qiymətləndirmə işlərinə başlanılması nəzərdə tutulub. Ümumilikdə tədqiqatlar 3 mərhələ, o cümlədən axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat işləri və dəqiq kəşfiyyat işlərini əhatə edəcək.

Sözügedən Sərəncama uyğun olaraq, potensial minerallaşma sahələrində aparılacaq tədqiqatlar nəticəsində yataqların geoloji modelləri tərtib ediləcək, mövcud ehtiyatlar beynəlxalq JORC (Joint Ore Reserves Committee – Birgə Filiz Ehtiyatları Komitəsi) standartlarına uyğun yenidən hesablanacaq, bununla perspektivli minerallaşma sahələri müəyyənləşdiriləcək. Yataqlar üzrə əhatəli tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar hasilat prosesinin təşkili məqsədilə dövlət tərəfindən seçiləcək əməliyyatçı şirkət-investora təqdim ediləcək.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. “AzerGold” QSC 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadə edilməsi istiqamətində dövlətin yürütdüyü siyasətə dəstəyini göstərməyə davam edir.

Sənaye əhəmiyyətli resurslara malik yeni yataqlar dövlət tərəfindən milli operator şirkəti olan “AzerGold” QSC-nin idarə etməsinə həvalə olunduqda, istismar fəaliyyətinin bir hasilat sahəsindən yeni sahələr üzrə şaxələndirilməsinə, nəticə etibarı ilə şirkətin iqtisadi inkişaf tempinin bərpasına və qorunmasına səbəb olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video