Azərbaycanla Vyetnam arasında iqtisadi münasibətləri müəyyən mənada hələ doymamış, böyük inkişaf potensialına malik münasibətlər kimi xarakterizə etmək olar. Çünki iki ölkə mövcud iqtisadi əməkdaşlıqdan kifayət qədər bəhrələnmir.
Bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, 2022-ci ildə təxminən 595 milyon dollara çatan qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ildə 153 milyon dollara düşüb. Yəni cəmi üç il ərzində təxminən dörd dəfə azalıb. Halbuki Azərbaycanın illik xarici ticarət dövriyyəsi 50 milyard dollara yaxındır. Vyetnamın isə ötən il xarici ticarət dövriyyəsi 930 milyard dolları ötüb. Bu ilin ilk 10 ayında isə artıq 1 trilyon dollar həddini keçib. “Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Azərbaycanla ticarət Vyetnamın ümumi xarici ticarət dövriyyəsinin cəmi 0,0165%-ni təşkil edib. Başqa sözlə, Vyetnamın hər 1000 dollarlıq xarici ticarətinin təxminən 16,5 senti Azərbaycanın payına düşüb. Bu rəqəm əməkdaşlığın istifadə olunmamış potensialını aydın göstərir. Əslində isə imkanlar kifayət qədər genişdir”, – deyə o əlavə edib.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin Vyetnama səfəri məhz bu imkanların reallaşdırılması və ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan şirkətlərinin Vyetnamın neft-qaz sektorunda fəaliyyəti, Vyetnam şirkətlərinin Azərbaycana investisiya marağı, sənaye, kənd təsərrüfatı, bərpaolunan enerji və infrastruktur sahələrində əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə Vyetnamın Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.
E.Əmirov vurğulayıb ki, Vyetnam son illərdə sürətlə inkişaf edən, beynəlxalq ticarətdə və qlobal istehsal zəncirlərində mövqeyini gücləndirən ölkələrdən birinə çevrilib. Azərbaycanla Vyetnam arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq davamlı xarakter alarsa, xüsusilə qarşılıqlı investisiyalar və konkret biznes layihələri ilə dəstəklənərsə, yaxın illərdə mövcud göstəricilərdən qat-qat yüksək nəticələr əldə etmək mümkündür.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”