Azərbaycan-Macarıstan münasibətlərinin yüksələn dinamikası, qarşılıqlı rəsmi səfərlər, ali səviyyədə görüşlər və keçirilən tədbirlər iki ölkə arasında iqtisadi əlaqələrin də genişlənməsinə böyük təkan verir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu dost ölkəyə rəsmi səfəri mühüm əhəmiyyət kəsb etdi. Bunu hər iki ölkə rəhbərinin mayın 20-də mətbuata verdikləri bəyanatlardan da aydın görmək olur.
Əvvəla qeyd edək ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin də davamlı inkişafı müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Ticarət əməliyyatları getdikcə artır. Ölkəmizdə Macarıstan investisiyalı çoxsaylı şirkətlər, əsasən, kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Ölkələrimiz qarşılıqlı surətdə bir-birinin iqtisadiyyatına investisiya yatırıb.
Azərbaycanın ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləyən Macarıstanın şirkətləri Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasına da maraq göstərirlər. Belə ki, KESZ Qrupu Cəbrayılın Soltanlı kəndini yenidən quracaq və bununla da təqribən 6 min nəfər üçün yaşayış təmin ediləcək.
Bütün bunlarla yanaşı, enerji sahəsində də sıx əməkdaşlıq əlaqələri var. Əslində, bu sahədə əlaqələr daha genişdir. Məsələn, keçən il Macarıstanın "MVM Group" şirkəti "Cənub qaz dəhlizi" QSC-dən "Şahdəniz" qaz yatağının işlənməsi layihəsində
5 faizlik və "Azerbaijan Gas Supply Company Limited" (AGSC) şirkətindən "South Caucasus Pipeline Company"də 4 faizlik pay alıb.
Macarıstanın MOL şirkəti isə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 9,57, BTC-də isə 8,90 faizlik payla iştirak edir. Gələn ilin əvvəlində növbəti kontraktın imzalanacağı gözlənilir. Belə ki, Azərbaycanın qurudakı neft yataqlarında daha bir Macarıstan şirkəti fəaliyyətə başlayacaq.
Azərbaycanın qaz ixrac etdiyi 12 ölkədən biri məhz Macarıstandır. Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun tədqiqatçısı Zolton Egeresi bu günlərdə jurnalistlərə açıqlamasında vurğulayıb ki, Macarıstan üçün Azərbaycan həm də çox önəmli bir enerji mənbəyidir: "Yəni enerji sahəsində Macarıstan və Azərbaycan son illərdə çox yaxın və əhəmiyyətli münasibətlər qurublar. Məsələn, son illərdə Azərbaycandan Macarıstana qaz nəqli başlayıb və bu, çox vacibdir, çünki Ukraynadakı müharibəyə görə rəsmi Budapeşt enerji məsələsində çox həssasdır. Azərbaycanla bu sahədəki əməkdaşlıq bizim üçün böyük fürsətdir. Digər tərəfdən, son illərdə bir sıra macar enerji şirkətləri Azərbaycana daxil olub. Məsələn, Macarıstanın neft şirkəti indi fəal şəkildə Azərbaycanda görünür".
Mayın 20-də Azərbaycanın və Macarıstanın rəhbərlərinin məhdud və geniş tərkibdə görüşlərində, eləcə də mətbuata bəyanatlarında bu məsələlərdən ətraflı bəhs olunub. Dövlətimizin başçısı bildirib ki, biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq: "Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur".
Ölkələrimiz "yaşıl enerji" sahəsində də geniş əməkdaşlığa başlayıblar. Xatırladaq ki, 17 dekabr 2022-ci ildə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Prezident İlham Əliyev bu məsələyə də toxunaraq deyib: "Azərbaycanın çox böyükmiqyaslı "yaşıl enerji" gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə "yaşıl enerji" istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır".
Təsadüfi deyil ki, Macarıstanın Baş naziri Viktor Orbanın bəyanatının da böyük hissəsi enerji məsələlərinə həsr olunub. Etibarlı tərəfdaşlığa yüksək dəyər verən baş nazir deyib: "Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir".
Viktor Orban bu fikrini böyük inamla səsləndirib. Çünki ona vəd verən İlham Əliyevdir! İstər dar, istərsə də gen gündə Azərbaycanla sınaqdan çıxmış dostluğa və tərəfdaşlağa əsaslanaraq Macarıstanda da yaxşı bilirlər ki, bizim Prezidentimizin sözü də imzası qədər güvənli və etibarlıdır.
Flora SADIQLI,
"Azərbaycan"