05 May 2024 08:55
459
İQTİSADİYYAT, SİYASƏT
A- A+

Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti

 

Enerji diplomatiyası, milli təhlükəsizlik və xarici siyasət

 

Enerji diplomatiyası - beynəlxalq münasibətlərin əsası, xarici siyasət və milli təhlükəsizliklə sıx bağlı olan mürəkkəb sahədir. Bu əlaqə xüsusən enerji diplomatiyasının  nisbətən yeni sahə kimi  milli xarici siyasətə inteqrasiyasında açıq müşahidə olunur. 
Xarici siyasət  min illər ərzində bəşər sivilizasiyasını müşayiət etsə də, enerjinin bu sahəyə  müdaxiləsi son 150 ildə baş vermişdir. Lakin həmin zaman kəsiyində enerji və xarici siyasət çoxsaylı nöqtələrdə kəsişmişdir və onlar qarşılıqlı əlaqədə olan elementlərə malikdirlər. Xarici siyasət öz növbəsində  milli təhlükəsizlik konsepsiyası ilə sıx bağlıdır və ondan asılıdır. 29 iyun 2004-cü ildə qəbul olunmuş "Milli təhlükəsizlik haqqında" qanunda yazılıb ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir. 
Üç konsepsiya - milli təhlükəsizlik, xarici siyasət və enerji təhlükəsizliyi bir-biri ilə bağlılığı olan quruluşa malikdir. Burada milli  təhlükəsizlik ən ümumi anlayışdır, milli təhlükəsizliyin risklərinin beynəlxalq aspektlərini əhatə edən xarici siyasət  ondan bir pillə aşağıda durur. Miqyasına görə ən aşağıda isə enerji diplomatiyası dayanır.  Xarici siyasət milli təhlükəsizliyi təmin edən alətdir. Milli təhlükəsizlik isə birbaşa enerji diplomatiyası ilə əlaqədardır. Milli təhlükəsizliyin əhatə etdiyi çoxsaylı təhlükələrə geniş spektrli risklər, o cümlədən  iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, fiziki təhlükəsizlik, ətraf mühit, ərzaq,  miqrasiya, kibertəhlükəsizlik və s. daxildir. 
Dövlətin iqtisadi təhlükəsizliyi milli təhlükəsizliyin  ayrılmaz hissəsidir. Milli  təhlükəsizlik   iqtisadi təhlükəsizliklə yanaşı, dövlətin xarici-siyasi, daxili-siyasi, hərbi, informasiya, şəxsi, sosial, mənəvi, ekoloji və təhlükəsizliyin digər növlərini də birləşdirir. İqtisadi təhlükəsizliyin təmini dövlətin funksiyası kimi yaranmışdır. O, digər sahələrə təsirinə görə aparıcı rola malikdir.
Enerji diplomatiyasına gəldikdə, o, enerji təhlükəsizliyinin təmininə yönəlmiş inkişaf edən diplomatiya sahəsidir. Enerji özünün milli təhlükəsizlik və iqtisadiyyata güclənən təsiri nəticəsində  diplomatiya və xarici siyasət sahəsinə daxil olmuşdur. Enerji hər bir işi yerinə yetirmək qabiliyyəti olmaqla  iqtisadiyyatı qidalandırır. Onun fasiləsiz axını həm ölkə iqtisadiyyatının inkişafı, həm də istehsal olunmuş məhsulların ixracı, beynəlxalq iqtisadi münasibətlərin daimiliyi üçün zəruri ehtiyaclardan biridir. 
Dünyadakı dəyişən vəziyyət bəzi amilləri meydana çıxarmış, bu isə enerji təhlükəsizliyi və enerji diplomatiyasının  milli təhlükəsizliyin gündəliyində daha vacib yer tutmasına səbəb olmuşdur. Çünki müasir istehlakçı və müasir iqtisadiyyat  enerjidən kəskin surətdə asılıdır.  Nəticədə bu gün iqtisadiyyat və energetikanı  bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Hətta enerji iqtisadiyyat və hakimiyyət üçün sinonimə çevrilmişdir. Təsadüfi deyil ki, enerji ehtiyatlarına əlçatanlıq hazırda müharibələrin nəticələrini müəyyən edən faktorlardan biridir. Dövlətlər enerji  ehtiyatlarına  malik olmalarından özlərinin siyasi və geosiyasi məqsədlərinə çatmaq üçün fəal istifadə etmək imkanı qazanmışlar.  Neft-qaz istehsalçıları qlobal biznesdə ən gəlirli və təsir imkanına malik şirkətlər hesab olunurlar.
Söz ki enerjidən düşdü, qeyd edək ki, enerji diplomatiyası  enerji ehtiyatlarına və bazarlarına  çatımlılığı genişləndirməyə yönəlmiş  diplomatik fəaliyyətdir. Bu, siyasətə, xarici hökumətlərin qərar və davranışına təsiretmə sistemidir. Enerji diplomatiyasının məqsədi iqtisadi və enerji təhlükəsizliyini təmin etməkdir. 
Enerji təhlükəsizliyi müxtəlif dövlətlər üçün müxtəlif anlam kəsb edə bilər. İnteqrasiya rejimlərinin müxtəlifliyini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, həm tarixi, həm də konseptual cəhətdən enerji milli xarici siyasətə iki yolla - təhlükəsizlik və iqtisadiyyat yolları ilə daxil edilmişdir. Enerji təchizatı və ona əlçatanlıq bir çox dövlətin  milli təhlükəsizliyi üçün  həlledici amil olduğuna görə enerji onların milli siyasətinə təhlükəsizlik yolu ilə daxil olmuşdur. Bu cür dövlətlər enerji ehtiyatları olmayan və bu səbəbdən idxaldan asılı olan ölkələrdir. 
Enerji məsələləri həm də iqtisadiyyatla bağlı olmaqla iqtisadi diplomatiyanın  təsir dairəsinə düşür. Məlumdur ki, bir çox ölkənin iqtisadiyyatının əsasını enerji ehtiyatları təşkil edir. Enerji ehtiyatlarından səmərəli istifadə, xüsusən bərpaolunan enerji ehtiyatlarının istehsalı müasir dövrdə özünün aktuallığı ilə diqqəti cəlb edir və iqtisadi inkişaf üçün mühüm  perspektivlər yaradır. Bundan əlavə, müasir dövr iqtisadi təhlükəsizliyin təmin olunmasını hər bir müstəqil dövlətin əsas vəzifələrindən biri kimi şərtləndirir. Beynəlxalq vəziyyətdə zaman-zaman baş verən dəyişikliklər dünya birliyi ölkələrinin siyasi, iqtisadi və hərbi münasibətləri sahələrində yeni yanaşmalara yol açır. Həmin yanaşmalar milli təhlükəsizliyin təminində, o cümlədən iqtisadi münasibət və proseslərdə dəyişikliklər tələb edir, eləcə də müharibələrin tam aradan qalxmadığı günümüzdə iqtisadi təhlükəsizlik sahəsində praktiki addımlar atılması zəruriliyini  meydana çıxarır. Beləliklə, hazırkı dövrdə dövlətlərin hər birinin ilkin vəzifələrindən biri iqtisadi təhlükəsizliyi, başqa sözlə desək, daxili sabitliyi, ölkənin beynəlxalq əmək bölgüsündə fəal iştirakını təmin etməyə nail olmaqdır. İqtisadi təhlükəsizlik iqtisadiyyatın elə vəziyyətidir ki, bu zaman dayanıqlı iqtisadi artım, ictimai ehtiyaclar, yüksəkkeyfiyyətli idarəçilik, iqtisadi maraqların qorunması milli və beynəlxalq səviyyədə səmərəli şəkildə təmin olunur. İqtisadi təhlükəsizliyin əsas göstəriciləri - ümumi daxili məhsulun artımı, iqtisadiyyatın quruluşu və rəqabət qabiliyyəti, həyat səviyyəsi və keyfiyyəti, inflyasiya sürəti, işsizlik norması, idxaldan asılılıq, daxili və xarici borcların səviyyəsi və s. hesab edilir.  
Məlumdur ki, SSRİ-nin süqutu 15 müstəqil dövlətin yaranmasına və vahid iqtisadi məkanın parçalanmasına səbəb oldu. Keçmiş sovet dövründə müttəfiq respublikalar arasında formalaşmış iqtisadi əlaqələrin pozulması gənc müstəqil ölkələrdə iqtisadiyyatı iflic vəziyyətinə saldı. 1989-cu ildən başlamış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşdi. 
1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan Azərbaycan da böyük iqtisadi və siyasi çətinliklərlə rastlaşdı. 1991-1993-cü illərdə Azərbaycanın siyasi mənzərəsini hakimiyyət uğrunda mübarizə, silahlı qruplaşmalar və qarşıdurmaların artması, keçmiş dağlıq Qarabağ problemi, Azərbaycan torpaqlarının işğalı kimi hakimiyyətsizlik əlamətləri xarakterizə edirdi. Xaos, qarışıqlıq, hərc-mərclik inkişafın deyil, tənəzzülün əlamətləri idi. Milli iqtisadiyyatın dirçəldilməsi üçün isə ictimai-siyasi sabitlik yaradılmalı, iqtisadi islahatların aparılmasına ardıcıl siyasi dəstək verilməsi təmin olunmalı idi. Bu cür siyasi təkan olmadan iqtisadi quruculuq sahəsində uğurlar əldə etmək mümkün deyildi. 
Belə bir dövrdə xalqın tələbi və seçimi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın neft strategiyasını müəyyən və inkişaf etdirdi. Bu siyasət dövlət müstəqilliyinin qorunması və gücləndirilməsinə yönlənmişdir. Ulu Öndərin rəhbərliyi altında qəbul edilən radikal qərarlar islahatların dönməzliyinin təmin edilməsində həlledici rol oynadı. "Əsrin müqaviləsi" əsasında Azərbaycanda  kifayət qədər iri həcmdə neft istehsalına nail olunması istər praktiki, istərsə də hüquqi gözləntisi olan məsələ idi. Heydər Əliyevin  müdrikliyi onda idi ki, neft istehsalına hələ xeyli müddət qalmasına baxmayaraq, onun daşınması marşrutu da müəyyən edildi. Əslində, məsələlərin həllinə bu cür uzangörənliklə yanaşmaq Heydər Əliyevə xas olan xüsusiyyət idi. Hər işin vaxtında həlli uğurun təmini üçün əsas yaradırdı.
Cənab İlham Əliyev həmin dövrlərin çətinliklərini xatırlayaraq sonralar demişdi: "Hamımız yaxşı xatırlayırıq ki, 1991-1993-cü illərdə yaranmış xaos, anarxiya iqtisadiyyata da böyük zərbələr vurmuşdu. Demək olar ki, iqtisadiyyatımız tamamilə dağılmışdı, böhran içində idi. ... Heydər Əliyev tərəfindən müəyyən edilmiş neft strategiyası Azərbaycana böyük uğurlar gətiribdir. Azərbaycana böyük həcmdə sərmayə qoyulubdur, yeni infrastruktur yaradılıbdır, neft kəmərləri tikilibdir və tikilməkdədir. Bir sözlə, neft strategiyası bizə imkan verir ki, bu gün də, gələcəkdə də neftdən əldə olunan gəlirlərdən səmərəli istifadə edərək Azərbaycanı hərtərəfli inkişaf etdirək, xalqımız üçün gözəl şərait yaradaq". 
Heydər Əliyevin  neft strategiyasının uğurlu və səmərəli nəticələri Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verən mühüm amil olmaqla dünyada neft siyasətinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb etdi. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 8 dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi"nin imzalanması tarixi hadisə idi. "Əsrin müqaviləsi" Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasını sürətləndirdi, regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin etdi. Bu müqavilə həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində çox mühüm rola malik idi. 1994-cü ildən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanması Azərbaycanın beynəlxalq əməkdaşlıq və enerji sahəsində böyük uğurlarına yol açdı. 
Amma bu, təməl idi və o, Azərbaycan iqtisadiyyatının tam inkişaf yoluna çıxması üçün önəmli rol oynadı. Cənab İlham Əliyev neft strategiyasının həmin cəhətlərini nəzərə alaraq demişdir: "Heydər Əliyevin neft strategiyası davam etdiriləcəkdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri 2005-ci ildə istismara veriləcəkdir. Ondan sonra Azərbaycan ildə 50 milyon ton neft ixrac edəcəkdir. Bu da ölkəyə milyardlarla dollar valyuta gətirəcəkdir. Bu vəsaitlə Azərbaycanın hər bölgəsi, iqtisadiyyatın hər bir sahəsi inkişaf edəcəkdir".

Vüsalə MURADXANLI,
Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video