"Yaxın Şərq çox mürəkkəb geosiyasi vəziyyəti ilə də seçilən bölgədir. Təbii sərvətləri ilə zəngin olan bu bölgə geosiyasi toqquşmalar meydanına çevrilib".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O bildirib ki, regiondakı siyasi-iqtisadi vəziyyəti nəzərə alsaq, bölgədəki dövlətlərlə əlaqələri inkişaf etdirmək asan məsələ deyil. Lakin aktiv, milli maraqlara əsaslanan və balanslaşdırılmış xarici siyasət kursu həyata keçirən Azərbaycan bölgə dövlətlər ilə fəal əlaqələr formalaşdıra bilib. Elə bu günlərdə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirildi. Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih arasında keçirilən ikitərəfli görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Neft-qaz sektorunda əməkdaşlıq imkanlarına da toxunularaq, SOCAR ilə "Saudi Aramco" arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqların uğurla davam etdiyi bildirildi. "Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriya Ərəb Respublikasında da səfərdə oldu. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib. Prezident Əhməd Əl Şaraa aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, bu missiyanın qısa müddətdə təşkilinə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib. O həmçinin Azərbaycanın və Suriyanın oxşar proseslərdən keçdiyini, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi kimi, Suriyanın da münaqişədən sonra bərpa dövrünə qədəm qoyduğunu qeyd edib. Bu xüsusda o, Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri ilə bağlı təcrübəsinin Suriyada tətbiqinin faydalı olacağını diqqətə çatdırıb. S.Şərifov Prezident İlham Əliyevin suriyalı həmkarının Azərbaycana dəvətini ehtiva edən məktubu Suriyanın dövlət başçısına təqdim edib. Tərəflər görüş zamanı həmçinin Suriyanın qədəm qoyduğu bərpa və yenidənqurma prosesinə Azərbaycanın mümkün dəstəyinin istiqamətlərinə dair fikir mübadiləsi aparıblar", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycan bir sıra müstəvilərdə Suriya ilə əməkdaşlıq etməyə üstünlük verir. Bu sırada neft-qaz sektorunu da xüsusi qeyd etmək olar. İki dövlət arasında geniş əməkdaşlıq imkanları mövcuddur. Həm Suriya, həm də Yaxın Şərqdə geosiyasi vəziyyət incə siyasət həyata keçirməyi tələb edir. Qlobal nüfuzu, beynəlxalq proseslərə təsir gücü artan ölkəmizin fəal Yaxın Şərq siyasəti diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirilə bilər.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"