Daşkənd şəhərində, Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi üzrə Mühəndislik İnstitutunda (TIIAME) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində mühüm regional seminar keçirilmişdir.
"CAREC" proqramı üzrə "Yaşıl bacarıqların inkişafının gücləndirilməsi" (TA-6806) layihəsi çərçivəsində təşkil olunan tədbir "Regional Yaşıl Kənd Təsərrüfatı Mərkəzinin (RCGA) rəqəmsal platformasının hazırlanması və Davamlı İnkişaf üçün Yaşıl İnklüziv Dəyişiklik akademik modulunun yekunlaşdırılması" mövzusuna həsr olunmuşdur.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dosenti Fariz Ələkbərov Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Proqramı (CAREC-Central Asiya Regional Economic Cooperation) çərçivəsində "yaşıl kənd təsərrüfatı" üzrə regional işçi qrupun seminarında iştirak etmişdir. Tədbirdə "Azərbaycanda deqradasiyaya uğramış və pestisidlərlə çirklənmiş torpaqların bərpası və davamlı idarə olunması üçün effektiv mikroorqanizmlər, bioçar(bioloji mənşəli materiallardan alınan karbonla zəngin maddə) və vermikompostun ( təbii üzvi maddə) inteqrasiyalı tətbiqi" mövzusunda alimin elmi-tədqiqat işinin təqdimatı mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır.
Onu da qeyd edək ki, Fariz Ələkbərov Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə "CAREC" proqramı çərçivəsində hazırlanan "Yaşıl İnklüziv Dəyişiklik" akademik modulunun müəlliflərindən biridir.
Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Monqolustan və Pakistanın aparıcı aqrar universitetlərinin nümayəndələri iştirak etmişlər. Tədbirin əsas məqsədi CAREC-ə üzv region ölkələrdə iqlimə davamlı kənd təsərrüfatı üzrə regional əməkdaşlığı gücləndirmək, rəqəmsal Kənd Təsərrüfatı Bilik və İnnovasiya Sistemini (AKIS) yaratmaq və magistratura səviyyəsində vahid "Yaşıl İnklüziv Dəyişiklik" akademik modulunu yekunlaşdırmaq olmuşdur.
ADAU-nu bu nüfuzlu regional forumda təmsil edən Fariz Ələkbərov həm də seminarın elmi müzakirələrində aktiv iştirak etmiş, "Azərbaycanda deqradasiyaya uğramış və pestisidlərlə çirklənmiş torpaqların bərpası və davamlı idarə edilməsi üçün effektiv mikroorqanizmlərin, bioçarın və vermikompostun inteqrasiyalı tətbiqi" mövzusunda apardığı çoxillik tədqiqat işlərinin nəticələrini təqdim etmişdir.
CAREC seminarına Azərbaycanın elmi töhfəsi və torpaq bərpasının innovativ modeli mövzusu seminarın "Case Workshop: Real-life examples sharing" sessiyasında geniş müzakirələrə səbəb olmuşdur. Təqdimatda ADAU-nun 2020-2026-cı illər ərzində apardığı eksperimental tədqiqatlar, o cümlədən magistr tələbələrinin iştirakı ilə həyata keçirilən sınaqlar, fermer təsərrüfatlarında təşkil edilən nümayiş sahələri və fermerlərin qiymətləndirmələri əsasında formalaşdırılmış inteqrasiyalı "yaşıl kənd təsərrüfatı" yanaşmaları geniş şəkildə şərh olunub.
Qeyd edək ki, Modul CAREC Azərbaycan, Pakistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Monqolustan və digər tərəfdaş universitetlərin birgə əməkdaşlığı nəticəsində hazırlanmışdır. Dosent Fariz Ələkbərov bu modulun 4-cü mövzusunun - "Yaşıl İnklüziv Dəyişiklik üçün Alətlər və Yanaşmalar"ın müəllifidir.
Mövzuda vurğulanır ki, "yaşıl texnologiyalar" (damcı suvarması, günəş enerjisi ilə işləyən nasoslar, sensorlar, dronlar, bioloji mübarizə vasitələri və s.) yalnız texniki cəhətdən səmərəli olduqda deyil, sosial inklüzivlik, iqtisadi əlçatanlıq və institutlar tərəfindən dəstəkləndikdə uğurlu nəticə verir.
Bəs, bu müzakirələr və tədqiqat işləri hansı regional perspektivləri vəd edir?
CAREC regionunda su qıtlığı, torpaq deqradasiyası, iqlim dəyişikliyi və kimyəvi maddələrdən asılılıq sayəsində yaranan ümumi problemlərdir. Regional Yaşıl Kənd Təsərrüfatı Mərkəzinin rəqəmsal platformasının yaradılması bu problemlərin həllində bilik mübadiləsini, standartların harmonizasiyasını və innovasiyaların miqyasını artırmağa yönəlmişdir. Azərbaycanın bu seminarda təqdim etdiyi elmi nəticələr və metodoloji yanaşmalar platformanın məzmun bazasının formalaşmasına real töhfə verir.
Seminarda əldə olunan razılaşmalar növbəti mərhələdə rəqəmsal platformanın məzmununun zənginləşdirilməsi, akademik modulun pilot tətbiqi və "yaşıl bacarıq"lar üzrə regional standartların formalaşdırılması istiqamətində konkret addımların atılmasına zəmin yaradır.
Azərbaycanın bu prosesdə aktiv iştirakı ölkəmizin "yaşıl iqtisadiyyat" və davamlı kənd təsərrüfatı siyasətinə uyğun olaraq, regional əməkdaşlıqda elmi və metodoloji baxımdan töhfə vermək potensialını bir daha nümayiş etdirir.
Maarif RZAYEV,
ADAU-nun "Aqrar mütəxəssis" qəzetinin redaktoru