Və Azərbaycanın igid zabiti
Dünənədək sıradan, adi, bəzən "uşaq” saydığımız
on minlərlə gənc öz cəsarətləri, mərdlikləri ilə bir anın içində sanki aslana çevrildilər,
"Qarabağ Azərbaycandır” milli hərəkatının qələbə Nidasını qoydular!
Bu zəfər qəhrəmanları sırasında "Azərbaycan”
qəzetinin müxbiri Rəşad Baxşəliyev də var...
Jurnalist təhsilli zabit
Rəşad "köhnə
hərbçi”dir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra
2001-2003-cü illərdə leytenant rütbəsində ilyarım təmas xəttində motoatıcı taqımın
komandiri kimi xidmət göstərib. Bu dövrdə hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə
mükafatlandırılıb, fəxri fərmanları, təltifləri yetərincə olub.
Dəfələrlə
onunla birgə keçmiş əsgərləri ilə süfrə başında oturmuşuq, çörək kəsmişik. Hamısı
Rəşaddan ağızdolusu danışıblar. Rəşad xidmətində ənənəvi komandir obrazına özünəməxsus
əlavələr edib. Əsgərlərinə böyük qardaş, arxa-dayaq olub. Hansısa əsgərin nöqsanı
olubsa, cəza yox, tərbiyə yolu ilə düzəltməyə çalışıb. Ancaq ən əsası - bunu əsgərləri
xüsusən vurğulayırdılar - onlarla daim vətərpərvərlik söhbətləri aparıb və fərdi
məsuliyyətlərini artırıb.
Qələm silaha çevriləndə...
"Azərbaycan”
qəzetində çalışdığı illərdə də qələmi ilə döyüşüb və bu ifadə heç də mübaliğəli
deyil!
Rəşad Baxşəliyev
uzun illərdir ölkənin hərbi mövzuda yazan fəal jurnalistlərindən sayılır. Getmədiyi
səngər, yüksəklik, post demək olar ki, yoxdur. Qarış-qarış gəzib cəbhə xəttini,
bəzən ay ərzində 3 dəfə hərbi hissələrə yollanıb Rəşad...
Lələtəpədən
reportaj edən ilk jurnalistdir bizim Rəşad...
Dəfələrlə
Müdafiə Nazirliyinin mükafatlarını, təltiflərini, təşəkkürnamələrini alıb. Bir sözlə,
daim ordunun içində olub, həmişə ordu ilə bir nəfəs alıb, hər zaman ordu üçün çalışıb,
can yandırıb...
Ən çox qış
fəslində cəbhə xəttinə getməyə önəm verirdi. Deyirdi ki, bu fəslin çətinlikləri,
qarın soyuğu-sazağı səngərdə daha aydın duyulur. Ön xətdə xidmət çəkən əsgərlər
daha böyük qəhrəmanlardır. Onlardan yazmaq, xidmətlərini işıqlandırmaq, qəhrəmanlıqlarından
bəhs etmək Rəşad üçün daha maraqlı gəlirdi...
Rəşadın yazdığı
məqalələr digər KİV-də dərc olunmurdu, ön cəbhədən çəkdiyi fotolar onlarla saytda,
qəzetdə istifadə olunur, təkrar-təkrar çap edilirdi...
Amma bir arzusu
da var idi: "Mən qələbədən jurnalist kimi yazmaq yox, qələbəni zabit kimi yaşamaq
istəyirəm”...
Elə bu istəklə
də iyul ayında könüllü olaraq hərbi xidmətə yazıldı. Bunu da təsadüfən bildik. Söhbətimizdə
bəzilərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətlərini
sosial şəbəkələrdə yaymalarını "ucuz reklam” sayaraq təəssüflənəndə dostumuz özünün
də qeydiyyatdan keçdiyini söylədi.
Və ən böyük
arzularından birinə - Vətən savaşında iştiraka sayılı günlər qaldığına da hamımızı
inandırmışdı...
Övladını xəstəxanaya qoyub, könüllü cəbhəyə getdi...
Sentyabrın
27-dən, müharibə başlanan gündən həyat yoldaşı Raminə xanıma döyüş çantasını yığmasını
tapşırmışdı. Az qala hər gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Abşeron şöbəsinə zəng edərək nə vaxt cəbhəyə göndəriləcəyini soruşurdu...
Azərbaycan
ona görə zəfər çaldı ki, onun Rəşad kimi minlərlə əsgər-zabiti hərbi xidmət bölmələri
ilə məhz niyə cəbhəyə aparılmadıqları ilə bağlı mübahisə, əslində nə mübahisə, elə
lap dava edirdilər!..
Bəlkə burada
bir rəmzilik də var ki, səfərbərlik xidmətindən ona zəng gələndə Ağdam rayonunda,
cəbhə xəttində ezamiyyətdə idi. Rəşaddan niyə ətrafında bu qədər səs-küyün olduğunu
maraqla soruşan xidmətin əməkdaşı "Quzanlıdayam, düşmən buranı aramsız atəşə tutub,
sizin eşitdiyiniz də bomba, partlayış səsləridir” cavabına ilk anda inanmayıb...
Beləliklə,
atəş, bomba sədaları altında Rəşad KÖNÜLLÜ olaraq yazıldığı Orduya çağrıldı...
Elə bu vədədə
qızı Yağmurun səhhətində ciddi problem aşkarlanmışdı. Həkimlər hökmən xəstəxanada
yatmalı olduğunu dedilər. Cəbhəyə getməyinə bir həftəlik möhlət almaq mümkün idi.
Ancaq Rəşad "onlarla dava edirəm ki, məni niyə cəbhəyə göndərmirsiniz, indi də gedib
möhlət istəyim, olmaz!” deyə birmənalı mövqeyini bildirdi.
Ürəyi qan
ağlayırdı Rəşadın, amma seçimini etmişdi...
Adətən belə
hallar fakt yox, rəvayət olur, onlar barədə bədii əsərlərdə təxəyyül məhsulu kimi
oxuyuruq...
Amma bu gerçəkliyi
biz Rəşadın simasında - "Azərbaycan” qəzetinin igid övladı Rəşad Baxşəliyevin timsalında
gördük, kövrəldik, qürurlandıq!
Və o, ailəsini
dostlarına əmanət edib, ən müqəddəs əmanəti - Vətəni qorumağa yollandı...
Şuşaya bayraq sancan Rəşad
Rəşad 17 ildən
sonra yenidən zabit kimi Azərbaycan Ordusunun sıralarına qatılaraq Qubadlıda hərbi
xidmətə başladı.
Sonra isə
Şuşa...
İmkan tapanda,
telefon ötürücüsü normal işləyəndə zəng edir. Elə məqamlar var ki, hərbi mahiyyətinə
görə onlardan heç danışmır, elələri var ki, danışır, amma yaza bilmərik...
Qubadlı istiqamətində
alınmaz saydığımız 1500-2000 metr hündürlükdəki dağlara, hərbi yüksəkliklərə sərt
iqlim şəraitində gecələr çətinliklə də olsa qalxmaları...
Şiddətli döyüşlər...
Azad edilən
kəndlərdə apardıqları təmizləmələr...
Şuşa uğrunda
əməliyyat...
Keçilməz sədləri
aşaraq düşməni məğlub etmək...
Yeni postlarda
xidmətə başlamaq...
Rəşad Baxşəliyevin
döyüş yolunun bütün mərhələləri çətindir, məsuliyyətlidir, ancaq şərəflidir. Əminik
ki, Vətən müharibəsində qazandığımız qələbəni birbaşa iştirakçı kimi özü də qələmə
alacaq, kitaba da çevirəcək.
Onu hərbi
xidmətə yola salanda I Qarabağ savaşının veteranı Bəxtiyar Sadıqov Rəşada bir bloknot
verərək "Bütün cəbhə xatirələrini bura yaz, hər şeyi yaz və sağ-salamat, qələbə
ilə qayıt, yazdıqlarını kitab kimi nəşr edəcəyik” ağsaqqal tövsiyəsini verdi.
Bəxtiyar müəllimin
kövrələrək söylədiyi "Mən məğlubiyyətlər tarixini yazmalı oldum... Sən isə hökmən
zəfərlər salnaməsini yazmalısan kitablarında” diləyi də artıq gerçəyə çevrildi...
Cəsur döyüşçü, intizamlı komandir, böyük qardaş
İndi Şuşa
ətrafındakı postlarda hərbi xidmətdədir. Motoatıcı taqımdakı əsgərlərə komandirdən
çox böyük qardaş, hamidir.
Son söhbətimizdə
əsgərləri üçün səhra tipli mətbəx yaratdığını, hətta təndirə bənzər bir bişirmə
tipi düzəltdiyini, hərbi növbədən qayıtdıqan sonra səhərədək ocaqda xaş asdığını
gülərək, amma məmnunluqla söylədi: "Onlar çox gəncdir, bu soyuqda xüsusi qidalanmağa
ehtiyacları var. Axşama da onlara noxudsuz da olsa, bozbaş bişirəcəyəm...”
Odun yığmağa
da əsgərləri ilə bərabər gedir, kartofu da, soğanı da onlardan əvvəl özü soyur.
Deyir, əsas odur ki, Şuşadayıq, burada yaşadıqlarımız bizə çətinlik kimi gəlmir.
Bu torpaqları qardaş kimi birləşib azad etdik, indi də qardaş kimi qoruyuruq...
Belədir bizim
Rəşad...
Belədir "Azərbaycan”
qəzetinin Rəşadı...
Həm hərbi
xidməti ayıq-sayıq yerinə yetirən cəsur döyüşçü, həm taqımının qüsursuz xidmətini
təmin edən intizamlı komandir, həm də qardaş bildiyi əsgərlərinə şəfqətlə yanaşan
hami...
Döyüş yoluna
birgə başladığı, Vətən uğrunda canını fəda edən şəhid dostlarından danışanda kövrəlir
də, hönkürür də...
Özü də deyir,
elə biz də bilirik ki, bu ağrı ona bir ömür boyu hüzn olacaq...
RƏŞADətli...
Rəşadın bir
xoş sorağını da aldıq. Bu günlərdə ordu rəhbərliyinin qərarı ilə rütbəsi bir pillə
yüksəlib - artıq Baş Leytenantdır!
Yeni təsis
edilən zəfər mükafatlarına da adı təqdim olunub...
Ona "nə vaxt
qaydıcağın barədə xəbər yoxdur ki” sualını verəndə də qeyzlənir, sonra zarafatlaşır:
"Xaricdə deyiləm ki, qayıdım. Vətəndəyəm, Şuşadayam... Adam buranı qoyub heç Masazıra
qayıdar?”
Masazırda
isə onu gözləyən üç nəfər var. Göz yaşı qurumayan, Rəşad savaşa gedəndən gecəsi-gündüzü
olmayan Raminə xanım övladları Nihatla Yağmurun "atamız nə vaxt qayıdır” suallarını
da bir təhər ötüşdürür... Rəşadla hər danışıqlarında evdən narahat olmamağını deyir.
Zatən Azərbaycan qadını necə olmalıdır ki...
Yağmur da
artıq sağalıb, müalicəsi uğurla davam edir. Nihatın "onlayn” olsa da "5”lərinin
sayı artıb...
Valideynləri
Rəşad adını ona hansısa xüsusi əlamətə görə verməyiblər. Ancaq Rəşad öz adını bütün
həyatı boyu doğrultdu, əlində qələm olanda da rəşadətlə çalışdı, silaha sarılıb
ön cəbhəyə yollananda da rəşadətlə döyüşdü.
Əslində Rəşad
adi və çox sadə həyatını da elə rəşadətli ata, rəşadətli ər, rəşadətli övlad, rəşadətli
dost kimi sürür...
Müharibə bitsə
də, Rəşad və döyüş yoldaşları üçün hələ davam edir.
Qarşılarında
düşmən var!
Arxalarında
isə onlara güvənən məmləkəti və xalqı...
Böyük Zəfərin
əldə olunmasında əzizimiz Rəşadın da töhfəsi var...
On minlərlə
cəsur döyüşçü kimi Rəşad da taleyinə şərəfli səhifə, Azərbaycanın qələbə salnaməsinə
isə öz adını həkk etdirdi!
Qürurumuzu
ifadə etmək mümkünsüzdür...
İxtiyar HÜSEYNLİ,
"Azərbaycan”