Prezident İlham ƏLİYEV: "Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bu, böyük tarixi nailiyyətimizdir"
Ötən 10 ildə qazandığımız çoxsaylı uğurlar fonunda özünü təsdiq edən reallıq ondan ibarətdir ki, Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla gələcəyə doğru inamla addımlayır. Möhkəm təmələ, düşünülmüş dərin siyasətə əsaslanan bu yüksəliş yolu Azərbaycanı günbəgün inkişafa, tərəqqiyə, modernləşməyə aparır. Bu yolda mühüm nailiyyətlərimizdən biri Azərbaycanın dinamik və davamlı iqtisadi inkişafının təmin edilməsidir.
Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsədlərdən biri Azərbaycanı inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılmasına nail olmaqdır. Təbii ki, bu istiqamətdə ən vacib məsələlərdən biri iqtisadi inkişafın təmin olunması və sürətləndirilməsidir. Ötən 10 ilin statistikası Azərbaycanda sürətli və davamlı iqtisadi inkişafın təmin olunduğunu aydın şəkildə göstərir. Belə ki, son 10 ildə ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə, sənaye məhsulları istehsalı 2,7 dəfə, strateji valyuta ehtiyatları 31 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 18,4 dəfə, o cümlədən qeyri-neft sektoruna investisiyalar 21,6 dəfə artmışdır. Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmiş və Azərbaycanın uğuru dünyada ən yaxşı nəticələrdən biri kimi qeydə alınmışdır. ÜDM-in həcminə görə Azərbaycan dünya ölkələri arasında 40 pillə irəliləmiş və 2003-cü ildəki 106-cı yerdən 66-cı yerə yüksəlmişdir. Sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş Azərbaycan iqtisadiyyatı 2013-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə, dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin reallaşdırılması ilə başa vurmuşdur.
Sürətli iqtisadi inkişafın digər reallığı onun sosial sahəyə təsiridir. Belə ki, Azərbaycan iqtisadiyyatında baş verən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafəsini daha da gücləndirmək üçün möhkəm zəmin yaradıb. Artıq iqtisadi inkişafın elə bir mərhələsini yaşayırıq ki, indi nəinki problemlər həll edilir, həmçinin sosial layihələr həyata keçirilir.
Fərəhlə qeyd etməliyik ki, bu illər ərzində qazandığımız hər bir iqtisadi və sosial uğur tariximizə həkk olunub, Azərbaycanı dünyada tanıdıb, beynəlxalq ictimaiyyətin ölkəmizə olan maraq və diqqətinin artmasına səbəb olub. Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı bu barədə deyib: "Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artmışdır. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin həllində də bizə kömək göstərir. Bu gün sosial cəhətdən az təmin edilmiş vətəndaşlara da Azərbaycan dövləti öz yardımını əsirgəmir".
Azərbaycanın sosial-iqtisadi inkişafında məqsədli dövlət proqramlarının icrası xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayır. Xüsusən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə daxili istehsal dəfələrlə artmış, yeni sənaye sahələri yaradılmış, zəruri infrastruktur qurulmuş, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Ötən illər ərzində dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.
Yüksək inkişaf dinamikasına malik Azərbaycanın iqtisadi sahədə qazandığı böyük uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir. Dövlət proqramları çərçivəsində yeni yollar çəkilmiş, körpülər, yol qovşaqları tikilmiş, regionlarda kommunal infrastruktur daha da yaxşılaşdırılmış, rabitə xidmətlərinin səviyyəsi yüksəldilmişdir ki, bu da öz növbəsində iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft bölməsinin yüksəlişinə əlavə stimul vermişdir. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının tərəqqisi məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Ölkə iqtisadiyyatının ən müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması hər zaman xüsusi diqqət mərkəzindədir. Bu səpkidə görülən işlər Azərbaycanın iqtisadi yüksəlişinə böyük töhfələr verərək, onu daha sürətli hala gətirib. Novruz şənliyindəki nitqində Prezident İlham Əliyev bu məsələlərə toxanaraq bildirib: "İqtisadi potensialımızın artırılması üçün daha da gözəl imkanlar vardır. Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki ayında təxminən 9 faiz artmışdır. Yəni bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcəkdir. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaqdır. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcəkdir. Artıq biz bunu görürük və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir".
İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik, sosialyönümlü və diversifikasiya olunmuş iqtisadiyyat formalaşıb, dünya təsərrüfat sisteminə inteqrasiya tam təmin olunub. Bütün bunlar göstərir ki, respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası öz bəhrəsini verir. Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi sahədə nümayiş etdirdiyi inkişaf dinamikası və nail olduğu uğurlar dünya miqyasında da yaxından izlənməkdə, ölkəmizin bu sahədə qazandığı təcrübə, əsasını qoyduğu sürətli tərəqqi modelinin xüsusiyyətləri diqqətlə öyrənilməkdədir. Dünya İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmiş, rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır.
"Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişik. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Bu, islahatlar nəticəsində əldə edilmiş uğurlardır" - deyən Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da inamla inkişaf edəcəyini bildirib.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun böyük əzm və məharətlə davam etdirilməsi, Prezident İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində Azərbaycanda, sözün əsl mənasında, sıçrayışlı sosial-iqtisadi inkişafa nail olunub. Bu illərdə möhtəşəm inkişaf yolu keçən Azərbaycanın həm iqtisadi müstəqilliyi möhkəmlənib, həm də regional və qlobal miqyasda geoiqtisadi rolu artıb. Qarşıdakı hədəflər isə bəllidir. Bu hədəflərə çatmaq üçün qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilməsini təmin edəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"