İkinci Qarabağ müharibəsindəki böyük Zəfərdən sonra işğaldan azad olunan torpaqlarımızda misli görünməyən bərpa-quruculuq işlərinə başlayan Azərbaycan iki ildir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çox mühüm layihələr reallaşdırır.
Yaşayış məntəqələri, yollar, körpülər, tunellər, elektrik və su xətləri, su anbarları, enerji stansiyaları, bir sözlə, sosial-iqtisadi və ictmai-iaşə obyektlərinin tikintisi bu gün də davam etməkdədir.
Bu istiqamətdə prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması yönündə görülən işlərdir. Dəhlizin açılması istiqamətində 2 layihə reallaşdırılır - uzunluğu 123,6 kilometr olan Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yeni avtomobil yolu və uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti. Hər iki yol 2024-cü ildə tam hazır olacaq.
Hazırda hər iki layihə üzrə sürətli işlər görülür. "Azərbaycan Dəmir Yolları" QSC-dən qəzetimizə verilən məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çəçivəsində görülən işlərin tərkib hissəsi olaraq ölkəmizin ən böyük dəmir yolu körpüsü tikilir. Həkəri çayı üzərindən salınan körpünün uzunluğu 418 metr, eni isə 6,5 metrdir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin ötən il fevralın 14-də Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində təməli qoyulub. Dəmir yolu xətti təkxətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək.
İlham Əliyev təməlqoyma mərasimində bu layihəni dəyərləndirərkən qeyd edib ki, dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verilib: "Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək".
Dəmir yolu xəttinin gələn ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur. Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yeni avtomobil yolunun tikintisi işlərinin 2024-cü ildə başa çatdırılacağı bildirilir.
R.BAXŞƏLİYEV,
"Azərbaycan"