Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. Ölkəmiz ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına xüsusi önəm verir, yeni əməkdaşlıq formatlarının yaradılmasının müəllifi kimi çıxış edir.
Bu gün regionda və dünya siyasətində yeni reallıqlar yarandığını deyən Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, belə mürəkkəb, çoxqütblü mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri hər zaman dünya birliyinin fəal üzvü kimi mövqeyinin möhkəmlənməsini şərtləndirir. "Ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Sabitlik, təhlükəsizlik, əməkdaşlıq çağırışları dövlətimizin xarici siyasətində xüsusi yer tutur", - deyə o deyib.
Deputat ötən ilin ən mühüm uğurlarından birinin Prezident İlham Əliyevin ABŞ-yə uğurlu səfəri olduğunu vurğulayarq əlavə edib ki, bu səfər həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edib. Birləşmiş Ştatların Prezidenti Donald Trampın dəvəti ilə gerçəkləşən səfər tarixi xarakter daşıdı. Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənməyərək, eyni zamanda keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlir. Azərbaycanın təşəbbüsü ilə başlayan və irəliləyən sülh danışıqları öz məntiqi nəticəsini verir. Bunu Vaşinqtonda imzalanan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" də təsdiqləyir.
V.Rəhimzadə xatırladıb ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində xarici siyasət sahəsində qazandığımız uğurlara da toxunub. Dövlət başçısı ötən ilin böyük əhəmiyyət daşıyan hadisələrdən biri kimi Çinlə olan strateji tərəfdaşlığımızı qeyd etdi: "Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər". Beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycan qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrini uğurla inkişaf etdirir. Bu baxımdan, Çin Xalq Respublikası ilə Azərbaycanın yüksələn xətlə inkişaf edən əlaqələri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Çin strateji tərəfdaşlığı artıq qlobal əməkdaşlığa çevrilib. D-8 təşkilatına və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün təşkili, dövlət başçısının xarici səfərləri, bir çox xarici dövlət, hökumət başçılarının Azərbaycana gəlmələri, ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlər ötən ilin ən mühüm uğurları sırasındadır.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət, qlobal güc mərkəzləri ilə qurulan əməkdaşlıq Azərbaycanın dünyada artan nüfuzunun, gücünün, geosiyasi çəkisinin təsdiqidir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"