ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli fəaliyyəti dini dəyərlərə, beynəlxalq hüquqa hörmətsizlikdir
Azərbaycanda bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 957-si islam, 38-i isə qeyri-islam (27 - xristian, 8 - yəhudi, 1 - krişna, 2 - bəhai) təmayüllüdür.
Ölkə ərazisində 2258 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurdakı 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.
Bu statistika Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlığın daim var olduğunu, ölkəmizdə bir çox millətlərin və dini konfessiyaların nümayəndələrinin dinc, mehribanlıq və dostluq şəraitində yaşadığını nümayiş etdirir.
Eyni zamanda işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda xüsusilə islam dininə aid abidələrin demək olar ki, hamısının dağıdılmasını əks etdirən rəqəmlər monoetnik Ermənistanın dini dözümsüzlüyünü, islamofobiyasını, azərbaycanofobiyasını, türkofobiyasını açıq şəkildə gözlər önünə sərir.
Elə bu statistikanın fonunda ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) ermənipərəst, riyakar fəaliyyətini də aydın görmək mümkündür.
Ermənipərəstlik hissi tarixi təhrif etdirir
Yerli və xarici mediada gedən məlumatlara görə, USCIRF iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək, həmçinin erməni mədəni irsinin məhv edilməsi (hansı mədəni irs? red.) məsələsini müzakirə edəcək. Bununla bağlı komissiyanın uydurma iddia və ittihamlarla dolu bəyanatında qeyd edilir ki, Azərbaycanda dini etiqad azadlığı ilə bağlı şərait narahatlıq doğurur. Guya ölkəmizdə dini icmaların qanuni şəkildə fəaliyyətlə məşğul olması üçün ciddi qeydiyyat tələbləri qoyub. Komissiyanın absurd iddiasına görə, Azərbaycan hakimiyyəti "erməni mədəni irsi"ni məhv etdiyi üçün "Dağlıq Qarabağ"dakı dini obyektlər təhlükə altında qalmaqda davam edir.
USCIRF 2025-ci il üzrə illik hesabatında ABŞ Dövlət Departamentinə Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi müşahidə siyahısına daxil etməyi tövsiyə edib.
Daşıdığı adda əks olunsa da, fəaliyyətində dini azadlıqlara zərbə vurmaqla məşğul olan sözügedən komissiya yaxşı bilir ki, dünyada daha "Dağlıq Qarabağ" adlı hansısa ərazi vahidi yoxdur və bu ifadənin işlədilməsi Azərbaycanın suverenlik hüquqlarının birbaşa pozulması anlamına gəlir. Elə bilərəkdən mövcud olmayan ərazi vahidinin adını işlətməklə USCIRF ölkəmizə qərəzini göstərir.
Digər yandan, ermənilərin Cənubi Qafqaza cəmi iki əsr əvvəl planlı şəkildə yerləşdirilməsi və onlara Azərbaycanın tarixi torpaqlarında qondarma dövlət yaradılması faktdır və bununla bağlı arxivlərdə kifayət qədər sənədlər, materiallar var. USCIRF istəsə, onlarla tanış ola, əsl reallıqları öyrənə bilər. Biz hətta buna da əminik ki, adıçəkilən komissiyanın üzvləri bu həqiqətləri də çoxdan bilirlər. Sadəcə özlərinə sərf etmədiyi üçün tarixi təhrif etməyi daha üstün tuturlar.
Olmayan erməni mədəni irsini necə dağıdasan?!.
XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, hazırda Ermənistan ərazisində - İrəvan şəhərində yalnız Göy məscid qismən salamat qalıb. Bu məscidin tamamilə dağıdılmaması isə hiyləgər ermənilərin beynəlxalq ictimaiyyət qarşısında gözdən pərdə asmaq niyyətinə görədir.
O da əbəs yerə deyildi ki, erməni vandalları işğal altında saxladıqları zaman Qarabağ və Şərqi Zəngəzurdakı islam dininə aid abidələri tamamilə dağıdıblar və bu ərazilərdə minilliklərdir var olan Qafqaz alban irsinə saxtakarlıqlarla yiyələnmək istəyiblər. Qarabağda və Şərqi Zəngəzurda olan alban məbədlərində özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması ilə məşğul olublar. Bununla hiyləgər ermənilər özlərinə qondarma tarix düzəldərək, bu ərazilərin gəlmə yox, aborigen xalqı olmaları ilə bağlı saxta görüntü yaratmağa çalışıblar.
Həmçinin erməni təcavüzkarlarının işğal altında saxladıqları torpaqlarımızda "kilsə" tikmələri də bu çirkin məqsədləri üçün olub.
Məsələn, 2012-2017-ci illər ərzində onlar Cəbrayılda "kilsə" tikmişdilər. Kilsə sözünü ona görə dırnaqda yazırıq ki, xristian dininə heç bir aidiyyəti olmayan bu tikili dini ayinlər üçün yox, hərbçilər tərəfindən tikilərək cəbbəxana kimi istifadə üçün nəzərdə tutulmuşdu.
Yəni faşist ideologiyalılar kilsə adı altında hərbi obyekt tikiblər, işğal altında saxladıqları torpaqlardan qovulandan sonra isə həmin obyekti dünyaya "dini abidə" kimi təqdim edərək erməni vay-şüvəni qaldırıblar... Bu cür misalların sayını artırmaq da olar, amma elə bu bir faktın özü də iyrənc erməni xislətini, hiyləgərliyini bir daha ortaya qoyur.
Bu mənada nəinki Qarabağ və Şərqi Zəngəzurda, ümumiyyətlə, Cənubi Qafqaz regionunda erməni mədəni irsinin olması ilə bağlı fikirlər səsləndirmək absurd və gülüncdür. Erməni şovinistlərinin uydurduqları "böyük Ermənistan" kimi, Qarabağ və Şərqi Zəngəzurda erməni mədəni irsinin olması iddiaları da cəfəng və boş xülyalardan başqa bir şey deyil.
Ona görə də, ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasına ritorik bir sual ünvanlamaq istəyirik: reallıqda mövcud olmayan bir şeyi məhv etməyin mümkünsüz olduğunu anlamaq üçün məntiq elmini dərindən bilməyə ehtiyac varmı?!.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"