10 May 2024 08:55
284
SİYASƏT
A- A+

Azərbaycanda sahibkarlığın dinamik inkişafının təməlində Heydər Əliyev ideyaları dayanır

 

Ümummilli Lider Heydər Əliyevin XX əsrin 60-cı illərinin sonundan başlanan idarəetmə fəlsəfəsinin başlıca istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi və beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndərin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Heydər Əliyev islahatlarının vüsəti, əhatə dairəsi, ölkə həyatının ümumi mənzərəsinə təsir göstərmək imkanları yeni cəmiyyət yaradılması zərurətini qaçılmaz edirdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. Bu dövrdə bazar iqtisadiyyatına keçidin, yeni mülkiyyətin formalaşması prosesinin diktə etdiyi ən başlıca şərtin məhz özəl sektorun fəaliyyəti üçün dövlət səviyyəsində maksimum imkanların yaradılmasından, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasından ibarət olması heç kəsə sirr deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, ümumi daxili məhsul istehsalında bu təbəqənin rolunu artırmadan dinamik iqtisadi yüksəlişi təmin etmək mümkün deyil. Bu baxımdan sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının əsas qayəsini təşkil etməli idi. 
"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" prinsipinə əsaslanan Ulu Öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, inkişaf yoluna çıxarmaq idi. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasət ölkənin iqtisadiyyatının bütün sahələrinin inkişaf modelini yaratdı. Onun təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı  inkişaf etməkdə olan dövlətlər sırasına çıxardı, həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşmasına, sosial-mədəni həyatın canlanmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək, əslində, gələcəyin təməlini qoymuş oldu.
Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə, iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər Əliyevin adı ilə bağlıdır. 
Paralel olaraq beynəlxalq neft şirkətləri ilə birlikdə 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" bağlandıqdan sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə əlaqədar 30-dan çox saziş imzalandı ki, bu da Azərbaycana böyük həcmdə xarici sərmayənin qoyuluşuna imkan yaratdı. 
Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin əsasını qoydu, bütün istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiböhran proqramını işləyib hazırladı. Onun prezidentliyi dövründə iqtisadiyyatın bütün sahələrində radikal islahatlar aparıldı və nəticədə iqtisadiyyatın dinamik inkişafı təmin edildi. 
Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. 
Ümummilli Lider ilk illərdən ölkədə bazar münasibətlərinin formalaşması və inkişafı sahəsində sahibkarlığın əhəmiyyətini yüksək dəyərləndirmiş, onun təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər)" və "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramı (2002-2005-ci illər)"nın qəbulu və həyata keçirilməsi təmin edilmişdir. Bu proqramlar ölkədə sahibkarlığın formalaşması və inkişaf modelinin əsasını yaratdı. Belə ki, qeyd olunan proqramlarda kiçik və orta sahibkarlığın hüquqi bazası yaradıldı, sahibkarlığın təşəkkülü və inkişafı üçün əlverişli mühit formalaşdı, sahibkarlığın səmərəli dövlət tənzimlənməsi təmin edildi.
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan Ümummilli Lider milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. 
Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və onların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar imzalaması, dövlət proqramlarının qəbul  edilməsi  özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.
Ümummilli Liderin sahibkarlarla keçirilən  görüşlərinə nümunə kimi 2002-ci il aprelin 25-də yerli və mayın 14-də xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, növbəti illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunmuşdur. Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar  Günü kimi  qeyd olunur.
Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən biri də onun yolunu davam etdirməyə, ideyalarını daha da zənginləşdirib həyata keçirməyə qadir olan cənab İlham Əliyev kimi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən bir siyasətçini yetişdirməsi idi. 2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını, intellektual resurslarını insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi İlham Əliyevin Azərbaycana rəhbərllik etdiyi 20 ildən çox müddətdə ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı dünya birliyinin diqqət mərkəzində olmuşdur. 
Müasir dünyamızın ən parlaq siyasi liderlərindən olan İlham Əliyev xalqımızın mütləq səsi ilə növbəti dəfə 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu ilin fevral ayında keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan sahibkarları da birmənalı olaraq  cənab İlham Əliyevə səs vermişlər. Çünki keçən 20 il sübut etdi ki, İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla, Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lideri kimi tanıdığı, etimad və etibar ünvanı saydığı rəhbərdir.
Prezident seçkiləri başa çatdıqdan sonra cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında ölkəmizdəki biznes mühiti barədə demişdir: "Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün, əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir". 
Cari il aprelin 23-də "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin tədbir iştirakçılarının suallarını cavablandırarkən vurğuladığı kimi, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər çalması və ardınca suverenliyini tam bərpa etməsi regionda dayanıqlı sülhə birbaşa rəvac verib. Cəmi üç il ərzində ölkəmizin qazandığı ardıcıl qələbələr həm də illərdir dünyada davam edən bu cür münaqişələrin həll olunması baxımından mükəmməl Azərbaycan nümunəsini ortaya qoyub. Sübut edilib ki, bir halda problem danışıqlar vasitəsilə çözülə bilmir, o zaman güc variantını seçmək qaçılmazdır.
Hazırda Azərbaycan dövləti tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində böyük işlər görülür. Soydaşlarımızın tezliklə öz yurd-yuvalarına qayıtması, bu torpaqlarda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanması üçün  mühüm tədbirlər həyata keçirilir. Prezident də mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif yeni obyektlərin təməlini qoyur, hazır olan infrastruktur obyektlərinin açılışına qatılır. Yeri gəlmişkən, qeyd edək ki, yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihəsində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. 
Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə əhalinin sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olduğu müddətdə öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmışdır.
Azərbaycan sahibkarları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sahibkarlığın inkişafına verdiyi töhfəni yüksək dəyərləndirirlər. Təsadüfi deyil ki, son illər ölkədə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu işdə isə Mehriban xanımın rolu danılmazdır. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. 
Məlum olduğu kimi, Prezident İlham Əliyev  işğaldan azad olunmuş rayonlara hər səfəri zamanı iş adamlarına müraciət edərək onları işğaldan azad edilmiş ərazilərə sərmayə qoymağa çağırır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  ölkə Prezidentinin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə böyük töhfə verəcəkdir. 
2023-cü ildə dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya risklərinin daha da artması bəlli faktdır. Təchizat zəncirində yaranmış problemlər, həmçinin enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin qalxması qlobal inflyasiyanın yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur. Lakin qeyd edilən proseslər fonunda Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam  etmişdir.  Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2023-cü ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadi artım prosesləri sürətlənmiş və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olmuşdur. Bu dövr qeyri-neft iqtisadiyyatımız 4 faiz artmış, sənaye müəssisələri və həmin sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 67 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, qeyri-neft-qaz sektorunda məhsul istehsalı  8,0 faiz artmışdır. Ötən il Azərbaycan dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac, 184 ölkədən idxal olunmuşdur.  
Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir. Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır. Belə ki, ölkədə sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, onların  maarifləndirilməsi və işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ÜDM-də payı 83 faiz, məşğulluqda isə 78 faizdən artıq təşkil etmiş, ölkədə aktiv vergi ödəyicilərinin sayı 768 mindən çox olmuşdur. 2023-cü ildə Azərbaycanda açılan iş yerlərinin 93 faizdən çoxu özəl sektorun payına düşmüşdür. Ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı ildən-ilə artmaqda davam edir. 
Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarların hüquqlarının müdafiəsi məqsədilə indiyədək bir çox qanun qəbul olunub. Sahibkarlığın inkişafına töhfə verən qanunlardan biri olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların  hüquq və vəzifələri, sahibkarların maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapmışdır.
Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilmişdir. Regionların yeni siyasi-iqtisadi reallığından söz açarkən ilk növbədə 2004-cü ildən bugünədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası qeyd olunmalıdır. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri uğurla gerçəkləşib, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülüb. Ümumilikdə, son 20 ildə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edib. 
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2023-cü ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer almışdır. Belə ki, "Fiç Reytinq" beynəlxalq kredit reyting agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini "BB+" səviyyəsində bir daha təsdiq edərək proqnozun "sabit"dən "pozitiv"ə yüksəldiyini bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xalis suveren aktivlərinin mövqeyinin 2024-2025-ci illərdə sabit qalacağı proqnozlaşdırılır ki, bu da Azərbaycan ilə eyni qrupda olan ölkələr arasında ən yüksək göstəricidir.
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir. Konfederasiya öz imkanlarından istifadə edərək, azad olunmuş torpaqlarda biznesin inkişafı, mövcud layihələrə xüsusi yanaşmaların tətbiq edilməsi və sahibkarların dövlətin dəstək tədbirlərindən yararlanması üçün təşkilati yardım göstərməyə hazırdır. Artıq aqrar, təhsil, emal, mədənçıxarma, ticarət, turizm sahələrini əhatə edən investisiya təklifləri mövcuddur və bunların bir qismi icra mərhələsindədir.
Dövlət Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yerli və xarici sahibkarları bərpa-quruculuq işlərində dəstəkləmək üçün müxtəlif stimullaşdırıcı addımlar atır. Sahibkarlar isə öz növbəsində dövlətimizə inanaraq iri layihələrdə iştirak etmək üçün müraciət edirlər. Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin qərarı ilə Qarabağda və Şərqi Zəngəzurda iş qurmaq istəyən ölkə sahibkarlarının təkliflərini toplamaq üçün işçi qrupu yaradılmış və sahibkarların təqdim etdiyi 70-ə yaxın təklif hökumətə təqdim edilmişdir. Bununla bağlı artıq bir çox layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar "Yeni memarlıq", "Ağıllı şəhər", "Ağllı kənd", "Yeni iqtisadiyyat" və digər layihələrdir.
Azərbaycan Sahibkarlar Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır. Bundan əlavə, Azərbaycan hökuməti, Həmkarlar Konfederasiyası və Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, bir sıra əmək və sosial-iqtisadi məsələlərin həlli istiqamətində birgə tədbirlər  həyata keçirirlər. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2023-2025-ci illər ücün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqeləri və birgə fəaliyyət istiqamətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır və bu sahədə müvafiq işlər görülür.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində Sahibkarlar Konfederasiyası bir çox ölkənin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edir və bunun nəticəsində yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlarla işgüzar əlaqənin yaradılmasında və sahibkarlığın inkişafı məqsədi ilə investisiya qoyuluşunda müvafiq şərait yaradır. 
Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq şuralarıdır. Hazırda konfederasiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq şuraları fəaliyyət göstərir. Bu şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir. 
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il Bakıda keçiriləcək. Prezident İlham Əliyevin sərəncamı ilə təşkilatda özəl sektoru Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təmsil edir.
Təsadüfi deyil ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldilməsi və risklərin, məsuliyyətin dövlət və özəl sektor arasında optimal paylaşdırılması müasir dünyanın ən mühüm çağırışlarından biridir. Bu, dayanıqlı inkişaf üçün mühüm alətlərdən hesab olunur və əsas məqsədi müvafiq investisiya mühitinin təkmilləşdirilməsi yolu ilə bu sahədə beynəlxalq investisiyaların ölkəmizə axınının stimullaşdırılmasından ibarətdir. Odur ki, dövlət başçısının sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmiş  və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənmişdir. Bu hədəflərə nail olunmasında isə özəl sektorun üzərinə böyük məsuliyyət və öhdəliklər düşür və Azərbaycan Sahibkarlar Konfederasiyası bu missiyanı uğurla icra etməkdə biznesə hər cür dəstək verir.
Bu günlər bütün Azərbaycan xalqı kimi, Sahibkarlar Konfederasiyası da Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edir. Heydər Əliyevin zəngin irsinə nəzər salarkən  məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir. Hər kəs həm də bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük Vətəndaş-Azərbaycanlı kimi əbədi həkk edilmişdir.
Biz - yaranmasının 25 illik yubileyini qeyd etdiyimiz Sahibkarlar Konfederasiyası və sahibkarlarımız Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirərək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə istifadə etməklə Azərbaycan iqtisadiyyatının inkşafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni  əsirgəməyəcəyik. 

Məmməd MUSAYEV, 
Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video