12 İyun 2025 09:00
875
SİYASƏT
A- A+
Azərbaycan Xalq Cümhuriyyətində din və dövlət münasibətlərinin konseptual əsasları

Azərbaycan Xalq Cümhuriyyətində din və dövlət münasibətlərinin konseptual əsasları


XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda mövcud müstəmləkəçi rus rejiminin bütün qadağalarına rəğmən, ictimai fikirdə, mətbuat səhifələrində Azərbaycan milləti, siyasi coğrafiyası, ümmət və millət anlayışları, din və milli dövlət münasibətləri ilə bağlı ciddi müzakirələr başladı. Cəmiyyətdə baş verən bu siyasi və ideoloji dəyişikliklər nəticəsində elmi və fəlsəfi fikir özünün inkişafinda əksər Şərq ölkələrini xeyli qabaqlayaraq, mədəniyyətin, ictimai fikrin inkişafina böyük təsir göstərdi.

Məhz bu amilləri nəzərdə tutaraq görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadə qeyd edirdi: "İnkişafa meyilli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdir".

Köhnəliklə yeniliyin, M.Ə.Rəsulzadənin təbirincə, hürrəndişlərlə (novatorlarla) mühafizəkarların (konservatorların) mübarizəsi son nəticədə birincilərin qələbəsi ilə başa çatmış, Şərqlə Qərbin sintezinə can atan böyük azərbaycanlı mütəfəkkirlərin sayəsində Azərbaycanda islam ümmətçiliyindən islam millətçiliyinə, daha sonra isə türk millətçiliyinə keçid prosesi baş vermişdi.

Əsasını A.A.Bakıxanov, M.F.Axundzadə, H.B.Zərdabi kimi ziyalıların qoyduğu maarifçilik hərəkatı XIX əsrin sonu XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov və başqa ziyalılarımız tərəfindən daha da inkişaf etdirildi. 

Bu dövrdə qızğın müzakirələrə səbəb olan məsələlər arasında dövlət anlayışı, monarxiya, sülalə hakimiyyətləri, demokratik idarəçilik forması, milli dövlət, ümmət-millət münasibətləri, milli dövlət sistemində dinin rolu kimi problemlər xüsusilə müzakirə predmeti idi. 

Azərbaycanın və türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olan Əhməd bəy Ağaoğlu çoxşaxəli elmi və siyasi görüşlərində türk dövlətçilik tarixini şərh edərkən dövlətin növləri, idarəçilik forması, hökumət sistemi, dövlətin atributları olan millət, fərd və dövlət münasibətləri, cəmiyyətdə plüralizm, ziyalı zümrəsinin dövlət sistemində rolu və s. kimi məsələlərin elmi-nəzəri aspektlərini təhlil edərək göstərirdi ki, "Qədim qərinələrdən bəri Şərqdə dövlət məfhumu çox qəribə bir mənada izah edilmişdir. Dövlət hökumətlə qarışdırılmışdır. Guya ikisi də eyni məna ifadə edir. Türklər bu barədə təsəvvürlərində "daha irəli" getmişlər. Onlar dövləti yalnız hökumətlə qarışdırmamışlar. Təsis etdikləri hökumətləri, dövlətləri belə bir şəxsin ismi, bir ailənin adı ilə adlandırmışlar. Deyilənlərə misal olaraq Qəznəvilər, Səlcuqlar, Osmanlılar və s. yad edilir. Halbuki bu üç məfhum, yəni hökumət, sülalə və dövlət arasında istər zahiri, istər batini, istər maddi və istərsə də mənəvi cəhətdən çox bariz fərqlər mövcuddur. Fəqət Şərq bunları qarışdırmış, hər sülaləni ayrı bir dövlət hesab etmiş və hər yeni gələn özündən əvvəl gələnləri, adətən, əcnəbi hesab etmişdir. Bunun yanlış bir cəhd olduğunu ondan görmək olar ki, hakim sülaləsini dörd dəfə dəyişdirən İngiltərə dünyanın bir çox ölkəsini zəbt etməsinə baxmayaraq, heç bir şair və ya tarixçi tərəfindən həmin sülalələrin adı ilə adlandırılmamışdır. Napoleon bütün Avropanı istila etdiyi halda, nə Fransa Napoleon adını aldı, nə də fransız dövlətinin təsisi ona aid edildi".

Əhməd Ağaoğlu Şərq və Qərb tarixi metodologiyasını təhlil edərək bu qənaətə gəlmişdir ki, dövlətdə yeganə "paydar" və həlledici ünsür onu doğuran millətdir. Avropalılar bir dövlətin bir sülalə adı ilə adlanmasını zehinlərinə sığışdıra bilmədiklərinə görə "Osmanlı" kəlməsinə heç cür isinə bilmir, daim "Türkiyə" deyirlər. Həqiqətdə dövlət müstəqil bir millətin yerləşdiyi sahə ilə o millətin bütün siyasi, ictimai, iqtisadi təsisatına deyildiyi halda, "hökumət" yalnız o təsisatın bır qismini, "sülalə" isə onun çox məhdud bir hissəsini ifadə edir. Dövlət istiqlaliyyətsiz yaşaya bilməz, istiqlaliyyətini itirdimi, özü də yox olur. Halbuki o, sülaləsiz yaşaya bilir. Bu gün dünyanın çox hissəsi cümhuriyyət üsulu ilə yaşayır. Odur ki, bir dövləti bir sülalə və yaxud hökumət adı ilə adlandırmaq qədər qeyri-elmi və əsassız bir hərəkət təsəvvür edilə bilməz. Dövlətin varlığı sülalənin varlığı, ya yoxluğu ilə bağlı olmadığından müəyyən bir sülalə yıxılandan sonra da dövlət məhv olmayıb yaşayır, çünki onu yaradıb paydar edən millətdir. "Sülalə yıxılır, fəqət millət yaşayır və daha ləyaqətli və istedadlı rəhbərlərin ardınca gedərək dövləti də yaşatmağa və təzələməyə müvəffəq olur". 

Azərbaycan Cümhuriyyətinin qurucu liderlərindən biri Məhəmməd Əmin Rəsulzadə də din-dövlət münasibətlərini təhlil edərkən dünyəvi dövlət modelinə üstünlük verir, çağdaş dünyada demokratik idarəçilik sisteminin alternativinin olmadığını dəfələrlə vurğulayırdı. Bu haqda M.Ə.Rəsulzadə qeyd edirdi ki: "Azərbaycan müsəlman aləmində ilk cümhuriyyət və türk aləmində ilk dövlətdir... Türk mənşəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda Azərbaycan Cümhuriyyəti müasir milli-mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət qurumu zəmininə əsaslanır və bu baxımdan bizim cümhuriyyətimiz ilk türk dövlətidir".

XX əsrin əvvəllərində türk-islam dünyasında baş verən ictimai-siyasi proseslərdə novatorlarla mühafizəkarlar arasında ciddi fikir mübarizəsi gedir, müzakirə mövzusu olan "İslam birliyi" ideyası fərqli yönlərdən dəyərləndirilirdi. Həmin dövr islam dəyərlərinə yanaşmada və "İslam birliyi" ideyasına münasibətdə üç cərəyan mövcud idi. Bu cərəyanların nümayəndələrindən bir qismi mütərəqqi, yaxud da yeni müsəlmanlar adlanırdı. Əhməd bəy Ağaoğlu onları "ifrat mütərəqqi" müsəlmanlar adlandırır və qeyd edirdi ki, "ifrat mütərəqqilər" çıxış yolunu yalnız Avropanı təqliddə, Avropa həyat tərzini olduğu kimi Şərqə köçürməkdə görürdülər.

İkinci xəttin nümayəndələri mühafizəkar, yaxud da "köhnə müsəlmanlar" adlanırdı. Onlar, əsasən, uzun illər boyu kök salmış klassik islam ehkamlarının toxunulmazlığının tərəfdarı idilər. Əhməd bəy Ağaoğlu bu cərəyanın tərəfdarlarının mövqeyini şərh edərək yazırdı: "Onlar hesab edirlər ki, xalqın keçmişdən uzaqlaşması, köhnə ehkamların zəifləməsi, ifrat sərbəstlik müsəlmanlara üz verən bütün bəlaların yeganə mənbəyidir. Köhnəpərəstlər belə bir əqidədə idilər ki, xilas üçün nə Avropaya, nə də köhnə həyatın dəyişdirilməsinə ehtiyac yoxdur. Sadəcə keçmişə qayıtmaq kifayətdir, bunun özü müsəlmanları xilas edəcək".

Üçüncü cərəyanın nümayəndələri isə bu iki istiqamət arasında orta xətt götürən "panislamistlər" idi. Panislamizmin banisi Şeyx Cəmaləddin Əfqani yazmışdır: "Dini hərəkatdan məqsədimiz islam dinini islah etmək olduğu məlumdur. Dini islahın mənası Rəsulullah (Məhəmməd Peyğəmbər (s.ə.v.)) gətirməyən bir şeyi dinə artırmaq, yainki islam qaydalarını batırmaq deyil, bəlkə Rəsulullah gətirmiş dinə sonradan və sonrakı adamlar tərəfindən əlavə olunan şeyləri götürüb də dini səadət əsrindəki (peyğəmbər və dörd xəlifə dövründəki) rövşənə salmaq deməkdir. Bunu isə çətin yollar ilə deyil, bəlkə vəz, nəsihət, mətbuat ilə ümumi müsəlmanlara anladıb islam əmrlərini də mənasız şeylərə deyil, bəlkə din və dünya üçün lazım olacaq və istiqballarında fayda görüləcək şeylərlə etmək gərəkdir".

Şeyx Cəmaləddin Əfqaninin liberal panislamizmini yüksək dəyərləndirən Əhməd bəy Ağaoğlunun sözləridir: "Panislamizm özünün daxili məzmununa görə, əslində, geriyə dönməkdir, amma köhnəlik girdabında qapanıb qalmaq deyildir. Bu geriyə dönüş daha inamla, daha böyük qüvvətlə irəliyə atılmaq üçün vasitədir. Keçmişə qayıtmağı tələb edən panislamizm eyni zamanda müsəlmanlar arasında müasir həyatın köklü və birdəfəlik dəyişdirilməsini təkid edir. Bu, bir vaxtlar müsəlmanlara məxsus olan iqtisadi, siyasi və mədəni nailiyyətlərin qaytarılmasına təkid idi. Bir sözlə, Avropa düşüncə tərzi və yeni müsəlman meyli arasında panislamizm və avropalaşmaq anlayışı sinonim xarakteri kəsb etmişdi". 

Panislamizmi liberal-islahatçı cərayan adlandıran M.Ə.Rəsulzadə isə qeyd edirdi ki: "Panislamizdəki liberal-yenidənqurucu axın sonrakı inkişafı ilə müsəlman aydınlarında milli-mədəni dünyagörüşün formalaşması üçün çox əlverişli zəmin yaradırdı. Məsələn, panislamizmin görkəmli ideoloqu məşhur Cəmaləddin Əfqani liberal islahat tələb edənlərdən idi və müsəlman aləmində azadlıq üçün öncə milli şüurun oyanmasının zəruriliyini ilk dəfə o göstərmişdir. O, "Milli birliyin fəlsəfəsi" adlı yazısında "Millətindən kənarda xoşbəxtlik yoxdur. Qohumluq dilsiz düşünülməz. Dil isə toplumun bütün qatlarının anlaşma səbəbi olmazsa, özünün sosial funksiyasını yerinə yetirə bilməz", - deyərək öz baxışını təsdiq edirdi".

M.Ə.Rəsulzadə cəmiyyətin sosial-mədəni həyatında dinin əhəmiyyətli rol oynadığını vurğulayır və cəmiyyətdə dini və milli dəyərlərin transformasiyasının vacibliyini xüsusi olaraq qeyd edirdi. "Millətin bir rüknü də dindir", - deyən M.Ə.Rəsulzadə bildirirdi ki, "Din hər nə qədər dildən sonra gələn bir amil isə də bəzi şərait daxilində ondan daha müəssir bir qüvvət şəklini də ala bilir, ümumi bir dil nə qədər dil əhlində ümumi bəzi xislətlər və ideallar tövlid ediyorsa, ümumi bir dinə malik olmaq dəxi o dərəcədə böyük bir təsir icra edə bilər. Müxtəlif din və məzhəblərə malik olan bir dil sahiblərinin "milliyyət'' olaraq vahid mədəni bir kütlə vücuda gətirmələri müşkül olduğu halda, bir din və bir dilə malik olanlarca bu müşkülat mütəsəvvir deyildir..."

Məhəmməd Əmin Rəsulzadə islam dininə böyük önəm verməklə yanaşı, cəmiyyətdə mövcud olan cəhaləti də gizlətmir, bu cəhalətin kökündə isə dini yaxşı bilməməyimiz, ondan düzgün nəticə çıxarmamağımızın dayandığını qeyd edirdi. Dinin cəmiyyətin mənəvi həyatındakı rolunu yüksək qiymətləndirən görkəmli mütəfəkkir, ondan sui-istifadə edilməsinin də əleyhinə idi. Dini siyasətdən və dövlət idarəçiliyindən kənarda görmək istəyən Məhəmməd Əmin, onun olduğu kimi cəmiyyətə çatdırılmasını vacib sayır, dinin intibahında, müasirliklə ayaqlaşmasının vacibliyini vurğulayırdı. 


(Ardı var)


Mübariz AÜALARLI,

AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!