Yanvarın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidlə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən geniş bölgədə cari vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun əhəmiyyətini qeyd ediblər. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin, habelə qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Sudanın COP29-da fəal iştirakı, eləcə də bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq məmnunluqla qeyd olunub.
Görüşdə energetika, humanitar, təhsil, “ASAN xidmət” və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan tərəfindən sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan və Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Sudan tərəfdən isə Müaviyə Osman Xalid rəhbərlik edib.