Respublika Ağsaqqallar
Şurasının və "Azərbaycan” qəzetinin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə
gəlişinin 50-ci ildönümünə həsr olunan birgə konfransı
Xalqımızın Ümummilli
Lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublikamızda ilk
dəfə siyasi rəhbərliyə başlamasından 50 il ötür. 1969-cu il iyulun 14-də Heydər
Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə
yeni dövr başladı, respublikamızda böyük intibahın təməli qoyuldu. Ulu Öndərin təşəbbüskarlığı,
əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş ittifaqın inkişaf etmiş respublikaları
sırasına çıxardı. Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən
genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni
həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək
əslində həm də gələcək müstəqilliyin təmin olunmasına xidmət etdi.
1993-cü ildə respublikamız
çətin sınaqlarla üz-üzə qalanda da xalq yeganə xilaskar kimi Heydər Əliyevi rəhbərlikdə
görmək istədi. 26 il əvvəl, iyun ayında Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz
zəkası, müdrikliyi və qətiyyətilə respublikamızı məhvolmadan xilas etdi, müstəqilliyimizi
qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Azərbaycan bu gün də
Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir, güclənir, dünyanın nüfuzlu
ölkələri ilə bir sırada dayanır.
Bu günlərdə Respublika
Ağsaqqallar Şurasının və "Azərbaycan” qəzetinin keçirdiyi birgə konfrans Heydər
Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuşdu. Tədbir iştirakçıları
əvvəlcə Heydər Əliyevin əziz xatirəsini sükutla yad etdilər.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
komissiya sədri Fəttah HEYDƏROV konfransı açıq elan
edərək vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü
əlamətdar tarixdir. Bu yarıməsrlik dövr tariximizin ən şərəfli mərhələlərindən biri
olmaqla yanaşı, həm də müstəqil dövlətçiliyin, qüdrətli xalqın, genişmiqyaslı inkişafın
təminatçısı olub:
- Ulu Öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş
tarixi şəxsiyyətdir. Onun rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz
qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Ümummilli Lider şərəfli ömür yolu
ilə tərcümeyi-halını böyük bir xalqın tarixinə çevirməyi bacarmış dünya miqyaslı
şəxsiyyətdir. Yer üzünün ən müxtəlif qütblərində yaşayan milyonlarla soydaşımızı
milli ideyalar ətrafında bir araya gətirən rəmzdir.
Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik edib. Hər
iki dövr ölkəmiz və xalqımız üçün taleyüklü mərhələ, çətin sınaqların, böyük böhranın
yaşandığı dövr idi. Onun sovet Azərbaycanına rəhbərlik illəri ölkə həyatında sözün
əsl mənasında yeni bir intibah mərhələsinin başlanğıcı idi. Ulu Öndər keçmiş SSRİ-nin
inkişaf baxımından ən geridə qalmış, insanları kasıblıq, qıtlıq içində min-bir zillət
çəkən ölkəsini təhvil aldı. Amma cəmi bir neçə il içərisində Azərbaycanı ittifaqın
ən qabaqcıl respublikalarından birinə çevirdi.
Həmin illərdə ölkəmizin inkişafı naminə görülən genişmiqyaslı
tədbirlərə dair çoxsaylı faktlar sadalaya bilərəm. Bütün bu proseslər mənim yaxşı
xatirimdədir, çünki onların bilavasitə şahidiyəm.
Ümummilli Lider respublikaya birinci rəhbərliyi dövründə
əməli fəaliyyəti ilə məhz gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. Müstəqilliyin
iqtisadi əsasları isə həmin illərdə faktiki olaraq yaradılmışdı. Azərbaycan qısa
müddətdə özünü iqtisadi cəhətdən təmin etməyə qadir ölkəyə çevrilmişdi. O, qısa
müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail oldu.
Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz
olunmuş sənaye bazasına çevrildi. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi
texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə
çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi. Həmin illərdə
Bakıda, Naxçıvanda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr
bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin
yaradan möhkəm təməldir.
Əminliklə deyə bilərəm ki, 1969-1982-ci illərdə həyatımızın
bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın
quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz
bu illərdə de-fakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı. Ulu Öndər
1982-ci ildən sonra fəaliyyətini Sovet İttifaqı KP-nin Siyasi Bürosunun üzvü, SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı
ilə bağlı olduğu respublikanı unutmadı. 1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi,
mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini olanda keçmiş ittifaq məkanında sosial məsələlərin həlli, genişmiqyaslı
layihələr onun kurasiyasında idi. Heydər Əliyev hər fürsətdə Azərbaycana yardımları
artırırdı. Ölkəmizin kənd və qəsəbələrində sosial infrastrukturun inkişafına dəstək
verirdi.
Onun vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi də milli
maraqları ittifaqın siyasi mənafeyindən üstün tutması idi. Başda M.S.Qorbaçov olmaqla
sovet rəhbərliyi Dağlıq Qarabağı Ermənistanın tərkibində görmək istəyirdi. Buna
qarşı ən böyük maneə isə məhz Heydər Əliyev idi.
Heydər Əliyev siyasi rəhbərliyin bütün maneələrinə, hətta
sui-qəsd təhlükələrinə baxmayaraq 1990-cı ilin iyulunda əvvəl Bakıya, sonra anadan
olduğu qədim Naxçıvan torpağına döndü. Və Azərbaycanın qurtuluş missiyasına Naxçıvandan
başladı.
Qısa müddətdən sonra Ulu Öndərin Naxçıvan Ali Məclisinin
sədri seçilməsi, əslində, tək Naxçıvan sakinlərinin deyil, bütün Azərbaycan vətəndaşlarının
seçimi, istəyi idi. Bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə Heydər Əliyev elə
möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək
ola bilər. Ümummilli Liderimiz bu qədim diyarı bədnam ermənilərin işğal etməsinə
imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl
tədbirlər həyata keçirdi. Blokada şəraitində yaşayan, Bakıdakı rəhbərliyin davamlı
təzyiqlərinə və maneələrinə məruz qalan Naxçıvanda əsl müstəqillik və dövlətçilik
modeli yaranırdı. Təsadüfi deyil ki, müstəqillik və dövlətçiliklə bağlı bütün rəsmi
qərarlar Azərbaycan Ali Soveti tərəfindən yox, Naxçıvan Ali Məclisi tərəfindən qəbul
olunmuşdu. Müstəqillik və dövlətçiliklə bağlı təşəbbüslərin müəllifi də Azərbaycana
o zaman rəhbərlik edən prezidentlər deyil, məhz Naxçıvandakı Heydər Əliyev idi.
Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri kimi qəbul etdiyi
müdrik qərarlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər yeni müstəqillik qazanmış
dövlətin aparmalı olduğu islahatların mahiyyətini təşkil edirdi və 1993-cü ildən
sonra bütün Azərbaycana şamil olunacaq yeni inkişaf kursunun da əsası idi.
90-cı illərin əvvəllərində insanlar Heydər Əliyevin fəal
siyasətə dönüşünə Azərbaycanın milli qurtuluşunun başlanğıcı kimi baxırdılar. Azərbaycanda
yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə
gəlişini qətiləşdirirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü
kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu.
Ulu Öndər pərən-pərən düşmüş cəmiyyəti yenidən bir yerə
topladı. Milli vəhdətə nail oldu, vətəndaş müharibəsinin, qardaş qırğınlarının qarşısını
aldı. Xaosu, anarxiyanı ortadan götürdü. Ölkənin demokratik inkişafı üçün böyük
təhlükə törədən qanunsuz hərbi qruplaşmaları zərərsizləşdirdi. 1995-ci ildə qəbul
olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət,
vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atdı. Ulu Öndərin elan etdiyi
yeni neft strategiyası, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış
"Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının rəhninə çevrildi.
1997-ci ildə Heydər Əliyev milyonlarla insanımızın çörək təknəsi olan torpağın ədalətlə
özəlləşdirilməsinə nail oldu. Bu, tariximizdə bir ilk idi. Azərbaycanın minillik
tarixində hələ heç vaxt kəndli öz torpağının ağası olmamışdı.
Ulu Öndər özünün cismani yoxluğu dövründə də milli ideyaları
davam və inkişaf etdirməyə qabil lideri yetişdirdi. Heydər Əliyevin formalaşdırdığı
möhkəm təməllər üzərində Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxaran
məhz onun yetirməsi - Prezident İlham Əliyev oldu.
Bu gün bu zalda toplaşanların, konfrans iştirakçılarının
böyük qismi Heydər Əliyevin müasirləri olub, bəziləri onun komandasının üzvü kimi
çalışıb. Yəni Ümummilli Liderlə bağlı xatirələri, düşüncələri olan xeyli insan bugünkü
tədbirə toplaşıb.
"Azərbaycan tarixinin
Heydər Əliyev dövrü, yəni ötən 50 il həm də tariximizin ən şərəfli mərhələsidir,
böyük inkişaf və möhtəşəm quruculuq dövrüdür” deyən Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru, Ağsaqqallar
Şurasının Məclis üzvü Bəxtiyar SADIQOV qeyd etdi ki, dövlətçiliyimizin qüdrətlənməsi,
xalqımızın rifahının yüksəlməsi, ölkəmizin bütün sahələr üzrə genişmiqyaslı intibahının
yaşandığı epoxa kimi səciyyələndirdiyimiz bu illərin müasiri olmaq da hər birimizin
xoşbəxtliyidir:
- Bu zalda əyləşənlərin əksəriyyəti həmin şanlı dövrün
yalnız müşahidəçisi olmayıblar, həm də bu dövrdə fəal mövqeləri ilə, Heydər Əliyevin
kursuna töhfələri ilə seçiliblər.
XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət
- Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını
tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş böyük strateq
kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev dühasının mənalı
ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı
və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində Ulu Öndər xalqının tarixi
mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim yeri olmuşdur.
Tədbirimizin iştirakçıları, o cümlədən orta və yaşlı nəslin
nümayəndələri respublikanı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin
60-cı illərinin sonundan başlandığını yaxşı xatırlayırlar. O dövrdə keçmiş SSRİ-nin
ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji
böhran keçirən Azərbaycan taleyin ümidinə buraxılmış kimi görünürdü. Zəngin xammala,
karbohidrogen ehtiyatlarına, insan resurslarına malik Azərbaycanın ittifaq miqyasında
geridə qalmış ölkələrdən birinə çevrilməsi son dərəcə dözülməz hal idi. Heydər Əliyev
qısa müddətdə ölkədə intibahı təmin etdi, mütərəqqi prosesləri iqtisadiyyatdakı
uğurlarla üzvi surətdə əlaqələndirdi, paralel şəkildə həyata keçirdi. Təsadufi deyil
ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər
miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli
səhifələrini təşkil edir.
Ulu Öndər hansı sahəyə nüfuz edirdisə, orada yeniliklər
yaradır, əsaslı bir iş görürdü. Həm də bu fəaliyyət təkcə bu günlə məhdudlaşmır,
gələcəyə ünvanlanırdı. Qeyri-adi enerji və təşkilatçılıq qabiliyyəti ilə fərqlənən,
mahiyyətcə qurucu və yaradıcı olan, öncəgörmə qabiliyyətinə və siyasi fəhmə malik
Ulu Öndər hələ sağlığında əfsanəyə çevrildi. Bu da onun başqaları üçün əlçatmaz
hesab olunan işləri qısa müddətdə yerinə yetirməsi, ən ağır və çətin vəziyyətlərdən
uğurlu çıxış yolu tapması, hətta mümkün olmayanı belə gerçəkliyə çevirməsi məharəti
ilə bağlı idi. Böyük təsir və nüfuzetmə qabiliyyətinə malik olan Ulu Öndər mühiti,
münasibətləri, necə deyərlər, ab-havanı belə ustalıqla dəyişirdi.
Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərində Azərbaycan
dövlətçiliyi təhlükə ilə üzləşəndə də xalq yeganə çıxış yolu kimi Heydər Əliyev
dühasına müraciət etdi. Heç zaman öz seçimində yanılmayan xalq Azərbaycanın xilasını,
xaos və anarxiyadan qurtuluşunu, müstəqilliyinin qorunmasını və əbədiliyə çevrilməsini
məhz Ulu Öndərin fəaliyyətində görürdü. Heydər Əliyev xalqın arzu və çağırışına
biganə qalmadı və tarixi missiyasını gerçəkləşdirməkdən ötrü geriyə döndü.
Kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab
verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçən Heydər Əliyev uzaqgörənliyi,
təcrübəsi və əzmkarlığı ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu
təmin etdi, qanunsuz silahlı dəstələr, dövlətçiliyə qarşı çıxmış qiyamçılar, ölkəni
parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi, vətəndaş müharibəsinin
qarşısı alındı. Nəticə etibarilə müstəqilliyimiz qorunub saxlanıldı, dövlətçiliyimiz
məhv olmaq təhlükəsindən xilas oldu.
Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik
irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin
sabitliyinin təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti
yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev lider əzmi ilə
xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini
və etimadını qazanıb. Bütün prezident seçkilərinin nəticələri bunu təsdiq edir.
Reallıq da göstərir ki, son 16 ildə respublikada uğurla
həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə,
Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Bu dövrdə
Azərbaycanın inkişafı sürətlənmiş, ümumi daxili məhsul istehsalının artım tempinə
görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyev fəaliyyətinin
ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı. Müdrik siyasəti, Heydər Əliyev
ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, bir də xalqına qədərsiz sevgisi ilə
Ulu Öndərin əsl varisi olduğunu nümayiş etdirdi.
Təbii ki, insan bir işi ürəklə, vurğunluqla görməsə, yüksək
nəticəyə çata bilməz. Bu mənada Prezident İlham Əliyevin fəaliyyəti onun Heydər
Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən
qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Eyni zamanda ölkədəki inkişaf təsdiq
edir ki, cənab İlham Əliyev Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır.
Bu kurs Azərbaycan xalqı üçün əsasdır. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini
və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.
Elə son 6 ay ərzində Prezidentimizin sosial paket çərçivəsində
imzaladığı sərəncamlar 6 milyondan çox insanın sosial mənafeyini təmin edib, onların
rifahının yüksəlməsinə səbəb olub. Bu, yalnız möhtərəm İlham Əliyevin fəaliyyətinin
uğuru deyil, həm də Heydər Əliyev ideyalarının təntənəsidir.
1969-cu ildən Azərbaycanda başlanan Heydər Əliyev siyasəti
bütün mərhələlərdə Azərbaycana uğur və inkişaf gətirmişdir. Bu siyasət bundan sonra
da inamla davam etdiriləcək, hər addımda Azərbaycanın hərtərəfli tərəqqi və yüksəlişinə
xidmət göstərəcəkdir.
Tarixin ən qüdrətli Azərbaycanı da məhz Heydər Əliyev ideyalarının
məntiqi nəticəsi, Prezident İlham Əliyevin bu ideyalar əsasında həyata keçirdiyi
müdrik fəaliyyətin parlaq zəfəridir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik, Ağsaqqallar
Şurasının sədr müavini Əhliman ƏMİRASLANOV qeyd etdi ki, Ulu
Öndər Heydər Əliyevin taleyi Azərbaycan xalqının taleyi ilə həmişə bağlı olub:
- Azərbaycanda nə vaxt çətinlik yaranıbsa, ölkə nə zaman
çətin duruma düşübsə, sanki tale Heydər Əliyevi bu xalqın imdadına yetirib. Xalqımızı,
vətənimizi, ölkəmizi bu çətinliklərdən, fəlakətlərdən xilas etmək sanki onun qismətinə
yazılmışdı. 1969-cu illər - mən o zaman tələbə idim - Azərbaycan üçün olduqca çətin
dövr idi. Yalnız aqrar səhədə müəyyən istehsal vardı.
Həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün
sahələrdə son dərəcə böyük uğurlara imza atıldı. Elm, təhsil, səhiyyə sahəsi inkişaf
etdi. Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsinə,
yeni müasir sahələr üzrə elmi tədqiqat mərkəzlərinin yaradılmasına Ulu Öndər xüsusi
diqqət yetirdi. O dövr Azərbaycan elminin çiçəkləndiyi, sürətlə inkişaf etdiyi dövr
kimi elm tarixinə daxil oldu. Azərbaycan alimlərinin əldə etdiyi uğurlardan nəinki
ölkəmizdə, keçmiş SSRİ miqyasında, hətta dünyada istifadə olunur, hər yerdə tətbiq
olunurdu.
Təhsil sahəsində də o dövrlər ağır vəziyyət hökm sürürdü.
Ulu Öndər hakimiyyətə gəldikdən sonra orta və ali təhsil sahəsində böyük işlər görülməyə
başlandı. Ali təhsil müəssisələrinin kadr potensialının möhkəmləndirilməsində, yeni
binaların inşa olunmasında, yeni ali təhsil müəssisələrinin açılmasında Heydər Əliyevin
böyük xidmətləri olub. Biz o vaxtlar hesab edirdik ki, Azərbaycandan kənarda Azərbaycan
üçün fəaliyyət göstərən böyük ali məktəb mövcuddur. Ölkəmizdə ehtiyac hiss olunan
ixtisaslar üzrə kadrları hazırlamaq üçün SSRİ-nin böyük elm və təhsil müəssisələrinə
istedadlı gənclər seçilib göndərilirdi və onlar orda oxuyur, çalışır, institutu,
aspiranturanı bitirirdilər. O gənclərin böyük bir qismi Azərbaycana qayıdır, qayıtmayanlar
isə qalıb o mərkəzlərdə çalışır, gələcəkdə Azərbaycan üçün faydalı mütəxəssisə çevrilirdilər.
O dövrdə Ulu Öndərin uğurlu siyasəti sayəsində 1973-cü
ildə mən də Moskvaya aspirantura təhsili almaq üçün getmişəm, 20 il orada çalışmışam.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana qayıtmışam. Bu gün Azərbaycandan
kənarda, xüsusilə MDB məkanında yaşayan diasporun ən tanınmış üzvləri məhz Heydər
Əliyevin apardığı uğurlu siyasət sayəsində həmin mərkəzlərə göndərilmiş mütəxəssislər,
alimlərdir.
Ulu Öndərin hakimiyyətə gəldiyi ilk dövrdə səhiyyə sahəsində
də böyük uğurlar qazanıldı. Yeni səhiyyə müəssisələri açıldı, kadrlar hazırlandı.
Bu da Ulu Öndərin əvəzsiz xidmətləri idi.
1993-cü ildə ölkə çətin vəziyyətə düşdükdə, vətəndaş müharibəsi
başladıqda, dövlət müstəqilliyi üçün təhlükə genişləndikdə xalqımızın tələbi ilə
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməklə yenə də millətin, ölkənin dadına
yetdi. Azərbaycanı bəlalardan xilas etdi. 1988-ci ildə qoyub getdiyi alt-üst olmuş,
dağılmış, yarımçıq qalmış işləri bərpa etdi, o sahələrdə daha böyük inkişaf, uğurlar
əldə olundu.
Azərbaycanın inkişafının böyük mərhələsi Ümummilli Liderin
adı ilə bağlıdır. Heydər Əliyevdən sonra möhtərəm cənab Prezident İlham Əliyev də
Ulu Öndərin siyasətini uğurla davam etdirir. Ölkəmiz bu gün də böyük nailiyyətlərə
imza atır. Möhtərəm Prezidentin rəhbərliyi altında respublikamız, xalqımız, vətənimiz
gələcəkdə də böyük uğurlar qazanacaqdır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor,
Ağsaqqallar Şurasının Məclis üzvü Eldar İBRAHİMOV vurğuladı ki, XX əsr milli tariximizin ən qüdrətli siması, müstəqilliyimizin
memarı Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərliyə başlamasının 50-ci ildönümündə
xalqımızın dahi oğlunun zəngin dövlətçilik irsinin və həyat fəlsəfəsinin bugünümüz
və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən anlayırıq:
- Ona görə bu irsi qorumaq, təbliğ və tətbiq etmək bugünkü
və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını itirməyən məsələdir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə,
digər sahələr kimi, aqrar sferanı da iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirmiş
və bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Təsadüfi deyil ki, 1969-cu
ilin məşhur avqust plenumunda Ulu Öndər xalq təsərrüfatının başqa sahələrində olduğu
kimi, kənd təsərrüfatında da yaranmış vəziyyəti dərin təhlil etmiş, onun sürətlə
inkişafını təmin edəcək kompleks tədbirlərin zəruriliyini bildirmişdi. 1970-ci ilin
iyulunda Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin
qəbul etdiyi "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında”
qərar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artımında müstəsna rol
oynadı.
Beləliklə, Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi
və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısa bir müddətdə öz
müsbət nəticəsini göstərmişdi. Azərbaycan keçmiş ittifaqda geridə qalan primitiv
aqrar respublikadan qabaqcıl aqrar-sənaye respublikası kimi ön sıraya çıxmış və
daha yüksək inkişafa nail olmaq üçün möhkəm təməl yaradılmışdı.
Həmin dövrdə aqrar bölmədə əsas diqqət bitkiçilik və heyvandarlıqda
məhsuldarlığın yüksəldilməsinə, təsərrüfatların maddi-texniki bazasının möhkəmləndirilməsinə,
emal müəssisələrinin tikintisinə və fəaliyyətinin genişləndirilməsinə, heyvandarlığın
sənaye əsasında inkişafına, yeni texnika və texnologiyaların tətbiqinə, yüksək məhsuldar
bitki sortları və heyvan cinslərinin yaradılmasına və istifadəsinin təşkilinə, kəndlərin
sosial inkişafına və həlli vacib olan digər məsələlərə yönəldildi. Həyata keçirilən
bu və ya başqa təşkilati tədbirlər nəticəsində ildən-ilə kənd təsərrüfatında əmək
məhsuldarlığı yüksəlməyə başladı, istehsalın həcmi artmaqla respublikamız üzüm istehsalına
görə ittifaqda birinci yerə, pambıq istehsalında isə üçüncü yerə yüksəldi.
Təəssüf ki, Heydər Əliyevdən sonrakı dövrdə bu artımın
davamlılığı təmin edilmədi və hətta kənd təsərrüfatında tənəzzül baş verdi. Ancaq
Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə - 1993-cü ildə müstəqil Azərbaycan
Respublikasının Prezidenti kimi ölkəyə rəhbərliyə başladıqdan sonra aqrar sahədə
ciddi dönüş yaratmağın vacib olduğunu özünəməxsus uzaqgörənliklə yəqin etdi. Bu
məqsədlə ilk növbədə kənd təsərrüfatında mövcud olan tənəzzülün qarşısı alındı və
yubanmadan aqrar islahatlara başlamaq qərarı verildi. Yaradılan hüquqi baza əsasında
respublikamızda analoqu olmayan aqrar islahat prosesi başladı və MDB-yə daxil olan
digər respublikalarla müqayisədə çox qısa bir vaxtda sovxoz və kolxozlar ləğv olunaraq
onların torpaqları və əmlakı pulsuz olaraq kəndlilərə paylandı. Ölkəmizdə torpaq
islahatının bir üstün cəhəti də ondadır ki, başqa ölkələrdən fərqli olaraq torpaqların
əhalinin xüsusi mülkiyyətinə verilməsini təsdiq edən hüquqi sənədlərin rəsmiləşdirilməsi
də dövlətin hesabına aparılmış və bu proses də az bir müddətdə başa çatmışdı. Bununla
da torpaq üzərində bazar iqtisadiyyatının əsas atributlarından olan xüsusi mülkiyyət
hüququ formalaşmışdır.
Məhz Ulu Öndərimizin uzaqgörən siyasətinə uyğun aqrar islahatın
vaxtında həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və
satışının bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulması bu sahədə əsaslı
dönüş yaratmış və Azərbaycan MDB məkanında kənd təsərrüfatının ümumi məhsul istehsalının
həcminə görə 1990-cı ilin səviyyəsini ötən ilk ölkə olmuşdur. Bu bir daha onu sübut
edir ki, Heydər Əliyev nəinki öz dövrünün, həm də gələcəyin böyük şəxsiyyətidir.
Əsası Ümummilli Liderimiz Heydər Əliyevin irəli sürdüyü
prinsiplərə uyğun qoyulan aqrar siyasət Prezident İlham Əliyev tərəfindən müasir
dövrün tələbləri nəzərə alınmaqla uğurla davam etdirilir. Prezidentliyinin ilk illərindən
başlayaraq dövlətimizin rəhbəri aqrar sahəni ölkəmizin milli təhlükəsizliyinin tərkib
hissəsi kimi qiymətləndirərək, bu bölmənin davamlı inkişafına dair sistemli tədbirləri
əhatə edən qərarlar qəbul etmişdir.
Bu gün aqrar-sənaye kompleksi böyük düha Heydər Əliyev
tərəfindən qoyulmuş bünövrə üzərində möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik
siyasəti nəticəsində iri addımlarla irəliləyir. İlham Əliyev aqrar sektorun inkişafına
xüsusi diqqət yetirməkdədir. Ona görə ölkəmizin aqrar sahəsi bundan sonra da sürətlə
inkişaf edəcək, respublika əhalisinin yüksək keyfiyyətli ərzağa olan tələbatı yerli
istehsal hesabına təmin olunacaq.
Ağsaqqallar Şurasının sədr müavini, "Gəncəli” İstehsal-Kommersiya
şirkətinin rəhbəri Bayram YUSİFOV qeyd etdi ki, Ümummilli
Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yüksək vəzifələrdə işləmiş,
zəngin həyat təcrübəsinə malik ağsaqqalların onun xalqına olan sonsuz məhəbbətini,
vətənpərvərliyini, işgüzar fəaliyyətini, fenomen yaddaşını, uzaqgörənliyini və dahiliyini
ifadə edən xatirələri Azərbaycan xalqı üçün dəyərli mənbədir:
- Belə bir dahi insanla çiyin-çiyinə çalışmaq, onunla ünsiyyətdə
olmaq, onun məktəbindən dərs almaq böyük xoşbəxtlikdir. Ümummilli Liderimiz Heydər
Əliyev demişdir: "Ağsaqqal milli-mənəvi dəyərlərimizin qızıl fondudur.” Müdrik ağsaqqal,
müdrik insan heç vaxt xalqını çətin vəziyyətə düşməyə qoymaz. Heydər Əliyev də məhz
belə müdrik ağsaqqal, əsl lider idi.
Ümummilli Liderimiz Heydər Əliyev Moskvada hakimiyyətdən
uzaqlaşdırıldığı dövrlərdə, 1987-1993-cü illərdə xalqımızın başına gətirilən müsibətlər,
ölkədə hökm sürən iqtisadi-siyasi böhran, vətəndaş müharibəsinin başlanması, hərc-mərclik,
xaos, Azərbaycanın parçalanma təhlükəsi ilə üz-üzə qalması ondan xəbər verirdi ki,
ölkəyə müdrik insan rəhbərlik etmir. Eyni zamanda ölkədə olan müdrik ağsaqqalların
məsləhətlərinə qulaq asılmır.
Həmin dövrlərdə ölkəyə Ümummilli Liderimiz Heydər Əliyev
rəhbərlik etsə idi, ölkə nə iqtisadi-siyasi böhran keçirərdi, nə Qarabağ əldən gedərdi,
nə xaos olardı, nə də Azərbaycan daxili və xarici düşmənlərin hədəfinə tuş gələrək
vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə qalardı. Allaha çox şükürlər
olsun ki, xalqın təkidi ilə Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə
gələrək xalqı müdrik siyasəti nəticəsində qısa müddətdə bu bəlalardan qurtardı.
Bir dəfə jurnalist ondan soruşdu: - Sizin vaxtilə yüksək
vəzifələrə qoyduğunuz bəzi insanlar sizin hakimiyyətdə olmadığınız illərdə sizə
qarşı çıxdılar, sizdən üz döndərdilər. Sizin onlara münasibətiniz indi, ölkənin
rəhbəri olaraq necədir?
O özünəməxsus tərzdə cavab verdi: - Mən onları bağışlamışam,
indi bağışlamasam, sonra ömrüm çatmaz.
İnsanlığın ən ali zirvəsində olan əsl müdrik ağsaqqal cavabı.
Ulu Öndər, müdrik ağsaqqal Heydər Əliyev həmin insanların səviyyəsizliyinə varmadan
insanların bağışlanmasının vacib olduğunu göstərir. Allah bağışlayandır. Belə xarakter
ancaq Allaha yaxın olanlara xas xüsusiyyətdir. O həmişə deyirdi: "Məni Allah qoruyur”.
Onu da deyim ki, Ümummilli Liderimizin keçmiş SSRİ-də Nazirlər
Soveti sədrinin I müavini kimi yüksək vəzifədə işləyərkən öz işgüzarlığı, qətiyyəti,
əməksevərliyi, yüksək intellektual səviyyəsi sayəsində qazandığı hörmət, nüfuz bu
gün də keçmiş ittifaqın digər xalqlarının azərbaycanlılara olan münasibətinə müsbət
mənada öz təsirini göstərməkdədir.
1994-cü ildə neft müqaviləsinin daxili və xarici təzyiqlərə
baxmayaraq, onun uzaqgörən, müdrik siyasəti nəticəsində imzalanması Azərbaycan xalqının
xoş gələcəyinin, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təməlini
qoydu.
Biz bugünkü xoş güzəranımıza, maddi rifahımızın günü-gündən
yüksəlməsinə, müstəqilliyimizin təməl daşının qoyulmasına görə Ulu Öndər, müdrik
ağsaqqal Heydər Əliyevə borcluyuq. İllər keçəcək, əsrlər ötəcək, Azərbaycan xalqı
və digər xalqlar daim Heydər Əliyev məktəbindən bəhrələnəcəklər və o, bir mayak
kimi həmişə Azərbaycan xalqına düzgün yol göstərəcəkdir.
Biz hamımız şahidiyik ki, Ümummilli Lider Heydər Əliyevin
yenidən qurduğu müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin prezidentliyi
dövründə daha da möhkəmlənmiş, inkişaf etmiş, Qafqazda lider ölkəyə çevrilmişdir,
aparılan müdrik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli
yerini tutmuşdur. Bu, bir daha müdrik ağsaqqal, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin
bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyev demişdir: "Mən İlham Əliyevə özüm
kimi inanıram”. "Ot kökü üstə bitər” deyib atalarımız. Cənab İlham Əliyev Heydər
Əliyev məktəbinin "daimi dinləyicisi” olub. Cənab İlham Əliyevin Prezident olduğu
dövrdəki fəaliyyəti, siyasi və iqtisadi sabitlik və inkişaf, iş yerlərinin açılması,
təqaüdlərin, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının bir
neçə dəfə artırılması, muğamımıza və aşıq sənətimizə olan münasibətlərin yüksək
səviyyəyə qaldırılması, idman-olimpiya komplekslərinin tikilməsi, yeni məktəblərin,
xəstəxanaların, körpülərin tikilməsi, inflyasiyanın aşağı olması, Azərbaycanın bölgələrinin,
xüsusilə də Bakının günü-gündən gözəlləşməsi, beynəlxalq tədbirlərin Azərbaycanda,
xüsusilə Bakı şəhərində keçirilməsi, Bakının dünyanın mədəniyyət mərkəzinə çevrilməsi
və bütün bu işlərdə xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzedilməz
rolu Ulu Öndər Heydər Əliyev kursunun inamla və uğurla davam etdirilməsindən xəbər
verir.
Cənab İlham Əliyevin düşünülmüş islahatları və qətiyyətli
qərarları, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Prezidentimizin
reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatında öz əksini
tapır. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq Azərbaycan
vətəndaşı dayanır. XXI əsrin başlanğıcından Azərbaycanda aparılan tikinti-quruculuq
işləri tarixdə İlham Əliyevin adı ilə qalacaq. Cənab İlham Əliyev gördüyü işlərlə
bir daha sübut etdi ki, o, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir.
Onun siyasətinin mərkəzində insan amili dayanır və xalqa xidmət etmək, hər bir azərbaycanlının
Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Azərbaycanın Xalq şairi, Ağsaqqallar Şurasının Məclis üzvü,
Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, Milli Aviasiya Akademiyasında
kafedra müdiri, professor Nəriman HƏSƏNZADƏ Ümummili Lider Heydər
Əliyevin Azərbaycan ədəbiyyatına, yazıçı və şairlərinə göstərdiyi diqqət və qayğıdan
söhbət açdı:
- Ulu Öndərin ədəbiyyatdakı xidmətləri saymaqla bitməz.
Yazıçılar, şairlər onun həmişə diqqət mərkəzində, himayəsində idilər. Yubileylər,
mükafatlar, yazıçını şərdən, böhtandan qoruma halları, istedadlı hər kəsin dəyərini
vermək kimi cəhətlər Heydər Əliyevin xarakterində başlıca yer tuturdu. Yazıçı hiss
edirdi ki, onun xeyirxahı, himayədarı var. Əslində Heydər Əliyev bütün xalqın himayədarı
idi. Və bu xalqın heç bir istedadlı sənətkarı onun diqqətindən kənarda qalmırdı.
Biz Ulu Öndərin vaxtında yetişmişik, onun dövrünün ədəbiyyat
təmsilçiləriyik. Bizi daim özü ilə paytaxtdan bölgələrə qədər böyük coğrafiyada
olan tədbirlərə aparırdı. Bu dahi şəxsiyyətin bütün üstün cəhətlərini, xarizmasını,
yüksək insani və liderlik xüsusiyyətlərini birbaşa müşahidə edib, ona həmişə heyran
olmuşam.
Əslində, Heydər Əliyevlə bağlı xatirələrim 1969-cu ildən
başlamır. Tam 61 il öncə bu böyük azərbaycanlı ilə ilk dəfə görüşmüşəm. 1958-ci
ildə Nəriman Nərimanov haqda əsər yazırdım. Dövlət Təhlükəsizliyi Komitəsindən mütləq
senzor icazəsi almalıydım. Yəni əsərimin müqəddəratını onlar müəyyənləşdirəcəkdilər.
Komitəyə daxil oldum. Hündürboylu, cüssəli, çox yaraşıqlı, şux qamətli bir zabit
mənə yaxınlaşaraq özünü təqdim etdi: Heydər Əliyev.
O vaxt onun 35 yaşı vardı. Mövzunun Nəriman Nərimanovdan
olduğunu bildikdən sonra çox sevindi və çapına dərhal icazə verdi. Qısaca dedi ki,
belə görkəmli şəxsiyyətlər barədə daha çox əsərlər yazılmalıdır və arxivdən əlavə
nə materiallar lazımdırsa, sizə kömək edərəm. Mən heyrət etdim. Çünki öyrənmişik,
DTK-da rus, ya da erməni zabit bizi çək-çevirə salmalı, saatlarla izahat almalı,
axırda da ən yaxşı halda əsərin yarısını ixtisar etməliydi. Amma mən belə bir vətənpərvər
DTK zabiti ilə qarşılaşdığıma, ondan nəinki maneə, hətta xeyir-dua almağıma çox
heyrətlənmişdim və böyük sevinc qarışıq həm də təəccüblə oradan ayrılmışdım.
Sonrakı dövrdə də dəfələrlə Heydər Əliyevin birbaşa müdaxiləsi
ilə məxfi arxivlərə daxil oldum, keçmişimizi araşdırdım, bədii əsərlər yazdım.
Ümumiyyətlə, qeyri-adi bir insan idi Heydər Əliyev. "Mən
azərbaycanlıyam” sözünü o qədər qürurla deyirdi ki...
Bir dəfə də Ulu Öndəri müşayiət edərək Bərdəyə zona müşavirəsinə
getmişdik. Heydər Əliyev gənc pambıqçı Tərlan Musayeva ilə görüşdü, çox səmimi söhbət
etdi. Mən o görüşdən sonra gəlib bir şeir yazıb qəzetdə çap etdirdim. Bir gün sonra
gecə saatlarında bir də gördüm Emin Sabitoğlu zəng eləyir. Dedi, sənin sözlərinə
yazılmış musiqini sabah dinləyərsən. Heydər Əliyev tapşırıb ki, həmin şeirə mahnı
bəstələyim. O mahnı dillərə düşdü. Heydər Əliyev bütün sahələrə diqqətli idi...
Ulu Öndərimizlə görüşlərin birində mən bir şeir söyləmişəm.
Həmin şeiri Ulu Öndər özü alqışlayıb. Çıxışımı da elə bu şeirlə bitirmək istəyirəm:
Ey eşqim, vüqarım,
sənətim, canım,
Ana çağırdığım, Azərbaycanım.
Açıb qollarımı mehri-ülfətlə,
Bağrıma basıram səni
hörmətlə.
Sən de, ey adı ilə
fərəhləndiyim,
Şanlı sədasıyla ürəkləndiyim.
Xalqımın istəkli,
əziz övladı,
Şeirimin, sözümün
qolu, qanadı.
Sənin hər istəyin,
sənin hər arzun
Həyatda qoy şöhrət
çələngi olsun.
Qaldırdın adını bu
məmləkətin,
Andın müqəddəsdir,
südün təmizdir.
Mənim taleyimdir
sənin şöhrətin,
Tarixdə tarixi mərhələmizdir.
Gəlin, addımlayaq
sülh cərgələrlə,
Gəlin, qabaqlayaq
dövrü zamanı.
Daim alqışlayaq yalnız
zəfərlə,
Ana dediyimiz Azərbaycanı!
"Heydər Əliyevin
fəaliyyəti, xalqı üçün gördüyü mühüm işlərlə bağlı deyiləsi, yazılası sözlər çoxdur.
Bu barədə hər zaman kitablar yazılıb, yazılır və gələcəkdə də yazılacaq” - söyləyən
Ağsaqqallar Şurasının sədr müavini, Tibb
Universitetinin Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeyif İMAMVERDİYEV
vurğuladı ki, konfrans iştirakçılarının Ulu Öndərlə bağlı xatirələrini dinlədikcə,
insan istər-istəməz o illərə dönüb baxır:
- Diqqətlə keçmişi nəzərindən keçirirsən. Necə yaşamışıq,
nələr olub və bu gün biz nəyin hesabına gəlib bu yola çıxmışıq?! Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilk növbədə azərbaycanlının düşüncəsinin dəyişməsinə gətirib
çıxartdı və vətəndaşımız tamamilə fərqli bir təfəkkür sahibi oldu. O, özünə etibar
etməyə başladı. Dövlətə başçılıq edən bu cür möhtəşəm bir azərbaycanlıya bənzəmək
düşüncəsi ilə özündə bir güc, bir potensial gördü. Bu, Ulu Öndərin fəaliyyətində
ən mühüm və təsirli bir məqamlardandır.
İkinci vacib məsələ isə Heydər Əliyevin hakimiyyətə gələrkən
uzaqgörən siyasət həyata keçirməsi, Azərbaycanda, onun ürəyi olan Bakıda demoqrafik
dəyişikliklərə nail olması idi. Heydər Əliyev hakimiyyətə gələndə Bakıda azərbacanlıların
sayı cəmi 33-35 faiz ətrafında idi Bu təhlükəli bir rəqəm idi. Amma Heydər Əliyev
Moskvaya yüksək vəzifəyə gedəndə Bakı sakinlərinin 70 faizi azərbaycanlı idi! Təsəvvür
edin ki, belə olmasa idi, 1990-cı ilin çətin dövründə biz nələr yaşaya bilərdik.
Bu məsələnin xalqımız üçün misilsiz əhəmiyyəti oldu və bu gün burada sadalanan bütün
sahələrdəki inkişafa da bunun nəticəsində nail olundu, Azərbaycan tamamilə dəyişdi.
Elə mətləblər var ki, biz onları dönə-dönə deməliyik.
1980-ci illərin sonlarında Azərbaycan yavaş-yavaş ağır vəziyyətə sürüklənirdi, o
zaman Heydər Əliyevə qarşı Qorbaçovun komandasında, Kommunist Partiyasının rəhbərliyində
və güc strukturlarında münasibət yaxşı deyildi. Və təəssüf ki, özümüzdən olan nadanların
da bu işdə iştirak etməsi nəticəsində böyük anti-Azərbaycan, anti-Əliyev şəbəkəsi
yaranmışdı. Amma Heydər Əliyevin mərdliyi, xalqına olan məhəbbəti və heç bir təhlükəyə
baxmayaraq öz vətəninə qayıtması və Naxçıvana getməsi həmin proseslərdə misilsiz
əhəmiyyət kəsb etdi. Naxçıvan sakinləri Heydər Əliyevin arxasında durdular, Naxçıvan
Məclisinin sədri seçdilər və o yol sayəsində biz sonradan 1993-cü ilə gəlib çıxdıq.
Bunu heç vaxt unutmaq olmaz.
1940-cı ildən bəri Azərbaycanda rəhbər olan adamların hər
birini xatırlayıram. Onlar hər zaman Kremlin sözü ilə oturub durur, tapşırıqları
ilə hesablaşırdılar. Heydər Əliyevdə isə hər zaman xalqına, onun gələcəyinə xidmət
etmək düşüncəsi öndə gəlirdi. Baxmayaraq ki, o, çətin bir rejimdə işləyirdi. Bax,
bütün bunların, xalqının gələcəyi üçün gördüyü işlərin və təməlin sayəsində sonradan
biz addımlaya bildik. Onun hakimiyyətə xalqın çiyinlərində, istəyi ilə gəlməsi,
1994-cü ilin oktyabr hadisələrində xalqın böyük dəstək nümayiş etdirməsi bütün dünyada
Heydər Əliyev haqqında belə bir fikir yaratdı ki, xalq bu insanı ucaldır və o, xalqın
məhəbbətini elə qazanıb ki, bu ölkəni dağıtmaq, Azərbaycanı Əliyevsiz qoymaq mümkün
olan iş deyil! Bütün bunlar böyük əhəmiyyət kəsb etdi və Azərbaycanın inkişafının
böyük təsiredici imkanı, yolu oldu. Və bu təməl daşı üzərində qoyulmuş Azərbaycan
dövləti bu gün də Prezident İlham Əliyevin sayəsində inamla irəli addımlayır.
Əməkdar kənd təsərrüfatı işçisi, zootexnika doktoru, Ağsaqqallar
Şurasının İdarə Heyətinin üzvü, Qarabağ müharibəsi veteranı İmran ƏBİLOV qeyd etdi ki, Heydər Əliyev hər iki dəfə hakimiyyətə gələndə Azərbaycanı
böhrandan, səfalətdən, müflis olmaqdan xilas edib:
- Birinci dəfə 1969-cu ildə, sonra isə ikinci dəfə
1993-cü ildə hakimiyyətə gələndə ölkədə bütün sahələrdə vəziyyət acınacaqlı idi.
Mən aid olduğum aqrar sektordan, heyvandarlıq sahəsindən danışmaq istərdim. 60-cı
illərdə respublikanın iqtisadiyyatı və onun əsas sahələrindən biri olan kənd təsərrüfatı
uzun sürən böhran və ağır tənəzzül keçirirdi. Bunu faktlar da təsdiqləyirdi:
1969-cu ildə ölkədə 574 min ton taxıl, yəni hər hektardan 9,5 sentner məhsul,
299 min ton pambıq (hər hektardan 15,1 sentner məhsul ), 52 min ton meyvə (hər hektardan
10,4 sentner məhsul), 372 min ton tərəvəz (120 sentner), hər inək və camışdan
90 baş əvəzinə 49 baş buzov və balaq, hər 100 baş ana qoyundan cəmi 43 quzu alınmışdı.
Hər inəkdən 677 kq süd sağılırdı. Bu, SSRİ-nin orta rəqəmindən 3,9 dəfə az idi.
1 milyon baş qoyun yemsizlikdən və baxımsızlıqdan tələf olmuşdu.
Açığını deyim ki, bu rəqəmlər keçmiş SSRİ-də ən aşağı göstəricilər
idi. Heydər Əliyev Azərbaycanı bu böyük uğursuzluqdan qurtardı. Azərbaycanın iqtisadiyyatı
əvvəlki kimi davam etsəydi, bizi fəlakət gözləyirdi. Bəs sonra nə oldu? O oldu ki,
həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində çox böyük irəliləyişlər
nəzərə çarpmağa başladı, bu sahədə mühüm nailiyyətlər əldə olundu.
Artıq 1970-1975-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı
istehsalının artım sürəti nəzərdə tutulan 30 faiz və ittifaqda orta hesabla əldə
edilmiş 13 faiz əvəzinə 34 faizə çatmışdı. 1980-ci illərin əvvəllərində isə kənd
təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən təxminən beş-altı
dəfə artmışdı. Belə ki, göstərilən qərarların respublikada icrası nəticəsində
1981-1985-ci illərdə kənd təsərrüfatının ümumi məhsulu 1966-1970-ci illərin orta
göstəricilərinə nisbətən 2,5 dəfə artdı, taxılçılıqda istehsal 1,7 dəfə artaraq
1240 min ton, tərəvəzçilikdə 2,4 dəfə artaraq 891 min ton, pambıqçılıqda 2,2 dəfə
artaraq 707 min ton, tütünçülükdə 2,7 dəfə artaraq 57 min ton, çayçılıqda 3,2 dəfə
artaraq 29 min ton, meyvəçilikdə 3,8 dəfə artaraq 317,5 min ton, üzümçülükdə 7,9 dəfə artaraq
1829,2 min ton oldu.
O illərdə Azərbaycan bir çox növ kənd təsərrüfatı məhsulları
istehsalına görə rekord nəticələr əldə etdi. Kənd təsərrüfatının bütün sahələrində
olan irəliləyişlər Azərbaycan kəndinin sosial-iqtisadi simasını kökündən dəyişdirdi,
ölkə bütövlükdə aqrar-sənaye respublikasına çevrildi, milli gəliri 2,5 dəfə artdı.
Kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı
emal sənayesinin inkişafına da xüsusi diqqət yetirildi. Üzümçülüklə məşğul olan
təsərrüfatların əksəriyyətində üzüm emalı müəssisələri tikilib istifadəyə verildi,
mövcud pambıq emalı zavodları modernləşdirildi və yeni zavodlar tikildi, çay, tütün,
fındıq, meyvə, tərəvəz və digər məhsulların ilkin emalı həyata keçirilməklə müxtəlif
çeşidli konserv, şirə və digər bitkiçilik məhsulları istehsalı genişləndirildi.
Kənd təsərrüfatı və emal sənayesinin inkişafı ölkəmizdə yüngül və yeyinti sənayesinin
də sürətli inkişafına təkan verdi, bir çox şəhərlərdə yeni yüngül və yeyinti sənaye
müəssisələri istifadəyə verildi.
Azərbaycan 11 il, yəni 1982-ci il də daxil olmaqla keçmiş
SSRİ-nin 11 dəfə ən yüksək Dövlət mükafatlarını, keçici bayraqlarını aldı. Ulu Öndərin
müvəffəqiyyətlə həyata keçirdiyi bütün bu işlərini Prezident İlham Əliyev uğurla
davam etdirir.
Heydər Əliyevin kadrlara,
xüsusilə də gənc kadrlara böyük diqqətinin, qayğısının olduğunu söyləyən Ağsaqqallar Şurasının Məclis üzvü, Əməkdar hüquqşünas,
ədliyyə general-mayoru Akif RƏFİYEV bildirdi ki, o özü də məhz uzaqgörən siyasətçinin
dəyər verdiyi gənc kadrlardan olub:
- Azərbaycanda təsərrüfat, incəsənət, ədəbiyyat, tarix
və digər elə bir sahə yox idi ki, Heydər Əliyev onunla maraqlanmasın, dirçəltməsin.
O cümlədən kadr məsələsinə xüsusi diqqət yetirirdi. Mən də öz təcrübəmlə bağlı bəzi
xatirələrimi bölüşmək istəyirəm.
Bu məclisdə oturan şəxslərə diqqət yetirirəm, onların
90 faizi Heydər Əliyev dövründə irəli çəkilmiş və vəzifəyə təyin olunmuş, bir hissəsi
isə bilavasitə onunla birlikdə işləmiş, təmasda olmuş şəxslərdir. Bu gün Azərbaycan
xalqı bilməlidir ki, Heydər Əliyev bu insanları necə öz ətrafında toplayıb. O, çətin
vəziyyətdən xalqı necə xilas edib.
Sumqayıt prokuroru işləyirdim. O zaman SSRİ prokurorluğunun
təşkil etdiyi şəhər prokurorlarının kursuna göndərilmişdim. 1981-ci ildə keçirilən
kursda içərisində 5 nəfərin də xaricdən olduğu 50 prokuror iştirak edirdi və məni
sinif nümayəndəsi seçmişdilər. Ən məşhur hüquqşünaslar kursda mühazirə oxuyurdular.
SSRİ-nin baş prokuroru da mühazirəçilər arasında idi. Bir gün mənə xəbər verdilər
ki, səni Türkmənistana baş prokuror təyin etmək istəyirlər. Mən bu təklifdən imtina
etdim və respublika prokuroru vasitəsilə xəbər Heydər Əliyevə çatdırıldı. Ulu Öndər
məni qəbul etdi və dedi ki, "səni başqa yerə prokuror təyin etmək istəyirdilər,
amma mən sənədləri onların əlindən almışam, büronun qərarını gözləyirəm. Çünki sən
bizə lazımsan, narahat olma hər şey yaxşı olacaq. Biz öz kadrlarımıza sahib çıxırıq,
onları burada qiymətləndiririk”.
Yəni Heydər Əliyev mənə sahib çıxdı, istəmədiyim kənar
yerə getməyimə imkan vermədi, özü də narahat bir ölkədə üzləşəcəyim çətinlikləri
duyub məni xilas etdi.
Böyük şəxsiyyət kadra böyük ehtiyac olan anda bu işləri
görürdü. Gənc kadrların yetişməsi üçün onlara öz doğma övladı kimi diqqət yetirirdi.
Heydər Əliyevin tibb
sahəsində göstərdiyi müstəsna xidmətlərdən bəhs edən akademik, Tibb Universitetinin kafedra müdiri, Pediatrlar Assosiasiyasının
prezidenti, Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Ədilə NAMAZOVA vurğuladı
ki, Azərbaycanın səhiyyə sahəsindəki bugünkü inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.
Çünki Heydər Əliyev o dövrdə hakimiyyətə gələndə Azərbaycanda tibb sahəsi SSRİ respublikaları
arasında ən geridə qalmış bir vəziyyətdə idi, amma onun gəlişi, bu sahə ilə maraqlanması
və yaratdığı şəraitlə Azərbaycanda səhiyyə ən yüksək səviyyəyə çatdı:
- Heydər Əliyev böyük siyasətçi, uzaqgörən insan idi. O,
bir fenomen idi və özündən çox əsrlər sonranı da görürdü. Mən də onunla mütəmadi
ünsiyyətdə olmuşam, söhbətlərimiz olub.
1975-ci ildə Heydər Əliyev məni qəbul etmişdi. Görüş zamanı
o, mənə belə bir sual verdi ki, ölkəmizdə tibb sahəsində olan çatışmazlıqlarla bağlı
sizin fikriniz nədir. Dedim ki, bizdə müəyyən sahələrdə tibb elmləri doktoru yoxdur.
Mənə tapşırdı ki, lazım bildiyiniz sahələr üzrə siyahı tutun. Bir də dedim ki, bizim
tibb üzrə elmi tədqiqat institutlarımız üçüncü dərəcəlidir. Üçüncü dərəcə o deməkdir
ki, bu institutların təchizatı, əməkdaşların aylıq maaşı çox az idi. Binalarını
təmir etdirməyə belə öz gücləri çatmırdı. Heydər Əliyev dedi ki, nə etmək lazımdır,
mənə de. Oradaca görüləcək işlərin siyahısını hazırladıq.
Üstündən heç bir ay keçməmiş Azərbaycanda olan tibb üzrə
elmi tədqiqat institutlarının hamısını Ulu Öndərimiz birinci kateqoriyalı etdi!
Onların təchizatı da yaxşılaşdı, maaşları da yüksəldi, elmi iş görməyə imkanları
da artdı. Sonra bütün tibb sahələri üzrə bizim gənc elmlər namizədlərindən ibarət
bir siyahı tutdum. Ulu Öndər dedi ki, mən onları maaşları qalmaqla Moskvadakı, Leninqraddakı,
Kiyevdəki baş institutlara ezamiyyə edirəm, doktorluq dissertasiyası yazsınlar.
4 il də zaman verirəm ki, onlar doktorluq dissertasiyası müdafiə edib Azərbaycana
qayıtsınlar.
Onda göz xəstəlikləri üzrə elmlər doktorluğuna müraciət
edən iki nəfəri qəbul etmirdilər. Moskvada mənə dedilər ki, bunun müqabilində gərək
bizim instituta yeni cihazlar verəsiniz. O zaman rəhmətlik Zərifə xanım Əliyeva
da Moskvada idi və mən zəng vurub problemi ona danışdım. Dedi ki, narahat olma,
nə istəyirlərsə, sözünü ver, mən Heydər Əliyevdən xahiş edərəm göstəriş verər, onları
cihazlarla təmin edərlər. Elə həmin müddətdə cihaz məsələsi də həll olundu. 30-dan
çox alim doktorluq dissertasiyası müdafiə etdi və Azərbaycana qayıtdı. Hazırda onlar
kafedra müdiri, professor, AMEA-nın akademikləridirlər.
Elə təkcə bu məsələnin timsalında demək olar ki, Heydər
Əliyev necə böyük insan idi. Mən SSRİ xalq deputatı olarkən də Moskvada tam aydınlığı
ilə görürdüm ki, o, Azərbaycan xalqı üçün necə həyəcan keçirir. Ulu Öndər xalqının
hər bir şəxsinin inkişafı üçün çalışırdı.
Həmçinin Azərbaycanın ən ağır vaxtında o, Naxçıvan Dövlət
Universitetində Tibb fakültəsinin açılması qərarına gəldi. 1994-cü ildə məni dəvət
edib söylədi ki, Naxçıvan Dövlət Universitetinin nəzdində Tibbi-pediatriya fakültəsini
yaratmaq fikrindəyəm və sizin bu fakültəyə hamilik etməyinizi istəyirəm. Dedim ki,
bu təklifdən çox məmnunam və sizə çox minnətdaram. Ulu Öndər bu işi təşkil etdi
və indi Naxçıvan Dövlət Universietində hər il onlarla tibb üzrə mütəxəssis buraxılır.
Onlar nəinki Naxçıvanda, həmçinin Azərbaycanın bütün bölgələrində və xaricdə fəaliyyət
göstərirlər. Hazırda orada, hətta xarici ölkələrdən də gəlib təhsil alan tələbələr
var.
Biz bütün bu görülən
işlərə görə Ulu Öndərə borcluyuq. Çünki Heydər Əliyev, bütün sahələrə olduğu kimi,
təbabətə də çox böyük əhəmiyyət verir, diqqət, qayğı göstərirdi.
"Heydər Əliyevin
hakimiyyətə gəlişi Azərbaycanda yeni
bir eranın başlanğıcını qoydu və ölkəmizin böyük inkişafını təmin etdi. Bu gün Azərbaycan
qüdrətli dövlət kimi dünyada böyük nüfuz qazanır” söyləyən Prezident Administrasiyasının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
əməkdaşı Rasim MİRZƏYEV qeyd etdi ki, Heydər Əliyev Azərbaycanın bütün sahələrinin
dirçəlişinin əsas müəllifi olub:
- Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan insanında
milli təəssübkeşlik hissi daha da möhkəmləndi, qətiləşdi, öz dövlətinə, millətinə
sahib çıxma hissi gücləndi. Və bu güclənmə təkcə Heydər Əliyevin birinci katib kimi
hakimiyyətə gəlməsi ilə bağlı deyildi. Hələ o, Dövlət Təhlükəsizlik Komitəsində
işləyən vaxtı azərbaycanlı Mehdi Hüseynzadənin sənədləri araşdırılmışdı. Mehdi Hüseynzadənin
üzə çıxarılmasında, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsində Heydər Əliyevin
bilavasitə köməyi olmuşdu. Eyni zamanda Azərbaycanın, bütün türk dünyasının dahisi
sayıla biləcək Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsinin mənəvi mənada nə
qədər böyük bir addım olduğunu söyləməyə ehtiyac yoxdur.
Heydər Əliyevin beynəlxalq statuslu bir şəxsiyyət kimi
Türk dünyasında, Yaxın Şərqdə və eyni zamanda MDB məkanına aid olan ölkələrdə də
o xalqların mənəvi mədəniyyətinin inkişafı üçün göstərdiyi fəaliyyət də məlumdur.
Onun əsasını qoyduğu siyasi kurs, balanslaşdırılmış siyasət Azərbaycanı irəliyə,
inkişafa aparır. Ən əsası odur ki, bu gün
Azərbaycanda möhkəmlənmiş və oturuşmuş dövlət sistemi var. Bilirsiniz ki,
müstəmləkəçilik sistemindən ayrılanda Azərbaycanda elə bir ənənə formalaşmışdı ki,
yalnız hakimiyyəti çevrilişlərlə dəyişmək olar. Bu ənənəni müəyyən qruplar yenə
də davam etdirmək istəyirdilər. Amma Ulu Öndər Heydər Əliyev Azərbaycana müdrik
dövlət idarəçilik metodunu gətirdi və seçikyə, xalqın etimadına əsaslanan mexanizm
yaratdı. Buna görə də hüquqi dövlət sisteminin formalaşması birbaşa Ulu Öndərimizin
adı ilə bağlıdır.
Əslində, yarım əsr tarix üçün böyük müddət olmasa da, Azərbaycanda
bu 50 ildə möhtəşəm tarix yaşandı. Hər bir ziyalımızın Heydər Əliyevlə, onun xalqımız
və dövlətimiz üçün gördüyü böyük işlərlə bağlı xatirələri, deyiləsi sözləri çoxdur.
Heydər Əliyevlə ünsiyyətdə olanlar, yaxın silahdaşları bu şəxsiyyətin cazibəsini
yaddan çıxara bilmirlər. Həyatda millətinə, xalqına xidmət etmək yolunu tutaraq
onun yolu ilə getməyə çalışırlar.
Bu gün Azərbaycan ən yüksək inkişaf səviyyəsindədir. Cənab
Prezident İlham Əliyevin sayəsində Azərbaycanın güclü hərbi sənayesi,
güclü ordusu, güclü dövlət potensialı var və ölkə gündən-günə irəliləməkdədir. Ən
əsası odur ki, xalqla vətəndaşların, dövlətin bir-birinə qarşılıqlı inamı var.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
komissiya sədri Fəttah HEYDƏROV konfransda olduqca
dəyərli fikirlərin, səmimi xatirələrin səsləndiyini qeyd etdi:
- Heydər Əliyevin əsasını qoyduğu tarixi nailiyyətlər bu
gün real nəticələrlə davam edir. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ənənələri
qorunur. Dahi şəxsiyyət Azərbaycanın bu gün də davam edən uğurlarında yaşayır. Onun
müdrik ideyaları ölkəmizin gələcəyə yönəlmiş strateji hədəflərini müəyyən edir.
Bu gün hər birimiz böyük qürurla müşahidə edirik ki, Heydər
Əliyevin milli dövlətçilik ideallarını ən yüksək səviyyəyə çatdıraraq tarixin möhtəşəm
Azərbaycanını yaradan İlham Əliyev də dünyanın qüdrətli liderləri sırasında öz adını
şərəflə həkk etdirib.
Ulu Öndərin Azərbaycanın gələcəyi ilə bağlı böyük ideallarının
həyata keçirilməsi indi İlham Əliyevin missiyasıdır. Dövlət rəhbərimiz öz tarixi
missiyasını əzmlə həyata keçirir. Onun ölkəmizə qazandırdığı nailiyyətlər təkcə
Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının, islam aləminin gələcəyinə işıq salır.
Dövlət başçımızın, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında
Azərbaycan bəşəriyyətə sevgini, şəfqəti, xeyirxahlığı, maarifi, mədəniyyətlərarası
dialoqu, sülh və tolerantlığı aşılayır, ölkələr və cəmiyyətlər arasında mənəvi körpüyə
çevrilir.
Bu gün çox qürur duyuruq ki, Ulu Öndərimizin irsini, müqəddəs
yolunu davam etdirən, Azərbaycanda ən səmimi inam, etimad ünvanlarından birinə çevrilən
məkan - Heydər Əliyev Fondu var. Ulu Öndərimiz həyatı boyu mərhəmət, xeyirxahlıq,
maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı oldu və sevinirəm ki, Heydər Əliyev
Fondu da bu dəyərləri artıq 15 ildir layiqincə dünyada təbliğ edir. Yəni Heydər
Əliyev irsinin yaşadığını, demək onun özünün də mənən yaşadığını hər gün sübut edir.
Hörmətli Mehriban xanım Əliyevanın səyləri, Ulu Öndərin irsinə olan dərin sevgisi
və bağlılığı nəticəsində xalqımız Heydər Əliyev Fonduna elə Heydər Əliyevin özü
kimi yanaşır, dar günündə çəkinmədən ora müraciət edir, ordan yardım istəyir, ordan
mədət umur.
Azərbaycanı belə bir ucalıqda görmək Heydər Əliyevin də
ən böyük arzusu idi. Əminik ki, nə qədər ki Azərbaycan var Heydər Əliyev ideyaları
da yaşayacaq, ölkəmizi və xalqımızı daha böyük zirvələrə, nailiyyətlərə aparacaq.
"AZƏRBAYCAN”