Tarix İnstitutu son 15 ildə
Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir.
İlham ƏLİYEV
Prezident İlham Əliyev "Abbasqulu Ağa Bakıxanov adına Tarix
İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 26 aprel 2012-ci
il tarixli sərəncamında Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəaliyyətini
yüksək qiymətləndirərək bu elmi-tədqiqat müəssisəsini "ölkəmizdə tarix üzrə araşdırmaların
mərkəzi” adlandırmışdır.
İnstitutun yaradıcı heyəti son 15 il ərzində birbaşa Prezident
İlham Əliyevin tariximizin taleyüklü problemləri ilə bağlı irəli sürdüyü təşəbbüslər,
çağırışlar və dövlət başçısının konkret tapşırıqları əsasında fəaliyyət göstərmişdir.
Ölkə başçısı öz çıxışlarında, akademiyadakı görüşlərində,
institut rəhbərliyinə verdiyi konkret tapşırıqlarda Tarix İnstitutu qarşısında başlıca
olaraq aşağıdakı istiqamətlərdə tədqiqatlar aparılması vəzifəsini qoymuşdur:
- Tariximizin bütün
dövrlərinin Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında tədqiq olunaraq xalqımıza
olduğu kimi çatdırılması;
- Azərbaycan tarix
elminin ayrı-ayrı dövrlərdə məqsədyönlü surətdə həyata keçirilmiş saxtalaşdırmalardan
və təhriflərdən təmizlənməsi;
- İlk növbədə Azərbaycanın
qədim dövlətçilik tarixini əks etdirən "Azərbaycan Tarixi Atlası”nın yaradılması;
- Xarici ölkələrdə
saxlanılan ilk mənbələrin, o cümlədən arxiv sənədlərinin ölkəyə gətirilməsi və bununla
Azərbaycan tarix elminin ilk mənbə bazasının genişləndirilməsi;
- Azərbaycan xalqına
qarşı həyata keçirilmiş soyqırımları və deportasiyalar tarixini Heydər Əliyevin
müəyyən etdiyi konsepsiya istiqamətləri əsasında daha dərindən araşdıraraq 26 Bakı
komissarının fəaliyyətinə düzgün elmi qiymət verilməsi və ölkəmizin müxtəlif bölgələrində
həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda elmi-tədqiqat əsərlərinin yazılması
və nəşr olunması;
- Erməni saxtakarlarının
"Arsax”la (erməni saxtakarları sak türkləri
ilə bağlı "Ərsak” terminini təhrif edərək və özününküləşdirərək "Arsax” kimi təqdim
edirlər) bağlı cızmaqaralarını ifşa edən mükəmməl Qarabağ tarixinin yazılması və
nəşr olunması;
- Ermənilərin Naxçıvanla
və bu bölgəmizin tarixi abidələri ilə bağlı heç bir elmi əsası olmayan uydurmalarına
qarşı ən qədim zamanlardan günümüzədək bütün dövrləri əhatə edən Naxçıvan tarixinin
yazılması;
- Azərbaycanın itirilmiş
torpaqlarının, o cümlədən İrəvan xanlığının tarixinin yazılması və milli tarixşünaslığımıza
daxil edilməsi;
- Tarixi Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Zəngəzurun mükəmməl tarixinin yaradılması;
- Azərbaycan Xalq
Cümhuriyyətinin tarixinə dair tədqiqatların genişləndirilməsi və ulu öndərin vəsiyyətinə
uyğun olaraq Xalq Cümhuriyyətinin tarixini əks etdirən ensiklopedik nəşrin hazırlanması.
Ölkə başçısının tarix elmimizin inkişafı ilə bağlı yuxarıda
göstərilən müdrik göstərişlərinin yerinə yetirilməsi mahiyyətcə xalqımızın hər cür
saxtalaşdırmalardan və təhriflərdən təmizlənmiş gerçək tarixinə sahib çıxmasının
təmin olunması demək idi. Tarix İnstitutu totalitar sovet rejiminin doğurduğu bütün
meyillərdən uzaqlaşaraq ölkənin mühüm azərbaycançılıq mərkəzinə çevrilməli idi.
Əlbəttə, bu, asan məsələ deyildi. Qarşıya qoyulmuş son dərəcə şərəfli və bir o qədər
də çətin vəzifələrin öhdəsindən gəlmək üçün bir tərəfdən tariximizin bütün dövrləri
və taleyüklü problemləri barədə bundan əvvəl yazılanlar saxtalaşdırmalardan təmizlənməli,
digər tərəfdən isə müstəqil təfəkkürlə vətənin hər bir dövrünün, hər bir elmi probleminin
yeni tarixi yazılmalı idi. Bu ağır problemlərin həlli zamanı, təbiidir ki, həm daxildə,
həm də xaricdə saxta konsepsiyalar əsasında tarix yazanların və onların tərəfdarlarının
müqaviməti ilə qarşılaşacağımız labüd idi...
Çətinliklərlə və maneələrlə dolu olan yeni yolu seçmək
və bu yoldan keçmək, əlbəttə, asan olmur. Tarix İnstitutu Prezident İlham Əliyevin
qətiyyətinə arxalanaraq tariximizi xalqa olduğu kimi çatdırmaq yolunu tutdu. İnstitutun
elmi-tədqiqat planları tamamilə dəyişdirildi. Ölkə başçısını narahat edən bütün
məsələlər elmi-tədqiqat planlarına daxil edildi. Müstəqillik təfəkkürü əsasında
yeni mövzu toplusu yaradıldı. Fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarının
mövzuları yeniləşdirildi. Əsaslı struktur islahatları keçirildi.
Bir sözlə, institutun tarixində yeni dövr başlandı: ulu
öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin konkret göstərişləri
əsasında Tarix İnstitutunun ölkənin mühüm azərbaycançılıq mərkəzinə çevrilməsi dövrü.
İlk uğur
Öz fəaliyyətində vacib dövlət tapşırıqlarını əsas tutan
institut az vaxt içərisində mühüm uğurlar qazandı. İnstitut ilk uğurlarından birinə
Ensiklopediyanın xüsusi "Azərbaycan” cildi hazırlanarkən imza atdı. 2004-cü ilin
aprelində tələm-tələsik təqdimat mərasimi keçirilərkən dövlət başçısı bu cildi kəskin
tənqid etmişdi.
Prezident Administrasiyasında dövlət başçısının rəhbərliyi ilə keçirilən müşavirədə bu sətirlərin müəllifi də söz alaraq tənqidi çıxış etmişdi. Bu müzakirədən sonra
hazırlanan yeni variantda da tariximiz lazımınca əks etdirilməmişdi. Azərbaycanın
ən qədim zamanlarından günümüzə qədər davam edən tarixinə cəmi 30 səhifəlik səthi material ayrılmışdı. İnstitutun təkidi ilə xüsusi "Azərbaycan”
cildinə tariximizlə bağlı nəzərdə tutulmuş 30 səhifə əvəzinə 220 səhifəlik mükəmməl Azərbaycan tarixi
oçerki əlavə olundu. İlk dəfə məhz həmin cildə 40-a qədər tarix xəritəsi daxil edildi. Xüsusi cild saxtalaşdırmalardan
və təhriflərdən təmizləndi. Bu, Tarix İnstitutunun vətənimizin tarixi keçmişini müstəqillik dövrünün azad təfəkkürü
ilə yenidən yazmaq yolunda atdığı ilk addım idi, daha doğrusu, ilk uğurumuz idi.
İlk "Azərbaycan Tarixi
Atlası”
İnstitut Prezidentin tapşırığına əsasən növbəti mühüm uğuruna
2007-ci ildə imza atdı. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərini əhatə
edən 55 xəritədən ibarət olan "Azərbaycan Tarixi Atlası”nı nəşr etdi. Bu, olduqca
mühüm elmi nailiyyət idi. Çünki ermənilər sovet dövründə tarixi Azərbaycan torpaqlarını
əhatə edən qondarma "Ermənistan dövləti”nin tarixinə dair dəfələrlə atlaslar buraxdıqları
halda Azərbaycan tarixi atlasının nəşr olunmasına imkan verməmişdilər. Bu istiqamətdə
edilən bütün cəhdlər nəticəsiz qalmışdı. Yeri gəlmişkən, ötən əsrin 60-cı illərində ilk Azərbaycan Ensiklopediyasının nəşrinə başlanılarkən
Baş redaktor Rəsul Rzanın təşəbbüsü ilə bununla bağlı ilk addım atılmışdı. O zaman
Ensiklopediyanın Azərbaycan tarixi redaksiyasının müdiri, sonralar isə elmi işlər
üzrə baş redaktor müavini olan bu sətirlərin müəllifi Rəsul Rzanın yaxından köməyi
ilə Kiyev Xəritə Fabrikində (bu müəssisə
SSRİ-də ermənilərin təsiri altında olmayan yeganə xəritə fabriki idi) Azərbaycan
tarixi xəritələrinin nəşrinə nail olmuşdu. Lakin Moskvadan və İrəvandan olan bədxahlarımız,
habelə onların əlaltıları olan daxildəki dönüklərdən ibarət antiazərbaycan qüvvələri
bu xəritələrin müstəqil "Azərbaycan Tarixi Atlası” halında nəşr olunmasına imkan
verməmişdilər.
Bu baxımdan Prezident
İlham Əliyevin yüksək dövlətçilik qayğısı sayəsində 2007-ci ildə ilk "Azərbaycan
Tarixi Atlası”nın işıq üzü görməsi tarixi nailiyyət idi. Məhz bu elmi uğur nəticəsində
2014-cü ildə dövlət başçımızın xeyir-duası ilə işıq üzü görən "Azərbaycanın Milli Atlası”nın nəşri üçün
çox gərəkli bir zəmin yaradılmış oldu. Milli atlasın ilk səhifələrinə Azərbaycan
tarixinə dair 70 xəritə daxil edildi.
Beləliklə, ölkəmizin qədim dövlətçilik tarixinin bütün mərhələləri xəritələrdə öz
əksini tapdı. Ermənilərin saxta xəritələri Azərbaycan tarixşünaslığında Cənubi Qafqaz
tarixinin elmi dövriyyəsindən çıxarıldı.
"Azərbaycan tarixi
ilk mənbələrdə” layihəsi və onun icrası
Tarix İnstitutu Prezidentin qarşıya qoyduğu tarixi vəzifələri
icra etmək üçün "Azərbaycan tarixi ilk mənbələrdə”
layihəsini hazırladı və onun icrasına başladı. Moskva, Sankt-Peterburq, İstanbul,
Ankara, Berlin, Paris, London, Dehli, Tiflis, Mahaçqala, Həştərxan və dünyanın digər
elmi mərkəzlərindən Tarix İnstitutuna minlərlə arxiv sənədi gətirildi. Bu sənədlərin
xeyli hissəsi artıq onlarla sənəd toplusu halında nəşr olunmuşdur. Həmin sənədlər
və sənəd topluları içərisində tariximizin taleyüklü problemlərini əhatə edən xanlıqlar
dövrü və ölkəmizin çar Rusiyası ilə Qacarlar İranı arasında bölüşdürülməsi ilə bağlı
sənədlər xüsusi yer tutur. İnstitut bu sənədlərin Azərbaycana gətirilməsini daim
diqqət mərkəzində saxlamışdır.
Bunun nəticəsidir ki, artıq xanlıqlar dövrünə, Azərbaycan
torpaqlarının bölüşdürülməsi və qanlı Qafqaz
müharibələrinə aid "Azərbaycan tarixi
arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cümhuriyyəti Başbakanlıq
Osmanlı Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin
əvvəlləri). Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri. II cild”;
"Azərbaycan tarixi arxiv sənədlərində. XVIII əsr. Rusiya Federasiyası Dağıstan Respublikası
Mərkəzi Dövlət Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX
əsrlər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Mərkəzi Dövlət
Tarix Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər).
II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Respublikası Elmlər
Akademiyasının Əlyazmalar fondunun sənədləri”; "Rossiə i Azerbaydjanskie xanstva
vo vtoroy polovine XVIII - naç. XIX vekov. Sbornik dokumentov), T. 1 (1751-1775
qq.)”; "Russkoəzıçnıe istoçniki po istorii Azerbaydjana pervoy polovinı XVIII veka
T. II (1726-1750 qq.)”; "Russkoəzıçnıe istoçniki po istorii Azerbaydjana pervoy
polovinı XVIII veka T. III (Prilojeniə)”; "Azerbaydjan v dokumentax qosudarstvennoqo
arxiva Astraxanskoy oblasti (Sbornik dokumentov), T.2 (1734-1744 qq.)”; "Azərbaycan
tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). I cild. Rusiya Dövlət Tarix Arxivinin
sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri).
II cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri” adlı onlarla sənəd toplusu və bu toplulara
daxil edilmiş yüzlərlə sənəd əlimizdədir.
Son iki yüz ilin
tarixi yenidən yazılır
Ölkəmizə gətirilmiş yuxarıda göstərilən nadir sənədlər
əsasında ulu öndərin "Son iki yüz ilin tarixi yenidən yazılmalıdır” göstərişi əsas
götürülərək geniş tədqiqat işlərinə başlandı. Təkcə tariximizin xanlıqlar dövrünə
aid 50-yə yaxın monoqrafiya və müxtəlif xarakterli
toplular nəşr olundu. Dövlət mükafatı laureatı, əməkdar elm xadimi T.T.Mustafazadənin
qiymətli monoqrafiyaları və nəşr etdirdiyi sənəd topluları Azərbaycan xanlıqlarının
tarixinə yeni elmi baxışın təşəkkülündə mühüm rol oynadı. İnstitutda aparılan tədqiqat
işləri Azərbaycanın həm Şimal, həm də Cənub xanlıqlarının tarixini əhatə etdi. Xanlıqlar
tarixinə fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyaları həsr olundu.
İnstitut xanlıqlar dövrünün tarixinin araşdırılmasında
da ən mühüm addımı Prezident İlham Əliyevin təşəbbüsü ilə atdı. Birbaşa Prezidentin qayğısı sayəsində "Qarabağ: real tarix, faktlar,
sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi fundamental tədqiqatlar işıq üzü
gördü. Ermənilərin Cənubi Qafqazın aborigen etnosu olmadığı və Azərbaycana çar Rusiyası
tərəfindən XIX əsrdə köçürülüb gətirildiyi sübuta yetirildi. Bununla sak türklərinin
tarixi ilə bağlı Ərsak yer adını saxtalaşdıran erməni cızmaqaraları, qədim oğuz
yurdu Naxçıvanla bağlı uydurmalar ifşa olundu. "İrəvan xanlığı” dünya dillərinə
tərcümə olunub yayıldı.
Bütün bunlar dövlət başçısının qətiyyəti sayəsində tarix
elminin qazandığı böyük uğurlardır. Dövlət başçısı bu mühüm elmi nailiyyətə görə
özünün 25 may 2012-ci il tarixli sərəncamı ilə Tarix İnstitutunun 13 nəfər əməkdaşını
(Y.M.Mahmudov, T.T.Mustafazadə, K.K.Şükürov, S.A.Məmmədov, G.C.Nəcəfli, G.N.Məmmədova,
H.N.Həsənov, İ.S.Məmmədov, V.V.Umudlu, İ.M.Məmmədova, S.M.Hacıyeva, N.R.Gözəlova) Dövlət mükafatına layiq gördü.
"Dünyanı bəzəyən
Abbasın tarixi”
2010-2014-cü illərdə institutun tarixində ilk dəfə olaraq
XVI-XVII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin
"Dünyanı bəzəyən Abbasın tarixi” adlı irihəcmli (159 ç.v.) əsəri farscadan tərcümə
olunaraq öz dilimizdə oxuculara təqdim olundu. Bu qiymətli ilk mənbənin tərcümə
olunması barədə qərar hələ 1996-cı ildə qəbul olunsa da, iş görülməyərək qalırdı.
Odur ki, iki kitabdan ibarət olan 2544 səhifəlik ilk mənbənin dilimizə çevrilməsi
ölkə başçısının qayğısı sayəsində qazanılmış böyük elmi uğurdur. Yeri gəlmişkən,
bu qiymətli ilk mənbəni çevirən professor Şahin Fərzəliyev XVI əsrdə yaşamış digər
böyük tarixçimiz Həsən bəy Rumlunun "Tarixlərin ən yaxşısı” əsərinin də farscadan
dilimizə çevrilməsini başa çatdırmışdır və həmin mənbə indi çapa hazırlanır. Bu
gün Tarix İnstitutunda "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi uğurla davam
etdirilməkdədir. Bununla belə, tarixçilərimiz artıq ölkəmizə gətirilmiş ilk mənbələr,
o cümlədən arxiv sənədləri əsasında tariximizin bütün dövrlərinin təhriflərdən və
saxtalaşdırmalardan təmizlənmiş gerçək mənzərəsini yarada bilərlər.
Soyqırımlarının tarixi:
institutun qarşısına qoyulan ən mühüm vəzifələrdən biri
Azərbaycan xalqına qarşı soyqırımları tarixinin dərindən
və hərtərəfli araşdırılması, 26 Bakı komissarı adlanan daşnak-bolşevik güruhunun
antiazərbaycan fəaliyyətinə düzgün elmi qiymət verilməsi dövlət başçısının Tarix
İnstitutu qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri idi.
Ulu öndər Heydər Əliyev özünün 18 dekabr 1997-ci il tarixli
"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından
kütləvi surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların
soyqırımı haqqında” sərəncamları ilə bu istiqamətdə aparılacaq tarixi tədqiqatların
konseptual əsasını müəyyən etmişdir. Dahi şəxsiyyət imzaladığı bu mühüm dövlət sənədləri
ilə əslində Azərbaycan tarix elmini yeni yola - müstəqillik yoluna çıxarmışdır.
Prezident İlham Əliyev ulu öndərin Azərbaycan tarixi ilə
bağlı müəyyən etdiyi konseptual elmi istiqaməti yaradıcılıqla daha da zənginləşdirdi
və qətiyyətlə davam etdirdi. Bu baxımdan dövlət başçısının 26 Bakı komissarına,
daha doğrusu, soyqırımı cəlladlarına məxsus məzarlığın şəhərin mərkəzindən - Sahil
bağından ümumşəhər qəbiristanlığına köçürülməsi barədə göstərişi müstəqillik dövrü
tariximizin çox mühüm hadisəsi kimi heç zaman yaddaşlardan silinməyəcəkdir. Prezident
bu müdrik və cəsarətli addımı ilə hər şeydən əvvəl xalqımızı onun qanını tökən cəlladların
"abidəsi” qarşısında səcdə etmək həqarətindən xilas etdi. Digər tərəfdən, cəsədlərin
köçürülməsi prosesində məzarlıqda 26 deyil, 23 cəsədin qalığı olduğu aşkar edildi.
Bu fakt sovet dövründə yazılmış tarix əsərlərinin nə qədər iyrənc saxtakarlıqlarla
və təhriflərlə dolu olduğunu bariz şəkildə sübut etdi. Bu baxımdan soyqırımı cəlladlarının
cəsədlərinin qalıqlarının ümumi qəbiristanlığa köçürülməsi Prezident İlham Əliyevin
öz xalqı qarşısında, Azərbaycan tarix elmi qarşısında misilsiz tarixi xidmətidir.
Məlum məzarlıqda 26 deyil, 23 cəsədin qalıqlarının aşkar
edilməsi Tarix İnstitutunda elmi şuranın müzakirəsinə çıxarıldı. Tədqiqatlar genişləndirildi.
Dünyanın müxtəlif ölkələrindən yeni sənədlər gətirildi. Daşnak cəlladı Stepan Şaumyanın
26-larla bir sırada güllələnmədiyi, onun 26-ların güllələnməsindən sonra 10 gün
ərzində Krasnovodsk həbsxanasında Anastas Mikoyanla birlikdə eyni kamerada yaşadığı,
bundan sonra hər iki məhbusun müəmmalı şəraitdə "yoxa çıxdığı” sübut olundu. Azərbaycan
tarix elmi sübuta yetirdi ki, Stepan Şaumyan bolşevik şineli geyinməsinə baxmayaraq,
"Daşnaksütyun” partiyasının rəhbərlərindən biri, həmin partiyanın Bakı komitəsinin
üzvü olmuşdur.
Tarix İnstitutu xalqımıza qarşı soyqırımları tarixini sistemli
şəkildə araşdırmaq üçün ayrıca Soyqırımları tarixi elmi tədqiqat şöbəsi və xüsusi
tədqiqat qrupu (Natiq Məmmədzadə, Güntəkin Nəcəfli, İlqar Niftəliyev, Kamran İsmayılov,
Vaqif Abışov, Nigar Maksvell, Rəşad Rüstəmov) yaratdı. Respublika Prokurorluğu işə
cəlb olundu. Nəticədə "Azərbaycan xalqına
qarşı 1918-ci il mart soyqırımı”. I cild; "Azərbaycan xalqına qarşı 1918-1920-ci
illər soyqırımı”. II cild, 1-ci kitab. Gəncə quberniyası; "Azərbaycan xalqına qarşı
1918-1920-ci illər soyqırımı”. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı;
"Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr” kimi qiymətli
sənəd topluları və ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımları tarixini
əhatə edən aşağıdakı tədqiqat əsərləri nəşr olundu: "İstoriçeskie faktı o deəniəx
armən na azerbaydjanskoy zemle”; "Historical facts of Armenians actions in Azerbaijan
land”; "Qenoüid azerbaydjanskoqo naroda 1918 qoda: orqanizatorı i palaçi”; Abışov
V.V. "Azərbaycanlıların soyqırımı (1917-1920-ci illər)”; "Vandalizm. Tarixi adlara
qarşı soyqırımı”; Qafarov V. "A törtenelem veres, elfelejthetetlen pillanatai "Qenecıdium”;
"Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”; Nəcəfli G.C. "1917-1918-ci illərdə
Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı” "(ATASE-nin sənədləri əsasında)”;
Nifteliev İ.V. "Qenoüid azerbaydjanüev v İrevanskoy qubernii (1918-1920)”; Nəcəfli
G.C. "1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin
türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı”; Gözəlova N.R. "Azərbaycan türk-müsəlman
əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində”; Mustafa N. "İrəvan
quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)”; Abışov V.V. "Bakıda
1918-ci il mart soyqırımı”; yenə onun "Şamaxı qəzasında Azərbaycan xalqına qarşı
soyqırımı”; və "Quba qəzasında türk-müsəlman soyqırımı”; Məmmədzadə N. "Qenoüid
azerbaydjanüev v Karabaxskom reqione Azerbaydjana (1918-1920)”; İsmayılov K.N.
"Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920)”; Əlibəyli H.C. "Birinci
Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı”; Mahmudov
Y.M. "Qenoüid turko-musulmanskoqo naseleniə Azerbaydjana v 1918-1920 qodax”; yenə
onun "Genocide of turkic-muslim population of Azerbaijan in 1918-1920” və s.
İnstitut xalqımıza qarşı soyqırımları ilə bağlı toplanmış
faktiki material əsasında xarici ölkələrin görkəmli alimlərinin iştirakı ilə Bakıda,
Şamaxıda, Gəncədə, Qubada, Lənkəranda, Qusarda 6 beynəlxalq soyqırımı konfransı
keçirdi. Qusarda keçirilən Beynəlxalq soyqırımı
konfransında dünya alimləri A.A.Bakıxanov adına Tarix İnstitutunun Deportasiyalar
və Soyqırımları Problemi üzrə Dünya Tarixçilərinin Əlaqələndirmə Mərkəzinin təsdiq
olunması barədə qərar qəbul etdilər. Bütün bu soyqırımı konfranslarına ölkəmizin
başçısı müraciətlər ünvanladı, Prezident Administrasiyasının məsul əməkdaşları bu
müraciətləri səsləndirdi.
Yeri gəlmişkən, xalqımıza
qarşı soyqırımları tarixinə dair yeni-yeni faktlar aşkar olunduqca Tarix İnstitutunu
"tarixi siyasiləşdirməkdə” qınayanlar da tapıldı. Belələrinin cavabını yenə Prezidentimiz
verdi: soyqırımları tarixinin dövlət səviyyəsində araşdırılması qərara alındı. Akademiyanın
prezidenti akademik A.A.Əlizadə soyqırımlarını araşdıran komissiyanın sədri, vitse-prezident
akademik İsa Həbibbəyli isə onun müavini təsdiq olundu.
Tarix İnstitutu xalqımıza qarşı həyata keçirilmiş soyqırımları
tarixini araşdırmaqda davam edir. Bu yolu ulu öndər başlamışdır. Bu yolu böyük cəsarət
və müdrikliklə Prezident İlham Əliyev davam etdirir. Tarixçilər isə onlara verilmiş
dövlət tapşırığını yerinə yetirərək və qarşılarına çıxan bütün maneələri dəf edərək
bu yolla irəliləməyi özlərinə şərəf borcu hesab edirlər.
(Ardı var)
Yaqub MAHMUDOV,
AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı
laureatı