29 Iyun 2022 16:54
822
Səfərlər

Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb  YENİLƏNİB

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını Aşqabadda salamlamaqdan məmnunluğunu bildirən Prezident Sərdar Berdiməhəmmədov Zirvə Toplantısına dəvəti qəbul edib iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. İlk sammitin 2002-ci ildə Aşqabadda keçirildiyini xatırladan Türkmənistan Prezidenti həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsasının qoyulduğunu vurğuladı. Sərdar Berdiməhəmmədov 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına toxundu, Xəzər dənizində nəqliyyat, gəmiçilik, sülhün, ekoloji təhlükəsizliyin qorunması, balıqçılıq, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması sahələrində əməkdaşlıq barədə bir çox müqavilə üzrə işin aparıldığını dedi. Xəzər dənizinin ümumi sərvət olduğunu deyən Türkmənistanın dövlət başçısı regionda səmərəli qarşılıqlı fəaliyyətin inkişafına verdiyi şəxsi töhfəsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

x x x

Dəvətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev, ilk növbədə Sərdar Berdiməhəmmədovu Türkmənistan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə şəxsən təbrik etdi, fəaliyyətində uğurlar arzuladı. Azərbaycan Prezidenti bununla bağlı Sərdar Berdiməhəmmədova məktub ünvanladığını və telefonla təbrik etdiyini məmnunluqla xatırladı. Dövlətimizin başçısı son vaxtlar Türkmənistanda əldə olunan davamlı inkişafın Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə də davam etdiriləcəyinə əminliyini bildirdi.

Zirvə Toplantısının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev 20 il əvvəl Xəzəryanı dövlətlərin sammitinin keçirilməsinin təşəbbüskarının Türkmənistanın olduğunu qeyd etdi və həmin sammitin Xəzərdə geniş və çoxtərəfli əməkdaşlığın əsasını qoyduğunu, Konvensiyanın imzalanmasının önəmini vurğuladı.

Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti bugünkü Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirdi. Xəzərin əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirdi, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğuladı.

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirdi ki, biz bu əlaqələri yüksək qiymətləndiririk. Prezident İlham Əliyev gələcəkdə dövlətlərarası əlaqələrimizin səviyyəsini daha yüksəyə qaldırmaq üçün Prezident Sərdar Berdiməhəmmədov ilə ikitərəfli formatda da fəal işin aparılacağına əminliyini ifadə etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video