26 Aprel 2024 09:50
308
Mədəniyyət
A- A+

"Türk çələngi" pedaqoji fikir tariximizin aynasıdır 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin "Türk çələngi" kitabının yeni nəşrinin təqdimat mərasimi keçirilib.
 Kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva tərəfindən transfoneliterasiya olunub.
Şair, nasir, dramaturq, tərcüməçi və ictimai xadim A.Şaiq həm də ömrünün qırx ilə yaxın bir dövrünü xalqının maariflənməsinə, mədəni inkişafına həsr etmiş böyük pedaqoq olub. Pedaqoji fəaliyyətinin ilk illərində ana dilində material qıtlığı ilə üzləşən A.Şaiq dərslik tərtib etmək üçün əsərlər yazıb, tərcümələr edib, folklor materialları toplayıb və  ədəbiyyat tarixini araşdırıb. Ədib 11 adda 30-a qədər dərslik tərtib edib: "Gülzar", "Gülşəni-ədəbiyyat", "Türk ədəbiyyatı", "Qiraət kitabı", "Ədəbiyyat dərsləri" (H.Cavidlə birlikdə), "Ədəbiyyatdan iş kitabı" və sairə. 
Abdulla Şaiq "Türk çələngi" kitabını vahid, mənəvi, bölünməz Turan ideyasının əsasının qoyulduğu, bu istiqamətdə bütün türksoylu xalqların ümumi mübarizəsinin alovlandığı bir dövrdə, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində dərc etdirib.  Bir əsrə yaxındır qarşısı alınan, hər cür  müqavimətlə qarşılaşan bu ittifaqın - türk birliyinin aktual olduğu bir dönəmdə, müasir dövrümüzdə "Türk çələngi" kitabının latın qrafikalı Azərbaycan əlifbasında nəşr olunmasının həm oxucular, həm də mütəxəssislər üçün böyük əhəmiyyəti var. A.Şaiq şəxsiyyətinin hərtərəfli öyrənilməsi, yaradıcılığının ideya təmayüllərinin müəyyənləşdirilməsi baxımından da kitab çox gərəklidir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Mehman Həsənli təqdimat mərasimində qeyd edib ki, Abdulla Şaiq Azərbaycanın müstəqillik ideyalarının formalaşmasına töhfə verənlərdən biri olub, maarifçilik tarixində çox böyük rol oynayıb. İlk dəfə Xalq Cümhuriyyəti dövründə nəşr olunan "Türk çələngi" dərsliyi müasir Azərbaycanın müstəqillik dövründə yenidən nəşr olundu. Kitabda toplanan nümunələr müstəqil Azərbaycan ideyaları, onun hədəfləri baxımından mühüm rol oynayır. Üçrəngli bayrağımızdakı rənglərin mənaları kitabda öz əksini tapıb. 
Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə qonaqları salamladıqdan sonra qeyd edib ki, Abdulla Şaiqin varisi, muzeyi yaradan Kamal Talıbzadə hər bir işə alim baxışı ilə elmi tərəfdən yanaşıb ki, biz də bu ənənələri uğurla davam etdiririk. "Türk çələngi" kitabının maarif sahəsindəki rolu əvəzsizdir. 
Filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva çıxışında 1923-cü ildə Azərbaycana dəvət almış böyük türk alimi İsmayıl Hikmətin Abdulla Şaiqi mələyə bənzətdiyini vurğulayaraq, alimin ədibə həsr etdiyi şeiri səsləndirib. Qeyd edib ki, dəyişən siyasi, ictimai mühitdə dəyişməyən insan Abdulla Şaiq şəxsiyyəti olub. Görkəmli tənqidçi Yaşar Qarayev çox yerində demişdi: "Abdulla Şaiq şair ikən müəllim, müəllim ikən şairdir".
Kitabın redaktoru filologiya elmləri doktoru, professor İslam Qəribli çıxış edərək deyib ki, "Türk çələngi"ni səhifə-səhifə oxuyub. Kitabın dilində bir qədər çətinliyin olmağının səbəbi odur ki, Abdulla Şaiq kitabda əksini tapan materialları Anadolu və Krım türklərinin dilində olduğu kimi saxlayıb. Sanki müəllif qarşısına məqsəd qoyub ki, ortaq türk dili yaransın. 
Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı kitaba görə Arzu xanıma təşəkkür etdi. Bildirdi ki, bu cür əsərlərin yenidən nəşr olunması çox müsbət haldır: "Türk çələngi" oxucularına vətən torpağının müqəddəsliyini aşılayır. Dərslik pedaqoji fikir tariximizi öyrənmək baxımından da olduqca qiymətlidir. 
Təqdimat mərasimində professor Asif Rüstəmli, professor Tahirə Məmmədova, filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə, filologiya elmləri doktoru, dosent Eşqanə Babayeva və başqaları çıxış ediblər. 
Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə sonda tədbirin keçirilməsində rolu olan hər kəsə dərin minnətdarlığını  bildirib. 

 V.MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video