01 May 2024 08:05
176
SİYASƏT
A- A+

Azərbaycan növbəti beynəlxalq tədbirə evsahibliyi edir

 

Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.
Müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizin  milli-mədəni həyatında  yeni mərhələnin əsası qoyuldu. Son 30 il ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələri daha da möhkəmlənib.
Son illərin ən böyük tarixi reallıqlarından biri də ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqətçəkir. Bu da təsadüfi deyil. Çünki bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və bu sahədə mövcud olan ənənələrini nümunə kimi qəbul edir.
Mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirəndə aydın olur ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevrilib, eyni zamanda qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülüb.
Tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Ölkəmizdə müxtəlif dinlərə məxsus bütün dini abidələr dövlət tərəfindən mühafizə edilib, dini adət-ənənələr inkişaf etdirilərək qorunub saxlanılıb. Dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir.
Şuşada yeni məscidin təməlinin qoyulması, Gövhər ağa məscidinin bərpası və bunun ardınca Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin bərpa edilmiş Qəbələdə Müqəddəs Məryəm Ana Alban kilsəsində, Müqəddəs Yelisey adına Cotari kilsəsində olmalarını  dövlət səviyyəsində tarixi  dəyərlərə  münasibətin göstəricisi hesab etmək olar.
2015-ci il mayın 18-də "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mədəni müxtəlifliyi ilə qürur duyduğunu demişdir: "Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik".
Bu gün dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişafı məsələləri olduqca aktuallaşıb. Birmənalı olaraq iftixarla qeyd edə bilərik ki, dünya ictimaiyyəti Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər ölkəmizin bu sahədəki uğurlu təcrübəsini öyrənir.
Azərbaycanın tarixi mədəni müxtəlifliklə zəngindir və bu gün həmin tarixi irs əsasında respublikamız dünyaya mədəniyyətlərarası dialoqun müxtəlif ölkələri yaxınlaşdırmağın, fərqli mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir.
2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan "Bakı Prosesi" mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş "Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından son dərəcə önəmlidir. Ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində görülən tədbirlərin davamı olaraq mayın 1-dən 3-dək dövlət xadimlərinin, parlament rəhbərlərinin, dini liderlərin, alimlərin, jurnalistlərin və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərin iştirakı ilə ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Üç gün davam edəcək forumda 12 panel müzakirə və 4 plenar sessiya çərçivəsində  təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Eyni zamanda forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili, Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulub. Bu, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətini verəcək.
Azərbaycan islam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Milli mədəniyyətimizdə islam dəyərlərinin əhəmiyyətli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında bu dəyərlərin əvəzsiz rol oynaması, xalqımızın islam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün "İslam Mədəniyyətinin Paytaxtı" elan olunub. Eyni zamanda İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı da Bakıda keçirilib.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər qlobal arenada Azərbaycanın nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və respublikamızı dünyaya mədəniyyətləri qovuşduran məkan kimi təqdim edir.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video