Mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı Avropanın siyasi həyatında mühüm hadisə oldu. Prezident İlham Əliyevin bu sammitə dəvət olunması, dövlət başçısının Zirvə toplantısında iştirakı və keçirdiyi görüşlər ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı bildirib ki, dünya nizamının dəyişdiyi bir şəraitdə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısının keçirilməsi Avropanın siyasi və iqtisadi prioritetləri ətrafında dialoq və əməkdaşlığın gücləndirilməsinə xidmət edir: "Təsadüfi deyil ki, Zirvə toplantısında müzakirə olunan məsələlərdən biri Avropanın yeni dünya kontekstində lider mövqe tutması mövzusuna həsr olunmuşdu. Son dövrlərdə siyasi qütblər arasında ziddiyyətlərin kəskinləşməsi və ya onlar arasında münasibətlərin yeni məzmun alması Avropanı, xüsusən Avropa İttifaqını dərindən düşündürür və narahat edir. Avropanı təmsil edən 50-yə yaxın ölkədən dövlət və hökumət başçısının Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfər etməsi bu məsələyə olan böyük maraqdan xəbər verirdi. Prezident İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə yanaşı, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirakı göstərir ki, Azərbaycanın regional və qlobal proseslərdə iştirakı və ya bu proseslərə təsiri Avropa İttifaqı tərəfindən maraqla qarşılanır, eyni zamanda düzgün dəyərləndirilir".
Son bir neçə ildə Avropa İttifaqının Azərbaycanla münasibətlərin sərinləşməsinə gətirib çıxaran addımlar atdığını xatırladan deputat qeyd edib ki, xüsusən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bu qurumun Ermənistanı müdafiə edən mövqe ortaya qoyması, Ermənistan tərəfində müşahidə missiyası adı altında həyata keçirdiyi "binokl diplomatiyası" əlaqələrdə soyuqluq yaradıb. Bu məsələdə əsas rolu Avropa İttifaqının əvvəlki administrasiyasının Azərbaycana qarşı ədalətsiz münasibəti oynayıb.
M.Qurbanlı vurğulayıb ki, dəyişikliklərə məruz qalan dünya nizamı Avropa İttifaqını bu cür siyasi fəaliyyətdən imtinaya vadar edir: "Hazırda özünün iqtisadi və enerji təhlükəsizliyi ətrafında daha çox düşünməyə məcbur olan Avropa İttifaqının yeni administrasiyası bu məsələlərdə Azərbaycanla tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini, Ermənistanın isə Avropanın maraqları baxımından heç bir rol oynamadığını başa düşür. Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinin də əsas səbəbi bu idi".
Siyasətçi bildirib ki, Prezident İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə görüşündə də Azərbaycanla tərəfdaşlığa verilən önəm aydın ifadə olunub. Həm Antonio Koşta, həm də Ursula fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin, xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər. Bununla yanaşı, Azərbaycanın Orta dəhlizdə aparıcı rolu, regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da ifadə olunub. Bütün bunlar bir daha göstərir ki, Avropa İttifaqı Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq siyasətinin həyata keçirilməsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu anlayır. Bundan çıxış edərək Avropa İttifaqı həm də Azərbaycanı regionun lideri, Prezident İlham Əliyevi isə həm Cənubi Qafqaz regionunda, həm də qlobal səviyyədə gedən proseslərə təsir edə bilən siyasi lider kimi qəbul edir. Cənab İlham Əliyevin Zirvə toplantısı zamanı Avropanın siyasi liderləri ilə səmimi görüşləri də deyilənlərin təsdiqi sayıla bilər. Bütün bu görüşlərdə Prezident İlham Əliyevə göstərilən yüksək ehtiramın şahidi olduq.
M.Qurbanlı qeyd edib ki, bütövlükdə, "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı Azərbaycanın çoxvektorlu xarici siyasəti ilə beynəlxalq səviyyədə nüfuzlu və ehtiram göstərilən dövlətə çevrildiyini bir daha təsdiqlədi. Ona görə Avropa İttifaqı da özünün siyasi və iqtisadi arxitekturasında Azərbaycanla tərəfdaşlığa önəm verir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"