Tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu Azərbaycan Şərqlə Qərb arasında fərqli dini və mədəni ənənələrin qarşılıqlı əlaqədə olduğu məkan kimi formalaşıb. İslamla yanaşı, xristianlıq və yəhudilik də ölkənin tarixi-mədəni irsində mühüm yer tutur. Bu müxtəliflik əsasında formalaşan tolerantlıq və multikulturalizm ənənəsi bu gün də Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu kontekstdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır. İllər ərzində əməkdaşlıq siyasi və dini dialoqdan mədəni irsin qorunmasına, elmi və səhiyyə layihələrinə, eləcə də dinlərarası və mədəniyyətlərarası əməkdaşlığa qədər genişlənib. Azərbaycanın Vatikandakı xristian irsinin qorunması və bərpasına verdiyi töhfələr də bu əlaqələrin fərqləndirici istiqamətlərindən birinə çevrilib.
AZƏRTAC Azərbaycan–Müqəddəs Taxt-Tac münasibətlərinin əsas istiqamətlərinə və müxtəlif sahələrdə inkişaf dinamikasına nəzər salır.
Heydər Əliyev və II İohann Pavel: münasibətlərin siyasi-mənəvi əsası
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Münasibətlərin siyasi, humanitar və mənəvi məzmununun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub. Onun 1997-ci il sentyabrın 24–27-də Vatikana rəsmi səfəri münasibətlərin inkişafında mühüm mərhələ təşkil edib. Səfər zamanı Roma Papası II İohann Pavel ilə görüşdə Azərbaycanda dini etiqad azadlığı, müxtəlif konfessiyaların fəaliyyəti və tolerantlıq mühiti ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın ərazi bütövlüyü məsələsi də müzakirə olunub. Bu səfər Azərbaycanı Müqəddəs Taxt-Tac üçün yalnız müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkə kimi deyil, müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı, Şərqlə Qərbin qovuşduğu dövlət kimi təqdim edən siyasi dialoqun möhkəmlənməsinə xidmət edib.
Bu xəttin mühüm davamı 2002-ci il mayın 22-23-də II İohann Pavelin Azərbaycana tarixi səfəri oldu. Prezident Heydər Əliyevin dəvəti ilə baş tutan səfər diplomatik münasibətlərin 10-cu ildönümünə təsadüf edib. Papa Prezident Heydər Əliyevlə, siyasət, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də dini icmaların rəhbərləri ilə görüşüb. Heydər Əliyev dövründə formalaşan siyasi dialoq sonrakı illərdə dövlətlərarası münasibətlərlə yanaşı, dini müxtəliflik, qarşılıqlı hörmət və tolerantlıq sahəsində əməkdaşlığın inkişafına da zəmin yaradıb.
Siyasi dialoqdan institusional əməkdaşlığa
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri daha sistemli və institusional xarakter alıb. Prezident İlham Əliyev 2005-ci il fevralın 26-da, 2015-ci il martın 6-da və 2020-ci il fevralın 22-də Müqəddəs Taxt-Taca səfərlər edib. 2015-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Roma Papası Fransisklə görüşüblər. 2020-ci ildə Prezident Roma Papası Fransisk və Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolinlə görüşüb.
Müqəddəs Taxt-Tacın yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri də siyasi və dini dialoqun davamlılığını təmin edib. Dövlət katibi kardinal Tarsisio Bertonenin 2008-ci ildə Azərbaycana səfəri, eləcə də sonrakı illərdə yüksəksəviyyəli nümayəndələrin qarşılıqlı təmasları bu münasibətlərin institusional əsaslarını möhkəmləndirib.
Katolik icması və dini etiqad azadlığı
Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərinin mühüm istiqamətlərindən biri Azərbaycandakı katolik icmasının fəaliyyəti və onun hüquqi statusunun təmin edilməsidir.
Bakının ilk katolik kilsəsi 1912-ci ildə inşa edilib, sovet hakimiyyəti dövründə dağıdılıb. Müstəqillik illərində kilsənin yenidən inşasına qərar verilib və Müqəddəs Məryəm Ana Katolik Kilsəsinin yeni binası 2008-ci ildə istifadəyə verilib. Açılış mərasimində Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Tarsisio Bertone iştirak edib.
2011-ci ilin aprelində Azərbaycanla Müqəddəs Taxt-Tac arasında “Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş” imzalanıb. Ratifikasiya sənədləri həmin il iyulunda Vatikanda mübadilə edilib və saziş qüvvəyə minib.
Saziş Katolik Kilsəsinin hüquqi şəxs kimi tanınmasını, dini etiqadın sərbəst həyata keçirilməsini və kilsənin anoenik qaydalara uyğun fəaliyyət göstərməsini təmin edib. Eyni zamanda, sənəddə Katolik Kilsəsinə digər dini icmalar qarşısında xüsusi imtiyaz verilmədiyi qeyd olunub.
Azərbaycanın katolik icmasına dövlət dəstəyi son illərdə də davam edib. 2026-cı il yanvarın 7-də imzalanmış Prezident Sərəncamı ilə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasına 400 min manat maliyyə yardımı ayrılıb. Eyni Sərəncam çərçivəsində digər dini icmalara da maliyyə dəstəyi göstərilib.
Vatikanın xristian irsinin qorunması
Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığını fərqləndirən əsas cəhətlərdən biri Azərbaycanın Vatikandakı xristian irsinin qorunması və bərpasına verdiyi töhfələrdir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Roma katakombaları, Vatikan muzeyləri, Vatikan Apostol Kitabxanası, Müqəddəs Pyotr və Müqəddəs Pavel bazilikalarında bir sıra layihələr həyata keçirilib. 2012-ci ildə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında Roma katakombalarının bərpasına dair saziş imzalanıb. Bu çərçivədə Müqəddəs Marçellino və Pietro katakombalarının bərpası həyata keçirilib və 2016-cı ildə layihənin açılışı keçirilib.
Növbəti mərhələdə Müqəddəs Sebastian katakombalarında bərpa işləri aparılıb və 2018-ci ildə layihə başa çatdırılıb. Bu layihələr Azərbaycanın xristian irsinin qorunmasına verdiyi töhfənin beynəlxalq səviyyədə diqqətçəkən nümunələrinə çevrilib.
2019-cu ildən etibarən Müqəddəs Pyotr Bazilikasında da bərpa layihələri həyata keçirilib. Həmçinin Müqəddəs Pavel Bazilikasında tarixi mərmər örtüklərin və dekorativ elementlərin qorunması ilə bağlı işlər aparılıb. 2026-cı ilin aprelində isə Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında bazilikada yeni bərpa işlərinə dair daha bir müqavilə imzalanıb. Yeni layihə dörd heykəlin bərpasını nəzərdə tutur.
2025-ci ilin oktyabrında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışı olub. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası Azərbaycan tərəfinin əvvəlki Marçellino və Pietro, eləcə də Müqəddəs Sebastian katakombaları layihələrinə verdiyi töhfəni də xüsusi qeyd edib.
Bu layihələr göstərir ki, Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığı dini mənsubiyyət çərçivəsində qalmır, ümumbəşəri mədəni və dini irsin qorunmasını da əhatə edir.
Azərbaycan irsi Vatikan muzeyləri və kitabxanasında
2012-ci ilin noyabrında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Vatikan muzeylərində Azərbaycanın diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş “Azərbaycanın zəngin incilərinə tarixi baxış” sərgisi açılıb. Ekspozisiyada Azərbaycanın müxtəlif dövrlərinə aid arxeoloji materiallar, silahlar, zərgərlik nümunələri, mis qablar, musiqi alətləri, xalçalar, əlyazmalar və müxtəlif dinlərə aid müqəddəs kitablar nümayiş etdirilib.
Əməkdaşlığın digər mühüm istiqaməti Vatikan Apostol Kitabxanasıdır. 2014-cü ildə Heydər Əliyev Fondu ilə Kitabxana arasında əlyazmaların bərpası və rəqəmsallaşdırılmasına dair saziş imzalanıb. Fondun dəstəyi ilə Azərbaycan tarixi və mədəniyyəti baxımından əhəmiyyətli əlyazmalar bərpa və rəqəmsallaşdırılıb. Bir sözlə, əməkdaşlıq yalnız sərgi və mədəni tədbirlərlə məhdudlaşmayaraq, tarixi mənbələrin qorunması, rəqəmsallaşdırılması və elmi tədqiqi istiqamətində də inkişaf edib.
2026-cı ildə elmi və arxiv əməkdaşlığının yeni mərhələsi
Azərbaycan ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında uzun illərdir inkişaf edən əməkdaşlıq 2026-cı ilin iyununda yeni mərhələyə keçib.
İyunun 24-27-də arxiyepiskop Covanni Çezare Paqatzinin rəhbərlik etdiyi Vatikan nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Nümayəndə heyətində Vatikan Apostol Kitabxanasının prefekti don Mauro Mantovani və Apostol Arxivinin prefekti ata Roko Ronzani də yer alıblar. Səfər çərçivəsində Azərbaycan tərəfi ilə tarixi və mədəni irsin qorunması, əlyazmaların və arxiv materiallarının mühafizəsi, elmi tədqiqatların genişləndirilməsi və yeni birgə layihələr müzakirə olunub. Nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasını, Əlyazmalar İnstitutunu və Milli Kitabxananı da ziyarət edib. Bu təmaslar əməkdaşlığın artıq yalnız Vatikandakı irsin qorunması ilə deyil, Azərbaycanın yazılı irsinin öyrənilməsi və rəqəmsal mühafizəsi ilə də qarşılıqlı xarakter aldığını göstərir.
Dinlərarası və mədəniyyətlərarası dialoq
Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərində son illərdə dinlərarası dialoq ayrıca institusional istiqamətə çevrilib. 2025-ci ilin iyulunda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqini, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsini, təcrübə və məlumat mübadiləsini, birgə tədbirlərin keçirilməsini və dini təhsil sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu istiqamət 2026-cı ildə də inkişaf edib. Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti kardinal Corc Ceykob Kuvakad iyun ayında Azərbaycanda səfərdə olub və iyunun 16-da Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan–Müqəddəs Taxt-Tac münasibətləri, qarşılıqlı səfərlər və dinlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.
Kardinal Kuvakadın səfəri zamanı Azərbaycanın müxtəlif dini icmalarının nümayəndələri ilə görüşlər keçirilib, ölkənin dini-mədəni müxtəlifliyi ilə tanışlıq olub. Tərəflər qarşılıqlı hörmətə, tolerantlığa və dinlərarası dialoqa əsaslanan əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Əminliklə deyə bilərik ki, yüksək səviyyəli siyasi və dini təmaslar yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşmaya və əməkdaşlığın təşviqinə də xidmət edir.
Humanitar əməkdaşlıq: elmdən səhiyyəyə
Əməkdaşlığın yeni istiqamətlərindən biri səhiyyə sahəsidir. Belə ki, 2025-ci il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika, fərdiləşdirilmiş tibbi yanaşma, elmi-tədqiqat fəaliyyəti və tibb mütəxəssislərinin hazırlanması kimi istiqamətləri əhatə edir.
Bu əməkdaşlıq göstərir ki, Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri mədəni irs və dini dialoqla yanaşı, elm və səhiyyə kimi praktik humanitar sahələrə də yayılıb.
Heydər Əliyev Fondunun Vatikandakı layihələrində Mehriban Əliyevanın rəhbərliyi xüsusi yer tutur. Onun səfərləri də əməkdaşlığın siyasi və humanitar çərçivəsinin genişlənməsinə təsir göstərib. 2025-ci il oktyabrın 16-17-də Vatikana rəsmi səfəri zamanı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası XIV Leo, Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin və digər yüksəksəviyyəli rəsmilərlə görüşüb. Görüşlərdə Fondun bərpa layihələri, elmi araşdırmalar, mədəni mübadilə, Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti və Bakıda ikinci Katolik Kilsəsinin tikintisi ilə bağlı hazırlıq işləri müzakirə olunub. Roma Papası XIV Leo Azərbaycanın bu əməkdaşlığının dinlərarası və sivilizasiyalararası dialoqa töhfəsini xüsusi vurğulayıb.
Həmin səfər zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı da keçirilib. Bununla diplomatik təmsilçilik daha da möhkəmləndirilib. Bakıda ikinci Katolik Kilsəsinin tikintisi də münasibətlərin gələcəyə yönələn istiqamətlərindən biridir. 2025-ci ilin oktyabrında Roma Papası XIV Leo bu layihə üçün torpaq sahəsinin ayrılmasına görə Prezident İlham Əliyevə təşəkkürlərini çatdırıb. 2026-cı ilin mayında isə Prezident İlham Əliyev yeni katolik kilsəsinin təməlinin qoyulmasını Azərbaycandakı dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinin nümunəsi kimi qiymətləndirib.
Diplomatik əlaqələrdən daimi təmsilçiliyə
Azərbaycanın Müqəddəs Taxt-Tacla münasibətlərində mühüm mərhələlərdən biri səfirliyin yaradılması olub. 2021-ci il noyabrında Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin təsis edilməsi ilə bağlı qərar qəbul edilib. Səfirlik 2022-ci ildə fəaliyyətə başlayıb və İlqar Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacdakı ilk rezident səfiri təyin edilib. 2023-cü il yanvarında o, etimadnaməsini Roma Papası Fransiskə təqdim edib. Ötən ilin oktyabrında isə səfirliyin inzibati ofisinin rəsmi açılışı keçirilib.
Bu mərhələ 1992-ci ildə qurulan diplomatik münasibətlərin daha möhkəm və daimi institusional əsas üzərində inkişaf etdiyini göstərir.
İrs sərhəd tanımır
Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərini fərqləndirən əsas cəhətlərdən biri əməkdaşlığın dini mənsubiyyət çərçivəsində qalmamasıdır. Müsəlman əhalinin üstünlük təşkil etdiyi Azərbaycanın Vatikandakı xristian irsinin qorunmasına verdiyi töhfələr ölkənin tolerantlıq və multikulturalizm ənənəsinin beynəlxalq səviyyədə təqdimatına da xidmət edir. Eyni zamanda, Azərbaycanın mədəni irsinin Vatikan muzeylərində nümayiş etdirilməsi, əlyazmaların bərpası və rəqəmsallaşdırılması iki tərəf arasında mədəni və elmi əlaqələrin qarşılıqlı xarakter aldığını göstərir. Katakombaların, bazilikaların və digər tarixi abidələrin bərpası, Vatikan Apostol Kitabxanası və Apostol Arxivi ilə əməkdaşlıq, “Bambino Gesu” xəstəxanası ilə səhiyyə tərəfdaşlığı və dinlərarası dialoq üzrə memorandum münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir. 2026-cı ilin iyununda həm Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti kardinal Corc Ceykob Kuvakadın, həm də Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin Azərbaycana səfərləri bu əməkdaşlığın iki mühüm istiqamətini, - dinlərarası dialoq və elmi-mədəni irsin qorunmasını, - eyni dövrdə ön plana çıxarıb.
Vatikan bağlarında Azərbaycanın hədiyyəsi olan nar ağacının əkilməsi də münasibətlərin simvolik ifadələrindən birinə çevrilib. Nar Azərbaycan tərəfindən həyat, ailə bütövlüyü, bolluq və məhsuldarlıq rəmzi kimi təqdim olunub.
Qısacası, Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərinin inkişafını bir neçə əsas mərhələyə bölmək mümkündür: 1992-ci ildə diplomatik əlaqələrin qurulması, 1997-ci ildə Heydər Əliyevin Vatikana səfəri ilə siyasi və mənəvi dialoqun möhkəmlənməsi, 2002-ci ildə II İohann Pavelin Azərbaycana səfəri ilə əlaqələrin genişlənməsi, Prezident İlham Əliyevin rəhbərliyi dövründə hüquqi və institusional bazanın gücləndirilməsi, Heydər Əliyev Fondunun mədəni irs layihələri və son illərdə əməkdaşlığın dinlərarası dialoq, elm, səhiyyə və humanitar sahələrə yayılması.
Bu mənzərədə Ulu Öndər Heydər Əliyevin 1997-ci il Vatikana səfəri münasibətlərin siyasi və mənəvi əsaslarının möhkəmlənməsində mühüm mərhələdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə həmin xətt diplomatik və hüquqi mexanizmlərlə inkişaf etdirilib. Heydər Əliyev Fondunun fəaliyyəti isə münasibətləri konkret bərpa layihələri, elmi tədqiqatlar və humanitar təşəbbüslərlə zənginləşdirib. Nəticədə Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri yalnız diplomatik təmasların məcmusu deyil, dini etiqad azadlığı, katolik icmasının fəaliyyəti, tolerantlıq və dinlərarası dialoq, mədəni və dini irsin qorunması, tarixi yaddaşın rəqəmsallaşdırılması, elm və səhiyyə əməkdaşlığını əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib.
2026-cı ildə yeni bərpa layihələrinin həyata keçirilməsi, Bakıda ikinci Katolik Kilsəsinin tikintisi istiqamətində işlərin davam etməsi, dinlərarası dialoqun institusional səviyyədə genişlənməsi və Apostol Kitabxanası ilə əməkdaşlığın yeni mərhələyə keçməsi bu münasibətlərin formalaşmış diplomatik ənənədən daha geniş humanitar və mədəni tərəfdaşlığa doğru inkişaf etdiyini göstərir.