23 Sentyabr 2022 10:34
233
İDMAN

Azərbaycan millisi UEFA Millətlər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

 

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunda Slovakiya yığmasının qonağı olub.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılan matçda Slovakiya millisinin start heyətində Marek Rodak, Lübomir Şatka, Kristian Vallo, Laslo Beneş, Robert Bojenik, Milan Şkrinyar, David Qantsko, Martin Reqali, Erik Yirka, Matuş Bero və Stanislav Lobotka yer alıblar.

Azərbaycan yığmasının heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Riçard Almeyda və Ozan Can Kökçü çıxıblar.

Şotlandiyalı baş hakim Uilyam Kollamın idarə etdiyi matçın 16-cı dəqiqəsində Renat Dadaşov, 32-ci dəqiqəsində isə Riçard Almeyda hesabı açmağa yaxın olsalar da, zərbələrində dəqiqlik çatmayıb. Əzmkar oyun nümayiş etdirən yığmamız 44-cü dəqiqədə istəyinə nail olub. Belə ki, Ozan Can Kökçünün ötürməsini Renat Dadaşov baxımlı qolla tamamlayıb. Beləliklə, Azərbaycan yığması fasiləyə minimal hesablı üstünlüklə yollanıb – 1:0.

İkinci hissəyə Slovakiya millisi daha fəal başlayıb. Qarşılaşmanın 58-ci dəqiqəsində Laslo Beneş, 65-ci dəqiqədə Kristian Vallo, 70-ci dəqiqədə David Hantsko hesabı bərabərləşdirməyə yaxın olublar. Ancaq rəqib son dəqiqələrdə buna nail olmağı bacarıb. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Erik Yirka penaltini dəqiq yerinə yetirərək, tarazlığı bərpa edib. Buna baxmayaraq, Azərbaycan millisi inamlı oyun nümayiş etdirərək 2 dəqiqə sonra qələbə qolunu vura bilib. Höccət Haqverdi künc zərbəsindən sonra topu qapıdan keçirib.

Beləliklə, görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu səfər qələbəsi yığmamıza C Liqasında yerini təmin etmək imkanı verib.

Matçda millimizin yarımmüdafiəçisi Riçard Almeyda cəzalı duruma düşüb. Buna futbolçunun oyunda sarı vərəqə görməsi səbəb olub. Cari mövsümdə ikinci dəfə xəbərdarlıq alan futbolçu növbəti – Qazaxıstan millisinə qarşı görüşü buraxacaq.

Slovakiya ilə matçda Renat Dadaşov Azərbaycan millisində qol hesabını açıb. Futbolçu özünün yığmadakı 17-ci matçında ilk qolunu vurub. O, yığma tarixinə qol sevinci yaşayan 65-ci oyunçu kimi düşüb. Bu görüşədək 64 futbolçumuz rəqib qapısına yol tapıb.

Ozan Can Kökçü əsas komandamızda debüt edib. Futbolçu yığma tarixinə 259-cu kimi düşəcək. Bunadək 282 matça çıxan millidə 258 futbolçu forma geyinib. Bu, 2022-ci ildə ikinci debütdür. Daha əvvəl Qismət Alıyev millidə debüt imkanı qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də altıncı - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 13 xalla qrup lideri kimi B Liqasına vəsiqə qazanıb. Hesabında 7 xalla olan Azərbaycan millisi turnir cədvəlində ikinci pilləyə yüksəlib. Slovakiya 6 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video