Mayın 29-da Azərbaycanın Keniya Respublikasındakı səfiri Sultan Hacıyev ilə Keniya Milli Assambleyasının sədri Moses Vetangula arasında görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə səfir Sultan Hacıyev iki ölkə arasında son 20 ildə formalaşan dostluq münasibətlərindən və əməkdaşlığın inkişaf dinamikasından bəhs edib.
Azərbaycanın Keniya ilə parlamentlərarası əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən səfir tərəflərin beynəlxalq platformalarda, o cümlədən Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində fəal əməkdaşlıq etdiyini, bu əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb.
Keniya Milli Assambleyasının sədri Moses Vetangula ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, qanunverici orqanlar səviyyəsində əməkdaşlığın da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, Azərbaycanın parlament diplomatiyasında fəal iştirakını yüksək qiymətləndirib və birgə təşəbbüslərə hazır olduğunu bildirib.
S.Hacıyev Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirində Keniyanın fəal iştirakını vurğulayıb. O, 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) və Ümumdünya Ətraf Mühit Gününün (WED2026) ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacağını bildirib.
Milli Assambleyanın sədri Moses Vetangula Azərbaycanın beynəlxalq tədbirlərin təşkilindəki təcrübəsini yüksək qiymətləndirib və WUF13 platformasında qanunverici orqanların rolunun müzakirə olunmasının əhəmiyyətini qeyd edib. Bu çərçivədə azərbaycanlı tərəfdaşlarla koordinasiyalı fəaliyyətin faydalı olacağını vurğulayıb.
Diplomat, həmçinin Azərbaycanın müasir inkişaf yolu, 2020-ci il Zəfəri, postmünaqişə dövründə aparılan bərpa işləri və minatəmizləmə fəaliyyəti, eləcə də Heydər Əliyev Fondu və AİDA tərəfindən Keniyada həyata keçirilən humanitar layihələr barədə məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində keniyalı tələbələr üçün təqdim olunan təqaüdlərin xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini bildirib.