Dünyada islamofobiya meyilləri sürətlə artıb. Bu səbəbdən son illər daha geniş vüsət alan bu təhlükəli halın ifşa edilməsi, islamofobiyaya qarşı mübarizə aparılması qlobal əhəmiyyət daşıyır.
Bir sıra Qərb ölkələrinin və beynəlxalq təşkilatların himayəsinə sığınan Ermənistan tərəfindən torpaqlarının 20 faizi 30 ilə yaxın işğal altında saxlanılmış Azərbaycan özü də islamofobiyadan əziyyət çəkən ölkələrdən biridir. Qəsbkar Ermənistan məhz müsəlman irsi olduğu üçün işğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı 67 məsciddən 65-ni tamamilə dağıdaraq yerlə yeksan edib. Qalan iki məsciddə isə donuz saxlayan vandal ermənilər bununla ümumilikdə müsəlmanların heysiyyətini alçaltmaq, müqəddəs dəyərlərini təhqir etmək niyyəti güdüblər. Bu addımları atmaqla Ermənistan yalnız azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı olan nifrətini, kinini nümayiş etdirib. İslamofob meyillərinə görə havadarları rəsmi İrəvanı qınamaq, beynəlxaq qanunlar çərçivəsində cəzalandırmaq əvəzinə açıq şəkildə dəstəkləyiblər. Çünki özləri də islama, müsəlmanlara nifrət bəsləməklə Ermənistandan geri qalmırlar. Müsəlmanlara qarşı şübhə yaratmaq, ayrı-seçkilik nümayiş etdirmək, islamı potensial təhlükə mənbəyi kimi aşılamaq həmin ölkələrin məqsədinə çevrilib.
Mayın 26-da açılış mərasimi keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev vurğulayıb: "Təəssüflər olsun ki, islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başlamışdır. Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-islam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir".
Qeyd edək ki, ölkəmizin paytaxtında keçirilən ikigünlük beynəlxalq tədbir "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü"nün təsis olunmasının üçüncü ildönümünə həsr olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransın xarici tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu yer alıb.
Təqdirəlayiqdir ki, son illər ən müxtəlif sahələrdə uğurlu inkişafa nail olan ölkəmiz bütün qlobal problemlər kimi, islamofobiyaya qarşı mübarizədə də ön sıradadır. Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələri alqışlayır və sənədlərdə qeyd olunan tədbirlərin təxirəsalınmaz qaydada həyata keçirilməsinə çağırış edir.
Konfrans iştirakçılarına müraciətində islamofobiyanın müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında stiqmatizasiya, institusional diskriminasiya və digər formalarda təzahür etdiyini, bu cür ədalətsiz və qərəzli münasibətin müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaratdığını vurğulayan Prezident İlham Əliyev vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiyanın bir növ dövlət siyasətinə çevrildiyinə diqqəti çəkib. Bildirib ki, bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır: "Eyni zamanda Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs "Qurani-Kərim"in yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər hərəkətlər müsəlmanların hisslərini təhqir etməyə yönəlmiş və sayı getdikcə artan anti-müsəlman hadisələri sırasındadır. "Söz azadlığı" adı altında islam dininə və müsəlmanlara qarşı hücumlar qəbuledilməzdir".
Bu gün qlobal təhlükəyə, ümumbəşəri bəlaya çevrilmiş islamofobiyaya qarşı nəinki mübarizə aparılmadığını, hətta bir sıra ölkələrdə onun yayılmasının təşviq edildiyini vurğulayan dövlət başçısı nəzərə çatdırıb ki, islam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar, eyni zamanda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər.
Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində yaşamasının ölkədə vətəndaş sülhü və vətəndaş həmrəyliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini, Azərbaycanın bu sahədə müsbət təcrübəsinin bir sıra ölkələr üçün örnək ola biləcəyini qeyd edən dövlət başçısı bildirib: "İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin tarixboyu qardaşlıq və dostluq şəraitində yaşadığı ölkədir. Bu cür nümunəvi münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi islam dini müstəsna rol oynamışdır. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, islam həmrəyliyinə öz töhfələrini verir, islam dəyərlərinin dünyada təbliği istiqamətində ciddi addımlar atır".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"