Azərbaycan Respublikası demokratik, hüquqi inkişaf yolunu seçib. Odur ki, respublikamızda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmini bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanda demokratiyanın mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir.
Azərbaycanda insan hüquqlarının prioritetliyi müstəqilliyimizin bərpasının ilk günlərindən önə çəkilib. Belə ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda ölkəmizin BMT-nin "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"ni tanıdığı öz əksini tapıb. Sənədin 19-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş, başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir və Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa, hər hansı formada məhdudlaşdırıla bilməz.
Lakin müstəqilliyimizin ilk illərində Azərbaycanda insan hüquqlarının təminatı sahəsində, demək olar ki, əsaslı irəliləyiş baş vermədi. İnsan hüquq və azadlıqlarının demokratik dəyərlər çərçivəsində təmini ilə bağlı müxtəlif bəyanatlar səslənsə də, real həyatda bu təsdiqini tapmadı.
Yalnız 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra respublikada ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət aldı. O cümlədən insan hüquqlarının etibarlı müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildi. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapdı.
Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri konstitusiyamızın başlıca mahiyyətini təşkil edir. Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 12-ci maddənin ikinci hissəsinə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Eyni zamanda Konstitusiya insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının da üzərinə vəzifə olaraq qoyub.
Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib. Proqramda qarşıya qoyulmuş vəzifələrin icrası respublikamızda insan hüquq və azadlıqlarının təminatı sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi, institusional islahatların həyata keçirilməsi ilə müşayiət olunub. O cümlədən ölkəmizdə müasir məhkəmə sisteminin formalaşdırılması, insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması insan hüquqlarının daha dolğun təminatına xidmət edib.
Prezident İlham Əliyevin fəaliyyətində insan hüquqları məsələləri xüsusi yer tutur. 2006-cı ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib. Dövlət başçısının Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli "Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında" sərəncamı ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini nəzərə alaraq hər il iyunun 18-i respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci ildə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib.
Azərbaycanda insan hüquqları sahəsində yeganə problem Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə vətəndaşımızın doğma ev-eşiklərindən məcburi köçkün düşmələri idi. Torpaqlarımızın işğal altında qalması Konstitusiya ilə təmin altına alınmış insan hüquqlarının müdafiəsinin həmin ərazilərdə tətbiqinə imkan vermirdi. Vətəndaşlarımızın doğma yurdda təhlükəsiz yaşamaq, azadlıq, mülkiyyət, mənzil toxunulmazlığı və digər konstitusion hüquqları pozulmuşdu. Təəssüflə qeyd edilməlidir ki, öz fəaliyyətləri ilə insan hüquq və azadlıqlarını qoruduqlarını iddia edən beynəlxalq təşkilatlar bir dəfə də olsun Azərbaycan xalqının pozulmuş hüquqlarını dilə gətirmədilər. Respublikamızı dəfələrlə qərəzli şəkildə ittiham edən həmin təşkilatlar bir dəfə də olsun Ermənistanın işğalı nəticəsində Azərbaycan vətəndaşlarının mülkiyyət və mənzil toxunulmazlıqlarının və digər hüquqlarının tapdalandığını söyləmədilər.
Xalqımız isə heç vaxt ümidlərini itirmədi. Hər zaman inandıq ki, torpaqlarımız işğaldan azad ediləcək, vətəndaşlarımızın pozulmuş hüquqları bərpa olunacaq. Bu müqəddəs arzu 2020-ci ilin Vətən müharibəsində reallaşdı. 44 günlük savaşda torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan vətəndaşlarının pozulmuş konstitusion hüquqları da bərpa olundu. Bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və indiyə kimi 14 min nəfərə yaxın keçmiş məcburi köçkünün doğma yurda qayıdışı təmin edilib.
Azərbaycan insan hüquq və azadlıqlarının etibarlı təmin olunduğu, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı dövlətdir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər respublikamızın demokratik dəyərlərinə sadiqliyinin göstəricisidir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"