12 Sentyabr 2023 09:00
28582
SİYASƏT
A- A+

Azərbaycan həqiqətləri və erməni yalanları

 

Həqiqət acı olar - demişlər.

Yalnız həqiqəti eşitmək və görmək istəməyənlər onu acı hesab edərlər.

Onsuz da həqiqət gec-tez öz yerini tutur.

Yalan ayaq tutar, amma yeriməz - söyləyirlər.

Amma yalanın ayaq tutması özü də xoşagəlməz haldır.

Deməli, kimlərsə yalana dəstək verir, onu bəsləyir, ondan istifadə etməyə çalışır.

Yoxsa yalan niyə ayaq tutsun ki...

Həqiqətdə həmişə güc olur!

Yalan isə hiyləyə söykənir.

Sonda həqiqət qalib gəlir!

Nə qədər çətin, ağır, mürəkkəb çarpışma getsə də!

Yalan isə haqsızların, ədalətsizlərin, zəiflərin silahı kimi küt olsa belə əl altında saxlanılır.

Azərbaycanla Hayastan arasında iki əsr ərzində Qarabağla bağlı gedən münaqişə, əslində, həm də həqiqətlə yalan arasında gedən mübarizədir!

Bu mübarizənin mahiyyəti qarşı-qarşıya duran tərəflərə, digər gizli və aşkar iştirakçılara da bəllidir!

Çox az qisim olar ki, əsl həqiqətdən xəbərsiz olsun...

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın böyük qələbəsi ilə başa çatan və sonuncu fazasına daxil olan bu mübarizə və münaqişə yalanın dəstəkçiləri sayəsində hələ də son nöqtəsinə çatmayıb.

Baş verən son mühüm dəyişikliklər, mübarizə və müharibə edən tərəflərin güc nisbəti, yeni reallıqlar, Azərbaycan Prezidentinin qəti, prinsipial və ədalətli mövqeyi separatçıların lap az zaman kəsiyində tam cilovlanacağından, Xankəndidə tezliklə üçrəngli bayrağımızın dalğalanacağından xəbər verir!

***

İki əsrdir ki, iki dövlət qarşı-qarşıyadır.

Bir tərəfdə qədim tarixə, zəngin mədəniyyətə, çoxsaylı tarixi, dini, mədəni abidələrə, milli və mənəvi dəyərlərə, hətta özünəxas musiqiyə və mətbəxə malik Azərbaycan!

Digər tərəfdə türk dünyasına qarşı Azərbaycan torpaqlarında süni şəkildə yaradılan, özünə saxta tarix, qondarma, oğurluq "tarixi və dini abidələr" yaradan, mədəniyyət, musiqi, hətta mətbəx oğurluğu ilə məşğul olan, alət dövlət və millət sayılan Hayastan.

Bir tərəfdə beynəlxalq hüquqa, haqqa-ədalətə söykənən, öz ərazisini qəhrəmanlıqla, şəhidlər verməklə, hətta bəzən yalın əllə qoruyan Azərbaycan!

Digər tərəfdə saxta göz yaşları tökən, özünü "məzlum", "zavallı" millət kimi qələmə verən yalançı, əslində isə Xocalı soyqırımını törətməyə qadir vəhşi, barbar, arxalı Hayastan.

Əslində, bu mübarizə düzlə əyrinin, həqiqətlə yalanın, doğru ilə saxtakarlığın çarpışmasıdır!

Ədaləti, həqiqəti, doğrunu məğlub etmək olar, məhv etmək yox!

Sonda qələbə yenə də onunku olur!

Bunu həm də bəşəri təcrübə, tarixi faktlar göstərir!

Necə ki göstərdi!

***

Ərazilərimizin 20 faizini otuz ilədək işğalda saxlayan haylar nəyə nail oldular, nə qazandılar?

Bəli, Azərbaycanın bütün yaşayış məntəqələrini İranla birlikdə söküb dağıdaraq apardılar, tikinti materialı kimi satıb qazandılar, meşələri, faydalı qazıntıları daşıdılar, narkotik əkib-becərdilər.

Həmin müddət ərzində torpağın əsl sahibi olan Azərbaycan vətəndaşları məcburi köçkün həyatı sürərək çox çətinliklər çəkdilər!

Bəs sadə ermənilər. Həmin talandan onlara kimsə nəsə verdi, həyat şəraitini yaxşılaşdırdı?

Koçaryan, Sarkisyan, Ohanyan, habelə "tuşonka" oğurluğu ilə məşğul olan generallar milyarderlərə, milyonçulara çevrildilər, harın həyat sürdülər.

Bu gün də erməni əsgər anaları Müdafiə Nazirliyinin qapıları ağzında köməksiz vəziyyətdə qalıb, dul erməni arvadlarını isə yada salan yoxdur, nə iş tapırlar, nə də çörək...

"Məğlubedilməz ordu" beləmi olur?!

"Qalib dövlət"in axırı beləmi qurtarır?!

Hələ də ağla gəlməyiblər!

***

Ötən əsrin doxsanıncı illərində Azərbaycan əraziləri işğala məruz qalanda ona kömək göstərən, arxa duran bir dövlət də yox idi.

Xalq hətta əsl rəhbərindən, Ulu Öndər Heydər Əliyevdən belə ayrı düşmüşdü.

Ölkəyə maymaqlar, qorxaqlar, təcrübəsizlər və səriştəsizlər rəhbərlik etdiyindən tam başsızlıq idi.

Nə ordu qurulurdu, nə torpaqların müdafiəsi təşkil edilirdi, nə də ağıllı, uzaqgörən siyasət yeridilirdi.

Sovet ordusu hesabına Hayastan silahlandırılır, torpaqların işğalında ona kömək göstərilir, İran islam dövləti gizli dəstəyini həyata keçirir, erməni diasporları isə maliyyə yardımları vasitəsilə ABŞ-nin Senatında "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəliş etməklə əlindən gələni əsirgəmirdilər.

Hətta iş o yerə çatdı ki, Rusiya haylara bir milyard dollarlıq pulsuz silah-sursat bağışladı.

Rəhbərsizlik və köməksizlik Azərbaycanı ağır məğlubiyyətə uğratdı.

Özgə ağzı ilə hürən, hər tərəfdən dəstək və yardım görən Hayastan isə qalib tərəfə çevrildi.

Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra vəziyyət büsbütün dəyişdi!

Bu dəyişikliyi Müzəffər Ali Baş Komandan İlham Əliyev hərb meydanında, diplomatiya və informasiya müharibəsində parlaq zəfərə çevirdi!

İndi qalib tərəf Azərbaycandır!

Məğlub və miskin günə salınan Hayastan isə hər kəsə və hər şeyə ümid bağlamaqla məğlubiyyətini yazılı surətdə rəsmiləşdirməyi uzadır, sülh müqaviləsini imzalamır.

* Anlamırlar ki, daha ötən əsrin 90-cı illəri deyil!

* Anlamırlar ki, Azərbaycan o Azərbaycan deyil!

* Anlamırlar ki, indi tam başqa vəziyyət, tam başqa situasiyadır!

Bu anlamazlıq onlar üçün yeni fəlakətlə, hətta dövlətlərini və dövlətçiliklərini itirmələri ilə nəticələnə bilər.

Gec anlasalar, sonra gec olacaq!

***

Son 20 ildə Azərbaycan görünməmiş sürətlə inkişaf edib!

İqtisadi cəhətdən güclənib, dünyada siyasi nüfuzu artıb, mövqeləri möhkəmlənib, qüdrətli ordu yaradıb, Cənubi Qafqazda söz sahibinə çevrilib!

Bütün bu uğur və nailiyyətlərin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir!

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev Azərbaycan xalqına Qarabağ münaqişəsini də həll edəcəyini, torpaqları işğaldan qurtaracağını, ərazi bütövlüyünə nail olacağını vəd etmişdi!

Bütün dünya Azərbaycan Prezidentini sözü ilə əməli bir olan rəhbər kimi tanıyır.

Artıq düşmənlərimiz də buna əmin olublar!

İlham Əliyev dediyini etdi!

Düşmən ordusunu "dəmir yumruğ"u ilə əzdi, fərarilər və qorxaqlar dəstəsinə çevirdi, torpaqlarımızdan iti qovan kimi qovdu!

İndi isə xalqa verdiyi digər bir vədin icrası ilə məşğuldur: Qarabağ dirçəldilir, yeni yaşayış məntəqələri və istehsal sahələri yaradılır, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qaytarılırlar!

Küçədən, meydandan hakimiyyətə gələn sorosçu Paşinyan isə dünyada qeyri-ciddi, siyasətdə və diplomatiyada piyada təsiri bağışlayan, gündə bir söz deyib sonra dalından qaçan baş nazir kimi məsxərə obyektinə çevrilib.

Nə ölkə daxilində hörməti var, nə də beynəlxalq aləmdə.

Sözdə dediyini əməldə təsdiq etmir, bu gün söylədiyinin sabah arxasından qaçır, hiyləgərliklə nəyəsə nail olacağına inanır.

Əslində, Paşinyan korrupsioner, qorxaq və dələduz Koçaryan və Sarkisyanın yeni variantı, o biri üzləridir: yalançı, yaltaq, qorxaq, xalqı aldatmaqla hakimiyyətdə qalmaq üçün min bir oyun çıxaran simasız, təsadüfən hakimiyyətə gələn avantüristdir.

Bunların hamısı fərdi keyfiyyətləri, daha doğrusu, keyfiyyətsizlikləri ilə bir nöqtədə birləşirlər: erməni xalqını müsibətlərə düçar edir, dövləti məhvə aparır, vətəndaşları dilənçi kökündə yaşadır, yalnız özlərini, öz karyeralarını düşünürlər.

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük humanizm və güzəşt nümayiş etdirərək Qarabağ müharibəsini vaxtında başa çatdırdı!

Bütün müraciət, xahiş, hətta təhdid zənglərinə məhəl qoymadan!

 Yalnız öz şərtini - Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən çıxarılma qrafikini təqdim etdikdən sonra uğurlu hərbi əməliyyatları dayandırdı.

Hadisələrin sonrakı gedişi - kapitulyant dövlətin sonrakı addımları isə üçtərəfli Bəyanatda əksini tapmışdı.

Rusiya Prezidenti V.Putinin zəmanəti ilə razılaşdırılan həmin bəyanatı Azərbaycan və Rusiya prezidentləri televiziya ekranı qarşısında, Ermənistanın baş naziri isə gizlində imzaladı.

Kimin necə qol çəkməsindən asılı olmayaraq, üç dövlət başçısının imzaladığı bəyanat qüvvəyə mindi.

İlham Əliyev sürətli və uğurlu hərbi əməliyyatları dayandırmaqda bir məqsəd güdürdü: Azərbaycan əsgər və zabitlərinin həyatını qorumaq, daha az şəhid vermək!

Çünki dövlət başçısı olaraq hər bir vətəndaşının qədrini bilir və həyatını yüksək dəyərləndirir!

Eyni zamanda Xankəndiyə girərkən mülki əhaliyə ziyan dəyilməməsini də istəyirdi.

Hərçənd ki Gəncə, Bərdə, Tərtər və Goranboya ballistik raketlər atan haylar mülki vətəndaşlara daha çox zərər yetirərək çaxnaşma yaratmaq məqsədi güdürdülər.

İki millətin bir fərqi də məhz bundadır!

İndi isə Azərbaycan Qarabağda yaşayan erməniəsilli vətəndaşlarının reinteqrasiyası, Azərbaycan Konstitusiyası əsasında yaşaması üçün əlindən gələni edir.

Qalib dövlət olsa da, sülh təklifi, sülh çağırışı ilə çıxış edir, bu istiqamətdə real addımlar atır!

Paşinyan isə erməni xislətinə və öz xarakterinə sadiqlik nümayiş etdirir.

Üçtərəfli və sonrakı bəyanatların şərtlərini yerinə yetirmir, müxtəlif bəhanə və oyunbazlıqlarla sülh danışıqlarını pozur.

Öz aləmində "hiylə işlədərək" müharibənin dayanmasından bəhrələnməklə yenidən toparlanmağa, məğlubiyyətinin qisasını almağa hazırlaşır.

İrandan və Hindistandan silah almaqla ordusunu "gücləndirir", vaxtaşırı atəşkəsi pozaraq şərti sərhəddə gərginlik yaradır, Xankəndidəki qanunsuz silahlı birləşmələri və terrorçuları ərazimizdən çıxarmır, separatçı qurumu Ermənistan büdcəsi hesabına maliyyələşdirməkdə davam edir, tez-tez mənasız, yeni şərtlər irəli sürməklə sülh müqaviləsinin imzalanmasını uzadır.

Sözdə 86,6 min kvadratkilometrlik Azərbaycan ərazisinin bütövlüyünü və suverenliyini tanısa da, yazılı şəkildə bunu təsdiq edərək imzalamır.

Hansı ordu, hansı şəxsi heyət, hansı imkanlarla qisasa hazırlaşdığını heç özü də dərk etmir.

Onun güvəndikləri və müdafiə edənləri isə heç zaman Hayastanın əvəzinə Azərbaycanla müharibə edərək ordusunu qırğına verməyəcəkdir.

Erməni bicliyi məişətdə keçərlidir, siyasətdə, dövlətlərarası münasibətlərdə belə primitiv oyunlar yalnız təbəssüm doğurur!

***

Hayastan bir daha yalançı, riyakar, beynəlxalq hüquqa, özünə, sözünə və imzasına hörmət etməyən dövlət olduğunu sübut etdi!

Onun dəstəyi və dirijorluğu ilə sentyabrın 10-da Qarabağda qalmış separatçıların tör-töküntüləri saxta "prezident seçkiləri" keçirdilər.

Bununla bir daha dünyaya nümayiş etdirdilər ki:

* Hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər;

* Sülh danışıqları vaxtı uzatmaq, qisasçılıq niyyətlərini gizlətmək üçün bir pərdədir;

* Qarabağdan qeyri-qanuni silahlı dəstələrini çıxarmaq niyyətində deyillər;

* Qarabağ ermənilərini girov kimi saxlamaqla reinteqrasiyaya şərait yaratmaq fikrindən çox uzaqdılar;

* "Humanitar şou" baş qatmaq, Azərbaycanın beynəlxaq nüfuzuna xələl gətirmək cəhdindən başqa bir şey deyil;

* Ağdam-Xankəndi yolundan imtina, əslində, çirkin, separatçı əməllərin davamı, Laçın yolunu zorla açdırmaq cəhdidir;

* Acınacaqlı məğlubiyyətlərini sanki yaddan çıxaran haylar havadarlarına güvənərək, özlərini "qaliblər" təki apararaq iradələrini Azərbaycana qəbul etdirmək istəyirlər!

 Həm də bir sıra vacib həqiqətləri də deyəsən "unudublar"!

 Unudublar ki:

* 44 gün ərzində Ermənistan ordusunu darmadağın edən Azərbaycan Ordusu əvvəlkindən də qüvvətli və qüdrətlidir!

* Müzəffər Ali Baş Komandan İlham Əliyevə heç kəs öz istəyini qəbul etdirə bilməz, əksinə, İlham Əliyev dəfələrlə sübuta yetirib ki, o, dediyini və istədiyini "dəmir yumruğ"u və siyasəti ilə həyata keçirir!

* Azərbaycan üçün "Dağlıq Qarabağ" adlı münaqişə artıq yoxdur, Qarabağı separatçıların tör-töküntülərindən təmizləmək yalnız zaman məsələsidir!

* Nə saxta seçkilər, nə Xankəndiyə ordan-burdan toplanmış erməni dığaları, nə müxtəlif məkrli oyunlar, nə orda-burda iclas keçirən havadarları forpost dövləti və onun separatçı əlaltılarını İlham Əliyevin qəzəbindən xilas edə biləcəkdir.

 Lap yaxın zamanlarda özləri buna şahid olacaqlar!

 Yəqin ki, yaxın keçmişdə Şuşada "qondarma parlament" üçün bina tikdirdiklərini və həmin binanın aqibətini unutmayıblar!

 Xüsusi bina inşa edərək "parlament"lərini Şuşaya necə köçürdülərsə, təzə "prezident"lərinin rəhbərliyi ilə də həmin sayaq fəaliyyət göstərəcəklər!

***

Azərbaycan Prezidenti İlham Əliyev müharibəni dayandırsa da, məqsəd və hədəflərinə doğru inamla, təmkinlə, qətiyyətlə irəliləyir!

44 günlük Vətən müharibəsindən sonra ikinci ən mühüm uğur Laçında nəzarət-buraxılış postunun yaradılması oldu!

Bununla da Müzəffər Ali Baş Komandanımız Ermənistan tərəfindən Xankəndidəki separatçıları hər cəhətdən qidalandıran şah damarı birdəfəlik kəsdi!

Azərbaycan tarixində ilk dəfə öz sərhədlərinə və ərazilərinə nəzarəti ələ aldı!

Laçın yolundan yenidən sərbəst istifadəyə nail olmaq üçün Hayastan dəridən-qabıqdan çıxır!

O oyun qalmayıb ki, oynamasın...

Gah Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edir, gah "böyük bacısı" Fransa vasitəsilə məsələni BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxarır, gah "humanitar şou" tamaşasını oynayır, gah da RSK-nı qınayır, Rusiyanı borclu çıxarır.

Azərbaycan isə çox ağıllı və təmkinli addımları ilə bütün bu oyunbazlıqları puç edir!

Laçın yolunu ciddi nəzarətində saxlayacağını açıq söyləməklə bərabər, Ağdam-Xankəndi yolundan istifadəni tövsiyə edir və yalnız bundan sonra Laçın yolunun da açılacağını bildirir.

Niyə müdafiəçiləri haylardan soruşmurlar ki:

* Əgər həqiqətən acsansa, niyə Qızıl Aypara Cəmiyyətinin 40 tonluq yardımından imtina edirsən?

* Əgər həqiqətən acsansa, "türk çörəyi yemirəm" iddiası nədir və otuz illik işğal dövründə Azərbaycan ərazisində əkib-biçib yediyiniz "türk taxılı" deyildimi?

Daş qayaya rast gəlib!

Əgər Fransanın 10 TIR-ı Laçın yolundan keçə bilmədisə, Paşinyanın 22 "fur"u hələ çox gözləməli olacaq!

***

Azərbaycan Prezidenti İlham Əliyev həmişə xalqa arxalanıb, xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutub, xalqına həmişə düz söz deyib və verdiyi vədləri şərəflə yerinə yetirib!

* Bir qarış Vətən torpağını belə düşmənə vermədi!

* Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasının qarşısını aldı!

* Qüdrətli ordu yaradaraq Azərbaycan torpağını murdar ləpirlilərdən təmizlədi!

* İndi isə keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarına qaytarmaq, normal yaşayışlarını təmin etməklə məşğuldur.

Paşinyan isə iqtidara gəldiyi gündən erməni xalqını aldatmaqla, yalan vədlər verməklə məşğuldur!

* Əvvəlcə "yeni müharibə yeni ərazilərin zəbti olacaq", - deyə Azərbaycanı hədələdi!

* "Qarabağ Ermənistandır və nöqtə" söyləməklə yeni müharibəni tətiklədi!

* Hərbi əməliyyatlar zamanı daim xalqını aldadaraq, erməni ordusunun irəlilədiyini, qalib gəldiyini bildirdi!

* Üçtərəfli Bəyanata imza ataraq onun bəndlərini yerinə yetirmədi.

İndi isə müxtəlif hoqqalar çıxararaq, separatizmi dəstəkləyərək bölgədə hərbi gərginliyi artırır, yeni müharibə təhlükəsi yaradır.

Əsas niyyət və məqsədi hakimiyyət ömrünü uzatmaq, sülh müqaviləsi imzalamamaq və beləliklə, yeni ordu yaradaraq qisas almaq, Ermənistan dövlətini və xalqını yenidən fəlakətlərə düçar etməkdir.

Bu ağıl və davranışla istədiyinə - yeni müharibəyə nail olacaqdır!

Çünki xalqı üçün yox, özü üçün çalışır.

***

Azərbaycan keçmişi keçmişdə qoyaraq gələcəklə yaşayır!

Öz fəaliyyətində beynəlxalq hüququ, ədaləti, dövlətin və xalqın maraqlarını əsas tutur.

Zaman Azərbaycanın xeyrinə işləyir:

* Ərazilər minalardan təmizlənir;

* İşğaldan azad edilmiş bölgələrə yeni yollar çəkilir, normal yaşayış infrastrukturu yaradılır;

* "Ağıllı şəhər və kəndlər" salınır;

* Yeni sənaye məhəllələri, aqroparklar yaradılaraq iş yerləri açılır;

* "Böyük qayıdış" proqramı uğurla və sürətlə icra edilir;

* Düşmənin bütün alçaq və hiyləgər niyyətləri puça çıxarılır!

Hayastan isə keçmişi geriyə qaytarmaq barədə axmaq düşüncələrdən yaxa qurtara bilmir:

* Azərbaycanın reinteqrasiya çağırışlarını müxtəlif bəhanələrlə pozur;

* Dünya ictimaiyyətini aldatmaq, ölkəmizə şər-böhtan atmaq xəstəliyindən əl çəkmir;

* Ağdam-Xankəndi yolunu bloklayaraq Laçın yolundan öz maraqlarına uyğun istifadə etmək niyyətindən əl çəkmir, "humanitar şou"nu davam etdirir;

* Xankəndidəki qeyri-qanuni separatçı quruma yeni "seçkilər" keçirir;

* Atəşkəs rejimini mütəmadi şəkildə pozmaqla gərginliyi daim artırmağa can atır!

Düz əyrini kəsər - demişlər!

Xüsusən də ədalətli tərəfin güclü olduğu bir məqamda!

Otuz il torpaqları işğalda saxlayan, xalqını dilənçi günündə, daim müharibə qorxusu altında yaşadan hayları, görünür, yalnız "dəmir yumruq" ağıllandıra bilər!

"Dəmir yumruq" isə həmişəki-tək hazır vəziyyətdədir!

***

İndi Hayastan sahibsiz tulaya dönüb: kim başını sığallayırsa, ona quyruq bulayır!

"Ağa"ları çox olduğundan və onların hər birinə yarınmağa çalışdığından simasını tam olaraq itirib.

Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" komediyasındakı Məşədi İbadın gününə düşüb.

Kim gəlib deyirsə ki, bir qədər pul ver, işini düzəldim, dərhal cibinin ağzını açır.

Gah ABŞ-dən gələn Nensi nənə və digər konqresmenlər, gah Fransadan gələn Parisin və digər şəhərlərin merləri, Fransa Senatının deputatları, gah Rusiya Dövlət Dumasının üzvləri, hətta keçmiş prokuror Okampo və NATO-nun sabiq sədri Rasmussen belə erməniləri aldadaraq onların diasporları hesabına seçkilərdə qalib gəlir, çoxluca pul qoparırlar.

Haylardan pul qazananların hamısı öz marağını güdür və təmin edir.

Hayastana qalan isə 44 günlük müharibədə biabırçı məğlubiyyət, indiyədək sayı bilinməyən və nəşi tapılaraq sahibinə verilməyən canlı qüvvə itkisi, özgə torpaqlarından qovulub çıxarılması, əhalisinin böyük qisminin ölkəni tərk etməsi və hərbi əməliyyatların yenidən başlanması təhlükəsi ilə üz-üzə qalmasıdır!

Axmaq baş sahibinə qapaz yedizdirər - demişlər!

Nə Rusiya ordusu və KTMT gəlib Hayastanın əvəzinə Azərbaycanla müharibə aparasıdır, nə İran onun arxasında sonadək durandır, nə Fransa və Aİ-nın müşahidəçiləri nəyisə dəyişmək iqtidarındadırlar, nə də ABŞ və BMT Laçın yolunu açdırmaq imkanındadırlar!

Hayastanın da, hayların da, Xankəndidəki separatçıların da yeganə çıxış yolları Azərbaycanın şərtlərini qəbul edərək sülh müqaviləsini imzalamaq, Azərbaycan Konstitusiyasının prinsiplərinə uyğun Qarabağda yaşamaqdır!

İkinci yolları isə "dəmir yumruğ"un dadına yenidən baxmaq və Azərbaycan ərazisini tərksilah olunaraq tərk etməkdir.

Başqa yol yoxdur!

***

Məsələni uzatmaqla heç nəyə nail olmayacaqsınız!

Kimlərəsə arxalanmaqla,vəziyyətin dəyişəcəyinə ümid bəsləməyin!

Laçın yolu Azərbaycanın nəzarəti altındadır!

Oradan Azərbaycanın icazəsi olmadan nə Hayastana, nə də Fransaya məxsus bir maşın (nəinki TIR) keçə bilər!

Qalib tərəf Azərbaycandır!

Şərtləri Müzəffər Ali Baş Komandan İlham Əliyev diktə edir!

Reallıq isə yenidir və əbədidir!

 Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video