Hər bir ölkə üçün gənclər siyasətinin güclənməsinə,
bu siyasətin mühüm tərkib hissəsi kimi, gənclərin səmərəli məşğulluğuna, onların
iqtisadi inkişaf proseslərinə cəlb olunmasına yönəldilən səy və investisiyalar mahiyyət
etibarilə cəmiyyətin gələcək davamlı tərəqqisinə xidmət edir. Qlobal iqtisadi böhrandan
sonrakı dövrdə beynəlxalq əmək bazarında nisbi sabitliyin müşahidə olunmasına baxmayaraq,
işsiz gənclərin sayının ildən-ilə artaraq 70 milyonu ötməsi, 15-24 yaşlı gənclər
arasında işsizlik səviyyəsinin dünya üzrə orta işsizlik səviyyəsini 3 dəfə üstələyərək
13,1 faiz təşkil etməsi gənclərin məşğulluğunun təminatı məsələsinin aktuallaşmasına
səbəb olub.
Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın
dinamik və uzunmüddətli inkişafını təmin edən uğurlu islahatlar proqramı ölkəmizdə
işsizliyin kəskin şəkildə azalmasına, əmək bazarında sabitliyin əldə olunmasına
imkan verməklə, gənclərin əmək bazarına çıxışının və məşğulluğunun artırılmasının
hərtərəfli dəstəklənməsi, iqtisadiyyatın dayanıqlı inkişafında gənclərin iştirakının
təmin edilməsində dövlət siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Bunun
nəticəsidir ki, ölkədə gənclər arasında işsizlik səviyyəsi kəskin şəkildə azalmaqdadır.
Azərbaycan gəncliyi ictimai həyatın və iqtisadiyyatın bütün sahələrində aktiv fəaliyyəti
ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində
bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilir. Gənclər bu gün dövlət orqanlarında,
parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında təmsil olunur və cəmiyyətin
inkişafına öz töhfələrini verirlər.
Bu baxımdan təsadüfi deyil ki, Azərbaycan
Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən gənclərin məşğulluq problemlərinin həllinə
görə dünyada 10 lider ölkə sırasındadır. BƏT-in rəsmi saytındakı "Gənclərin Məşğulluq
Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində bir sıra ölkələrin, o cümlədən
Azərbaycan gənclərinin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı
dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları
təqdim olunur. 2016-cı ildə isə MDB ölkələri və Gürcüstan nümayəndələrinin iştirakı
ilə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində uğurlu təcrübələr üzrə BƏT
tərəfindən keçirilmiş müsabiqədə Azərbaycan nümayəndə heyətinin təqdimatı ən çox
səs toplayaraq gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB-də ən yaxşı təcrübə
nümunəsi kimi birinci yerə layiq görülüb və bununla əlaqədar BƏT-in diplomu ilə
təltif edilib.
Ölkəmizdə mövcud olan müsbət demoqrafik vəziyyət
və inkişaf tendensiyaları dövlətin əmək ehtiyatlarının, o cümlədən gənc istehsal
qüvvələrinin formalaşmasına və səmərəli yerləşməsinə təsir edən əsas amillərdən
biridir. Hazırda Azərbaycan Avropa və MDB-də demoqrafik baxımdan cavan yaş strukturuna
malik az sayda olan ölkələrdən biridir. 14-29 yaşda olan əhali (gənclər) ölkə əhalisinin
25,4, uşaqlar isə (0-14 yaşda) 22,6 faizini təşkil edir. Bununla yanaşı, son 15
il ərzində təbii artım və doğulanların sayının sabit artması (hər 1000 nəfərə hesabı
ilə müvafiq olaraq 8,3 və 14,2 nəfərədək yüksəlməsi) nəticəsində bütövlükdə ölkə
əhalisinin, o cümlədən əmək qabiliyyətli əhalinin sayında da əhəmiyyətli artım baş
vermişdir. 15-64 yaş qrupunda olan əhalinin payı 65,8 faizdən 70,9 faizədək dəyişmişdir.
Hər il orta hesabla 100 min nəfərə qədər
gəncin əmək bazarına daxil olması bu sayda gənc işçi qüvvəsinin əmək bazarı tərəfindən
qarşılanması tələbi makroiqtisadi, demoqrafik, məşğulluq və təhsil siyasətlərinin
qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. 2018-ci ildə ölkə
üzrə iqtisadi fəal əhalinin tərkibində 15-24 yaşda gənclərin payı 12, 15-29 yaş
qruplarında isə 27 faiz təşkil edir.
Təbii ki, Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyası, iqtisadiyyatın dinamik inkişafı şəraitində gənclərin potensial imkanlarından
tam istifadə olunması, onların məşğulluğunun təminatı və müasir dövrün tələblərinə
cavab verən gənc kadr potensialının formalaşdırılması gələcəkdə iqtisadi artımın
təmin edilməsi üçün olduqca əhəmiyyətlidir. Müasir əmək bazarının tələblərinə uyğun
hazırlığa malik gənc kadrların mövcudluğu gələcək iqtisadi artımın və tərəqqinin
əsas şərtlərindən biridir.
Qeyd olunan amillər də nəzərə alınmaqla ölkəmizdə
fəal gənclər siyasəti əsasında bir çox sosialyönümlü dövlət proqramlarına və strategiyalara,
o cümlədən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına və
"2019-2030-cu illərdə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na, habelə
Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini
müəyyən edən ikinci "Layiqli Əmək üzrə Ölkə Proqramı”na uyğun olaraq, gənclərin
peşə-ixtisas hazırlığının yüksəldilməsinə, məşğulluğunun artırılmasına yönələn mühüm
addımlar atılır.
***
Bu gün Azərbaycan gənclərin məşğulluq probleminin
həlli ilə bağlı BƏT-in müvafiq konvensiyalarına, qətnamələrinə qoşulub. "İşsizlikdən
sığorta haqqında”, "Məşğulluq haqqında” qanunlar qəbul olunub. Bütün bunlar dövlət
başçısının tapşırıqlarına uyğun olaraq, əmək münasibətlərinin leqallaşması, işçi
qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, əhalinin məşğulluğu sahəsində elektron
xidmətlərin tətbiqinin genişləndirilməsi və s. aktiv əmək bazarı tədbirlərinin səmərəliliyinin
artmasına, inklüziv məşğulluğun təmin olunmasına, işsiz və işaxtaran şəxslərin sosial
müdafiəsinin gücləndirilməsinə, ölkədə əmək bazarında yeni tənzimləmə mexanizmlərinin
formalaşmasına zəmin yaradıb.
Bütün bu proseslər eyni zamanda gənclərlə
bağlı aktiv məşğulluq tədbirlərinin ildən-ilə güclənməsi ilə tamamlanır. 2018-ci
ilin yekunlarına əsasən, Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 14698 nəfər
gənc münasib işlə təmin olunub, 1275 nəfər gənc işəgötürənlərin real tələbləri əsasında
peşə hazırlığına, 319 nəfər gənc isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.
İşsizlikdən kiçik sahibkarlığa çıxış imkanı
yaradan özünüməşğulluq proqramında gənclərin də fəal iştirakına geniş şərait yaradılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, özünüməşğulluq proqramına
2018-ci ildə cəlb edilən 7267 nəfər işsizdən 1174 nəfəri gənclər olub. Digər proqram
iştirakçıları kimi, onlar da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
verilmiş aktivlər (mal və materiallar) hesabına kiçik ailə bizneslərini qurublar.
Artıq cari ilin ilk rübündə arasında gənclərin də olduğu 1000-dən çox şəxs bu proqrama
cəlb olunub. İl ərzində işsiz və işaxataran şəxslərin proqrama cəlb edilməsi işləri
davam etdiriləcək.
***
Məşğulluq xidməti tərəfindən həyata keçirilən
tədbirlər sırasında orta məktəblərin yuxarı sinif şagirdləri, işsiz və işaxtaran
gənclər, ali təhsil müəssisələrinin tələbələri, eləcə də ali təhsilli işaxtaran
gənclər üçün peşəyönümü məsləhətlərinin verilməsi və karyerada ilk addım tədbirlərinə
xüsusi önəm verilir. 2018-ci il ərzində
118138 nəfər gənc peşəyönümü məsləhətlərinə cəlb olunub. Cari ilin 3 ayı ərzində
bu tədbirlərə cəlb edilənlərin sayı isə 32,8 min nəfər olub ki, onlardan da 22 mindən
çoxunu gənclər təşkil edib.
Peşəyönümü tədbirləri ilə yanaşı, Bakı, Gəncə,
Sumqayıt, Mingəçevir şəhərlərində və Lənkəran rayonunda məzun və tələbələrin işlə
təmin olunmasına kömək göstərilməsi, eləcə də onların əmək bazarına səmərəli inteqrasiyası
məqsədilə "Karyerada ilk addım” devizi altında 8 ali təhsil müəssisəsində aktiv
məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 457 müəssisə tərəfindən 2351 vakansiya
təqdim edilib. İştirakçılara seçdikləri vakansiyalar üzrə göndərişlər verilib, məzun
və tələbələrin şəxsi məlumatları müəssisələr tərəfindən qəbul olunub. Ən başlıcası,
həmin tədbirlər tələbə və məzunların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına,
onların gələcəkdə əmək bazarına inteqrasiyasına kömək edib. Bunlardan əlavə, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin
təşkilatçılığı ilə İqtisad Universitetində məzunların təhsildən-işə keçid imkanlarının
asanlaşdırılması, onlara işəgötürənlərə özlərini təqdimetmə bacarıqlarının formalaşdırılması
məqsədilə "Karyeranı qur” təlimləri təşkil edilib.
Səriştələr əsasında hazırlanmış peşə və kvalifikasiya
standartları əmək bazarının tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılmasında,
həmçinin işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təmin olunmasında
və bütövlükdə milli işçi qüvvəsinin rəqabətqabiliyyətinin artırılmasında əsas alət
rolunu oynayır. Ölkəmizdə də artıq turizm, emal sənayesi, tikinti, energetika, kənd
təsərrüfatı, nəqliyyat və xidmət sahələrinə aid 289 peşə standartı və uyğun təlim
standartları, onların əsasında 52 peşəyönümü profili və 63 ixtisas standartları
hazırlanıb. Bu standartlar bir çox sahibkarlar tərəfindən istifadə edilir. Həmçinin
gənc işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması sahəsində aparılan islahatların
bir istiqaməti kimi əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən olunması,
iqtisadiyyatın prioritetləri nəzərə alınaraq işçi qüvvəsinə olan tələbatın kəmiyyət
və keyfiyyət parametrləri əsasında proqnozlaşdırılması və əmək bazarının mükəmməl
monitorinq sisteminin institusional strukturunun formalaşdırılması işləri aparılır.
***
Aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi
və səmərəliliyinin artırılması, çeşidinin və əhatə dairəsinin genişləndirilməsi,
bu sahədə mövcud qayda və prosedurların yenilənməsi, xüsusilə məşğulluq xidmətlərinin
elektron infrastrukturunun hazırlanması və bu xidmətlərin elektron müstəvidə təqdim
edilməsi islahatların tərkib hissəsidir. ƏƏSMN-in vahid platforma üzərindən 18 altsistemdən
ibarət yaradılmış Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, "e-sosial” internet
portalı və "Məşğulluq” altsistemi ölkəmizdə işsiz və işaxtaran şəxslərin reyestrini,
ölkə üzrə mövcud iş yerlərinin vakansiya bankını, eləcə də məşğulluq xidmətlərinin
elektronlaşmasını təmin edir.
Yaxın vaxtlarda istifadəyə veriləcək "Məşğulluq”
altsistemi vasitəsilə hər bir işsiz və işaxtaran şəxs yaşadığı ərazidə və ümumilikdə
ölkə üzrə mövcud olan vakansiyalara birbaşa elektron şəkildə müraciət edə biləcək.
Eyni zamanda, işəgötürənlər və sahibkarlar şəffaf şəkildə vahid veb səhifədə axtardıqları
işçi qüvvəsinə çıxış əldə edəcəklər. Bu yeni texnologiyaların tətbiqi gənclərin
əmək bazarına daha tez inteqrasiya olunmasına bilavasitə öz təsirini göstərəcəkdir.
Gənclər üçün yeni aktiv əmək bazarı tədbirlərinin
tətbiqi, onların çeşidinin artırılması də nəzərdə tutulur. Bu sırada aktiv məşğulluq
tədbirləri sırasında işsiz, xüsusilə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin
əmək bazarına tez bir zamanda adaptasiya olunmasına, zəruri peşə, bilik və bacarıqlara
yiyələnməsinə, təcrübə əldə etməsinə geniş imkanlar yaradan bir tədbir - əməkhaqqının
Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərlə birgə maliyyələşdirilməsi tədbiri,
işsiz şəxslərin sosial müdafiəsinin təmin olunması, bütövlükdə əmək bazarının inkişafı
baxımından böyük əhəmiyyət kəsb edir. Həmin proqramın tətbiqi, habelə müasir tələblərə
cavab verən qısamüddətli çevik modul proqramlar vasitəsilə peşə hazırlığının təşkili,
peşəyönümü sisteminin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması,
onlar üçün tətbiq olunan kvotaların tətbiqinə nəzarətin gücləndirilməsi və digər
istiqamətlərdə məqsədyönlü işlər aparılır.
Ölkədə gənclərin məşğulluğunun artırılması
sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi bir çox beynəlxalq təşkilatlarla,
xüsusilə Beynəlxlaq Əmək Təşkilatı, Dünya Bankı, Avropa İttifaqı, BMT İnkişaf Proqramı
və digərləri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məhz bu əməkdaşlığın
nəticəsi olaraq, son illər Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda və Göyçay
rayonunda icra olunan "Ali təhsilli, ilk dəfə işaxtaran gənclərin işlə təmin olunmasına
dəstək” və "Gənclərin məşğulluğu subsidiya proqramı” pilot layihələri mühüm önəm
kəsb edir. Həmçinin 2011-ci ildən başlayaraq BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin
(USAİD) dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə, Masallı və Zaqatala şəhərlərində yaradılan
Norveç SYSLAB Mərkəzləri gənclərin əmək bazarına inteqrasiyasında önəmli rola malikdir.
Eləcə də BMT İnkişaf Proqramı ilə birgə icra olunan "Əhalinin sosial cəhətdən həssas
qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi əlilliyi olan
şəxslərin özünüməşğulluq fəaliyyətlərinin, onların kiçik biznes qurulmasına dəstək
göstərəcək ki, bu sırada gənclər də var. Dünya Bankı ilə birgə həyata keçirilən
"Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində isə Xəzər və Dövlət İqtisad universitetlərində
"Virtual Müəssisələri”n (Təcrübə Firmalarının) yaradılması və digər istiqamətlərdə
layihələrin reallaşdırılması da gənclərin məşğulluğunun inkişafına xidmət edir.
Bu günlərdə isə Dövlət Məşğulluq Xidməti
və Gənclər Fondu orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin
29 yaşına qədər olan məzunları üçün "Gənclərin Məşğulluğu Proqramı”nı həyata keçirməyə
başlayıb. Şübhə yox ki, proqramın reallaşdırılması gənclərin uğurlu karyera planlaşdırmasına,
xüsusilə də regionlarda əlavə iş yerlərinin yaradılmasına, gənclərin ilk iş təcrübəsi
əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcək.
***
Yeni təşəbbüslər əsasında ölkədə gənclərin
məşğulluğu sahəsində dövlət siyasəti daim təkmilləşdirilir. Sosial tərəfdaşlıq prinsipi
əsasında bazar iqtisadiyyatının tələblərinə uyğun bilik və bacarıqlara malik olan
gənc işçi qüvvəsinin formalaşdırılması, onların əmək bazarında fəal iştirakı üçün
bütün maneələrin aradan qaldırılması həm ölkə miqyasında, həm də hər bir müəssisə
səviyyəsində əməyin məhsuldarlığının artmasına imkan yaradacaq və ümumən ölkənin
gələcək iqtisadi inkişafında fəal rol oynayacaq.
Rəhman SALMANLI,
"Azərbaycan”